Əlizadə Nuri: “Bir eşq məktubuymuş ömrüm”

Əlizadə Nuri: “Bir eşq məktubuymuş ömrüm”
21 yanvar 2014
# 16:01

Kulis.az Əlizadə Nurinin şeirlərini təqdim edir.

Aça bilməyən çiçək

Bir gül gördüm, yaz yelində mürgülü...

Bir gül gördüm, kim ağladıb bu gülü?

Bir gül gördüm qönçəsinə bükülü,

Açmaq istəyirdi, aça bilmirdi,

Dünyanı ətrinə bürümək üçün,

Qaçmaq istəyirdi, qaça bilmirdi.

***

Yerimək istəyirdi

bağlayıb əl qolunu,

Dibçək gülləri kəsmişdi yolunu...

Bu bağçanın

süsəninin, zanbağının

Tikanlar almışdı qabağını...

***

Atamın – Anamın yaz sevgisindən,

Mən də bir gül kimi doğulmuş idim,

Açmağa qoymadılar.

***

Qoymadılar açmağa,

Qoxusunu öldürdülər bu gülün.

Açıb öz ətrində məst olacaqdı,

Yuxusunu öldürdülər bu gülün...

***

...Dərdinin dərmanı, məlhəmi çatmır,

Dünyada o qədər ağrı acı – var.

Nöyüt qoxusundan daha çox onun,

Çiçək qoxusuna ehtiyacı var.

***

...O yaz sizə qənim olsun,

Payız sizə qənim olsun,

Sizin olsun bütün dünya,

Tək o açmaq istəyən çiçəklərin ətri

Mənim olsun.

***

...Dünyanın nizamı dəyişər bir gün.

Aslanın yerini ahu tutacaq.

Çiçək qatilləri, bir gün sizləri,

Açmayan güllərin ahı tutacaq...

Rəsm

Rəsmin donub əlimdə,

Nə kövrəksən burda sən?

Elə bil bu rəsmini,

Payızda çəkdirmisən.

***

Həsrət qovub elə bil,

Töyşüyürsən deyəsən.

Rəsmdə əynin nazik, -

Uşüyürsən deyəsən.

***

...Rəsmin közdü əlimdə,

Alışmağa tələsər.

Yanım – işıqlanım qoy,

Bəlkə məni görəsən...

***

Sanki səni çağırır,

Bax o gülə - əl açıb.

Qol salmısan boynuna,

Qolsuz qalan ağacın.

***

Göz yaşımı istəyir,-

Rəsmindəki nə “dən”sə

Bütün baxdığım yerdən

Sən keçirsən nədənsə...

***

Rəsminə payız gəlib,

Tək sən solma, çiçək qız,

Heyf ki, bu rəsminə,

Bahar gəlməyəcək, qız.

***

...Ağlayırsan elə bil,

Gözlərindən ləl düşür,

...Rəsmin solğun düşsə də,

Göz yaşın gözəl düşüb...

Keçirəm o tərəfə...

Salam, a şəhərli dost,

Mən hələ də kənddəyəm.

Əgər bura vətənsə,

Mən niyə qürbətdəyəm?!.

***

Bilirsən nə haldayam?,

Fikirdə, xəyaldayam,

Bir soyuq vağzaldayam,

Bir uzun həsrətdəyəm.

***

Xəbər göndər yarıma,

Duz göndərsin yarama...

Bir misrada arama,

Gizlənişəm – bənddəyəm...

***

Göyüm hanı, – quşamsa?

Bir qəmə qonmuşamsa.

Susub dayanmışamsa,

Mən də sükunətdəyəm.

***

“Gul” deyib ot – ələfə,

Aldatdılar hər dəfə.

Keçirəm “o tərəfə”-

Mən indi sərhəddəyəm...

Qar

Ən çox kasıb evlərə yağır qar,

Ən çox kasıb uşaqları sevir qarı.

Ala bilmədikləri oyuncaqlara acıq verib,

Qartopu oynamağı sevir kənd uşaqları.

***

...O Gülə bax, qardan tumurcuqlayıb,

Əlləri üşüyür qönçələrin də.

Qarı dimdikləyib dən axtarırlar,

İşi çətinləşib sərçələrin də.

***

Odun azalıbdı, çörək bahadır,

Çoxdu qəfil yağan qarın xatası.

Qışı qara görə sevir kənd uşaqları,

Qışı sevmir qara gorə

uşaqların atası.

***

...Elə bil səma da üşüyüb gəcə,

Günəş çıxır, üfüq nura boyanır.

O qoca da əsasına söykənib,

Nədənsə qüruba sarı boylanır...

***

...Təzə qardan yerin “əyni” qalındı,

Kasıb uşaq geyə bilmir qalınca.

Qar, yağsan da yerdə az qal,

nə olar,

İstəmirəm danışsınlar dalınca...

Şairin ürəyi

Payız şairlərin evidi bəlkə,-

Şairin tabutu payızdan çıxır...

Bir eşq məktubuymuş bu ömrüm, o da ,-

Əli köksündəki o qızdan çıxır...

***

Bir şair dindirir, budur, dünyanı,-

Dünya yıxılacaq, tutun dünyanı...

Bircə söz fəth edər bütün dünyanı,-

Nə olsun, kiçik bir ağızdan çıxır?!

***

Söz var – bir diyardı, -gəzib gördülər,

Soz var ki, üstünü kasıb gördülər...

...Bir parça kağızı kəsib, gördülər:-

Şairin ürəyi kağızdan çıxır...

# 3468 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər