Təşəkkür  borcu - Hekayə

Təşəkkür  borcu - Hekayə
19 oktyabr 2019
# 13:02

Məlahət Hümmətqızı

Az qalırdı ”Səni axtarıram” verilişinə çıxım,“Qalibə, haradasan?”–deyə bütün dünyaya səslənim. İlahi, bu dörd ilin dostluğu bu qədər güclü, bu qədər unudulmaz ola bilərdimi? Yəqin ki, olurmuş. Quş qanadlı illər bir- birini əvəz elədikcə Qalibəni nəinki unuda bilmirdim, əksinə onun üçün çox darıxırdım. Onu təsadüfdən tapdığım kimi, təsadüfdən də itirmişdim. Onu yenidən görmək, boynuna sarılıb, 25 ilin həsrətinə son qoymaq arzusundaydım. Fikirləşirdim ki, görəsən Qalibə də məni yada salır? Harada yaşadığını və nə işlə məşgul olduğunu bilmək istəyirdim. Yadımdadı ki, onun bel ağrıları olurdu. Tez- tez müalicə olunurdu. Canı ağrısa da, həmişə üzü gülürdü. O, çox mehriban, istiqanlı, üzügülər idi. Onunla tanışlığımız təsadüfdən oldu...

Məktəbin yuxarı sinfində oxuyanda artıq qəti qərara almışdım ki, jurnalist olacağam. Məktəbdə bunu şagirdlər də, müəllimlər də bilirdilər. Jurnalist olaçağımı xəyal etdikcə, qanadlanırdım. Elə bilirdim, əlimə jurnalist vəsiqəsi alsam, dünyanın ən xoşbəxt insanı olacağam. Jurnalistlərə həsəd aparırdım. Gələcəkdə tanınmış jurnalist olacağıma çox inanırdım. Məktəb yoldaşlarım da, müəllimlərim də buna əmindilər. Yaxşı oxuyurdum, dərs əlaçısı idim. Hamıdan çox ədəbiyyat müəllimim - İsa müəllim buna inanırdı. İnşa yazılarımı çox bəyənirdi. Özüm də inşa yazı yazmağı çox sevirdim, on iki vərəqli dəftəri sona kimi yazıb bitirirdim. Nöqtəsi, vergülü də yerində. İsa müəllimdən yalnız “əla” qiymət alırdım.

Mən məktəbin divar qəzetinin fəal yazarlarındandım. Ayda bir dəfə çıxan bu qəzetə kiçik hekayələr və şeirlər yazırdım. Qəzet hər dəfə divardan asılanda uşaqlar mənim yazılarımı maraqla oxuyurdular. Mən isə kənardan dayanıb onlara tamaşa edirdim. Müəllimlər də “ balaca jurnalistin” yaradıcılığını diqqətsiz qoymurdular, bəzən sinifdə mənim yazılarımı tərifləyirdilər.

Mən məktəbi bitirib, böyük qardaşım kimi tibb universitetinin müalicə fakültəsinə daxil oldum. Əlbəttə ki, valideynlərimin arzusu ilə. Amma ruhdan düşmədim. Evdəkilərdən gizlin şeirlər yazırdım. Bunu dərs zamanı, leksiyalarda da edirdim. Özümdən asılı deyildi. “ İlham pərisi” harda məni haxlasaydı, qələmi çıxarıb yazırdım. Vərdişə çevrilmişdi ki, istədiyim vaxt istədiyim yerdə şeir yaza bilirdim.

Bir gün propedevtika müəllimimiz Sabir müəllim dərs vaxtı başımı aşağı salıb, özümə qapanaraq nəsə yazdığımı görüb, dəftəri gətirməyi tələb etdi. Elə bil cinayət başında yaxalanmışdım. Tər məni basdı. Çox utandım. “Sizin dediklərinizi yazıram,” dedim. Deyəsən, mehribanlığı və insanpərvərliyi ilə müəllim və tələbələr arasında hörmət qazanmış ağ saçlı çöhrəsində nur yazılmış Sabir müəllim mənim yalan danışdığımı anladı. Ayağa qalxıb özü mənə yaxınlaşdı. Dəftəri stolun üstündən götürüb vərəqləməyə başladı. Doğrudan da dəftərin əvvəlində daxili xəstəliklər haqqında mühazirələri yazmışdım. Nə fikirləşdisə, dəftərin arxa səhifələrini vərəqlədi. Dəftərin arxasına şeirlər yazmışdım. Bir neçə dəqiqə dayanıb diqqətlə oxumağa başladı. Başını yelləyib dəftəri stolun üstünə qoydu. Üzünü mənə tutub “tənəffüsdə mənə yaxınlaşarsan”, dedi və yeni mövzunu danışmağa başladı. Dərd məni götürdü.” Yəqin məni danlayacaq. İmtahana buraxmayacaq. İşim bitdi “ deyə çox narahat oldum. Tənəffüsdə cəsarətimi toplayıb, Sabir müəllimə yaxınlaşdım.

- Sabir müəlim... - bir neçə dəqiqə danışmağa tərəddüd etdim. Sonra özümü ələ alıb: - Bağışlayın, bir də dərsinizdə şeir yazmayacağam, – deyib başımı aşağı salıb susdum.

Sabir müəllim eynəyini gözlərindən çıxarıb stolun üstünə qoydu:

- De görüm nə vaxtdan şeir yazırsan ?

- Məktəbdə oxuyandan

- Başqa nə yazırsan ?

- Hekayələr yazıram.

- Bəs niyə sənədlərini ədəbiyyat fakültəsinə vermədin ?

- Belə alındı, Sabir müəllim...

- Demək, valideynlərinə qarşı çıxmadın mənim kimi. Hmm...

Deyəsən yaralı yerinə toxundu söhbətimiz. Bir dəfə dərs arası Sabir müəllim söyləmişdi ki, məktəb illərində ədəbiyyata böyük həvəsi olub. Sənədlərini atasının təkidi ilə tibb universitetinə verib.

- Xeyr, - deyib susdum.

- Görürsənmi, istedad özünü harda olsa göstərir. Oxudum. Şeirlərin xoşuma gəldi. Qəzetə vermək istəyirsənmi ?

- Düzü, şeirlərimi heç kimə göstərməmişəm, - dedim.

- Sabah mən səni bir xəstəm ilə tanış edəcəyəm. Bel ağrılarından bizdə müalicə alır. ” Xalq qəzetində çalışır. Yazılarını oxumuşam. Çox istedadlı jurnalistdi. Gözəl yazır. Qalibə Eynullayeva.

Mən sevincimdən bilmədim ki, nə edim. Gecə səhərə kimi yata bilmədim. Gözümə yuxu getmədi. Dərslərimi də oxumadım. Səhərin açılmağını həyəcanla gözlədim. Səhər açılan kimi yemək yemədən geyinib evdən çıxdım. Dərslərimiz 5 nömrəli şəhər kliniki xəstəxanasında idi. Hamıdan tez gəlmişdim. Dəhlizdəki oturacaqlardan birində oturub şeir dəftərini çıxardım. Diqqətlə oxumağa başladım. Nə qədər vaxt keçdiyini bilmədim. Tələbələrin iki-bir, üç-bir gəldiyini görüb dəftəri çantama qoymaq istəyirdim ki, qrup yoldaşım Gülarə mənə yaxınlaşıb bərkdən çiynimə vurub dedi:

- Halal olsun, deyəsən, dərs oxuyursan. Əla, bugünkü dərsi sən danışarsan. Biz də qulaq asarıq. Dərsə hazır deyilik.

- Yox, sən nə danışırsan? - deyib vurduğu yerin ağrısından ufuldamağa başladım. Mən də hazır deyiləm.

Qızlar bizə yaxınlaşdılar, deyə-gülə dərs otağına getdik. Dərs başlasa da mənim həyəcanım keçmədi. Tələbə yoldaşlarımın gözü məndə idi.

- Dərsə kim hazırdı? - sualına qrupumuzun nümayəndəsi Gülarə əli ilə məni göstərərək adımı çəkdi. Sabir müəllim “buyursun”, deyərək, eynəyini çıxarıb, stolun üstünə qoydu.

Burda deyiblər, “yaxşı yerdə axşamladım.” Dünənki söhbətdən sonra sevincimdən dərs oxumamışdım. Mən başımı qaldırıb rəfiqəmə baxdım və gülümsündüm. O da gülümsəyirdi. Sonra isə dişimi dodağıma bərk-bərk sıxıb, ürəyimdə “eybi yox, hesablaşarıq” deyib, tənbəl-tənbəl ayağa qalxdım. Elə ağzımı açıb “dərsə hazır deyiləm”, demək istəyirdim ki, qapı açıldı və tibb bacısı “Sabir müəllim, 5-ci palatadakı jurnalist xanım özünü yaxşı hiss eləmir”, dedi. Sabir müəllim cəld ayağa qalxıb otaqdan çıxdı. Tələbələrin səsi bir-birinə qarışdı. Mənsə ayaq üstə donub qalmışdım. Bu nə möcüzə idi? Deyəsən, Allahın mənə yazığı gəlmişdi imtahan qabağı. Dərindən nəfəs alıb yerimə əyləşdim. Gözüm rəfiqəmdəydi. Deyəsən, o da donub qalmışdı. Əllərimi havada açıb çiynimi çəkdim. “Dərsi danışacaqdım. Alınmadı. Heyf, qulaq asa bilmədiniz. İndi əziyyət çəkib oxuyarsınız”, deyib acıq verdim. Rəfiqəm isə pərt halda üzünü qızlara çevirdi. Mən sevinirdim. Dərsə hazır olmadığımı isə deyəsən, məndən və Allahdan başqa heç kim bilmədi...

Sabir müəllim çox gec gəldi. Yeni dərsi danışdıqdan sonra bizi palataya, xəstəsinə baş çəkməyə apardı. Biz palataya daxil olanda o çarpayısında uzanıb kitab oxuyurdu. Bizi görüb yerində dikəldi. Bu qısa saçlı, orta boylu, bir az dolu bədənli yaraşıqlı xanım bizi gülərüzlə qarşıladı. Sabir müəllim ona yaxınlaşıb:

- Yaxşısan deyəsən? Bayaq bizi çox qorxutdun, - dedi.

- Sağ olun, Sabir həkim, ağrıkəsicidən sonra, indi bir az yaxşıyam, – deyib oturmağa çalışdı.

- Yox, sənə dikəlmək olmaz, uzan, - deyib həkim jurnalist xanımın uzanmasına kömək etdi. Sonra məni göstərib: - Qalibə, gör sənə kimi gətirmişəm, gənc şairəni! Tanış ol, mənim tələbəmdi, vaxtın olanda yazılarına baxarsan. Mənim xoşuma gəldi, - deyib gülümsəyərək üzümə baxdı.

- Yaxşı Sabir müəllim, bircə bu bel ağrılarım getsəydi... - deyib susdu.

- Gedəcək inşallah, darıxma, müalicələrə başlamışıq. Hər şey yaxşı olacaq.

- İnşallah, Sabir müəllim. - deyib köks ötürdü.

Bir anlıq onun halına çox acıdım. Düşündüm ki, yaxşı oxuyub Sabir müəllim kimi savadlı həkim olacağam. İnsanların sağlamlığı keşiyində duracağam. Onların sağalması üçün əlimdən gələni edəcəyəm. Bir xeyli söhbətdən sonra biz sağollaşıb çıxanda Qalibə arxadan səsləndi :

- Sabah yazılarını gətir baxım.

- Yaxşı, – deyib otaqdan çıxdım.

Həyəcanım yox olmuşdu. Ona görə ki, bu sadə, mehriban, gülərüz qız ilk gündən hamının sevimlisi oldu. Onun yaşı da çox deyildi. Demək olar ki, yaşıd idik. Səhəri gün mən ona şeir və hekayələrimi göstərdim. Oxudu, bir qədər fikrə getdi.

- Xoşuma gəlir. Amma səndən gözəl jurnalist olardı. Hekayələrini qəzetimizin ədəbiyyat bölməsinə verərəm.

Beləliklə, mənim Qalibə ilə tanışlığım Sabir müəllimin sayəsində oldu. Sonraki günlər biz onunla tez-tez görüşməyə başladıq. Mən yazılarımı ona göstərir, o isə oxuduqdan və bəyəndikdən sonra öz qəzetlərində və digər qəzetlərdə dərc etdirirdi. Ona o qədər öyrəşmişdim ki, darıxanda onun iş yerinə gedirdim. Oturub ordan-burdan söhbət edərdik. Bir gün planlarından danışdı. Dedi ki, sabah müğənni Flora Kərimovadan müsahibə almağa gedəcək. Həsədlə ona baxdım.

- Sənə həqiqi mənada qibtə edirəm. Kaş mən də sənin kimi jurnalist olaydım, maraqlı insanlardan müsahibə almağa gedəydim. Bu peşəni çox sevirəm.

- Sən nə danışırsan? Kənardan baxana asan gəlir. Bu çox çətin peşədi. Gecəsi-gündüzü yoxdu. Bəzən olub ki, gecələr yatmamışam. Materialları gecəynən yazıb mətbəəyə çatdırmışam. Rayonlara ezam olunmuşam. Məqaləni yazıb vaxtından əvvəl mətbəəyə vermişəm. Tədbirlərə getmişəm, material yazmaq üçün. Evə bəzən gecə 2-də, 3-də gəlmişəm. Yorğun olmuşam. Səhər isə tezdən durub material yazmaq üçün göndərilən yerə getmişəm. Düzdü, mən peşəmi çox sevirəm. Amma bu bel ağrıları ilə mənə çox çətindi işləmək. Mənə mane olur bu ağrılar, - deyib susdu. Sonra: - Məyus olma, sən də təhsilini bitirib yaxşı həkim olacaqsan. Çoxlu pasientlərin olacaq. Mən də sənin yanına gələcəyəm. Onda Sabir həkim kimi müalicə edib, sağaldarsan məni. Hə, nə deyirsən, razısan? - deyib tez də könlümü aldı, gülümsədi.

- Hə, razıyam. İnşaallah, - dedim.

Mən onu özümə dost hesab edirdim. İlahi, o ağrıları olanda belə danışıb-gülərdi. Çox zarafatcıl idi. O, mehriban, səmimi ürəyində paxıllıq olmayan bir insan idi. Gözəl rəftarı və xasiyyəti ilə özünə çoxlu dost qazanmışdı. İşdə də onu çox istəyirdilər. Hörmət edirdilər.

Bizim dostluğumuz cəmi 4 il çəkdi. Bu dövr 1992-95 illəri əhatə edirdi. Həyatımızın ən ağır dövrünü –torpaq, vətən, millət anlayışını təzə anladığımız bir dövrdə Qarabağ uğrunda döyüşlər başladı. Neçə -neçə tələbəmiz torpaqlarımızı düşmənlərimizdən qorumaq üçün Qarabağda döyüşməyə getdi. Məhz o dövrdə mətbuatda yazılarım çıxdı. Biz tələbələr Qarabağda qızğın döyüşlər zamanı, keçmiş Semaşko, indiki 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilən yaralı əsgərlərimizə həkimlərlə bərabər yardım edirdik. Onların yaralarını yuyub təmizləyib, tikiş və sarğı qoyurduq. Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən dörd yaralı əsgərimiz barəsində məqalə də yazmışdım. Qrup yoldaşlarımla bərabər Respublika Hematologiya və Qanköçürmə İnstitutuna gedib yaralı əsgərlərimiz üçün dəfələrlə qan vermişdik. Heç yadımdan çıxmaz, analarımızın bişirdiyi ev yeməklərini, dükandan aldığımız mer-meyvəni gətirib, bütün palatalardakı yaralı əsgərlərimizə paylamışdıq. Çalışırdıq ki, yaralılarımız tez sağalsın, onlara kiçik də olsa köməyimiz dəysin.

Bir gün atam təsadüfən qəzetdə mənim Qarabağda döyüşən əsgərlərin qəhrəmanlığı barəsində yazdığım məqaləni oxudu və təbrik etdi. ”Sən insanlara iki tərəfdən xeyir verəcəksən. Həkim kimi insanların sağlamlığı keşiyində duracaqsan, yazılarınla isə insanların ürəyinə yol tapacaqsan.” - dedi. Düzü atamın bu sözlərindən sonra daha da həvəsləndim. Dərslərimi daha da yaxşı oxuyub onun etimadını qazanmağa çalışırdım. Amma sən saydığını say, gör fələk nə sayır. 1995-ci ildə atamı qəfil itirdim. Atamla bütün ümidlərim, arzularım öldü. Elə bildim uçan qanadlarım qırıldı. Başımın tacı düşüb itdi. Tənha qəlbim daha da tənhalaşdı, həyatdan küsdüm. Bu bir tələbə qız üçün çox ağır idi .Gecə - gündüz atasız dünyama ağladım. Atam üçün şeirlər yazmağa başladım. Ürəyimi yalnız bununla soyutmağa çalışırdım. İnistitutu bitirib iş həyatına başladım. Ailə qurdum. Övladlarım oldu. Başım uşaqlara qarışsa da, vaxt tapanda yeni şeirlər yazıdım. Kitalarım işıq üzü gördü. Dövri mətbuatda yenidən çıxışlar etməyə başladım...

Mən jurnalist olmadım, həkim oldum. Amma buna heç də peşiman deyildim. Hər dəfə xalatı əynimə geyəndə xalatımı öpürəm. “Ruhun şad olsun, ata. Bu peşəni sən mənə sevdirdin”, deyirəm. Mən peşəmi çox sevirəm Hər gün müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə oluram. Dərdlərinə şərik oluram. Xəstələrin müalicədən sonrakı sağlam vəziyyətini görəndə isə qürur duyuram. Məncə peşəni yaxşıya, pisə ayırmaq olmaz. Axı peşənin pisi yoxdu. Mən iki peşə ilə məşğul oldum və hər ikisini də sevdim. Çalışdım ki, hər ikisinə layiq olum. Hər ikisi gözəldi, maraqlıdı, şərəflidi. Yetər ki, peşəni sevəsən və ona layiq olasan.

İllər keçdi. Qalibəni bir an belə yadımdan çıxara bilmədim. Axı ona bir təşəkkür borcum var idi. Axı onun mənim üzərimdə əziyyəti böyük idi. Mənim yazılarımın ilk oxucusu da o idi. Mənim çətin günlərimdə yanımda olmuşdu. Xoş günlərimdə də yanımda olmağını çox istəyirdim. Onun barəsində fikirləşirdim. Onun redaksiyada işləmədiyi barədə məlumatım var idi. Lakin harada işləməsini bilmirdim. Gözlərim onu hər yerdə axtarırdı. Düşünürdüm, 25 il keçməyinə baxmayaraq, onu görsəm tanıyaram.

Təsadüf zərurətdən doğulur. Mən təsadüflərə, möcüzələrə inanan insanam. Mən Qalibəni tapacağıma inanırdım. Belədə oldu. Yaxın dostların sayəsində mən onu tapdım. “Xalq qəzeti”nin müxbiri onu tapmaqda mənə kömək etdi. Ona təşəkkür edirəm. Qalibə ailə qurub Türkiyəyə köçmüşdü. Gözəllər- gözəli bir qızı var. Nömrəsini alıb zəng vurdum. Səsimdən tanıdı, çox sevindi. O da məni unutmamışdı. Demək quş qanadlı illər bizdən nə qədər uzaqlara uçsa da bu sevgini qəlbimizdən qopara bilməmişdi. Mən ona həyatıma yazılmış dörd illik dostluğa, qoyub getdiyi gözəl xatirələrə görə 25 ildən sonra ürəyimdə qoruyub saxladığım borcu qaytardım. Bu bir təşəkkür borcu idi...

# 4051 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #