Təşəbbüs - İsi Məlikzadənin hekayəsi

Təşəbbüs - İsi Məlikzadənin hekayəsi
28 yanvar 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Təşəbbüs”dür.

- Yoldaşlar! Tək əldən səs çıxmaz! - Müdir sağ əlini yuxarı qaldırıb neçə dəfə yellətdi. Hamı nəzərini onun əlinin istiqamətində sağa-sola gəzdirdi. Müdir əlini yanına salan kimi adamlar da başlarını aşağı dikdilər. - Bütün tədbirlər təkcə məndən çıxacaq? Siz də zəhmət çəkin, bir balaca özünüzü tərpədin. Gəlin başımızı bir yerdə sındıraq, görək neynirik... Pambıq yığımının bu partahapart vaxtında biz kənarda qalmamalıyıq. Bizim mədəniyyət evimiz zəhmətkeş qardaş və bacılarımıza mədəni xidmət göstərməlidir. Ancaq necə?... Kim deyər necə

Heç kimdən səs çıxmadı. Hərə gözlərini bir nöqtəyə zilləyib fikrə getmişdi. Müdir oturanları bir-bir süzdü.

- Sonra də məni danlayırlar ki, özbaşına işləyirsən. Bu da kollektiv! Niyə səsiniz çıxmır? Siz də bir təşəbbüs göstərin. Çalanımız var, oxuyanımız var, oynayanımız da var. Bəs onlardan necə səmərəli istifadə edək? Hə, dillənin! Təşəbbüs!.. Təşəbbüs!.. Təşəbbüs göstərin, yoldaşlar!

Yanındakıları başıaşağı görüb, Əhliman da gözlərini döşəməyə zillədi. Düşündü ki, yəqin müdir söz soruşanda belə oturmaq lazımdır. Təəccübləndi: “Bunlar niyə yerə baxırlar? Niyə ağızlarına su alıblar?”.

Əhliman, rayon mədəniyyət evində cəmi-cümlətanı beş gün idi ki, işləyirdi. Burda birinci dəfə iclas görürdü. Uzun stolun arxasında sıralanıb fikrə gedənlərin əksəriyyətini tanıyırdı. “Bax, o qapı tərəfdəki dərzi Salmandır, yaxşı tar çalır. Onun yanındakı dəmirçi Mazandır; babası da kamançaçı olub, atası da. Özü də çalır. O birisi qarmonçu Vəlidir. Ondan sağdakı xanəndə Məsimdir. Pəncərənin ağzında oturan klarnetçalan Şirindir. Lap küncdə əyləşən teleqrafçı Püstədir; Zalımın qızı yaxşı “Vağzalı” oynayır... Qalanları da ki, bizim işçilərdir. Görəsən, niyə səsləri çıxmır bunların?”

Müdir ayaq üstə durmaqdan yorulub nəhayət oturdu:

- Təşəbbüs, yoldaşlar, təşəbbüs göstərin!

Nə dinən vardı, nə də tərpənən.

Əhliman düşündü ki, özünü göstərmək üçün məqam çatıb. Bu saat hamıya sübut etməlidir ki, bu idarəyə o, elə-belə, havayı çörək yeməyə gəlməyib. Həm də qoy müdir bilsin ki, Əhliman fərsiz deyil, yeri düşəndə onu irəli çəksin.

O, əlini şəstlə qaldırdı.

- Buyur, buyur, deyə müdir onu ürəkləndirdi.

Əhliman asta-asta qalxdı. Əvvəlcə yumruğunu nazik dodaqlarına yapışdırıb ehmalca öskürdü. Yanındakılara qorxaq nəzər salıb üzünümüdirə tutdu:

- Yoldaş Zəmiyev, mən də deyirəm ki, zəhmətkeş qardaş və bacılarımıza xidmət eləmək borcumuzdur. Ancaq necə? Necəsini də indi deyəcəyəm.

- Əhliman bir də öskürdü. Ağzını ayırıb təəccüblə ona qulaq asanlara gözucu baxdı. - Mən təklif edirəm ki, çalanlarımızı və oynayanlarımızı göndərək kolxozlara. Əvvəlcə, bu kolxozların siyahısını tutaq. Siyahıdan sonra verəcəyimiz nömrələri dəqiqləşdirək.

- Əhsən! Əhsən! - Müdir başını tərpətdi.

Bundan ürəklənən Əhliman səsini bir az da qaldırdı.

- Sonra məşq eləyək. Lap sonra düşək bir-bir kolxozların canına. Ancaq gərək bilək ki, əvvəlcə hansı kolxoza getmək lazımdır. Hansı kolxoz birinci yerdədir, hansı...

- Bax, buna deyərəm təşəbbüs! - Zəmiyev əlini stola vurdu. - Dediklərini yazılı surətdə sabah mənə təqdim eləyərsən.

- Baş üstə!

...Əhliman səhər tezdən müdirin stolunun üstünə bir vərəq kağız qoydu.

Zəmiyev kağıza diqqətlə baxdı.

- Gecə yazmısan?

- Bəli.

- Birnəfəsə?

- Xeyr, çay içə-içə.

Zəmiyev yazını yarısınacan oxuyub başını buladı.

- Ümumi şəkildə yazmısan. Bunları, necə deyərlər, punkt-punkt, əsaslı surətdə sübut eləməlisən. Hansı mahnı oxunacaq, hansı oyun havası... Bildin də. Get təzədən yaz.

Səhər Əhliman müdirin qarşısına iki vərəq kağız qoydu. Zəmiyev qırmızı karandaşı götürüb sətirlərin üstündə gəzdirdi. Axıra çatmamış başını qaldırdı.

- Yenə çay içə-içə yazmısan?

- Yazmamışdan əvvəl içmişəm, yoldaş Zəmiyev.

- Bu köhnə mahnıları niyə yığmısan bura? “Qaragilə”yə indi kimdir qulaq asan? Bu nədir yazmısan: “Süsən sünbül”, “Yaxan düymələ”, “Aman nənə”. Bunlar kif atıb. Kolxozçuları nə bilmisən, Əhliman?

Kəndlərimizdəki mədəni inkişafdan xəbərin var?

Əhliman udqundu. Hülqumu enib qalxdı. Şiv kimi uzun müdirin qarşısında o, çəlimsiz uşağa bənzəyirdi. Zəmiyev qollarını yaşıl örtüklü stolun üstünə qoyub köks ötürdü.

- Get, Əhliman, sənə iki gün möhlət verirəm. Yaxşı-yaxşı fikirləş, amma çay içə-içə yazma.

...Əhliman evdə arvadına tapşırdı ki, daha ona çay verməsin. Özü də qarşısına bir qalaq kağız yığıb qələmi əlinə aldı. İki gün otaqda o baş-bu başa gəzişdi. Axırı, dörd vərəq-kağızı yazıb doldurdu.

İşə gələndə idarənin qabağında musiqiçiləri gördü; hamısı alətlərini götürüb hazır-yaraq dayanmışdı. Əhlimanı dövrəyə aldılar. Qarmonçu Vəli dilləndi:

- Nə oldu, əşi? Camaat pambığı yığıb qurtardı, biz hələ yerimizdən tərpənməmişik.

Tarçı Salman da sözə qarışdı:

- Toylara da gedə bilmirik. Birdəfəlik ya hə deyin, ya yox. Onu da bilin ki, biz həvəskarıq, istəsək buralara heç ayaq basmarıq.

Şirin qoltuğundakı klarneti göstərdi:

- Mənim dərdim-azarım elə bunu püləmək deyil ha! İşlərim tökülüb qalıb.

Əhliman büzüşüb lap balacalaşmışdı. Candərdi gülümsədi:

- Düzələcək, hamısı düzələcək. - Özünü Zəmiyevin kabinetinə saldı.

Vərəqlərin dördünü də stolun üstünə qoydu.

Müdir yenə qırmızı karandaşı götürdü. Sinəsini stola söykəyib dodaqlarını tərpədə-tərpədə yazıları oxumağa başladı. Əhliman ürəyi əsə-əsə gözləyirdi. Zəmiyev ikinci vərəqdə dayanıb başını qaldırdı. Əhlimanın boğazı qurudu. Müdir onun balaca, yumru başına, sivri çənəsinə baxıb sinəsini stoldan çəkdi.

- Yenə çay içə-içə yazmısan, Əhliman?

- Allaha and olsun iki gündür dilimə çay dəymir.

Əhliman ağlamsındı.

Müdir kağızın birini ona tərəf itələdi:

- Savadın var? Bu nədir yazmısan?

Əhliman boğazını irəli uzatdı. Zəmiyev uzun, qara barmağını sətrin üstünə tuşladı.

- Klarnet sözü necə yazılır?

- K-l-a-r-n-e-t.

- Görürsən ki, savadsızsan.

- Bəs necə yazılır, yoldaş Zəmiyev?

- Qlarnet! - Müdir qırmızı karandaşla kağıza “Qlarnet” yazıb yanında da nida işarəsi qoydu.

Əhliman çaşbaş qaldı. İstədi müdirə etiraz eləsin, ancaq “işin” böyüyəcəyindən, “Qlarnetin” “zurnaya” çevriləcəyindən qorxdu.

Zəmiyev birdən gözlərini tavana zilləyib fikrə getdi. Əhlimanın rəngi-ruhu qaçdı. Taqəti tükəndi. Yanındakı stula özünü güclə yıxdı. Müdir haçandan-haçana gözlərini tavandan çəkib fikirli-fikirli Əhlimana baxdı.

- Səncə kamança necə yazılır?

- K-a-m-a-n-ç-a.

- Bəlkə, “kəmənçə”?

- Vallah, “kamança!”.

- Bəs eşitməmisən camaat hərdən “kəmənçə” deyir?

- Onu camaat deyir, yoldaş Zəmiyev. Əslində “kamança” yazılır.

- Dürüst bilirsən?

- Vallah, “kamança”dır.

Müdir tərəddüdlə başını silkələyib o biri səmtə keçdi.

- Bəs bu nədir? Dəf nədir?

- Dəf də. - Əhliman dəf çalırmış kimi əllərini qoşalaşdırıb barmaqlarını tərpətdi. - Dəf də, yoldaş Zəmiyev, dəf.

- Ay bala, dədə-baba dilimizi qoyub niyə özgə söz axtarırsan?

- Bəs necə olar, yoldaş Zəmiyev?

- Qaval! - Müdir qırmızı karandaşla “qaval” yazıb, onun da axırına nida işarəsi qoydu.

Zəmiyev vərəqlərin dördünü də oxuyub başa çıxdı. Əlini əlinə sürtüb məmnun-məmnun gülümsədi. Əhlimanın gözlərinə işıq gəldi.

- Hə, indi anladım ki, çay içə-içə yazmamısan. Gərgin işləmisən.

Əhliman sevindiyindən az qaldı ağlasın.

Müdir seyrək qaşlarını çatanda Əhlimanın ürəyi təzədən əsməcəyə düşdü. Zəmiyev köks ötürdü.

- Bir məsələni unutmusan. Bəs konserti günün hansı vədəsində verəcəyik?

- Nahar vaxtı?

- Deyirsən, camaat nahar eləməsin?

- Axşam saat altıda.

- Kolxozda iş saatı altıda qurtarır?

- Saat səkkizdə başlayaq.

- Deyirsən, camaat ağır zəhmətdən sonra heç dincəlməsin? Elə tarladan birbaş konsertə gəlsin?

- Saat onda başlayaq.

- O vədə başlanan konsert saat neçədə qurtarar? Bəs camaat haçan yatsın, haçan dursun? Ala-qaranlıqdan işə gedirlər... Yox, lap vacib məsələni unutmusan. Get, konsert üçün münasib vaxt seç...

Əhliman bir neçə gün sərasər fikirləşdi. Saatları dəqiqələrə böldü, dəqiqələri saniyələrə. Təklifləri ilə Zəmiyev razılaşmadı. O, işə qorxa-qorxa gəlirdi. Alətlərini qoltuqlarına vurub idarənin qabağında toplaşan musiqiçilərin gözünə görünə bilmirdi. Müdir yaddan çıxmışdı; hamı acığını Əhlimanın üstünə tökürdü.

Bir səhər Əhliman özünü təntimiş halda müdirin yanına saldı.

- Tapmışam!! Tapmışam!! Bilirsiniz neyləyək? Biz dəstəmizi götürüb gedək kolxoza. Axşam saat altıdan ta gecə on ikiyə kimi sərasər çalaq, oynayaq. Vaxtı olan, kefi istəyən kolxozçu yoldaşlar gəlib bizə tamaşa eləyərlər. Yorulanlar qoy gedib yatsınlar. Necədir?

- Buna deyirlər fasiləsiz seans! Əhsən, Əhliman! Bax, bu oldu təşəbbüs!

- Gedim çalğıçıları toplayım, yoldaş Zəmiyev.

- Tələsmə. İşin bir cəhəti qalıb.

- Nə-ə? - Əhlimanın səsi titrəyib qırıldı.

- Layihə tərtib eləməlisən.

Əhliman qulaqlarına inanmadı.

- Necə? Axı mən mühəndis deyiləm.

- Ay-hay, layihəni elə tək mühəndis tərtib eləyir? Sənin təkliflərin, tədbirlərin layihədə əksini tapmalıdır. Bəs necə? Sən layihəni təqdim edəcəksən mənə. Mən də verəcəm özümdən böyüyə. O baxacaq, bəyənəcək, ötürəcək o birisi böyüyə. O birisi böyük də müzakirədən keçirib verəcək lap böyüyə. Lap böyük də qol çəkib təsdiqləyəcək. Bax, ondan sonra başlayacağıq fəaliyyətə.

Əhlimanın matı-qutu qurudu. O, günlərlə evdən çölə çıxmadı. Çox baş sındırdı, amma layihənin nə demək olduğunu anlaya bilmədi. Zəmiyev, Əhlimanın dalınca elə hey adam göndərirdi:

- Layihəni təcili yetir. Pambıq yığımı qurtarır, gərək tezliklə tarlalara çıxaq.

Əhliman gecələr yata bilmirdi.

- Mən nə qələt elədim əcdadımla, özümü əngələ saldım! Təşəbbüs göstərmək mənə qalmışdı? Müdir danışanda niyə mən də başqaları kimi susmadım? İndi mən başıdaşlı neyləyim? Təşəbbüs!.. Təşəbbüs!.. Layihə! Klarnet!.. Kamança!..

...Əhliman xəstəxanaya düşdü.

Zəmiyev ora da adam göndərdi:

- Layihə nə oldu?

...Əhliman xəstəxanadan çıxanda pambıq yığımı qurtarmışdı. “Çox maraqlı tədbirləri pozduğuna görə”, işinə yazılmaq şərtilə, ona şiddətli töhmət verdilər.

Müdir çıxış edirdi.

- Yoldaşlar! Qış mövsümü yaxınlaşır. Çalışmalıyıq ki...

Hamı başını aşağı salıb susurdu. Rayon mədəniyyət evinə təzə gəlmiş işçi - arıq, cavan oğlan Əhlimanla yanaşı oturmuşdu. Diqqətlə Zəmiyevə qulaq asırdı.

- Təşəbbüs göstərin, yoldaşlar, təşəbbüs!

Təzə işçi əlini qaldırıb ayağa durdu.

- Mən təklif edirəm...

Əhlimanın ona elə yazığı gəldi ki...

1969

# 3430 dəfə oxunub

Müəllifin son yazıları

# # #