"Səni mənim əlimdən Allah da ala bilməz"-MƏTN

"Səni mənim əlimdən Allah da ala bilməz"-<span style="color:red;">MƏTN
8 avqust 2014
# 14:03

Kulis.az Ramiz Rövşənin tərcüməsində Marina Svetayevanın Aleksandr Blok haqqında şeirlərini təqdim edir.

1. «Sənin adın…»

Sənin adın – quş kimidi əlimdə,

Sənin adın – buz kimidi dilimdə.

Sənin adın – hərflərin beşidi*,

Dodağımın bircə tərpənişidi.

Cingildəyən gümüş zınqırovdumu?

Havadaca tora düşən topdumu.

Sənin adın – bu bahar gecəsində

Çöldən keçən atların nal səsində.

Sakit gölə bir daş atsam bu gecə

Qulağıma sənin adın gələcək.

Gicgahıma güllə sıxsam qəfildən,

Adın qopar şaqqıldayan tətikdən.

Sənin adın – necə deyim, ax, necə?! –

Yuxulu gözdən bir öpüşdü gizlicə.

Sonra çıxıb tez qapını örtməkdi.

Sənin adın – qışda qarı öpməkdi.

Bircə qurtum sərin sudu, sərin su…

Və lap dərin bir yuxudu, bir yuxu.

* İnqilabdan əvvəl Blok adı beş hərfli idi (Блокъ)

2. «Yatır yollar yorğunu…»

(sərbəst tərcümə)

Yatır yollar yorğunu, sonuncu səfərdədi,

Qoşunsuz sərkərdədi.

İçdiyi sularada gözündən yaş damardı,

Ölkəsiz hökmdardı.

Tanrının dərgahına çatanda dincələcək,

Burda itirdiyini tanrı orda verəcək.

Sığallayıb başını:

- Al, yiyə dur, – deyəcək, – bu ölkən, bu qoşunun,

Sərkərdəm, hökmdarım, şairim, ustam mənim,

Dostlarsız dostum mənim…

***

(sərbəst tərcümə)

Bu dünyada hamının əlindən allam səni,

Təkcə mənim olarsan, tək sənin ollam, sənin.

Səni mənim əlimdən Allah da ala bilməz,

Yer də, göy də, qılınc da, bayraq da ala bilməz.

Qovaram o qapında keşik çəkən iti də,

Möhkəm-möhkəm bağlaram qıfılı, kilidi də.

Açarı da tullaram pəncərədən o yana,

Səndən bir tük də düşməz özgələrin payına.

Səhərəcən qapında qoy ulasın o köpək,

Hansı it sənə məndən yaxşı keşik çəkəcək?!..

Lap evlənsən, mən səni evindən oğurlaram,

Ər olmazsan heç kəsə, heç kəsə yar olmaram.

Lap ölüm ayağında allam ölümdən səni,

Amma necə alım mən Sənin əlindən səni?!

Yenə getdin, qalmadın, – bir gör nə günə qaldım;

Yenə mənim olmadın, yenə Özünə qaldın…

# 3494 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər