Qonaq gəlsə bizə Allah

Qonaq gəlsə bizə Allah
15 avqust 2013
# 09:36

Nihad İbrahimli

Olmasa

Onsuz nə mənası nəfəs almağın,
Sinəmdə köksümə qonaq olmasa,
Hissə qapılmağın, fikrə dalmağın,
Hissimə, fikrimə ortaq olmasa.

Sevgisi məhbəsdi hislərim üçün,
Əqlim də hissimə qul olubdu, qul,
Azad olsam, sənsiz qalsam bir gün,
Ölərəm hislərim dustaq olmasa.

Qorxuram, səni mən itirərəm deyə,
Əlini əlimdən çəkmə sevgilim,
Sanki səni birdən itirərəm deyə,
Ürəyim bir azcıq qorxaq olmasa...

Allah qonaq gəlsin bizə

Allah qonaq gəlsin bizə,
Yola salaq onu biz.
Qonaq gəlsin evimizə,
Yola salaq onu biz.
Açsın paslanmış qapımızı,
Eybi yox əliboş gəlsin,
Doldursun ürəyimizi,
Ürəyimizə xoş gəlsin.
Sığal çəksin anamın,
Dərd ağardan saçlarına,
Güc versin atamın ,
Gücdən düşmüş qıçlarına.
Bir dənə çilçıraq alsın,
Yandıraq evimizdə,
İşıqlansın gözlərimiz ,
Kədər ölsün üzümüzdə.
Desə də getmək vaxtıdı,
Nolar ki, tez-tez gəlsin,
Tez tapsın deyə bizi,
Silinməsin iz, gəlsin...

# 1760 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #