Dünyanın ən gözəl qadınının ölümü – Əsəd Qaraqaplan yazır...

Əsəd Qaraqaplan, yazar

Əsəd Qaraqaplan, yazar

11 dekabr 2021
# 13:00

Kulis.az Əsəd Qaraqaplanın “Adilə xanım” yazısını təqdim edir.

Əsgərliyi təzə bitirib gəlmişdim. 2009-un yayıydı. İşə düzəlmək üçün Bakıya gəlmiş və bir tanışın göstərişiylə Gənclikdə ümumi həyətdə tanımadığım bir neçə nəfərlə kirayədə qalmağa başlamışdım.

Ev yiyəsi də ailəsiylə birgə bizimlə eyni həyətdə olurdu. Kişinin ayrılmış, hardasa 40-45 yaşlarında bir qızı vardı, Adilə adında. Yaşına uyğun olmayan gözəllikdə və incəlikdə bir xanım idi. Hiss olunurdu ki, çox oxuyub, çox təfəkkürlü bir xanımdı. Mən də yazı-pozuyla ilgiliydim deyə mənə ayrıca sayğı göstərirdi. Hətta bir dəfə şeirlərimi də alıb oxumuş, ordakı çılğınlıq və üsyana görə - o elə deyirdi - məni rus şairi, sonralar intihar etmiş Mayakovskiyə bənzədirdi.

Mən sonra bildim ki, o xəstə imiş. Yəni bildiyim o zəhrimardan. Sayılı ayları qalıbmış, bəlkə də, günləri, kim bilir. Saçı da həmişə qısa olurdu. Mən onda o xəstəlik haqqında, demək olar, heç nə bilmirdim, elə bilirdim bu saç onun modasıdır. Ama yaraşırdı da, heç bir qadına xəstəlik bu qədər yaraşmırdı. Həm də elə dik, elə qürurlu və diribaş idi ki, adam onun heç öləcəyinə inanmırdı.

Elə hey ora-bura hərəkət edir, bütün günü dayanmır, işləyir, bütün işləri özü görürdü. Ondan balaca bir bacısı vardı və bu qız çox ərköyün idi. Onun da işlərini bu görürdü. Qoca anası da işlək halda olsa da, Adilə varkən əlini ağdan qaraya vurmurdu. Adamda o qədər həyat eşqi var idi ki, indi öz sağlam canımdakı halıma baxanda utanıram.

Başqa cürdü Adilə. Başqa cür xanım idi. Elə bil gedib dərziyə xanımlığı üzərinə biçdirmişdi. Geyimi də sadə və gözəl olardı, eynilə rus qadınları kimi. Dili də şirin, özü də çox mehriban və səmimi. İnsanlara dilindən "caan" kəməsini heç vaxt əksik etməzdi. Elə bil canı çıxmaqda olan o yox, ətarfdakı insanlardı...

Bir dəfə heç unutmaram, çinlilərdən bir gecə fənəri almışdım ki, otaq yoldaşlarıma mane olmadan oxuyub-yaza bilim. Ucuzdu bir şey idi, gömgöy şüalı işığı vardı, adamın gözünü deşirdi. Amma məcbur idim, neynəyəsən. Bir gecə yenə hər kəs yatandan sonra fənərimi yandırıb oxuyub-yazmaqdaydım ki, birdən qapı döyüldü. Açdım gördüm Adilə xanımdı. Əlində də sovetin o keyfiyyətli və təmiz işıqlı gecə lampası. İşığı uzadıb mənə, astadan dedi ki, gözlərini o işıqla kor eləmə, al bununla oxu-yaz.

Elə bil o anda içimə də işıq dolmuşdu. Dünyada hələ də işıqlı adamların olduğunu görmək həmişə insana güc verir. Gözlərimdəki məmnuniyyətlə astaca təşəkkür edib işığı aldım və o gecədən ta o evdən çıxana qədər onunla oxuyub-yazdım...

Heyif, o evdə çox qala bilmədim. İki iç-içə otaqda mənimlə birgə 5 nəfər qalırdı. Bu da mənə əl vermir, rahat ola bilmirdim. Hətta bir neçə dəfə yan otaqdakı ləzgi qardaşlarla söz-söhbətim düşmüş, bir dəfə də dalaşmışdıq. Mənəsə hüzur lazım idi, belə bir ortam deyil. Və bütün bunlardan sonra heç 4-cü ay tamam olmadan, yəni dekabrın 1-i o evdən ayrıldım və özümə söz verdim ki, bir də heç bir adamla bir otaqda qalmayacam...

Beləcə, Adilədən də uzaq düşdüm, daha bilmədim o nə edir, necədi, daha nələr oxuyur. Haçan görürdüm, iş görə-görə əlində kitab da var, hətta ora-bura qaçanda da. Əsasən rus dilli kitablar olurdu. Mənə vermirdi ki o kitabları, bilirdi rus dilini bilmirəm. Zatən mənim də oxumağa kitabım çox idi və işim də kitablarla bağlı idi.

Ordan ayrılandan sonra otaq yoldaşım ordubadlı Hikmətlə hərdənbir zəngləşir, görüşür, çay içib söhbətləşirdik. Hər dəfə mənə Adilədən danışırdı, salam göndərirdi mənə, əlbəttə, mən də ona. Zarafata salıb çox da üsyan eləyib, çox da dəlilik etməsin deyirmiş. Gülərüzlüydü, xəstəliyi belə gülə-gülə yaşayır, ağrıları belə gülə-gülə daşıyır, ölümə belə gülə-gülə gedirdi. Axı o Adilə xanım idi, hər kəs kimi deyildi...

Son söhbətlərimizin birində Hikmət mənə Adilənin xəstə olduğunu dedi. Ona qədər özü də bilmirmiş. Deyir, tez-tez xəstəxanaya aparıb gətirirlər, ağırlaşırmış vəziyyəti. Nə edəcəyimi, nə deyəcəyimi bilmədim, hətta elə tutuldum ki, ona bir "Allah şəfa versin" belə göndərə bilmədim. Zatən deyiləcək söz qalmamışdı. Bitmək üzrəydi hər şey, bir gözəl insan daha getməkdə idi bu dünyadan, ama heç kim və heç nə ona kömək edə bilmirdi...

Bir gün Hikmət mənə zəng elədi ki, Adilə xanım öldü! "Birigün 3-ü və 7-si bir yerdə məclisdi. Gəlmək istəsən, gələrsən".

Gedə bilmədim, nəsə işim çıxdı, ya da sadəcə getmədim, bilmirəm. Artıq Adilə xanımsız olan o həyətə getmək istəmədim. Nə gərək də var idi ki?! Ölən ölmüş, gedən getmişdi. O gözəl Adilə xanım bir anın içində yox olmuş, qayıblara qarışmışdı. Dünya ən gözəl xanımını itirmişdi, daha nə olsun...

Ruhun şad olsun, Adilə xanım!

# 3208 dəfə oxunub

Müəllifin son yazıları

# # #