Hamıya borcum var mənim

Hamıya borcum var mənim
4 dekabr 2017
# 16:16

Rəşad Xəzan

Kədər

Uzanmışam yatağıma,
Kimsə yetmir sorağıma.
Yenə kədər boğur məni,
Uca tanrı yatıb yəni?
Bəs deyirlər o, şəfqətdir,
Möcüzələr həqiqətdir.
Bəs cavabsız dualarım?
Say-hesabsız suallarım?
Sabahıma nə inam var?
Üzərimə gəlir divar...
Bəlkə o da soyuqluqdan,
Nəmişlikdən, boğuqluqdan,
Bezib artıq, yorulubdu
dayanmaqdan?
İçindəki sal daşları parçalayıb,
Kölgəsini qucaqlayıb,
Bircə anlıq mürgüləmək arzusunda,
Tükənibdi həyat eşqi divarın da.
Bəlkə röyasında o, axtarıb,
Viran olmuş tikələrin toparlayıb,
Qalaqlayıb üst-üstünə,
Bir də ucalmağı istər,
Acılara olub sipər!
Yavaş-yavaş möhkəmlənib,
Qürurundan buludlara o, söykənib,
Göydən yağan yağışlara layla deyib,
Sərinləmək arzusuyla ucalmağı almış gözə,
Zülmətlərə, nisgillərə dözə-dözə.
O dayanıb, dayanacaq,
Bir vaxt dağıldığı üçün
öz-özünü qınayacaq...
Yenə kədər boğur məni,
Uca tanrı yatıb yəni?

Aman verin

Mən yağışam,
Tökülməyə ümman verin.
Mən bir dağam,
Daşlarıma duman verin.
Mən gecəyəm,
Səhərimə güman verin.
Mən payızam,
Səpilməyə xəzan verin.
Mən bir dərdəm,
Sağalmağa zaman verin.
Mən insanam,
Yaşamağa aman verin!

Adam

Adam var adamdı adam içində,
Asta ayaq basar, ağır dolanar.
Adam var heyvanla eyni biçimdə,

Ağzını açanda ürək bulanar.

Adam var az dinib, çox qulaq asar,
Utanar baxışın ayırmaz yerdən.
Adam var arsızdı, hey gopa basar,
Boş yerə hırıldar, qışqırar birdən.

Adam var daş-qaşla sürür həyatı,
Ömründə kasıbın tutmaz əlini.
Adam var cibində iki manatı,
Uzadar ürəklə sənə birini.

Adam var üzünə xoş baxıb gülər,
Arxanca danışar olmazın sözün.
Adam var hər şeyi üzünə deyər,
Çəkinməz kimsədən, qırpmaz heç gözün.

Adam var ədabaz, təkəbbürlüdü,
Özünü hamıdan ağıllı sanar.
Adam var müdrikdi, təfəkkürlüdü,

Çox bilər amma ki, dinməz dayanar.

Adam var dostuna edər paxıllıq,
Fürsət düşən kimi arxadan vurar
Adam var hamıya edib yaxşılıq,
Ölənədək sənin arxanda durar.

Amma ki, ey dostum, əsası odur,
Çalışıb-vuruşub, aşıb-daşasan.
Bil ki, həyatının hikməti budur,
Adamlar içində insan olasan.

Borc

Qardaş, hamıya borcum var mənim,
Çox baha borclardı qaytarammıram.
Üzümdə qırışlar, saçımda dənim,
Ağır faizlərlə bacarammıram.

Valideynimə yaman borcluyam,
Çörəyini, ürəyinin yağın yemişəm.

Bir dünya mən sevinc qaytarmalıyam,
Axı ömrüm boyu hey dərd vermişəm.

Dosta borcluyam, ürəkdə yer veribdi,
Kirayəsi çox bahadı, biləsən.
Dar günümdə "yıxılma", "dur" deyibdi,
Haqqını qaytara biləcəmmi, görəsən?

Düşmənimə borcluyam, məni güclü edibdi,
Qadınıma borcluyam - məni necə varam sevibdi,
Dünənimə borcluyam mən bu günüm üçün,
Bu günümə borcluyam, sabaha ümidimçün,
Allahıma borcluyam həyatımçün, ölümçün!

# 2132 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #