Bir qadın da sevmədik... – Günün şeiri

Əsəd Qaraqaplan, şair

Əsəd Qaraqaplan, şair

7 iyun 2022
# 16:20

Bu gün şair Əsəd Qaraqaplanın ad günüdür. Kulis.az bu münasibətlə onun “Sonuncu sevgi şeiri”ni təqdim edir.

Bir qadın da sevmədik, ayrılaq, şeir yazaq.
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq.
bir evimiz olmadı kirayələrdən uzaq
bir oğul böyütmədik, əsgərə yola salaq...

hər şey bizdən böyükdü, hər şey bizdən balaca
ortalıqda qalmağın cəzası tənhalıqdı.
bunu da bu şeirin küncünə yaz, balaca,
– biz olan sevgilərin başında ayrılıqdı...

getdik, gördük atamız çoxdan ölüb... anamız
evimizlə bərabər qocalıb, əldən düşüb.
bacılar gəlin köçüb, evlənib qardaşımız
həyət də ağaclardan, ağac da güldən düşüb...

hər şey saralıb-solub biz gedəndən şəhərə
biz kirayə qalandan yetim qalıb uşaqlıq...
bəlkə sevmədiyimiz bir qadından ötəri
ya çox böyük adamıq, ya da ki çox uşağıq...

bizi də böyütməyə gücü çatmaz şəhərin
nə şəhərlər var bizim uşaq xəyalımızda...
bu böyük gecələrin açılmayan səhəri
bizi kim anlayacaq, bizi - bu halımızda...

bir oğul böyütmədik, əsgərə yola salaq...
bir evimiz olmadı kirayələrdən uzaq...
bir qızla evlənmədik, çəkilək, xoşbəxt olaq...
bir qadın da sevmədik, ayrılaq, şeir yazaq...

# 2241 dəfə oxunub

Müəllifin son yazıları

# # #