SEYRAN İSMAYIL
Tanrım
Bəndəlik- 
əzab qorxusu,
Ölüm- 
həyat qoxusu...
Əzablar 
kimsəni ovutmadı, 
Tanrım.
Ölüm- 
həyat qədər dadlı,
Həyat- 
ölüm qədər baxımlı...
Verdiyin vədlər 
özünü doğrultmadı,
Tanrım.
Hər şey 
atəş sədaları altında 
baş verdi,
Min illərlə 
qurduğun kainatın
Bir az düzəni,
Bir az da 
sükütu pozuldu.
Açılan hər atəşdə 
vurduğun naxışlardan
bir ilmə qopdu...
Sənin bəxşişin olan 
o məsum təbəssümlər 
Bir körpənin 
cadarlanmış dodağında 
itkin düşdü...
Sənə təsəlli verdilər,
Başın sağ olsun,
Tanrım !
Onda səni dərd götürdü,
Onda səni qəhər boğdu.
Səni aciz görməyənlər,
Səni bir az aciz gördü...
...və onda 
sükuta qərq oldun,
...və bir az 
səssiz oldun, 
Tanrım.
İnsanların 
gözündə gilələnən 
o şor suyu,
Ləl, qiymətinə 
satdılar sənə. 
Onda müflis oldun,
Onda müflis oldun...
Tanrım...
Sükut
Gedib harda susasan ki,
Bəlkə, eşidiləsən?!
Gedib harda bağırasan ki,
Pozula bu boş sükut?!
Qəhər-qəhər
Düyün-düyün 
Udum-udum 
Ölüm-ölüm 
İndi sənə yıxılacaq 
İçimdəki daş sükut.
***
bə niyə dayanıb bu zaman görən
bə niyə açılmır bu sabah ALLAH
ilk dəfə səhəri qatil açacam
ilk dəfə batacam günaha ALLAH
nə sənə gəlməyə həvəsim qaldı 
nə səndən uzağa getmək həvəsim 
bu sabah açılmır,açılmır ALLAH
gedib o məzlumun qapısın kəsim
deyim ki, bağışla, ya öldür indi
bir çiçək açmamış yaz öldürmüşəm 
bu gecə bir misra şer yazmışam
bu gecə bir misra söz öldürmüşəm
***
Yenə kimi axtarar
o külək, 
o sazaq, 
o qar...
Kiminin əli titrəyər,
kiminin qəlbi üşüyər,
kiminin gözü dolar...
Bir quşcığaz dən axtarar,
Yuvada ac qoyduğu
o ətcə balalara...
O uşaq da hey boylanar sınıq-sökük daxmadan...
İndi ona yalnız yükdü
qoynunda düyün düşmüş o çəlimsiz qolları.
Gözündən acıyıb bəlkə,
Gözünə təpmək istəyər
o uzanan yolları...
Bir qoca da öz ömrünü
sığışdırıb kürkünə,
...yığışdırıb özünü
otağın bir küncünə.
Bir şamın titrək şöləsin
oğurlayır gözüylə...
İnsanlar gözlərindən acıyarmış,
ala gözlüm...
Oysa səni xatırladan
həmişəlik nəsə var-
Bir az külək,
bir az sazaq,
bir az qar...!