Tikanlı sözlər adamı necə öldürür?

Tikanlı sözlər adamı necə öldürür?
18 iyun 2021
# 15:15

Sözlər eynən arılar kimidir, bəziləri bizə bal verir, bəziləri sancır. Bəlkə də ruhun ölüm gülləsi sözdür, ya ürəyinə dəyər, ya da xətrinə. Xətrinə dəyən güllə yaralayar səni. Yara ilə yaşayarsan bir ömür. Güllə yarası deyil, söz yarası ilə.

Sevgi dolu həyatımızda hamımızın özünəməxsus həyat təcrübəsi, emosional şifrələri və dərin yaddaşı var ki, bəzi sözlər daxili dünyamızı sancır, həyatın təbii axınının pozulmasına səbəb olur.

Bəzən, elə tikanlı sözlər eşidirik ki, anidən beynimizdə olan parlaq közlər alovlanır. Heç gözləmədiyin anda, gözləmədiyin bir insan yersiz bir sözlə arı kimi sancır səni. Sanki, bir anda xoşbəxt həyatın dayanır, boynunda ağrılar, sürətli ürək döyüntüləri, gözlərin qəm dolu sulanması, dəri səthinin titrəyişi ruhunu silkələyir, duyğular dilə gəlir, savaş başlayır. Bağrın yarılır, elə bil, orta əsrlər müharibəsinin bütün oxlarını sənin sinənə atırlar, göylərin bütün dolu dənələri sənin başına yağır. Deyirsən, bu nə söz idi mən eşitdim?! Allah?! Gözlərim qəm dolu miskin bir həyat oxuyur. Çarəsiz donmuş halda onun gözlərinə baxırsan, bu sözü haqq etmədiyini bilirsən!

Arı səni sancdı, artıq cavab haqqında düşünürsən, amma ən yaxşı cavab nə olmalıdır?

Bu vəziyyətdə kiminsə hazır cavabı varmı?

Əsəb ilə veriləcək qərarların doğru olduğunu düşünmürəm, əsəb ilə verilən qərarların geri dönüşü yoxdur.

Oturub öz-özünə fikirləşirsən, öz-özünə danışırsan. Haqlı olduğunu hər kəsə başa sala bilməzsən, bu, həyatın bir qanunudur, bunu öyrənənə qədər çox insanla tanış olacaqsan, çox danışacaqsan və çox yanılacaqsan. Sonra hər şeyi uzaqdan seyr edəcəksən.

Dəniz sahillərini, dalğaları seyr edən bir balıqçı kimi...

Küləyin gücünü dalğaların köpüyündən biləcəksən.

İnsanlara dəyər vermək, hörmət qoymaq, onları anlamaq, düzgün ünsiyyət qurmaq da bir mədəniyyət növüdür. Bunun üçün universitet, akademiya oxumağa gərək yoxdur, zatən, bunun təhsili də yoxdur, sadəcə, anlayışlı olmaq kifayətdir.

Ruhumu rahatsız edən bu sözlər hələ də beynimdə yaşayarkən güclü olmağa necə çalışmalıyam? Bu tikanlı sözlər hələ də zədələyib mənim ürəyimi.

Təcrübələrimi reallığa çevirməyi ümid edərkən, özümü bəzən həssas hiss etmək kədərləndirir məni.

Lakin həyat davam edir, səni nələr gözləyir - bunu bilmədən hər bir şeyə hazır olmalısan. Tikanlı sözlər səni incitdiyi qədər də öyrədir, əslində. Bir çox senarilərə necə cavab verə biləcəyini düşünürsən, gələcəkdə bu sözlərlə mütləq yenidən qarşılaşacaqsan, bəlkə də, daha ağırları ilə. Səninlə savaşaraq səni öyrədir bu sözlər. Gördüklərin və düşündüklərin öyrədir sənə hazırcavab olmağı, bəzən də susmağı.

Mən hiss edirəm ki, tədricən öyrənirəm anında bir çox situasiyada necə cavab verə biləcəyimi. Axı çox emosional olmuşam bu tikanlı, sancılı sözlər ilə.

Haqlı cavabları tapmaq üçün, başqa insanlara bu mövzunu çatdırmaq üçün mübarizə aparıram, haqsız sözlərlə döyüş, tikanları çıxar ürəyindən prinsipi ilə yaşayıram. Gerçəkdən bu, davam edən bir özünüinkişaf işidir.

Tanrı, sən mənim qəlbimə hakimsən.

Mən o sözə layiq deyildim.

Arılar məni bir daha sancmasın!

Cavid Musa

# 8902 dəfə oxunub

Oxşar xəbərlər

Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

16:30 17 may 2024
# # #