"Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq..." - Vitgenşteyn üçün insan kim idi?

"Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq..." - Vitgenşteyn üçün insan kim idi?
29 aprel 2026
# 12:30

Bu gün tanınmış Avstriya filosofu, analitik fəlsəfənin banilərindən və XX əsrin ən parlaq filosoflarından biri Lüdviq Vitgenşteynin anım günüdür.

Kulis.az Şahlar Ruhinin "Vitgenşteyncə İnsan" yazısını təqdim edir.

Tarix boyu filosoflar insanı müxtəlif şəkildə izah etməyə çalışıblar: bəziləri onu “düşünən varlıq” adlandırıb, digərləri “ictimai heyvan”, bəziləri isə “əmək fəaliyyəti ilə məşğul olan varlıq” deyib. Amma bütün bu təriflər insanın mahiyyətini izah etməyə çalışarkən, sanki bir şeyi unudurlar – o da insanın danışan, danışaraq məna yaradan və o mənanın içində yaşayan varlıq olduğudur. Bəs əgər insan danışa bilməsəydi? Ya da danışdığı dili anlamasaydı?

Vitgenşteyn bu sualı cavablandırmaq üçün fəlsəfəyə yox, dilə baxdı. O, insanı laboratoriyaya qoymadı, psixoanaliz etmədi, təbiət qanunları ilə ölçmədi. O, insana qulaq asdı. Onun danışığına, susqunluğuna, sözlərə və sözlər arasında gizlənən boşluqlara diqqət yetirdi. Və orada – dilin dərin qatlarında – insanın mahiyyətinə dair tamamilə fərqli, orijinal və həyəcanverici baxış kəşf etdi.

Vitgenşteynin fəlsəfəsində insan nə təkcə bioloji növdür, nə də sadəcə rasionallığın təcəssümü. İnsan – onun istifadə etdiyi dilin formasında, strukturunda, məntiqində və səssizliyində gizlənən varlıqdır. Bu, elə bir anlayışdır ki, insanı izah etmək üçün artıq onun bədəninə yox, cümlələrinə, ifadə formalarına, dil oyunlarına və konkret həyat kontekstlərinə baxmaq lazımdır.

Əgər Haydegger insana “varlığın evidir” deyirdisə, Vitgenşteyn üçün insan “dilin məkanıdır” – o, sözlərin içində doğulur, danışaraq var olur və danışa bilmədiklərinin sərhədində susaraq itir. Burada insan artıq “nədir?” sualının obyektindən çıxıb, “necə danışır?”, “nəyi ifadə edir?”, “nəyi susur?” suallarının subyektinə çevrilir.

Əslində Vitgenşteynin fəlsəfəsində insan – bir cümlənin ortasında dayanan, mənayla mənasızlıq arasında yellənən, oyun oynayan, qayda yaradan, bəzən də heç nə demədən hər şeyi izah edən varlıqdır.

Bu yazıda Vitgenşteynin iki fəlsəfi mərhələsi əsasında – məntiqi strukturalist baxışından və dil oyunlarına əsaslanan kontekstual yanaşmasından çıxış edərək, “insan” anlayışını daha dərindən və daha fərqli bucaqdan təhlil edəcəyik. Çünki bəlkə də insan – öz dilindən necə istifadə etməyindən ibarətdir.

Birinci Vitgenşteyn: Səssizliyin metafizikası və insanın sərhədləri

Lüdviq Vitgenşteynin fəlsəfi irsinin ilk mərhələsi – xüsusilə “Tractatus Logico-Philosophicus” əsəri – insan anlayışına sarsıdıcı və radikal yanaşma təqdim edir: insan onun dilinin imkanları qədər mövcuddur. Yəni insan – deyə bildiklərindən ibarətdir, ifadə edə bilmədiklərində isə ya yox olur, ya da sükuta qərq edilir.

Bu yanaşma zahirən məntiqə, dilin strukturlarına aid kimi görünsə də, əslində ontoloji və metafizik çağırışdır: “Dilimin sərhədləri, dünyamın sərhədləridir” – bu ifadə təkcə bilik sahəsini yox, varlığın özünü müəyyənləşdirən sərhəddir. Bu o deməkdir ki, insan yalnız danışa bildiyi dünyanın içində yaşayır. Danışa bilmədiyi, sözlə ifadə edə bilmədiyi hər şey – sevgi, ölüm, mənəviyyat, Tanrı, əbədiyyət – artıq rasional dünyanın yox, səssizliyin və intuisiya fəzasının sahəsinə keçir.

Burada Vitgenşteyn dili təkcə ünsiyyət vasitəsi yox, həm də reallığın bədii və məntiqi xəritəsi kimi təqdim edir. Hər söz, hər cümlə – reallığın bir modeli, simulyasiyasıdır. İnsan bu modellərlə düşünür, hiss edir, münasibət qurur və özünü tanıyır. Ancaq bu modellər sərhədlidir. Onlar yalnız təsdiqlənə bilən, məntiqə uyğun gələn faktları ifadə edə bilir. Bu sərhədin o tərəfində isə insanın ən çox ehtiyac duyduğu mövzular dayanır – etik, estetik, dini və mistik təcrübələr.

Vitgenşteyn özü bu ziddiyyəti dərk edərək yazır:
“Etika və həyatın mənası haqda heç nə deyilə bilməz. Onlar yalnız göstərilə bilər.”
Bu fikir insanı başqa bir müstəviyə daşıyır: Danışmaq və göstərmək arasında ilişib qalmış varolma. İnsan reallığı dil ilə dərk etməyə çalışır, amma reallığın dərinliklərində susmalı olur.

İnsan – danışan maşın yox, susan varlıq

Burada paradoks yaranır: Vitgenşteynin ilk fəlsəfəsində insan həm dilə məhkum olan, həm də səssizlikdə azadlıq tapan varlıqdır. Bir tərəfdən o, yalnız faktları söyləyə bilər, digər tərəfdən isə real həyatın mənasını yalnız göstərərək, yəni sözsüz çatdırmalıdır.

Bu düşüncə bizi bir neçə dərin sualla qarşı-qarşıya qoyur:

Əgər mən sevgimi sözlə izah edə bilmirəmsə, deməli, o sevgi yoxdur?
Əgər Tanrının varlığını məntiqi dil vasitəsilə sübut edə bilmirəmsə, deməli, o yoxdur?
Yoxsa, dilin səssizliyə çata bilmədiyi yerdə insanın reallığı başlayır?
Vitgenşteyn üçün insan – danışmağa cəhd etdikcə sükuta yaxınlaşan varlıqdır. O, bu susqunluğu zəiflik kimi yox, fəlsəfi qürur və etik mövqe kimi təqdim edir. “Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq” – bu cümlə qadağa deyil, təşviqdir: həyatı yaşamaq, onu analiz etməkdən daha vacibdir.

Sərhədləri tanımaq – insanı tanımaqdır

Vitgenşteynin bu mərhələdə təqdim etdiyi insan modeli – rasional, dilə bağlı, sərhəd tanıyan, amma eyni zamanda susqunluğun içində mənanı axtaran varlıqdır. Bu insan Sokratın “özünü tanı” çağırışından fərqli olaraq, “öz sərhədlərini tanı” prinsipi ilə üz-üzədir. Varlığını yalnız o sərhədlər daxilində düşünə bilir, amma varlığının dərin mənası o sərhədlərin kənarında gizlənir.

Bu mənada, birinci Vitgenşteynin fəlsəfəsində insan – dilin sükutla kəsişdiyi yerdə dayanan keçid varlığıdır. O, həm riyazi məntiqin dəqiqliyində yaşayır, həm də məcazların, susqun baxışların, sözsüz dua və həsrətlərin içində özünü tanımağa çalışır.

İkinci Vitgenşteyn: Oyun oynayan insan – Dil, qayda və həyat formaları

Lüdviq Vitgenşteynin fəlsəfi təfəkküründə baş verən dönüş – təkcə nəzəri istiqamətin yox, eyni zamanda insan anlayışının dərin transformasiyası idi. Traktatus dövründə insan – dilin sərhədlərində dolaşan, məna ilə səssizlik arasında sıxışan riyazi məntiq varlığı kimi təqdim olunurdusa, ikinci dövr Vitgenşteyn bu modeli dağıdaraq insanı dilin sərt strukturundan çıxarıb həyatın içində danışan, yaşayan, münasibət quran və qaydalar yaradan varlığa çevirir.

Bu dövrün əsas mətni – “Fəlsəfi Araşdırmalar” – formal sistemləri tənqid edir və dilin mahiyyətini dilin necə işlədiyi üzərindən anlamağa çağırır. Vitgenşteyn burada məşhur bir konsepsiya ilə çıxış edir: “dil oyunları”. Bu yanaşmaya görə, sözlərin mənası artıq onların obyektiv göstəricisi və ya məntiqi təsviri deyil – onların necə istifadə olunmasıdır.

Dil oyunu – insanın həyatın içindəki varlıq formasıdır

Vitgenşteyn yazır: “Bir sözün mənası onun dil içindəki istifadəsidir.” Bu sadə cümlə, əslində insanı yenidən fəlsəfənin mərkəzinə gətirir. Artıq insan – yalnız danışan varlıq deyil; o, dil vasitəsilə fəaliyyət göstərən, sosial məkan içində davranan, anlaşmalar, simvollar, konvensiyalar yaradan canlıdır. Burada dil – artıq təkcə danışıq aktı yox, həm də oyun, qarşılıqlı münasibət və həyat tərzi kimi başa düşülür.

Məsələn, “söz vermək”, “üzr istəmək”, “sevgini etiraf etmək”, “itaət etmək”, “yalan danışmaq” – bunların hər biri yalnız lüğət anlamı daşıyan aktlar deyil, ictimai və mənəvi kontekst içində oyunun bir hissəsidir. İnsan isə bu oyunlarda iştirak edən, qaydaları anlayan, bəzən pozan və hətta yeni qaydalar yaradan oyunçudur.

Burada “oyun oynayan insan” artıq Homo sapiens deyil, Homo ludens – yəni yaradıcı, kontekstual, məna quran insandır. İnsan cəmiyyətində dil yalnız fikir ötürmür – hərəkət edir, dəyişdirir, qurur və pozur. Bir insan “boşanırıq” deyəndə, bu təkcə xəbər vermək yox, həm də hüquqi, emosional, sosial reallığın dəyişməsidir. Bu isə dilin nə qədər canlı və transformativ gücə malik olduğunu göstərir.

Qayda, anlaşma və mənanın cəmiyyətlə əlaqəsi

İkinci Vitgenşteyn insanı anlamaq üçün cəmiyyətin kontekstində dildən çıxış etməyi zəruri sayır. Söz yalnız kollektiv konvensiyanın içində mənalanır. Tək bir fərdin yaratdığı söz məna daşımır. Bu o deməkdir ki, insan – yalnız ictimai kontekstdə “insan” olur. Fərdiləşmiş məna yoxdur – məna paylaşılır, qurulur, təkrarlanır, dəyişdirilir.

Bu da Vitgenşteynin daha bir dərin ideyasına gətirib çıxarır: “Həyat formaları” (Lebensformen). Dil oyunları həyat formaları ilə sıx bağlıdır. Hər mədəniyyətin, hər həyat tərzinin öz oyun qaydaları, öz kontekstuallığı, öz semantik arxitekturası var. Məsələn, bir müsəlmanın “Bismillah” deməsi ilə bir ateistin “başlayaq” deməsi, formal olaraq oxşar funksiyanı icra etsə də, semantik və metafizik çalarları tamamilə fərqlidir. Burada insanın kimliyi onun dillə iç-içə keçmiş həyat forması ilə anlaşılır.

Bu anlayış, multikultural və postmodern dünyamız üçün də çox aktualdır. İnsan bir universal dillə yaşamır. O, fərqli dillərdə, fərqli oyunlarda, fərqli qavrayışlarda yaşayır. Bu isə empatiyanı, dinləməyi, başqasının həyat forması içində düşünməyi zəruri edir.

İnsan – məna yaradan və qaydalarla yaşayan canlı

İkinci Vitgenşteynin insan modeli – sadəcə danışan və ya düşünən varlıq deyil, məna yaradan, sosial kontekstdə qarşılıqlı anlaşma sistemləri içində yaşayan və dil oyunları ilə öz varlığını qurmağa çalışan varlıqdır. Burada insan öz mənasını dilin içində tapır, lakin bu mənanı müstəqil olaraq yox, ictimai qaydalarla, kollektiv yaşamla, mədəni kontekstlə birlikdə yaradır.

Bu baxımdan, insan – nə tamamilə azad, nə də tamamilə məhdud bir varlıqdır. O, oyun qaydalarını qəbul etdiyi qədər insan olur, qaydaları pozduğu qədər fərqlənir, yeni oyunlar qurduğu qədər yaradıcılığa qovuşur.

Dildən insana: Mənanın etik tərəfi

Vitgenşteynin fəlsəfəsi çox zaman dilin strukturu, məntiqi, semantikası üzərində qurulmuş kimi görünür. Lakin onun əsərlərinin alt qatında etik narahatlıq, insani həsrət və əxlaqi düşüncə dərinliyi daim səssiz, lakin güclü şəkildə hökm sürür. O, heç vaxt “Etika budur” demirdi. Amma etikaya dair ən dərin düşüncələri – “deməyərək” demişdi. Onun üçün etik həqiqət, məhz “haqqında danışa bilmədiyimiz” və bu səbəblə susmaqla göstərməyə çalışdığımız həqiqətdir.

Burada Vitgenşteynin klassik cümləsini xatırlamaq yerinə düşər:
“Əxlaq, dünyanın necə olduğunu yox, onun necə olmalı olduğunu deyir.”

Bu cümlə insanın dünyada mövqeyini radikal şəkildə dəyişir. Artıq insan – hadisələrin passiv müşahidəçisi yox, mənanı yaradan, dəyərləri quran və varlığın nə olmalı olduğu sualını soruşan etik mövcudluğa çevrilir. Yəni insan sadəcə danışmır – dil vasitəsilə dünyaya mövqe bildirir, məsuliyyət daşıyır, dəyər verir və əxlaqi mövqe tutur.

Etika – deyilməyənlərin dili

Vitgenşteynin etikaya yanaşması, onu fəlsəfi analiz və rasional təhlildən uzaqlaşdıraraq mistik, təcrübəyə əsaslanan və dildə ifadə olunması mümkünsüz olan sahə kimi təqdim edir. Onun üçün əxlaq – izah olunmayan, sadəcə yaşanılan və göstərilən təcrübədir. Bu baxımdan, etik həqiqətləri izah etməyə çalışmaq – musiqinin mənasını təkcə notlarla anlatmaq qədər qeyri-kafidir.

Burada onun fikirlərində dərin sufizmlə və ekzistensializmlə səssiz rezonans hiss olunur. Məsələn, Füzuli “Mən bəyani eşqi həqqin kim, deyil müəssər ol” dediyi kimi, Vitgenşteyn də deyir ki, əxlaqi olan – danışılmayan, amma ən çox hiss ediləndir.

İnsan burada “etik varlıq” kimi səhnəyə çıxır – o, reallığı yalnız necə təsvir etməklə kifayətlənmir, onu necə dəyişdirmək, gözəlləşdirmək, düzəltmək istədiyini də ifadə etməyə cəhd edir. Amma bu cəhd – dilin sətirlərində yox, sətiraltısında, davranışda, münasibətdə, seçimdə, həmrəylikdə və bəzən susmaqda gizlənir.

Dil – məsuliyyət daşıyan ifadə forması kimi

Vitgenşteynin ikinci dövründə dil sadəcə oyunun vasitəsi deyil –o həm də məsuliyyətin daşıyıcısıdır. Hər cümlə – bir mövqe, hər ifadə – bir dəyər seçimidir. Bu baxımdan dil oyunları yalnız sosial anlaşma yox, etik davranış formalarıdır. Məsələn, bir insanın “bağışla” deməsi, yalnız fonetik akt deyil, həm də “bağışla” deyənin özünü hesabat verməyə açmasıdır. “Səni sevirəm” demək – yalnız hissin ifadəsi deyil, həm də “sevməkdən” yaranan öhdəliyin başlanğıcıdır.

Etik mövqe insanın dil içində özünü necə təqdim etdiyini, özünə və başqasına necə yanaşdığını müəyyənləşdirir. Bu da göstərir ki, insan – etik özünüdərkə yalnız dil vasitəsilə çata bilər, lakin bu dilin özü də əxlaqi kontekstdən azad deyil.

Bu mənada, Vitgenşteynin insan anlayışı artıq bioloji, sosial və ya riyazi yox, ontoloji-etik bir mövqedə qərar tutur. İnsan – öz dilinin məsuliyyətini daşıyan varlıqdır.

İnsan – danışmaqla yolunu seçən varlıq

Nəticə etibarilə, Vitgenşteynin fəlsəfəsində insan – sözlərə bürünərək deyil, sözlər arasında seçim edərək formalaşan varlıqdır. Hər ifadə onun kimliyini müəyyənləşdirir. Hər cümlə – bir yol ayrıcıdır. O, həm danışdığı ilə, həm də danışmadığı ilə dünyaya münasibətini bildirir. Bu isə insanı mənəvi və etik məsuliyyətə çağırır.

Vitgenşteyn yazırdı:
“Fəlsəfə yalnız elmi sistem deyil, o həm də həyat tərzidir.”
Bu mənada onun insan modeli – öz dilində öz mənasını axtaran, susqunluğunda öz dəyərini qoruyan və yaşam tərzində etik dərinlik axtaran insan modelidir.

Vitgenşteyn və postinsan problemi: Dilin sonu, insanın sonu?

Müasir dövr posthumanist diskursun sürətlə yayıldığı, insan anlayışının bioloji və mədəni sərhədlərinin dağıldığı, süni intellektin və texnoloji agentlərin dil və düşüncə sahəsində insanı getdikcə daha çox əvəz etməyə başladığı dövrdür. Bu kontekstdə Vitgenşteynin “insan” anlayışı yalnız klassik fəlsəfə üçün yox, həm də çağdaş posthumanist debatlar üçün həlledici dəyərə çevrilir.

Posthumanist nəzəriyyələrin əksəriyyəti “insanı aşmaq”, “dilin sərhədlərini aşmaq”, hətta “özünü optimallaşdıran dillər”in mümkünlüyü ideyası ətrafında formalaşır. Süni intellekt sistemləri – dil modelini insanın intellektual monopoliyasından qoparıb dil-danışan, amma insan olmayan varlıqlara aid etməyə başlayır. Burada artıq fundamental bir sual ortaya çıxır:

Əgər dil, Vitgenşteynin dediyi kimi həyat formasıdırsa – o zaman insan olmayan bir varlıq üçün “dil oyunu” mümkündürmü?
Və daha dərini: İnsan olmayan bir “oyunçu” varsa, onda “insan”ın fərqləndirici mənası nədir?

Posthumanizmin Vitgenşteynə ziddiyyətli cavabı

Postinsan fəlsəfəsi (Haylz, Bostrom, Fukuyama, Harari və başqaları) insanın artıq təkcə biologiya yox, kodlar, alqoritmlər, informasiya axınları əsasında yenidən dizayn olunacağı dövrə keçdiyini iddia edir. Lakin bu iddia insanı anlayan dil fəlsəfəsi olmadan boşluğa düşür.

Vitgenşteynin dili – yalnız alətlər toplusu deyil, ictimai əlaqələrin, qaydaların, qarşılıqlı başa düşmənin, məsuliyyətin və mənanın canlı oyunu idi. Postinsan isə bu oyunu mexaniki şəkildə təqlid etsə də, qaydaların içində yaşamır – sadəcə onları təkrarlayır.

Süni intellekt “Səni sevirəm” deyə bilər. Amma o bu sözün ontoloji yükünü, mədəni təcrübəsini, ruhi qarşılığını dərk edə bilmir. Vitgenşteynin dil oyunları üçün isə bu yük və kontekst əvəzolunmazdır.

Dil – insanın etik və varlıq salnaməsidir

Əgər insan – “Vitgenşteyncə” desək – dildə yaşayan və dilə görə var olan varlıqdırsa, o zaman “dilin sonu” anlayışı “insanın sonu” kimi başa düşülə bilər. Lakin burada məsələ dilin yox olması deyil – dilin oyunsuzlaşması, kontekstdən və qaydadan qopması, etikasızlaşmasıdır.

Posthuman dövrdə texnoloji dil oyunları nə əxlaqi öhdəlik daşıyır, nə həyat forması içində qurulur, nə də ontoloji məsuliyyət hissi ilə yüklənir. Süni intellekt öz səhvinə görə vicdan əzabı çəkmir, yalana görə utanmır, sevgiyə görə fədakarlıq etmir. Bu isə Vitgenşteynin insan anlayışının tam əksidir.

İnsan – Vitgenşteyn üçün – yalnız danışan yox, həm də dilin içində seçim edən, dəyişən, peşman olan, bağışlayan və susan varlıqdır. Postinsan bu elementlərdən məhrum olduğu üçün, “oynaya” bilər, amma “yaşaya” bilməz.

Vitgenşteyn postinsan dövrünə etika mirası buraxır

Bütün bu diskussiyanın sonunda Vitgenşteynin insan anlayışı – postinsan dalğası qarşısında müqavimət nöqtəsi kimi qalır. O, bizə dilin təkcə vasitə yox, həm də var olmanın özü olduğunu izah edir. O göstərir ki, insan yalnız “söz”lə yox, sözə görə yaşamaqla, sözə görə dəyişmək, susmaq, hətta yanmaqla insandır.

Postinsan dövründə bu dəyərlər risk altındadır. Süni dillər insan təcrübəsini simulyasiya edə bilər, lakin onu yaşaya bilməz. Vitgenşteynin fəlsəfəsi isə bizə xatırladır:

“Sözlərin sərhədi, dünyanın sərhədidir” – və bu sərhədin içində insan hələ də dil, mənəvi məsuliyyət və həyat forması ilə yaşayır.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər