Musa Dədə əbədiyyət yaşında

Musa Dədə əbədiyyət yaşında
10 may 2021
# 15:51


Kulis.az Fərid Hüseynin “Musa Dədə əbədiyyət yaşında...” adlı yazısını təqdim edir.

Son illərdə Musa Yaqubun nitqində aram yaranmışdı, danışırdı və qəfil sözlər qırılırdı, ara kəsilirdi. O sanki qəfil ürəyinə keçid alırdı. Həmsöhbətləri onu tək-tək sözlərlə anlamağa çalışırdılar. Yadımdadır ötən yay İsmayıllıya gedəndə Musa Dədəyə də baş çəkdik. Əvvəlcə yenə tək-tək sözlərlə danışırdı. Qızı Yaqut xanım onun demədiyi sözləri “tərcümə edir”, sözün əsl mənasında, şairin ürəyini oxuyurdu. Musa Yaqub ağır-ağır cümlələrdən tək-tək sözlərə sığınmışdı...

Son illər məlum səbəblərdən kitablarını imzalaya bilmirdi. Ona görə də kitablarını imzalatdırmaq istəyənlər olanda sadəcə qol çəkməklə yetinirdi. Sanki sözlərdən də imtina etmiş və imzasına sığınmışdı...

Son illər kef havasına ətrafına toplaşanlar da seyrəlmişdi. Daha onu sevənlər İsmayıllıya görüşə yox, ziyarətə gedirdilər. Ziyarətə gedənlər görüşlərə can atanlardan həmişə az olur. Musa Yaqub daha könül məclisinə sığınmışdı...

Bütün bu azalmalar onun böyüklüyünün əl-ayağını yığmırdı, əksinə onun nəhaəngliyinə daha geniş üfüqlər açırdı.

M.Yaqubun vəfatıyla bağlı bəzən bilmədən “ölüb” sözünü də işlədirlər. “Ölüb” sözünü deməyə ətrafımızda minlərlə adam var, amma Musa Yaqub ölməyib, sadəcə vaxtdan azad olub. “Şükür Allaha...” şeirində dediyi kimi:

Divar saatının kəfkiri kimi
Sən demə, beləcə gedib gəlmişəm,
Durublar, vurublar, qurub gediblər,
Nə saat bilmişəm, nə vaxt bilmişəm.

Musa Yaqub Fəxri Xiyabanda deyil, doğma kəndinin qəbiristanlığında dəfn olunmaq istədi. Amma Fəxri Xiyabanda dəfn edilməsi ilə bağlı dövlətimiz tərəfindən şairin ailəsinə nəcib təklif olunubmuş. Musa Dədənin bu istəyi – həyat yoldaşının məzarı yanında dəfn edilmək istəyi mənə onun bu şeirini xatırlatdı:

Bu gün qalacağam özüm olmağa,
Torpağın çiçəkli üzü olmağa.
Qalıram bir çeşmə gözü olmağa,
Sən Allah, bu dəfə məni aparma….

…Mən getsəm siz mənə nə göstərərsiz,
Bu dağdan mərdanə, bu çaydan təmiz,
Dünyamız qarışıq, adamlar qəliz,
Sən Allah, bu dəfə məni aparma,

…Burda özümə yer taparam, sən get,
Ağıram, zindanam, qopmaram, sən get,
Kök atmış qayadır bir param, sən get.
Sən Allah, bu dəfə məni aparma.

Bəziləri düşünür ki, o, çox yaşadı. Amma əbədiyyəti duyan adam üçün ömür sadəcə möhlətdi:

Mehri çox şirindir, qəzəbi acı.
Necə qalım razı, dünyadan razı –
Bu boyda qəlb verib, bu boyda arzu,
Amma ömür verib bir iynə ucu,
Bir iynə ucuyla neyləmək olar?
Dəryada damcıyla neyləmək olar?

Musa damcısı Allah dərgahına qovuşdu, ney qamışlığına qayıtdı. “Musa” adlı əks-səda çıxdığı boğaza döndü. Musa Yaqub ömrü tamamlanan yox, təkrarlanan çevrədir… Doğum günün qutlu olsun, Musa Dədə…

# 3546 dəfə oxunub

Müəllifin son yazıları

# # #