Yer kürəsini soxasan Marian çökəkliyinə

Yer kürəsini soxasan Marian çökəkliyinə
23 aprel 2014
# 10:49

Kulis.Az Emin Pirinin yeni şeirlərini təqdim edir.

Ölən dənizləri kim ağlar

Günəş işığına, gəmi fitinə

oyanıb dənizdən çıxır buludlar.

Bu səhər

bəxti tora ilişib balıqçının,-

tilova gəlmir balıqlar.

“Bəs hardadı,

yola gələn balıqlar,

yola gedən balıqlar.

Pullu-pulsuz,

hamısı

pula gedən balıqlar.”

Söymə bu dənizi, balıqçı qardaş,

xırda soxulcana gəlməz hər balıq.

Bir dəfə də öpüş qoy tilovuna

bəlkə sevgiyə aldanıb

bir balıq düşə “toruna”.

Balıqlar dənizi sevdiyi kimi

dünyada sevdiyin bir qadın olsa

sən onun, o sənin həyatın olsa,

biryolluq atarsan toru, tilovu.

Hamı “mənim Tanrım” deyib

tək Allahı

öz aralarında

bölə bilmədikləritək

Yüz illərdi bu dənizi

bölür, bölür

bölə bilmir adamlar.

Bu qədər tordan, tələdən

necə çıxıb bu dəniz

bilə bilmir adamlar.

Dəniz soyuqlayıb,

Neftçilər çərtib belini

Qan alır bu dənizdən.

Hə, balıqçı qardaş, belə...

nə soyuqdəymədən,

nə susuzluqdan öləcək

bu dəniz...

Qorxuram qansızlıqdan ölə!

Ölən dənizlər var,

ölü dəniz var.

Ölən dənizləri görən kim ağlar?!...

Bir gün bu dənizin başı üstündə

durub saçlarını yolar buludlar...

Oyun

Əsəbimi soyutmaq istəyirəm
bir şeylə:
təpik vurasan yer kürəsinə
Marsla Venera arasından keçə
sən də sevinəsən “qol vurdum” deyə.

Günəş yüyürə ardınca
qışqırıb bağıra arxanca
əl atıb saçını yola -
ay oğlan, topumu qaytar dala.

Ən çox sevdiyi qadından da
bezir adam.
Başının üstə qaldırıb
Yer kürəsini
soxasan Marian çökəkliyinə
bir qadın ucbatından.

Günəş dar ağacı,
dünya edam kürsüsü
haqq-nahaq asılır hamı.
... bu Yer kürəsini
sapand daşıtək
atıb Bermud üçbucağına
gizlədəsən özünü.

İsanın saqqalı kimi
dalğalanır günəş şəfəqləri
həvarilər dövrəsində.
bir səhər oyanıb görəcəyik
başqa qalaktikaya köçüb
planetlərdən birisi.

Şeytan barmağında
ipləri
yellənən beşikdi bu yer.
Demək tabutmuş bu beşik
yatırmaqçün ölüləri.

Başımızı qadınla aldadıb
tutub yerimizi Allah.
Qalxıb yaxasından
tutub deyəsən
bu qədər oynatdın,
bəsin deyilmi?!

Bu dünya oyundu -
Oynayır
kişiylə qadın,
adamla Şeytan.
...Alnımıza
bu oyunun hesabını
çoxdan yazıb
Oynadan.

Analar da ölür

Səni də aldadarlar ,-
analar ölməz deyə.
Qırxında, ya ilində
görüşünə gedərsən.
Qəbrin qolları yoxdu ki,
qalxıb səni qucaqlaya.
Gözlərindən öpər ancaq
hardan gəlib, hara getdiyi
bilinməyən
bir bulud parçası.

Uşaq evinə
yetim kimi atılıb
dışlanarkən anlarsan:
analar ölür.

Yuxuda
ananın əlləri bilib
yatacağın soyuq dəmir barmaqlarını
sıxarsan.
Qucaqlayıb yatdığın
cansız ayı balası
gecəyarısı
soyuq tər içində oyadıb səni
gözlərinin düz içinə pıçıldar:
analar da ölür, dostum...

Yaman şaxtalı keçər
yetimliyin qış fəsli.
Bax,
soyuqdan titrəyən
gülün, çiçəyin
indi yuxusunda kəpənək uçur.
Bəs, sənin yuxuna
Hansı mələk enib, balaca?!

Böyüdükcə
bu dünyanın ən gözəl xanımları
incə barmaqlarıyla toxunar saçlarına,
toxunar...
Hər qadının əlində
axtararsan,
oxşayarsan ananın
qabarlı barmaqlarını.
Anan yoxdu deyə
ən çox sevdiyin
qadına da qısqanarsan xoşbəxtliyini...

Sən nə bilirsən, balaca?
Hələ özün də bilmədən
böyüməyə can atırsan
soyuq torpaq qucağına
isti ana qoynundan.

Bundan sonra lay-lay deyib
yatırmaz səni.
Yuxundan oyadar
anasızlığın lay-layı.
Analar fərqli ölür,
anasızlar eyni cür ağlayır ancaq.

Tora düşmüş
delfin balası kimi ağlarsan.
Dünya dəniz acgözlüyüylə
udar göz yaşlarını.
Necə anaların,
Anaların necə öldüyünü
Anlarsan,
Anlarsan...

# 3299 dəfə oxunub

Müəllifin son yazıları

# # #