Nənəmin laylası öpür üzümdən – Şeirlər

 Nənəmin laylası öpür üzümdən – Şeirlər
11 avqust 2020
# 15:44

Xəbərin varmı

Uzaq yaxın bir yoldayam
sonumdan xəbərin varmı?
gündə beş vaxt üzüm göyə
yönümdən xəbərin varmı?

Ağır-ağır nəfəs alan,
öz içinə qəfəs olan,
ətrafına heç kəs olan
özümdən xəbərin varmı?

Gündüzləri gecə gedən,
hər addımı heçə gedən,
hara gedən, necə gedən
sozümdən xəbərin varmı?

Üz tutmuşam sağ-soluma,
qılınc vermişəm qoluma,
çıxanda yezid yoluma
suyumdan xəbərin varmı?

Quyulara əsir salan,
yaxınlığı bir sirr olan,
inamında kəsir qalan
huyumdan xəbərin varmı?

“Ol”!- deyəndə olmuşam mən
“Öl!”!- deyəndə ölmüşəm mən,
dünyanı SƏN bilmişəm mən,
deyimdən xəbərin varmı?

Sənsən mənim içimdə, Sən,
çölüm də sən, içim də sən,
Sən elə Mən biçimdəsən,
Özündən xəbərin varmı!

Cavab mənəm...

Aldığın son nəfəsdə
səsini duyan olar...
boylanar tozlu yoldan
sənə balaca bir qız.

Iti addımlarından
özünü asan olar,
gəlişini gözləyər
günah edən günahsız...

Ya da üzümə baxıb,
başını bulayarsan...
oynayan sümüklərin
dodağında qırılar.

Əllər havada qalar,
ayağın torpaq altda..
çalanların havası
yorğun düşər, yorular.

Bir az su istəyərsən
ürəyindən getməyə...
titrək baxışlarının
öpüşər kirpikləri.

Qanad-qanad uçarsan
göy üzünə yetməyə...
ruhun candan ayrılar,
alınar verdikləri...

Nurlu bir təbəssümlə
dönüb bizə gələrsən...
Budur həyat!- söyləyib,
qəh-qəh çəkib gülərsən...

Yarımçıq misralarla
Tanrıya baş əyərsən...
“Bu həyat bir sualdı,
cavab mənəm” -deyərsən..


Öz şəklini çəkən qadın

Misra-misra doğularaq
Şeir-şeir çökən qadın.
Oğurlanmış taleyinə
Bulud kimi yükəm, qadın!

Qış içində yaz ruhunu,
Qəm dolu avaz ruhunu,
Hər kəlməni öz ruhunun
Yarpağına bükən qadın

Dodağında qəm bucaqlar,
Gözlərini nəm qucaqlar,
Hər gün yenə tumurcuqlar,
Öz dərdini əkən qadın.

Ələdilər ələk-ələk,
İməklədin bələk-bələk,
Qanadını lələk-lələk,
Öz içində tikən qadın.

Tanrının yaş tüstüsündə,
Soyuq daşın istisində,
Milyon illərin səsində
Zaman adlı məkan qadın.

Gülüşündə ələmiylə,
Taleyinin sələmiylə,
Ağrıların qələmiylə
Öz şəklini çəkən qadın.

Burda yağışların dadı başqadı

Burda buludlar da qərib görünür,
Burda yağışların dadı başqadı...
Göyün rəngləri də sevir insanı
Sevib-sevilənin adı başqadı...

Bilmədiyim quşlar qərib yuvada
Ötürlər sabahdan axşama kimi...
Nənəmin laylası öpür üzümdən
ən dadlı, ən şirin oxşama kimi...

Burda nə qeybət var, nə də ki dava,
Sakit gülümsəyib keçir adamlar...
Içdiyim min cürə su əvəzinə
Gözlərdən bir huzur içir adamlar...

Burda gecələrin işığı günəş,
Burda gündüzlərin işığı aydır..
Burda sərin keçir havalar elə..
Nə soyuq qışı var, nə də ki yaydır...

Yoxdu insanların yadı, doğması,
Hamı bir-biriylə eyni addadı...
Torpağın üstündən qonaq gələnlər
Eyni mərtəbədə, eyni qatdadı...

Sevdiyim işimlə məşğulam burda,
Dünən nə idimsə, bu gün də oyam...
Rəngli yuxuların içindəyəm mən..
Bir həzin layla de, səsini duyam...

Burda kitablar da vərəqsiz olur,
Mənim cümlələrım qurulmur daha...
Evimin qapısı yox olub gedib,
Qapımın zəngi də vurulmur daha...

Burda buludlar da qərib görünür,
Burda yağışların dadı başqadı...
Göyün rəngləri də sevir insanı,
Sevib-sevilənin adı başqadı...


Elə yorulmuşam

Elə yorulmuşam, çəkilməziyin
çəkilib içimdə tarım sim kimi.
Hər gün biraz-biraz suyun vermişəm
dərdlərim göyərib, artıb çim kimi...

Elə yorulmuşam, ayaqlarıma
susuz dəyirmanın daşı asılıb...
Gözünü yollardan çəkib ürəyim,
düyünlər vurduğun qaşım asılıb..

Elə yorulmuşam, gülən dodağım
quruyub gün vuran qızılgül kimi...
Günahkar tutmuşam göydə günəşi,
Kərbəla yolunda yanan çöl kimi...


***

Nəfəsimi dəniz tək
içimə çəkmişəm mən...
dalğaları damarda
qanıma bükmüşəm mən...

Qağayılar baş çəkir
duzsuz gülüşlərimə...
balıqlar yer saxlayıb
səssiz yerişlərimə...

Qumların arasında
sevənlərin ayağı.
addımımı dəng edib
dilsiz balıqqulağı...

Gəmilər də açılıb
bu sabah sonsuzluğa.
addımlar yola çıxıb
su altda sənsizliyə.

Yosunlar yosun kimi
saçlarıma dolaşır...
ölüm necə sərindi,
yanır ruhum, alışır.

***

Yenə gecə gülür mənim yuxuma
sahibsiz itlərə sığal çəkirəm.
sabahı gümanın qoynuna atıb,
dünənki günümdən nağıl çəkirəm.

Bu gün dəftərlərim qapalı qalıb
üç nöqtə suala dönüb içimdə.
alıb kirpiyimin ucuna səni
saxladım gözümün qəmli içində.

Gözümdə yatmısan sən şirin-şirin,
mənim yuxularım ərşə çəkilib.
tavana , divara baxıb doymuşam,
gözümün naxışı fərşə çəkilib.

Elə usanmışam, elə bezmişəm
sözün tərs üzünü naxışlamaqdan.
yollar da yorulub, gözünü döyür,
əl çəkib yolçunu bağışlamaqdan..

***

Qanadsız sözümün ayaqları altındayam
Nə ölə bilirəm, nə də yaşaya...
Səssiz çığırıqların son qatındayam...
Nə ata bilirəm, nə də daşıya...

Başımın üstündə buludlar uçur...
Bir əlində alqış, bir əlində oxunmamış dua..
Quşlar da özünü sərhəd dirəyinə çırpır:
-Hardadı yuva!?

Ağlımın ucundan bir insan keçir,
Gözləri cənnət işıqlı...
Baxır... baxır...gülümsəyib qaçır içimdən...
Bir qılınc sancılır ürəyimin başına
Namərd barışıqlı...

Gözünü gözümdən qaçırır gözlər...
Tökülən yaşlar unudulur..
Çəkilən ahlar unudulur...
Evsizlərin evinə qədər...
Cırtdaının divinə qədər...

Bir az da yumruqlarım qanamasa...
Qanatmasalar...çırpıb içindən dağıtmasalar...
Şərqdən qərbə, şimaldan cənuba
Ovcuma yığa bilsəm...
Yenidən yumruğumu sıxa bilsəm!!!
Açıla qollarım, sevinə qədər...

Qanadsız sözümün ayaqları altındayam
Nə ölə bilirəm, nə də yaşaya...
Səssiz çığırıqların son qatındayam...
Nə ata bilirəm, nə də daşıya...

***

Sən belə eləsən, günün bir günü
oğru tək asacam baxışlarımı..
Kəndir əvəzinə kirpiklərimlə
sıxacam sən dolu göz yaşlarımı..

Sən belə eləsən, bir sabah qalxıb
Yolu ayağıma yığıb gələcəm...
Səni məndən edən xəstə şəhəri
Ümmanda məhv edib, boğub gələcəm..

Sən belə eləsən, evətək gəlib
Qapını döymədən çıxıb gedəcəm...
Baxıb pəncərədən sevdiyim üzə
Qəlbimdə özümü yıxıb gedəcəm..

Təranə Arıfqızı

# 6281 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #