Ağrı

Ağrı
25 dekabr 2012
# 08:00

Ağrı

Ürək həm də zamandı.

Zaman isə heç zaman bitmir...

- Nə axtarırsan?

Diksindi. Kiminsə saçını tumarlayırmış kimi bayaqdan bəri əllərini yellədiyini indi gördü, qolları yanına düşdü. “Nə axtarırdı?” Bəlkə işığı yandırmaq istəyirdi?

İşıq yanırdı… Amma ətrafda bütün rənglər itmişdi, yalnız toxunduqlarını görə bilirdi. Sanki nəyinsə işığa çıxması, görünməsi üçün mütləq ona toxunmalıydı.

Səsin səmtini tutmaq istədi: hər yerdəydi. İndi necə eləsin, səs sahibinə necə toxunsun, onu necə görsün?

- Sən hardasan?

Zəif döyüntü eşitdi, səssiz gülüşün ürəkdəki əks-sədasına bənzəyirdi.

- Bəzən görmək üçün gözləri yummaq lazım gəlir.

Necə də tanış, məhrəm sözlərdir. Gülümsədi, gözlərini yumdu, yalnız bu an səsin çox doğma olduğunu sezdi.

- Tanıdın?

- Heç dəyişməmisən, - gözlərini bir az da bərk yumdu; bəlkə yanılır, axı, ola bilməz ki, aradan keçən bu illər onu heç dəyişməsin.

- Dəyişməmişəm, özünü yorma, necə qoymuşdun, eləcəyəm…

- Amma demə ki, sən dəyişməmisən.

- Deməyəcəm.

Səssiz gülüşü, “döyüntünü” yenə sezdi, əlini saçına çəkdi, nəsə tapmaq üçün boylandı.

- Hər səhər gördüyün üzdü, güzgünü neynirsən?

- Nə istədiyimi hardan bildin?

Cavab vermədi. Uzun sükut yarandı. Səssizlik uzandıqca özünü boşluqda, havasızlıqda hiss elədi. Danışmasa, boğulacaqdı… Nəsə deməliydi.

- Niyə belə elədin?

Bu sözlərin dilindən necə süzüldüyünü bilmədi. Özünü qınadı, yanaqlarının allandığını, döyüntünün sürətləndiyini hiss elədi.

- Özünü qınama, onsuz da ürəyindən nə keçdiyini bilirəm.

- Hə… Səndən keçir.

- Əlbəttə məndən keçir…

Yüngülləşdi, çiynindən dağ götürüldü elə bil.

- Hardaydın?

- Həmişə səninlə olmuşam. Unutmusan?

- Yox, sən uzun müddətdir özünü unutmağa qoymursan.

- Sancırsan?

- Mənim sancmağım sözdən başqa bir şey deyil. Sənin sancmaların olmasın.

Döyüntünü qulaqlarında eşitdi.

- Yadındadı, deyirdin hər şey xeyirədir.

- Baş verənləri deyirdim, səndən gözləmirdim…

- Çox gözləmədiklərin oldu… Bunlara necə dözməliydim?..

Əlini uzatdı: toxunmaq, görmək, üz-üzə, göz-gözə dayanmaq istədi. Onda hər şeyi gözlərindən oxuyacaqdı.

İrəli uzanan əlinin özünə toxunduğunu duyunca geri atıldı. “Məni qara basır…”

Qulağına tövşüyən adamın ağır nəfəsi dəydi. Hövülləndi, gözünü açdı: kresloda, ayağı-ayağının üstündə, sağ qolunun dirsəyi dizinin üstündə, çənəsi ovcundaydı; üzünü azca araladığı barmaqlarının arasına yığmışdı. “Yaxşı şəkil alınar” - düşündü, dərhal da gənclik zarafatı illərin o tayından eşidildi: “Yoldan ötənlər daşdakı şəklə baxıb, heç olmasa, bir ağıllı adamı itirdiklərinə kədərlənərlər…”

İçindən qəh-qəhə keçdi, dərhal da ağrıdan qıvrıldı, əlini ürəyinin üstünə aparıb, arxaya qanrıldı. Gözü açıq olsa da, aləm qaralmışdı…

- Belə zarafatlar eləmə…

Diri bir səs qulaqlarını deşdi.

- Onsuz da qoymur…

- Xətrinə dəyir? – ağır-ağır nəfəslə gələn sözlər damarlarında gəzişdi.

- Yox…

Hər üçü gülümsündü.

- “Hə” demək istəyirdim.

- Niyə? Mən onu başa düşməyin üçün sənə yardım edirəm.

- Təkliyimlə?

- Bu bizim fürsətimizdir. İndi heç ayrılmırıq…

Başını qaldırdı – rənglər öz yerini alırdı. Lap göz önündəydi: qap-qara saçlar, şümal üz, həyat yağan qaynar gözlər ona zillənmişdi.

- Günəşi qarşılayacaqsan?

Ömrün hansı günününsə udduğu, amma hər zaman əlinin altında olan o uzaq-yaxın illəri xatırladı.

- Yox!

Qaşlarını çatdı, birdən-birə bulud kimi tutulan üzündən “niyə” yağırdı.

- Yola saldığını qarşılayarlar…

Bulud dağıldı.

- Gecələri çoxdan itirmisən?

- Xatırlamıram…

Jurnal stolunun üstündəki külqabıda tüstülənən siqaretə əlini uzatdı: “Bunu nə vaxt yandırmışdım?”

Öz-özünə deyindi: “Söndürürəm ki!..”

Sanki buna bəndmiş, dərhal özünü “yada saldı”:

- Amma mən xatırlayıram…

Əlini ürəyinin üstünə aparıb sinəsini sıxdı, ucadan gülməmək üçün qaşlarını çatdı.

Damarlarından səs axdı:

- Əgər məni yarsaydılar, nə görəcəklərini bilirsən?

Neçə illər keçib bu sualın üstündən, İlahi!

- Bilirəm, - dip-diri bir səs hökmlə cingildədi.

- Səndən soruşdum…

Əlini çal saçlarına apardı, gözünü yerə dikdi:

- Hə…

Siqareti götürmək üçün çevrildi; nəsə demək istəyirdi, amma susdu, gözü külqabıya keçirilmiş filtrdən uzanan külə ilişib qaldı…

# 3267 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər