"Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır..." - Nadir Yalçın

"Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır..." - Nadir Yalçın
24 iyul 2026
# 12:30

Kulis.az Nadir Yalçının Həsən Bədəlovun “Xəbər gözləyərkən” hekayəsi haqqında yazısını təqdim edir.

Adını unutduğum və əsasən, Sovet dövründə yayımlanan, dünənlərə qədər “Space” televiziya kanalında ara-sıra nümayiş etdirilən bir hind filmindəki səhnəni xatırlayıram. Vəkil məhkəmədə müvəkkilini – oğrunu müdafiə xarakterli çıxışını yekunlaşdıranda hakim onun nitqindəki bəzi məqamlara haqq qazandırır. Dövlət ittihamçısı isə hakimin bu mövqeyinə təəccüblənir və: “Axı o, quldurdur, onu necə müdafiə edə bilərsiniz?”, – gözlərini bərəldərək soruşur. Hakim isə çox aramla: “Biz cinayətkarı yox, cinayəti məhv etməliyik”, – deyir.

Yaxşı mətn nədir və necə olmalıdır? Yaxşı mətnlə pis mətni necə ayırd etmək olar? Necə edək ki, üç-beş para oxucu üçün koordinatlar itməsin, at izi it izinə qarışmasın?..

Bu sualların ətrafında dolanarkən hansısa məzmunsuz müəllifə qarşı xüsusi cəbhələşmək, kimisə “linç” hədəfinə çevirmək, onun çap olunmasının qarşısını süni yollarla almaqdansa, yaxşı mətnlər ortaya qoymaq lazımdır. Həmin hind filmindəki hakimin təbirincə desək, müəllifi yox, məzmunsuzluğu məhv etmək və məzmunsuzluq ilə “dalaşmaq” lazımdır.

Məsələn, bu günlərdə Xuruşşov dövrünün tənqidçilərinin dili ilə desək, tərəqqipərvər dostlarımızın yaratdığı “Radiodeyil.com” (“fm/am”) ədəbiyyat bloqunda işıq üzü görən “Xəbər gözləyərkən” hekayəsi həmin “dalaşmaq” vasitələrindəndir. Hekayənin müəllifi Həsən Bədəlovdur.

Hekayə indiki zamanda yazılıb. İndiki zamanda yazmaq ənənəsi son dövrlər tez-tez həm bədii mətnlərdə, həm bəzi reportajlar, təəssürat yazılarında müşahidə edilsə də, hərdən ürəkbulandırıcı mənzərə yaradır. Mətn “indiki zamanda yazmaq xatirinə” indiki zamanda yazılanda dərhal qondarmalıq əlamətləri sezilir və yazıçının zülm-zillətlə, zorən özünü buna təhrik etməsi hiss edilir. Hadisə, süjet, mətnin tempi özü onun zamanını, ifadə tərzini müəyyənləşdirməlidir. Bu baxımdan “Xəbər gözləyərkən”in cariliyi təkcə indiki zamanda yazılması ilə səciyyələnmir. Hekayənin özünün yüyrəkliyi, mütəhərrikliyi, insan hiss və düşüncələrinin becid və anında olduğu kimi təsviri mətnin indiki davamedici zamanın predmetinə çevirilməsinə imkan yaradır, oxucunu birbaşa hadisənin iştirakçısına çevirir. İş yerində ip üzərində olan, “Lənkəran” televiziyasında işləyən müxbirin dənizdə batan balıqçıların xəbərinin dalınca getməsi, müxtəlif rakurslardan hadisələrə reaksiyalar və qəhrəmanın özünün bu prosesin içində davranışı üzərində qurulan “Xəbər gözləyərkən” hekayəsi, mətnin adında olduğu kimi, tətikdə olan, tətikdə dayanan hekayədir. Hər an nəsə baş verə bilər, yaxud heç nə baş verə bilməz, amma əl tətikdədi...

Hekayədə narahatedici məqamlardan biri isə dialoqlardır. Qurama, süni, situasiyaya yad dialoqlar müəllifi, daha doğrusu, baş obrazı – müxbiri hadisəyə ögeyləşdirib.

“Mən evdə yeyəcəm, amma çay içə bilərik” – əyalətdə yaşayan gənc “amma çay içə bilərik” cümləsini yalnız bir situasiyada işlədə bilər: hansısa qızla çaydan əvvəl və sonra nəsə planlaşdıranda...

“Mən indi iş başındayam” – FHN zabiti xilasetmə prosesində belə cümlə çətin işlətsin, ağlım kəsmir.

“Reportajı düzəltdim” – universiteti qırmızı diplomda bitirən müxbir “reportajı hazırladım” deyər, yəqin ki. Ümumiyyətlə, qırmızı diplom məsələsi artıq idi, heç bir yerdə bu hiss edilmir.

“Ayın nəbzi” verilişinə də bunu genişlədirib on dəqiqəlik material hazırlayarsan” – belə icmallar özü 45 dəqiqə olur. Bir hadisəyə dair on dəqiqəlik materialın getməyi qeyri-mümkündür. Müəllif obrazın peşəsinə bələdlik məsələsində bir neçə bal “kəsilir”. Məsələn, indi heç bir jurnalist press kartı ilə kiməsə yaxınlaşmır, ələlxüsus hadisə yerində sıravi vətəndaşa.

“Onlar daha getdi, başa düşürsən?” – 20 yaşlı, sinif yoldaşı batan qaqaş “daha” ədatını dilinə gətirməz, məncə. Hətta “Hava küləklidi, külək onları İran tərəfə apara bilər?” sualına “Niyə olmasın?” cavabı heç verməz.

“Udqunmağa çalışır” – bu “çalışmaq” sözünü ixtisara salmaq lazımdır, hər yerdən.

Bu siyahını uzatmaq olar. Amma söhbət təkcə bu təhriflərdən getmir, ümumiyyətlə, dialoq yazmaq məsələsi... Müəllifin bir bəraəti var ki, adətən insanlar jurnalistlə, qələm adamı ilə danışanda nitqlərini yontalamağa çalışırlar. Bəlkə də, canlı ünsiyyətə xas olmayan bəzi sözlər ordan irəli gəlir...

Hekayənin məziyyətlərindən danışanda isə, bir sıra məqama fokuslanmağı vacib bilirəm. Bizim azərnəsrin bir çox nümunələrində Bakıdan əyalətə ya fiziki, ya zehni qayıdış var. Yaxud əksinə, əyalətdən Bakıya gəlmək, yol, xəritə, dəyişiklik axtarışı nəzərə çarpır. Bu dəyişikliyi məkan məsələləri ilə həll etmək vasitəsindən naftalin iyi gəlməyə başlayıb. Yaxşıdır ki, müəllif yalnız Lənkəranda baş verən hadisə barədə və Lənkərandan nəql edir, Lənkəranı Bakının filialı yox, öz dənizi, parkı, küçəsi, adamları, ab-havası olan yer kimi verir. Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır, nostalji axtarmır, xatirələrə qapılmır, psevdolirik məkan gəzişmələrini əlində bayraq etmir.

İkinci daha vacib vurğulanası məqam hekayədəki bədii tipikləşdirmə, yəni tip yaratma, xarakterləri dəqiq detallarla bütövləşdirmə, bir-birinə əkiz yox, həqiqətən, fərqli obraz yaratma səriştəsidir. Dənizdə balıqçıların boğulması xəbərinin ardınca süjet hazırlamaq üçün göndərilən baş qəhrəman – gənc jurnalist I şəxsin təki ilə nəql edərkən bəzən hadisələrin kandarında dayanıb müəllif gözü ilə müşahidə edir, bəzən elə müxbir becidliyi ilə hadisənin tam mərkəzində peyda olur və bu keçidlər uğurlu qurulub. Onun tapşırıqlara verdiyi reaksiyadan – bu işin dalınca göndərildiyi üçün giley-güzar atmosferindən taleyi naməlum olan balıqçıların yaratdığı ovqatın içinə düşməyi onun daxili təlatümlərinin səmtinin dəyişkənliyini büruzə verir. Onların aqibəti gənc müxbiri düşündürür.

“Siqaret yandırıram. Dünənə baxanda bu gün hava çiskinli deyil. Birdən ağlıma balıqçılar gəlir. Saata baxıram, nahar fasiləsinin bitməyinə hələ qırx beş dəqiqə var. Görəsən onları indiyə taparlar?”

Dəqiq müşahidədir, hadisə müxbirləri qələmə aldığı mətnin içində yaşayır və bir müddət onun ab-havasından ayrıla bilmir. Və sonda bu reportajı hazırlamaq fikrindən daşınıb şair Tərlan Əbilovun yubileyinə həsr edilmiş süjeti ərsəyə gətirmək arzusu da gənc jurnalistə xas qeyri-sabitlikdir. Bu həm də müasir insan üçün baş verən hadisələrin təhərindən asılı olmayaraq necə ötəri olduğuna, sürətli dəyişkənliyə işarədir. Bu hekayəyə müasirlik yarlığı yapışdıran ən əsas cəhət müəllifin bu günün adamının hissiyat dilini, reaksiya növünü, özünüifadə tərzini tapmasıdır, dil və sturuktur məsələləri bir yana, mövcud situasiyaya yanaşma yenidir, nimdaş deyil. Hekayədə “yaşlı qadın cavan olanın çiyinlərini ovuşdurdu”, “dəniz öz axşam yeməyini yeyib, indi də tox heyvan kimi yuxuya gedib” kimi qulağı dimdikləyən, diksindirən, estetikanı korlayan cümlələrə ara-sıra rast gəlinsə də, hekayə alındığına və ümumi kompozisiya uğurlu olduğuna görə belə təcrübəsizlikdən irəli gələn təhriflər oxucunu narahat etmir. Və bu uğurun əsas səbəbi bayaq qeyd etdiyim tip yaratma səriştəsi ilə birbaşa bağlıdır.

Tip yaratma məsələsində ilkin nəzərə çarpan Hüseyn obrazıdır. O, təzə evlənib. Müəllif hekayənin sonuna qədər onu elə səciyyələndirib ki, hətta əvvəldə yeni evləndiyini deməsəydi belə, bu fakt sonda ayıq-sayıq oxucu tərəfindən təsbit ediləcəkdi.

“fikirli-fikirli addımlarını izləyir”

“Mən evdə yeyəcəm, amma çay içə bilərik, – Hüseyn kamera çantasını sağ əlindən sol əlinə ötürür”

“Telefonu qulağına tutub, səsli mesajlara qulaq asır. Sifəti hər on saniyədən bir dəyişir. Arada gülümsəyir, sonra ciddiləşir, sonra yenə gülümsəyir”

Sahib obrazı... Dənizdə itən balıqçılardan birinin qonşusudur. Onun qohum, ailə üzvü olmadığı elə ilk tanışlıqdan – o özü dialoqda bunu qeyd etməmiş bəlli olur:

“– Bu dumanda necə tapsınlar? Demişdim, qulaq asmırlar, – Sahib kişi əlini cibinə atıb siqaret paçkasını çıxarır.

– İnşallah yaxşı olacaq, – ürək-dirək vermək istəyirəm, amma nə deyəcəyimi bilmirəm, – siz… qohumsuz?

– Yox, Səyyadın qonşusuyam. Özüm də balıqçıyam… – Sahib kişi siqareti yandırır, – deyirlər, sabah vertolyot gələcək… Bu gün dumana görə gəlməyib…”

Vaqif Bayatlı demiş, qonşu toyuna on hasar o yana oynayan uşaq... evlər arasındakı hasar bu üçpilləli dialoqda sezilir.

Hekayə Lənkəranda cərəyan edir və sözügedən rayonda talışların üstünlük təşkil etdiyi məlumdu. Lakin hekayədə talışca cümlə üç məqamda işlədilir. Bu məqamlar üçü də xüsusi hiss və həyəcan bildirən an müşahidə edilir. Doğrudan da, insan qəzəblənəndə, sevinəndə, kədərlənəndə öz nitqini tənzimləmir və özünü ən rahat şəkildə ifadə etməyə çalışır.

