Teatrımızın ətalət problemi

Teatrımızın ətalət problemi
2 fevral 2018
# 17:30

Kulis.az teatrşünas alim İsrafil İsrafilovun “İt ilində” adlı məqaləsini təqdim edir.

“İt ilində” - Uşaqlıq illərində çox eşitdiyim bu ifadə nə isə qədimlərdə, hətta az qala hamının unutduğu zamanlarda olmuş hadisələrin, söylənən sözlərin xatırlanması zamanı işlədilərdi. Sonralar, mənə (bəlkə elə çoxlarına da) bəlli oldu ki, bu ifadənin qədimliyə bir elə dəxli yoxdur və həmin il astroloji anlayışı ehtiva edən və bürclərlə bağlı olub, hər on iki ildən bir təkrar olunan periodik hadisədir. Məsələn, ötən it illərində dünyada və ölkəmizdə o qədər müxtəlif hadisələr baş verib ki, onların nə itə, nə də ilə aidiyyatını axtarmaq qeyri-ciddi görünür.

İlin adının nə olmasının hər hansı şəkildə fərqinin olmadığı bəlli olsa da, bürcləri və onların təsir dərəcəsini icad edənlərin bu zaman nə düşündüklərini bilməsək də, hər halda bunun müəyyən məntiqə uyarlığı bəlli məsələdir. Çünki bəşər övladının irqindən, dinindən, ictimai mövqeyindən asılı olmayaraq, bürclərin gerçək həyat fəaliyyətinə, həmçinin gələcəyə təsirinə inancı yeni bir şey deyil. Amma faktın hər dəfə yozulması prinsiplərinin yeniləşməyə məruz qalması, bu və ya digər ilin heyvan adlarının müxtəlif bilicilər tərəfindən təfsirinin dəyişkənliyi təbii maraq doğurur. Halbuki, dünyanın dialektik inkişafının elmi-nəzəri bilgiləri bürclərin təsirinə bir elə əhəmiyyət vermir. Bəli, bu məsələdə dialektika güzəştsizdir və hansı ilin, hansı heyvanın adı ilə adlandırılmasına baxmayaraq, öz tarixi hərəkətində davam edir. Yəni ayrı-ayrı ölkələrin siyasi-iqtisadi, ictimai-mədəni proseslərinin itlə, öküzlə, ilanla, yaxud atla, dovşanla və s. nə əlaqəsi ola bilər? Doğrudanmı, adlarını sadaladığım heyvanlar hansısa inkişafın, yaxud tənəzzülün, müharibənin və ya əmin-amanlığın inanc işarətləridir?

Ötən it ilində ölkəmizdə Mədəniyyət Nazirliyinin ləğv olunub, onun bazasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının cəmiyyət həyatının dialektik inkişaf meylləri ilə, dövlət idarəetmə sisteminin təkmilləşməsi ilə bağlı olduğunu kim bilmir? Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100, Azərbaycan teatrının 145 illiyinin məhz bu it ilində qeyd olunacağını da hər birimiz yaxşı bilirik. Amma bütövlükdə ilin necə olacağını söyləmək öncəgörmə istedadı tələb edir. Bəli, ilk ayını geridə qoyduğumuz it ilinin necə olacağını bilməsək də, sən demə, ötən xoruz ili milli teatr sənətimiz üçün düşərli olub. Bir zamanlar Ç.Darvin insanın meymundan əmələ gəldiyini deyəndə hamı inanmışdı, çünki bunu alim söyləmişdi. İndiki halda da alim teatr sənətimizin uğurlarla zəngin bir il başa vurduğunu deyirsə, gərək meymunu yadımıza salıb, şəkk gətirməyək. Amma yenə olsun, əcaba, görkəmli teatrşünas alim, ölkənin teatr həyatını həssaslıqla izləyən istedadlı bir tədqiqatçı söylədiklərinin həqiqətinə inanır? Hər halda təcrübəli və ağıllı saydığım həmkarımın nə etdiyini yaxşı bildiyi gümanındayam.

Allah Mirzə Fətəliyə, Mirzə Cəlilə, Mirzə Ələkbərə, Cavid əfəndiyə, Cəfər Cabbarlıya, İlyas Əfəndiyevə qəni-qəni rəhmət eləsin, çünki o kişilər çox şeyləri bilirdilər. Onu da bilirdilər ki, mərdliyi, vətənsevərliyi, ləyaqəti öyrənmək olmaz. Görəsən, bu gün teatr icmasının az qala unutduğu qocaman dağ misallı Cəfər Cəfərov sağ olsaydı, milli teatrın hazırkı vəziyyəti barədə nə deyərdi? Ona bir daha “nihilist” damğası vurulmasından qorxmazdı ki? Qətiyyən! Çünki necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz. Hər şeyin göz qabağında olduğu, faktın faktlığında qaldığı bir məqamda C.Cəfərov kimi təəssübkeş və prinsipial ziyalı alim ağa qara deyə bilməzdi axı... Uzun illər boyu səhnə sənəti sahəsində yaradıcılıq aşınmalarına göz yumub yalanın nəinki ayaq açmasına, hətta yürüməsinə də yardım etməklə teatr işinə vurulan zərər haqqında düşünmək, həqiqət anını yaşamaq məslək və əqidə məsələsidir.

Böyük güzəştlə belə hesab etmək olar ki, gerçəyi hərə bir cür görüb, onu müxtəlif şəkildə dəyərləndirə bilər. Amma bu halda gerçək öz gerçəkliyində qalır. Burası var ki, dürüst dəyərləndirilməyəndə perspektiv baxımdan o, bir sürü fəsadlara yol açır. Mövqelərin müxtəlif olmasının mümkünlüyü məntiqini nəzərə almaq olar, amma bütün hallarda obyektivlik və kompetensiya, eləcə də məslək prinsipləri əsas tutulmalıdır.

Müxtəlif səviyyəli yığıncaqlarda və toplantılarda, hesabatlarda və məruzələrdə milli teatr sənətimizin uğurlarının rəqəmlərdə, faizlərdə ifadə edilməsi, kəmiyyət göstəriciləri şəklində təqdimatı təbii qəbul edilir. Əslində isə, bütün bunlar real faktların təhrif edilməsi, məlumatsız auditoriyada kosmetik uğur təəssüratı yaratmaq cəhdləridir. Çünki əsl həqiqət keyfiyyət göstəricilərinin acınacaqlı dərəcədə aşağı səviyyədə olmasında özünü göstərir. Başqa cür olsaydı, yəni milli teatr sənətinin hesabatlarda yer alan, qəzet və sayt səhifələrini dolduran “uğurları” real mənzərəni əks etdirsəydi, Azərbaycan teatrının səsi, ən azı, “Edinburq”, “Avinyon”, “Qızıl maska”, “Çexov” festivallarından gələrdi.

Açıq etiraf etmək lazımdır ki, bu gün milli teatr sənəti yaradıcılıq perspektivi baxımdan taqətsiz haldadır. Ordunun əsas göstəricisi onun döyüş qabiliyyətində olduğu kimi, teatr sənətinin başlıca göstəricisi rəqabət qabiliyyətində özünü göstərir. Təhlillər sübut edir ki, milli teatr sənətinin rəqabət potensialı olduqca aşağıdır. Yəni bu gün o, nəinki böyük Avropa teatrları ilə, heç postsovet məkanındakı Qazaxıstan, Gürcüstan, Belarus, Moldova, Tatarıstan teatrları ilə də rəqabət aparmaq iqtidarında deyil. Halbuki ötən əsrin 60-cı, 70-ci illərinin teatra partiya rəhbərliyi dövründəki konyuktur basqılara rəğmən o, indikindən qat-qat güclü yaradıcılıq potensialına malik idi. O zamanın teatrı cəmiyyət həyatının ideoloji-mədəni barometri kimi ictimai-estetik ovqata adekvat fəaliyyət göstərirdi.

Məhz həmin illərdə o zamankı Dövlət İncəsənət İnstitutunda bu sahə üçün mütəxəssis kadrların hazırlığı işi indikindən daha yüksək tədris-metodoloji əsaslarla qurulmuşdu, professor-müəllim heyəti yüksək pedaqoji səriştəsi olan sayseçmə sənətkarlardan ibarət idi. Maraqlıdır ki, o vaxtlar İncəsənət İnstitutunda cəmi dörd professor Cəfər Cəfərov, Adil İskəndərov, Rza Təhmasib, Mehdi Məmmədov (halbuki hazırda bu sahədə əlliyə yaxın professorumuz var) çalışırdı. Burada o zamankı Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən bu sahənin təhsil konsepsiyası, tədris-metodoloji işi elə qurulmuşdu ki, rejissor, aktyor, teatrşünas, rəssam kadrlarının hazırlanması işinə ciddi qayğı və nəzarət, həmçinin ictimai-mədəni tələb var idi. O zaman aktyor, rejissor, teatrşünas sənəti cəmiyyətdə indiki təbirlə desək, prestijli sayılır, bu ixtisaslara yiyələnməyə can atan gənclərin axını ildən-ilə artırdı. Elə isə indi, müstəqillik dövründə niyə bu müşahidə edilmir? Niyə teatr prosesi yalnız məfhum kimi mövcuddur? Bəli, yalnız məfhum kimi, çünki ayrı-ayrı teatrların fəaliyyəti dövlətin teatr siyasətinin ifadəçisi olaraq vahid teatr orqanizmi kimi yox, olsa olsa biri digərindən təcrid şəkildə közərən ocaqlar kimi görünməkdədir. Doğrudur, bəzən bu və ya digər teatr kollektivinin ümumi mədəni mənzərədə epizodik təsir bağışlayan səylərinin bədii nəticələri diqqət çəksə də, bir küll halında götürsək, bütöv bədii-təşkilatı, ideya-estetik nəticələr, effektiv göstəricilər müşahidə edilmir.

Mövcud vəziyyəti törədən səbəblər biri digərindən qaynaqlanır və bu zaman hansının əsas, hansının ikinci dərəcəli olmasını iddia etmək çətindir. Və əslində bunun bir o qədər də əhəmiyyəti yoxdur. Bununla belə, fikrimizcə, ölkə miqyasında teatrların fəaliyyətinin perspektivə yönələn strategiyasının yoxluğu, teatr siyasətinin məqsədyönlü həyata keçirilməsi işinin, səhnə sənəti sahəsində çalışan kollektivlərin yaradıcılıq fəaliyyətinin müntəzəm olaraq koordinasiya edilməməsi illər boyu davam edən ətalət halının başlıca səbəbidir. Odur ki, zəngin bədii məzmuna və teatrlarası əlaqəli fəaliyyətə dayaqlanan teatr prosesi mövcud ola bilmir. Məhz bu səbəbdən dialektik inkişafda təzahür etməli olan və ölkənin bütün teatr şəbəkəsinin ideya-estetik səviyyəsinin təzahürü kimi diqqət çəkən teatr prosesi yox dərəcəsindədir.

