Bumeranq - Elşad Baratın hekayəsi

Bumeranq - <span style="color:red;">Elşad Baratın hekayəsi
25 noyabr 2015
# 11:00

Kulis BSU Yaradıcılıq fakültəsinin tələbəsi Elşad Baratın “Bumeranq” hekayəsini təqdim edir

Anasının əlindən tutmuşdu. Şirniyyatlara, sulara, oyuncaqlara baxa-baxa qalmışdı. Hərdən dayanıb nəsə demək istəyirdi. Amma anası onun əlini sıxaraq susmasını tələb edirdi. Sussaydı da üzündəki təbəssüm hər dəfə yenilənirdi. Böyük mağazada onu xoşbəxt edəcək hər şey var idi.

Tortlar olan hissəyə gələndə daha çox sevindi. Daha onu susdurmaq da olmazdı. Anasına yalvarmağa başladı:

- ana, mən tort istəyirəm, ana. Nolar al da, ana.

Anası gah qızına, gah da tortlara baxırdı. Bəzəkli, rəngarəng tortlar şüşənin arxasından elə gözəl görünürdü ki, artıq ananın da nəfsini çəkmişdi. Fəridə anasının üzündəki razılıq ifadəsini görüb daha da xoşbəxt oldu. Az qala atılıb-düşəcəkdi mağazanın ortasında. Anası dəsmalının arasındakı pulları barmaqlaya-barmaqlaya nəsə düşünürdü. O isə xəyalında bütün tortlardan dadmışdı. Ən şirinin seçmişdi də.

Ana nəsə düşünüb “yox” dedi. Bu “yox” Fəridənin ən acı “yox”uydu.

- Pulumuz az qalıb. Tort alsaq başqa şeylərə pulumuz çatmaz. Gələn səfər alarıq.

Ana danışdıqca Fəridə daha çox ağlayırdı səssizcə. Əslində o göz yaşları anaya yox, allaha üsyan idi bəlkə də. Yazıq ana, nə etsin? Kövrəlmək onun əlində su içmək kimi bir şey idi. Bədbəxt ana, gözlərindən qocalmağa başlamışdı.

Bir neçə şey alıb getdilər. Yaşadıqları binanın girişində onları bir səs dayandırdı. Arxadan gələn gənc adamın səsi anaya yad idi. Gənc adam təngnəfəs dayanıb bir az susdu. Fəridəyə baxa-baxa anasından xahiş etdi:

- Bu kiçik hədiyyəmi qəbul edin… Xahiş edirəm.

Ana həm çaşqın idi, həm də qəbul etmək istəmirdi.

Gənc adam: “Xahiş edirəm, bu tortu qızınıza verməyimə icazə verin.”

Elə həmin tort. Fəridənin xəyalən daddığı ən şirin tort. Ana Fəridənin yalvarışlı baxışlarına və gənc adamın israrla xahişinə təslim oldu.

Fəridə tortu elə tutmuşdu ki, sanki bütün dünya ovcundaydı. Gənc adamın tortla bərabər verdiyi kağızı da sol ovucunda sıxmışdı.

Evə daxil oldular. Fəridənin atası onları qarşıladı. O, əlil arabasında bu gün daha təbəssümlü əyləşmişdi. Axı bu gün onun doğum günüydü. Fəridə hələ doğulmamışdı atası ayaqlarını itirəndə. O, atasını ayaqsız sevmişdi. Qardaşı da atasının ayaqlarını görməmişdi.

Ailə bir arada, üzlərdə təbəssüm. Ən çox da Fəridə xoşbəxt görünürdü. O, əlindəki tortu atasına uzadanda atası suallı baxışla ona və anasına baxırdı. Sanki, bu tortu hansı pulla aldınız deyə soruşmaq istəyirdi. Fəridə gənc adamın verdiyi kağızı da atasına uzatdı.

Saralmış, kirli kağızda bu sözlər yazılmışdı: “Yaxşılıq et və bil ki, bir gün sənə qayıdacaq.”

Fəridə çaşıb qalmışdı. Atası kağızı oxuyub həm gülümsəyir, həm də gözündən yaş axıdırdı. Heç nə anlamadı həmin gün. Həmin tortun üzərinə bir şam da yandırıb təbrik oxudular, yedilər içdilər, danışdılar, güldülər. O, düşünürdü ki, atasının doğum günü ən gözəl bayramdır. Heç vaxt atasını ayaqlı düşünməmişdi. Ayaqsız sevmişdi atasını. Atası hərdən gülür, hərdən də oğurluq düşünürdü. Düz iyirmi il öncələrə getmişdi düşüncələri.

Gənc adamın Fəridəyə verdiyi kağızı axı o özü yazmışdı. Həm də iyirmi il öncə yazmışdı. "Yaxşılıq et və bil ki, bir gün sənə qayıdacaq”.

O kağız neçə tortlar hədiyyə aparmışdı, neçə ailəni xoşbəxt etmişdi, neçə uşaq sevindirmişdi bilmirdi. Amma iyirmi illik yol gəlib onun evinə çıxmışdı. O, hələ müharibədən qabaq öz ayaqları üstündə gəzəndə bir adama vermişdi həmin kağızı. Hədiyyəylə birlikdə...

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər