Kitab sərgisi

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ
3 oktyabr 2025
# 11:47

"Park" nəşriyyatının "Müstəqillik dövrünün ən yaxşı hekayələri" kitabı yazıçılar arasında birmənalı qarşılanmayıb. Qadın yazıçılar topluya yalnız bir qadın yazıçının salınmasını ədalətsizlik adlandırıblar.

Kulis.az bu məsələ ilə bağlı qadın yazıçıların fikirlərini öyrənib.



Samirə Əşrəf:


"Mən almanaxlar üçün yazmıram və ora düşməməkdən narahat deyiləm. Kitaba da, orda təmsil olunan xanım yazıçılara da uğurlar arzu edirəm".

Rəbiqə Nazimqızı:

“Bu sorğuya cavab vermək mənimçün çətindir, çünki müəlliflər və hekayələri haqqında heç nə bilmirəm, hansı bölgü ilə seçildiyini də deyə bilmərəm, prinsipcə, cinsin məsələyə elə bir dəxli yoxdur, təki mətnlər normal olsun. Ümumiyyətlə, şeirlə müqayisədə nəsr bizdə həmişə bir qədər axsayıb. Nasirlərin xətrinə dəyməsin.

Qadın nasirlərə gəlincə, kiməsə qəribə görünə bilər, amma mən bir çox qadın şairlərdə nasir başlanğıcı hiss edirəm, ayrı-ayrılıqda özlərinə də demişəm ki, hekayələriniz daha maraqlıdır. Amma konkret nəşrlə bağlı heç nə deyə bilməyəcəm, tanış deyiləm. Həmin 32 müəllifin hekayəsi yaxşıdırsa, heç qoy bir qadın da olmasın, və ya əksinə.

Mənim qadın oxumaq, ya kişi oxumaq kimi marağım yoxdur, məncə, hekayə oxumaq istəyən adam üçün də bunun elə bir fərqi olmamalıdır”.

Ülviyyə Heydərova:

“Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək”.




Sara İbrahim:


“O kitabda hansı hekayələrin nəşr edildiyi barədə məlumatım yoxdur. Kitabı çap edən nəşriyyatın redaktorlarının fikri əsas götürülür, məncə. Redaktor da hansı hekayəni “ən yaxşı” hesab edirsə, onu məsləhət bilir. Bizim reallıqda hər kəs öz dostunun, yaxından tanıdığı birinin hekayəsini, şeirini “məsləhət bilib” topluya salır. Görünür, “Park” nəşriyyatının redaktorlarının dostları daha çox əks cinsin nümayəndələridir”.



Cavi Dan:

“Son illər ədəbi camiəmizin qaynar nöqtələrindən kənarda dayandığıma görə, belə məsələləri çoxdandır ki, uzaqdan-uzağa müşahidə edirəm. Görünən mənzərə odur ki, ədəbiyyat məkanımız özünün "klan"lara, "kruq"lara ayrılmış bütün tərəflərində böyük bir kişi vinetkasını xatırladır.

Hətta ayrı-ayrılıqda da kişi yazarlarımız qadın yazarlarımızı ümumən görməzdən gəlir, bəzən bir, bəzən iki imza haqqında elgözünə nəsə deyirlər. Məncə, bu, mənim kimi, digər həqiqətən güclü (çox vaxt hətta çox kişi yazardan da güclü) qadın yazarlarımızın xətrinə də dəyməz, çünki üzdən anormal görünsə də, olduqca əhəmiyyətsiz bir məsələdir.

Onsuz da sosial şəbəkələrdə hər kəs özünü və sənətini istədiyi dərəcədə nümayiş etdirib öz auditoriyasını qazana bilir. Yəni nə antologiyalarda, nə digər toplu çap versiyalarında hansısa müəllifi tanıtmaq ehtiyacı çoxdan tarixə qovuşub. Ona görə də, dünən feysbukda bu mövzu qabardılmasaydı, belə bir növbəti ayrı-seçkilik (ki hər dəfə məhz kişi yazarlar tərəfindən edilir) şəxsən mənim heç diqqətimi də çəkməyəcəkdi.

Qaldı "Park"ın siyahısına, bunu yaradıcı heyətin seçimi hesab edirəm və nəsrdə Nərmin Kamalın, poeziyada Sevinc Elsevər və Fəridənin imzasını görmək çox xoşdur. Bu imzaların camiəmizdəki bütün güclü qadın imzalarının layiqli nümayəndələri kimi o kitabda parlamaları gözəldir. Hər toranlıqda bir ya iki də olsa, ulduz görünməlidir ya yox?”.




Sahilə Yaya


“Mən Park nəşriyyatını tanımıram. Fəaliyyətləri ilə maraqlanmıram”.


# 484 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər