Yenə o bağ olmayacaq

Yenə o bağ olmayacaq
17 noyabr 2014
# 16:00

Gəlin əvvəlcə olayın janr təyinatını verək: "Kulis.az" saytının "Sizcə, iyirminci əsrdə Azərbaycan poeziyasında 5 ən yaxşı şeir hansıdır?" sualı ətarfında qızışan müzakirəni (ümumən bu qəbildən olan bütün müzakirələri!) ədəbiyyat şousu elementi hesab edirəm.

Amma onu da başa düşürəm ki, biz şou dövründə yaşayırıq. On il öncə Anar müəllimin göstərişi ilə şeir almanaxı buraxmalıydım. Az-çox istedadı olanların mühüm bir qismi almanaxa şeir vermək istəmirdi ki, bəs, "biz irəlizəkalıyıq (?!), AYB isə gerizəkalı" (?!), orda dərc olunmağı özümüzün nadir və qadir istedadımıza layiq bilmirik. Onda mən balaca bir şou qurmaq qərarına gəldim. Bəyan elədim ki, almanaxda cəmi on nəfər dərc olunacaq - çağdaş şeirin qızl onluğunu tərtib edirəm! Bir həftənin içində o qədər şeir təqdim olundu ki, seçim qarşısında qaldım. "Avropanın qürubu"nu yazan O.Şpenqlerin terminləri ilə desək, biz mədəniyyət yox, sivilizasiya dönəminin adamlarıyıq. Və alman kulturoloquna görə, idmanla şounun kütləviləşməsi sivilizasiyanın bariz göstəricilərindəndir. Buyurun, bu sizin idmanınız, bu da şounuz. Yüz il əvvəl kəskin narazılıqla qarşılanmasına baxmayaraq, Şpenqlerin haqsız olmadığını zaman təsdiq edir.

Sufilər deyir ki, ilk baxışdan ən önəmsiz görünən olayın da nəsə gizli bir mənası var. Özü də olay zahirən nə qədər bayağıdırsa, onun gizli mənası da bir o qədər ciddi olur. Hətta dünyanın ən böyük hikməti guya eşşəyin anqırmasındadır (Çox üzr istəyirəm!) Ədəbiyyat, xüsusən şeir də Avropa kimi qürub edir, odu söndürmüşük, indi də külüylə oynayırıq - "Son yüz ildə yazılan şeirlərin ən yaxşıları hansılardır? sualının altında mən bu mənanı oxuyuram. "Kulis.az" sanki özü də bilmədən hansısa "zakulis" bir əlin göstərişiylə şeirin fatihəsini verir:

Fəthi-meyxanə üçün oxuyalım fatihələr,

Bəlkə də üzümüzə açıla bir bağlı qapu.

Niyə meyxanə? Yazını axıracan oxusanız biləcəksiniz. İndi isə mətləbə qayıdaq...

Hörmətli "Kulis.az" saytı!

Sən soruş görək, bəs bu gün yazılan şeirlərin hansıları ən yaxşıdır? Soruş görək, bu gün ümumən yaxşı şeir yazılırmı? Yox! Şeir təkcə bizdə yox, ümumən insan düşüncəsində öz ömrünü başa vurmaqdadır. Pozuya yazı yoxdur. Mən son dövrdə yazılan şeirlərdə onun canvermə əzablarını eşidirəm. Niyə? Çünki şeir Platonun dediyi kimi, ağla ziddir, irrasional təzahürdür, şair gərək Füzuli ola, Nəsimi ola, Cavid ola, Vurğun ola, Müşfiq ola! Bir sözlə, Məcnun ola, aşiq ola!

Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

Çağdaş insan isə çox rasional və məntiqi düşünür. O Platondan çox Arsitotelə bənzəyir. Cəmil Mericin dediyi kimi, şeir öz təsirini yalnız geridə qalmış xalqlarda saxlayır, rasional təfəkkürü gəlişən millətlərdə geriləyir. Onun yerini proza tutur. Bu, qaçılmazdır. Tərəzinin bir gözü qalxanda o biri enməlidir. Şeir bəşəriyyətin keçmiş dövrünə məxsus bir reliktdir. Yüz Hüseyn Arif olub min dəfə deyə ki, "nə qədər həyat var, şeir də vardır" – bunun mənası yoxdur.

Aldanma ki, Arif sözü, əlbəttə, yalandır.

Əlbəttə, vaxtaşırı şeirin yeni qabarmaları olacaq, amma hər dəfə bu, əvvəlki qabarmadan yuxarı qalxmayacaq, aşağı düşəcək. Şeirin ürək döyüntüləri getdikcə düşür. Çağdaş yazarlar onu süni nəfəslə saxlamağa çalışan həkim və tibb bacılarına bənzəyir.

Bunu hələ min il əvvəl Nizami demişdi:

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da.

Bunu isə 500 il əvvəl Füzuli demişdi:

Bir dövrdəyəm ki, nəzm olub xar,

Əşar bulub kəsadi-əsar.

Ümumən son on beş ildə yazılanları oxuduqca (əksərən darıxdırıcılıqdan əzab çəkə-çəkə!) mənə elə gəlir ki, biz ədəbiyyat yaratmırıq, sadəcə ədəbiyyat oyunu oynayırıq. Özü də hamı bunu bilir, amma susur, özünü elə göstərir ki, guya bilmir, çünki oyunun qaydası belədir. Heyzinqanın dediyi kimi, yalnız uşaqlar oyun oynadıqlarını bilmirlər.

Oyun demişkən, "yenə və həmişə oyun" deyən Kamal Abdulla çoxsaylı şeirlərinə baxmayaraq, özünün təkcə ən qalmaqallı ("Yarımçıq əlyazma") yox, həm də ən uğurlu işini ("Unutmağa kimsə yox") nəsrdə gördü. Və son romanıyla həm də ümumən müstəqillik dövrü nəsrinin ən fundamental əsərinə imza atdı. Azərbaycan ədəbiyyatı Nobelin sərhədlərinə şeir yox, nəsrlə yaxınlaşdı. Bəyəm, bu sizlərə nəsə demir?

Həmid Herisçi, Murad Köhnəqala, Salam! Baxın, müstəqillik dövründə şeirdə meydana çıxan hər üç ən ciddi poetik imzanın üçü də nəsrə meyl edir. İkisi artıq şeirin daşını atıb, üçüncüsü isə roman yazması barədə danışır. Bəyəm, bu sizlərə nəsə demir?

Son illər ədəbiyyata gələn cavanlar şeirdən daha çox nəsr sahəsində seçilir - Pərvin, Vüsal Nuru, Səxavət Sahil, Cavid Zeynallı, Elxan Qaraqan, Mirmehdi Ağaoğlu... Bəziləri isə hətta müəyyən poetik uğurlarına baxmayaraq, nəsrə keçirlər - Şərif Ağayar. Bəyəm bu, sizlərə nəsə demir?

Aparıcı nəşriyyatlardan birinin direktoru kimi Şahbaz Xuduoğlu yazarlara "Hərəmiz bir roman yazaq!" şüarı ilə müraciət edir və onlar da bu çağırışa həvəslə cavab verir. (Nə dərəcədə nail olmaları artıq başqa söhbətin mövzusudur). Bəyəm bu, sizlərə nəsə demir?

Özü də bu, təkcə bizdə yox, bütün dünyada gedən total bir prosesdir. Füzuli demişkən,

Yoxdur bir mülk bu zamanda,

Kim şeir rəvacı ola onda.

Hanı Rusiyanın Pelevin səviyyəsində şairi? Bəs, Türkiyənin şair Orxan Pamuku hanı? İngilis Piter Akroydun poetik analoqu hardadır? Bəyəm, bunlar sizlərə nəsə demir?

Bu gün toylarda meyxana deyəni çağırıb hörmət-izzətlə cibinə pul qoyurlar, şair isə kitabları əlində idarə müdirlərinin qapısını döyüb pul istəyir. Bəyəm bu sizlərə nəsə demir?

Həmid Herisçi haqlıdır - bu gün şeirin son sığınacağı meyxanələr küncüdür:

Dövran həvadisindən yox bakimiz, Füzuli,

Darül-əmanimizdir meyxanələr bucağı.

Müşfiqin "Yenə o bağ olaydı" şeiri resipiyentlər tərəfindən ən çox səs topladı. Mən də o şeirə səs verənlər sırasında idim. Həmişə şeiri nəsrdən daha çox sevmişəm və həmişə də sevəcəm. Amma onu da bilirəm ki, yenə o bağ olmayacaq...

Müstəqillik dövründə şeirə gələn gənclərin içində sözün bütün mənalarında Müşfiqə ən çox oxşayanı Aqşin idi. Bəyəm, onun sözün bütün mənalarında indiki durumu sizə nəsə demir?

# 2508 dəfə oxunub

Müəllifin son yazıları

# # #