Nə üçün belədir? Teatr sənətinin ildən ilə keçən az qala əlacsız xəstə vəziyyətində öz mövcudluğunu davam etdirməsinə görməməzlik münasibəti nə ilə bağlıdır? Bu sahəyə cavabdeh olan şəxslərin, lap elə teatr tənqidinin susqunluğu, vəziyyəti dəyişmək üçün görülən tədbirlərin səmərəsizliyinə məhəl qoyulmaması daha nə qədər davam etməlidir? Bu suallar ətrafında düşüncələrimiz yorucu olsalar da, onların cavablarını professor Ədalət Vəliyevin yazılarında tapa bildik. Olduqca dəyərli hesab etdiyimiz təhlillərində professor Ə.Vəliyevin gəldiyi nəticələr elmi-nəzəri baxımdan məntiqi əsasa malikdir. Onun qənaətinə görə, “Azərbaycan teatrı sovet dövründə nəinki öz müstəqilliyini, azadlığını imitasiya eləyib, həmçinin burada cərəyan edən yaradıcılığının özü də imitasiya xarakteri daşıyır”. Bəli, nə az, nə çox, imitasiya. Şekspirin məhşur qəhrəmanının dediyi kimi, budur məsələ. “Həmin imitasion problemi” (Ə.Vəliyev) milli teatr sənətini əsl mənada yaradıcılıq ucalığına yox, sadəlövh “auditoriyanı sərt sujetlərə” (İ.Rəhimli) qonaq etməklə, konyukturanın tələblərini ödəmək vəzifəsinə səfərbər etmiş və bu, nəticə etibarilə zərərli missiya uzun onilliklər boyu “uğurla” davam etdirilmişdir.

XX əsrin sonlarındakı milli teatr həyatını nəzərdən keçirən professor Ə.Vəliyev teatrşünaslıq elmimizin “ağ vərəqinə” əhəmiyyətli əlavə, prinsipcə yeni baxış bucağı kimi dəyərləndirdiyimiz mülahizələri ilə bir sıra tarixi-estetik mətləblərə aydınlıq gətirir. Onun fikrincə, “Azərbaycan teatrının müstəqil sayılan estetik həyatı imitasiya xarakterli olub. O, nə fikir, nə düşüncə, nə də ifadə azadlığına malik olmayıb, teatrın dünyaya, cəmiyyətə, hadisələrə reaksiyası imitasion mahiyyət daşıyıb, nəticə etibarilə, nəinki dünya teatr prosesindən, hətta cəmiyyətin özünün inkişafından geri qalıb.” Bax belə, bu professor Ə. Vəliyevin qənaətləridir. Və burada məsələ həmin qənaətlərin maraqlı, eləcə də cəsarətli olmasından daha çox onların bu günə bəlli olan nəzəri stereotipləri alt-üst etməsindədir. Yəni burada teatrşünaslığın indiyədək görə bilmədiyi, yaxud deməyə və yazmağa cəsarət etmədiyi elmi-estetik həqiqətlər inkaredilməz arqumentlərlə bəyan edilir.

Yuxarıda qeyd etdiyimiz elmi mülahizələr və qənaətlər bir sıra məsələlərin üzərinə işıq salır, üzücü məsələləri nöqtələyir. Belə görünür ki, məhz milli teatr sənətinin bu gün də davam edən fəaliyyətinin imitasion xarakteri canlı və sağlam teatr prosesinin yaranmasına başlıca əngəldir. Əgər bayaq örnəklər göstərdiyimiz müəllifin gəldiyi nəticələrin məntiqinə əsaslansaq, onda başlıca maneə olan imitasiya xarakterli fəaliyyətin təxirəsalınmaz tədbirlərlə aradan qaldırılmasının zəruriliyi aktuallaşır. Və teatrlar, həmçinin onların fəaliyyətinə indiyədək rəhbərlik edən qurumların həmin istiqamətdə ən təsirli işlər görməsi mütləqləşir. Elə bu məqamda daha bir sual yaranır ki, nə üçün alim Ə.Vəliyevin elmi həqiqət kimi bizə təqdim etdiyi bu mühüm problemin milli teatr sənətimiz hələ də imitasiya tilsimində çabalayır?

Öz bədii orqanizmində imitasiya infeksiyası yaşadan teatr sənətinin fəaliyyəti böyük estetik məqsədləri deyil, gözə kül üfürməni əhatələyir. Və bu zaman hər hansı canlı yaradıcılıq prosesindən, yaxud inkişaf səviyyəsindən bəhs etməyin özü qeyri-ciddi bir işdir.

Bu da şübhəsizdir ki, hər bir sahədə olduğu kimi, teatr sənətində də həqiqi yaradıcılığın imitasiyası, təkcə konkret olaraq bu sahənin deyil, bütövlükdə mədəni iqlimin sadəcə zərərinə işləyir. Real zərərin aqressiv həmləsinin müşahidə edilib, ona qarşı illər ərzində təsirli tədbirlərin görülməməsi bu gün teatr sənətini uğursuz aqibətlə üz-üzə qoyur.

Uzun illərdir ki, teatr kamil dramaturgiya, müasir gerçəkliyin aktual məsələlərinə toxunan, çağdaş dövrün ictimai-mədəni və mənəvi-psixoloji gerçəkliyini əks etdirən dramaturgiya həsrətində hər dəfə öz mövsümlərini başlayıb-bitirsə də, kəmiyyət uğurları belə əldə edə bilmir. Ara-sıra yaranan dəyərli pyeslər isə təbii ki, repertuar boşluğunu aradan qaldırmaq üçün kifayət etmir. Digər tərəfdən, teatrı işğal edən mövzuca aktual, amma bədii mündəricə baxımdan aşağı əyarlı pyeslərin ucbatından aktyor yaradıcılığı o qədər cılızlaşıb, səviyyə etibarilə o qədər dayazlaşıb ki, nəinki əcnəbi müəllifləri, heç milli klassikanı belə yüksək peşəkarlıq səviyyəsində oynamaq iqtidarında deyil.

Yol gedən itkisinin fərqində olursa, o, keçdiyi yola qayıdıb, həmin yola ikiqat diqqətlə göz gəzdirir, yalnız itirdiyini tapandan sonra yoluna davam edir. Bizim nəslin sözügedən estetik dəyərlərin nədən ibarət olduğunu, nə zaman və harada itirdiyimiz üzərində düşünməsi olduqca vacibdir. Odur ki, ötən əsrin 60-70-ci illərində qazandıqlarımızın keçdiyimiz asan olmayan yollarda, elə həmin əsrin 90-cı illərindən başlayaraq sayğısızcasına itirməyimizin peşmanlığını yaşamaq ağırdır.

Bizlər (adının nə olmasından asılı olmayaraq) daha bir ilin əvvəlindəyik. İndiyədək verilən hesabatların və faizlərin arxasından boy verən həqiqəti görmək lazımdır. Həqiqət isə budur ki, teatr mədəniyyəti prinsipcə yeni baxış, yeni meyarlarla qurulmalı və idarə edilməlidir. Əvvəlki sxemlər, idarəetmə mexanizmləri çarəsiz şəkildə köhnəldiyindən, hətta dövlət başçısının məlum Sərəncamla təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının nəzərdə tutulan proqnoz nəticələri əldə edilmədi. Və milli teatr öz yerində saymaqda davam etdi. Çünki sözügedən Dövlət Proqramının həyata keçirilməsi üçün tələb olunan yaradıcı iradə, dünya təcrübəsindən bəhrələnib proqressiv əməli fəaliyyət göstərilmədi.

145 illik tarixi olan teatr sənətinin imitasiya fəaliyyəti, görəsən, nə vaxt bitəcək? Qarşımızda əsl klassik rus sualı dayanır: Nə etməli? Nədən başlamalı?

Bəzən hər şeydən bezib, öz-özümə asi olub düşünürəm ki, bəlkə başqaları kimi olmaq, “yaxşı adam”, “əsl ziyalı” kimi yaşamaq, dəyirmansayağı “çax-çax”la camaatın yuxusuna haram qatmamaq lazımdır. Bəlkə hər şeyin elə bu cür qalması məsləhətdir? Bilmirəm. Bəlkə də...

# 1766 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #