Şahid ağıl, günahkar bədən, möhtac ruh

Şahid ağıl, günahkar bədən, möhtac ruh
24 dekabr 2020
# 13:58

Kulis.az Fərid Hüseynin "Möhtacın imtinası" essesini təqdim edir.

(Məhəmməd Füzulinin “Səhhət və Mərəz” əsəri haqqında)

Müharibə və sağlamlıq

İnsanın bədəni də onun vətənidir. Bədənin sahibisə Ruhdur. Ruhsuz bədən kimsəsizdir, quru yurddur, xarabadır.

Məhəmməd Füzulinin "Səhhət və Mərəz" əsərinin əsas ideyalarından biri də budur ki, insan bədəninin üzvləri məmləkətlərdir. İnsan öz bədənini unudanda, sağlamlığının qədrini bilməyəndə o məmləkətləri xəstəliklər (düşmənlər) işğal edir. Sağalmaq üçün əlləşib-vuruşmaq sanki itirilən ərazilərin bərpasına bənzəyir. İnsan bədəni həm də bir savaş meydanıdır. Dünyanın heç yerində dinclik yoxdur, eləcə də insanın daxilinə ­­­­­­ orqanlarında. Ona görə də dünyada sülh aramaq, rahatlıq gəzmək boşuna zəhmətdir. Biz Ruhu Bədənin ehtiyacları ilə doyurmağa çalışırıq, bədəni isə Ruhun qayda-qanunları ilə idarə etmək istəyirik. Nəticədə savaş başlayır. Ölüm isə bu savaşı bitirmək üçündür. Ruh qocadır, bədən isə cavan. Bədənin yaranma tarixi bizim doğulduğumuz gündən başlayır, Ruhun yaşı isə bizdən çox-çox böyükdür. Ona görə Ruhun istəkləri ilə Bədənin arzuları tam mənada üst-üstə düşmür. Necə ki ixtiyarlarla gənclərin fikirləri eyni olmur.

Ruh günaha Qəlb vasitəsi ilə batır, çünki Bədənin törətdiyi günahın həzzi qəlbdən keçərək Ruha da hopur. Ağıl isə şahiddir. Ağıl görür, istəyir, amma əldə olunan həzdən ağıla ciddi mənada pay düşmür. Necə ki daim savaş meydanında can qoyub, əliboş qalanlar da olur...

Əlacsızın imkanı

“Səhhət və Mərəz” əsərində Eşq obrazı Ruhu "ehtiyacsız möhtac" adlandırır. Əgər heç nəyə ehtiyacın yoxdursa, onda necə möhtac ola bilərsən? Ruhun, doğrudan da, əyani mənada heç nəyə ehtiyacı yoxdur, umacaqlı olan Bədəndir. Ruh zövq almağa möhtacdır. Zövq almaqsa mücərrəd prosesdir. Ruh hər şeyə birbaşa nüfuz edir, vasitəçi axtarmır. Ruhun təsəvvürü Xəyal vasitəsi ilə mümkün olur. Ancaq Ruh Xəyaldan zövq ala bilmir, çünki Ruh mücərrəd varlıqdır, Xəyal isə ikiqat mücərrəd. Ruh Xəyal edəndə özünə inanmır. Ruh Xəyal etməklə alternativ bir dünya yaratmış olur. Həmin dünya isə nə Ruhun yarandığı, nə də onun tərk edəcəyi dünyaya aiddir. Bədən öz gələcəyini Xəyal vasitəsi ilə təsəvvür edir, Ruh üçünsə gələcək başqa bir dünyaya köçməklə bağlıdır. Ona görə Ruh Xəyala inanmır. Bu səbəbdən də insan Xəyalları ilə təskinlik tapa bilmir. Çünki Ruhun fitrətində xəyal deyil, Həqiqət axtarmaq var.

Müəllif resepti

Ruh qəribdir. Onun üçün də daim özünə vətən axtarır. Və Bədəni özünə müvəqqəti vətən seçir. Vətən məskəndir. Ruh Bədəndə əvvəlcə Mizacı (təbiət, xasiyyət) özünə həmdəm seçir. Onların yaxınlığından Səhhət doğulur. Burdan aydın olur ki, insan Ruhu yaradılışda pak, yəni sağlam olur. Onun üçün Ruhun övladı Səhhət – sağlamlıqdır. Yəni Tanrının bəxş etdiyi Ruhdan Səhhət – sağlamlıq ­– paklıq yaranır. Təəssüf ki, insan onu zamanla korlayır və Ruh öz sağlam övladını incidir. Nəticədə Səhhət korlanır, yəni Mərəzə uduzur. Füzuliyə görə, insan sağlamlığını qorumaq üçün Ruhunu və onun övladı olan Səhhəti qorumalıdır.

Ağıl qalası

Ruh Dimağ (beyin, ağıl) qalasına gəlir. Ağıl burada ona görə qala kimi təsvir olunur ki, o, daim bizi qoruyur. Necə ki qala ölkəni hücumlardan hifz eləyir. Ağıl qalasının 10 mühafizəçisi var: eşitmə, görmə, hiss etmə, hissi-müştərək, iybilmə, dadbilmə, toxunma, xəyal, hafizə, vahimə[1]. Füzuli onları “muzdur” adlandırır. Çünki o hisslər təmənnalı arzuları yerinə yetirir, sanki nəyinsə müqabilində çalışırlar. Qalanın bütün mühafizəçilərinin öz mənfəəti var. Həmin muzdurlar ayıq-sayıqlığını itirdikcə, zəiflədikcə qalaya təsir imkanları artır, vətən təhlükə altına düşür. Müəllif göstərir ki, ağılla bağlı hər şeyin – ağılı qoruyan, ona məlumat ötürən hər duyğunun öz məqsədi var. Eyni zamanda, ağıl bədənin mühafizəçisidir.

Ruhun səfəri

Füzuli bədəni də vətən adlandırmaqla həm də“hər kəs öz canının padşahıdır” fikrini təlqin edir. Yəni bədənin idarə edilməsini bilmədikcə, ölkən əldən gedir və sən öz bədənin üzərindəki hakimiyyəti itirirsən. Beləcə, istəyəndə yeriyə, yaxud danışa da bilmirsən.

Ruh şəhərləri gəzir. Öncə Ciyər şəhərinə gedir, sonra Ürək şəhərinə yollanır. Ürəyin əsas sakinləri Ümid, Qorxu, Məhəbbət, Ədavət, Fərəh, Qəmdir. Ruh ürəyə daha yaxındır deyə bu şəhəri daha böyük məhəbbətlə sevir və təmir edir. Səhhət Ədavəti, Qəmi və Qorxunu Ürəkdən qovur. Onlar qəlbi – bir zaman vətən olan yeri yaxşı tanıyırlar, ancaq daha oranın əbədi sakini deyillər. Füzuli göstərir ki, Ruh kimi Ürək də naxələf olan heç kəsi sakininə çevirmir. Əks halda, Ruh oranı özünə Vətən seçməz.

Ədavətin qəbiləsində Yalan, Kin və Paxıllıq, Qorxunun tayfasında Heyrət, Dəhşət və Əlacsızlıq, Qəmin təbəələri arasında Möhnət, Həsrət və Ümidsizlik var. Füzuli Ədavəti, Qorxunu və Qəmi tayfa kimi qələmə verir. Çünki onların hər üçü birləşməyə – Vətən olmağa xidmət etmirlər deyə böyüyüb, müstəqil ölkənin bir parçasına çevrilə bilmirlər. Onların işi Ürək yurdunda pərişanlıq yaratmaqdır. Füzuli nədənsə Nəfsin adını çəkmir, ancaq bütün naqis hisslərin, duyğuların içində Nəfsin varlığı hiss olunur.

Kömək vaxtı

Əxlat (xılt) və Ürək evindən aralı düşən Qəm, Ədavət və Qorxu Ruhu təklədiyi vaxtda Ürəyin əbədi sakinləri olan Fərəh, Məhəbbət və Ümid ona öz köməklərini təklif edirlər. Fərəh Hüsn, Məhəbbət Eşq, Ümid isə Əql adlı yoldaşlarının köməyinə bel bağlayırlar. Fərəh fiziki mahiyyət kəsb etdiyindən xarici gözəlliyi – Hüsnü özünə yaxın bilir. Məhəbbət özünə bab olan, oxşar mahiyyət daşıdığı Eşqə güvənir. Ümid isə Ağlın onu dardan çıxaracağını düşündüyünə görə onun köməyinə ümid bəsləyir. Bütün bu təkliflər göstərir ki, Ruh təkdir, qəribdir. Tanrı Ruhu bədənə aid hər şeylə yaxınlaşdırır ki, insan həyatı bütöv olsun. Ruh və Bədən aləmi arasında gözəgörünməz rabitə yaransın.

Məntiq arşını

Hüsn Ruha kömək etmir, deyir ki, Eşq və Əql ondan yana deyilsə, mən beləsinə qahmar çıxa bilmərəm. Eşq deyir ki, Hüsnün yar olmadığına mən yar olmaram. Nəhayət, Əql Ruha kömək edir. O, Ürək mülkünə hücum edib, oradan Qəmi qovur, Ədavəti çıxarır. Hüsn Ruha ona görə kömək etmir ki, Ruh görünməzdir, Hüsn üçün isə xarici görünüş əsasdır. Eşq Ruha ona görə kömək etmir ki, Eşq Hüsnün vurulduğuna meyl edir. Ağıl isə Ruha kömək edir, çünki Ağıl üçün hər şey yalnız gördüklərindən, qarşısında dayanandan ibarət deyil. Ağıl hər şeyi öz fonu ilə birgə görməyə və təhlil etməyə çalışır.

“Əql yar olsaydı...”

Mərəz Bədən mülkündə özünə yer etmək üçün Qida ilə əlbir olur. Füzuli bununla XXI əsr tibbinin gəldiyi nəticəni üstüörtülü şəkildə ifadə edir, yəni insanı öldürən qidadır. XXI əsr tibbi deyir ki, insana ölümsüz həyat bəxş etmək üçün onu qidadan xilas etmək lazımdır, qidanı hansısa həblər əvəz etməlidir.

Səhhət Bədən səltənətini qorumaq üçün Pəhrizi ora keşikçi təyin edir. Pəhriz Sevdanı zəiflətmək üçün eşitmə, dadbilmə, görmə duyğularını qüvvədən salır. Sonra Səhhətə müxalif qüvvələr Qana təsir etmək istəyirlər ki, Bədəni zəiflətsinlər. Səhhət Ağlın məsləhəti ilə bu müşküldən də çıxır. Bu minvalla Ağıl dörd dəfə Səhhəti xilas edir, amma Mərəzin oğlu Zəf (Zəiflik), Əxlatla ittifaqa girib, Səhhətə qarşı çıxırlar. Bu dəfə Əql onların fitnələri önündə aciz qalır. Sonra Səhhətin anası Mizac, Əxlatdan xahiş edir ki, mənim oğlumu əfv et. Mərəz bu halda vəziyyətdən xəbərdar olub, Tər və Damar yolları ilə Bədəndən qaçır.

Füzuli çox aydın şəkildə göstərir ki, Sağlamlığı qorumaq üçün Ağıl yaxşı məsləhətçidir. Yəni xəstəliklərdən həm də tibbi-elmi yollarla xilas olmaq olar. Eyni zamanda, müəllif diqqətə çatdırır ki, insan öz bədəni içərisində belə fitnələrlə əhatə olunub. Canımız həm dostumuzdur, həm qənimimiz. İnsanı özünün əlindən almaq mümkün deyil. Biz nə qədər ruhi varlıq olsaq da, mənəvi qidalarla yaşamağı üstün saysaq da, yenə də fiziki mahiyyətimizdən uzaqlaşa bilmirik. Və Bədən döyüş meydanıdır – bəzən Səhhət, bəzənsə Xəstəlik o meydanda qalib gəlir.

Günah sahibi

Ruhun yanında Əqlin olması Ruhu həm qoruyur, həm də səhv qərarlardan daşındırır. Hüsn Fərəhlə birgə Bədənə girirlər. Hüsn əfsun oxuyaraq Ruha görünmədən ona təsir edir. Hüsnün qoşunu olan İşvə, Naz, Şivə, Girişmə və Qəmzə də Ruha qarşı birləşirlər. Ruh beləcə ələ alınır. Füzuli Ruhu Nəfsdən ayırır. Eyni zamanda, göstərir ki, Ruha fiziki mahiyyət verən Nəfsdir. Əks halda, Ruh heç zaman Hüsnün gözəlliyinə aldanmazdı. İnsanın fiziki mahiyyəti ağır gələndə, o, öz günahlarını Əqlin vasitəsi ilə yadda saxlayır. Və günah onun hafizəsində daha uzun müddət qalır. Ancaq insanın günahı mənəvi aləmə – Ruhunun yaddaşına köçürəndə günahını da Ruhu ilə birgə başqa dünyaya aparacağını bilir. Günah hafizəyə köçəndə isə insan ancaq öz günahını xatırlayaraq əməllərinin sahibinə çevrilir.

Güzgü effekti

Ruh Eşqdən soruşur ki, Hüsnü harada görə bilərəm. Eşq Ruhun əlinə Səfa (saflıq, xalislik) güzgüsü verir. Ruh orada özünü görür və cismani varlıq kimi ona vurulur. Eşq deyir ki, Xəyala tapşır, gördüyün sürəti çəkib daim sənə xatırlatsın. Beləcə, Səfa güzgüsünü İdrak xəzinədarına verib, üstünə möhür basdırır. Eşq bir müddət həmin güzgüdə gördüyü ilə kifayətlənir. Sonra Ruh Eşdən rica edir ki, məni Hüsnün vüsalına yetir.

Füzuli bu detalla aydınlaşdırır ki, Ruh ehtiyacsız varlıqdır. O nəsə istədikcə heç nə əldə etmir, əksinə, olanlarını itirir və səfilləşir. Eyni zamanda, güzgü həmişə göstərmək üçün yox, bəzən gizlətmək üçündür. Ruhun mahiyyətində görünməzlik var, o görünəndə itir, yox olanda isə “aşkara çıxır”. Ona görə də Ruhun ehtiyacını cismani istəklərlə ödədikcə, onu daha çox itirir, Bədənimizi Ruha ayna etdikcə isə korlaşırıq, bəsirətimiz qeyb olur. Və ya cismani istəklərimizin pası Səfa, saflıq güzgüsünün üzərini örtdüyü üçün görməmiz, bəsirətimiz zəifləyir. Bu pası silməliyik ki, o güzgüdə özümüzü aydın görə bilək.

Yol yoldaşı

Ruh ilə Eşq Məşuqluq səhrasından keçib Aşiqlik ölkəsinə çatırlar. Onlar Baldır, Qarın, Bel, Sinə, Göbək, Buxaq, Qol yurdlarını keçirlər. Zülf, Xal, Xətt, Çənənin yaratdığı min bir çətinliyi də aşırlar. Dodaq, Diş, Çənə müşküllərindən də keçirlər. Şəhla Göz mənzilinə yetişirlər ki, buranın Padşahı Qatil Gözdür. Hüsnün qərargahı isə qaş tağındadır. Alından keçib məqsədə doğru gedirlər. Eşq Ruhu Qamət şamının nuruna yetirir.

Bütün bunlardan aydın olan odur ki, Eşq, Ruhun yoldaşıdır. Baxmayaraq ki, Eşq Ruhu yoldan çıxarır, ancaq Eşq özünü dərk edincəyə qədər Ruhu tək buraxmır. Eyni zamanda, Eşq də Ruhla birgə həmin çətinliklərdən keçir. Eşq Ruhun cismani meyllərini gücləndirir, amma insanı bəlalara salan Şeytan kimi Eşq öz qurbanını oda atıb, ona kənardan baxmır, ona son mərhələyəcən yoldaşlıq edir. Eşq Ruhun kimliyini ortaya çıxarır. Bununla da onu biryolluq itirir. Bizi aldadanda Eşq bizim məsləhətçimiz olur. Eşq daha çox aldananın yoldaşıdır. Ruh həqiqətə çatanda tənhalaşır.

Dəyən ziyan

Eşq Ruha başa salır ki, ey qafil, oyan sənin keçib gəldiyin yol Hüsnün cilvəgahı idi. Amma sən içindən keçib gəldiyin heç bir yeri görmədin. Çünki korsan, gözünə dostluq sürməsi sürt. Həmin sürmədən isə Məşuqluq mülkündə yoxdur, ancaq Aşiqlik mülkündə var. Ancaq Məşuqluqdan keçmədən Aşiqliyə çatmaq olmaz. Onlar Məşuqluq yurdunu keçib Məlamət bostanına çatır, orda Şövq, Həvəs və Ayrılıq çiçəklərini görür, sonra Bəla, Möhnət və Şiddət şəhərinə üz tuturlar. Daha sonra Acizlik səhrasına gəlib, Heyrətlə yoldaş olurlar. Ümidsizliklə, eləcə də Nalə və Zarla dərdlərini bölüşüb gəlirlər. Ağlamaqla da yaxın olurlar. Qərar və Taqəti geridə qoyub, Xarlıq vadisində gəzirlər. Sonra Bədən ölkəsinə çatırlar. Görürlər ki, Könül şəhəri viranədir, Qan göz yaşına qarışıb axır, Ciyər və Dimağı yandırıblar, Zəiflik Səhhətə ziyan vurub. Ruh Eşqə üsyan edir ki, məni aldadıb Hüsn, Məşuqluq, sonra da Aşiqlikdə gəzdirdin, rahat həyatımı pozdun, indi gör bədən Məmləkəti nə günə qalıb. Eşq əmr edir ki, Səfa aynasını gətirirlər. Aynaya baxan Ruh özünün zəifləmiş, əldən düşmüş halını tanımır. Eşq deyir ki, hər şeyin baiskarı sənsən.

Burdan belə bir nəticə hasil olur ki, mənəvi zərbələr fiziki zəifliyə gətirib çıxarır. Sağlam Bədəndə sağlam Ruh olduğu kimi, sağlam Ruh nəticəsində də sağlam Bədən formalaşır. İnsan yalnız fiziki sağlamlığını qorumaqla sağlam qala bilməz. Başqa şərtləri də gözləmək lazımdır.

Peşmanlıq səadəti

Eşq Ruha deyir ki, Səfa aynasında əvvəl gördüyün də sən idin, indiki də. Əvvəlcə özünə baxanda qafil idin, indi isə özünə doğru qaçıb, özünə çatdın. Həm Aşiqliyi zühura çıxaran, həm də Məşuqluğa zinət sənsən. Ruh gözündəki sürməni siləndən sonra, vücud aynası olmadan özünə baxanda Surət və Mənadan ehtiyacsız olan özünü görür. O, vəhdət tənhalığında oturub, çoxluğun üzünə qapıları bağlayır. Beləcə, Eşq, Hüsn, Əqlə olan ehtiyacdan qurtulur. Və əsər belə yekunlaşır: “Ruh bu məqama yetişəndə İlahiyyat və Əzəmət aləmlərini gördü. Əsl mənzilinə çatdı və yolunu kəsənlərin qeydindən qurtardı. İşin sonunda özünü özünə çatdırdı, Məşuqluq və Aşiqlik o xəlvətdən xaricdə qaldı”.

Ruh Bədənə girəndən sonra onun müəyyən məqsədləri yaranmağa başlayır. Ruhun can atdığı hər şey onun özünə doğru gedən yolunu kəsir. Həyat Ruhun səyahətidir. Ruh səyahət etdikcə Səhhət və Mərəz arasındakı savaş qızışır. Bədənin zəifliyi Mərəz şəklində üzə çıxır. Bədən zəiflədikcə gücünü itirir, Ruh zəiflədikcə istəkləri güclənir. Ruhun istədiyi hər şey onun yolunu kəsir, bədənin istədiyi şeylərsə onun yolunu açır. İnsan Ruh və Bədənin ziddiyyətləri arasındadır. Bəlkə, bu səbəbdən də ömür insanın özünü anlaması üçün verilən vaxtdır. Ruhun özünə çatması üçün ayrılan möhlətdir. İnsanın Ruhu özünə çatmayanda nakam olur. Bədəni doyurduqca Ruh acır və o çox qapıları döyür. Ruh hər qapıdan keçdikcə özündən bir qədər də uzaqlaşır. Bədən daim sükunətdədir, baxmayaraq ki, insan yeriyir, qaçır, üzür, hərəkət edir. Bədən bütün dünyanı gəzərək, əslində, özündən uzaqlaşa bilmir, Ruh isə bədənin içində sonsuz səyahətdədir, dünyanı dolaşır. Ruh özünü bədənin ehtiyacları ilə doyurmaq istəyəndə hərəkətsiz qalır. Bədən isə Ruhla birgə ola bilmədiyi üçün hərəkətsizdir. Tanrıya və Ruha çatmaq üçünsə hərəkət lazımdır. Ölüm Ruhu eyni yerdə dönüb-dolaşmaqdan azad edir. Ölüm Ruhu sanki rahat, düz yola çıxarır, relsə salır. Ruh çevrə boyunca hərəkət edib özünə çatır, ona görə çevrə xətti boyu müxtəlif bəlalarla üzləşir. Əslindəsə, Ruh üçün ən kəsə yol geriyə – özünə qayıdışdır...

P.S. Mətndə seçdirilmiş şriftlə verilən hissələr “Səhhət və Mərəz” əsərin süjetinə aiddi

# 6678 dəfə oxunub

Müəllifin son yazıları

# # #