1. “Ləpədöyəndəki qadın yaylığı ilə gözlərini silir, “Nozım, Nozım” deyib əllərini göyə qaldırır – “Ha Xıdo, ıştə balə ıştı kü pidəme, çımı balə səğ-səlomət bəmı boroson!” “Ay Allah, balamı səndən istəyirəm, balamı sağ qaytar!” (talışca)”

2.– Əzimov Bağır Nurulla oğlu. Tı kom vırədə ko kardəş? “Sən harada işləyirsən?" (talışca)

– Televizyadə ko kardəm, mamu… "Televiziyada işləyirəm, əmi.” (talışca)”

3.– Camaat deyir… Həsən əmiyə səhər İrandakı qohumu zəng eləmişdi, deyib gecə sahildə qayıq görüblər… Vertolyot oməy! Mamu, vertolyot oməy! “Vertolyot gəlir! Əmi, vertolyot gəlir!” (talışca)”

İlk talışca ifadə fəryadın, ikincisi şübhə-dəqiqləşdirmə istəyinin, üçüncüsü isə həyəcanın inikasıdır.

Bir də “Nozım” hayqırtısı... “Nazim” yox, məhz “Nozım”. Bu qeyd etdiklərim hadisənin Lənkəranda baş verdiyinə görə talışca nəsə yazmaq xatirinə yazılmayıb. Müəllif bu ifadələri işlətmək üçün çox dəqiq məqamlar seçib. Hətta hekayənin adı “Vertolyot oməy!” ola bilərdi. Hamı balıqçıların xilası, axtarışı üçün helikopterləri gözləyirdi. Mətnin mahiyyəti belə şifrələrdə müəyyənləşir. Gənc jurnalist xəbər gözləyir, redaktor süjet gözləyir, dənizdə itən balıqçıların yaxınları əzizlərinin öldü-qaldı xəbərini gözləyir. Bir hadisəyə müxtəlif tərəflərdən kameralar quraşdırıb Həsən Bədəlov. Bu kameralar bir-birlərinə oxşamır, eyni səmtdən qoyulmayıb, çoxrənglilik özünü göstərir.

Həmçinin gənc jurnalistin işdəki istiqbalı ilə bağlı gözlədiyi bir xəbər var. İş yoldaşları Əyyubla Hüseyn ona tez-tez “vot-votdasan” deyir. O isə öz “vot-votluğuna” belə yekun vurur:

“Hüseyn otaqdan çıxandan sonra masanın üstündən keçmiş sevgilimin verdiyi çaşkanı götürüb çantama atıram. Dəhlizə çıxıb üçüncü mərtəbəyə qalxıram. Şəfiqə xanımın otağının qapısını iki dəfə döyürəm. Ayaqlarımı yerdəki xalçaya bərk-bərk sürtürəm ki, ayaqqabılarıma yapışmış qum dənələri bayırda qalsın”.

Adi bir detaldır keçmiş sevgilinin verdiyi çaşkanı çantaya qoyub işdəki sonluğuna doğru irəliləmək. Amma yaranmış vəziyyəti necə dəqiq ifadə edir. O öz məkanını dəyişərkən yaddaşında iz salan və nələrisə xatırladan nəsnəni özü ilə aparmaqla kifayətlənir, hətta sonunci hadisənin nişanəsini də – ayaqqabısının altındakı qumu da çırpıb ondan xilas olur. İp üstündə olan adamın hekayəsidir “Xəbər gözləyərkən”.

Mətndən siqaret iyi gəlir. Hekayələrdə bu “siqaret yandırdı”, “siqaret söndürdü”, “cibindən siqaret çıxardı” söhbətlərini minimuma endirmək lazımdı. O qədər işlənir ki, artıq qulağa biədəb gəlir. Daha nə atmosfer yaratmağa kömək edir, nə də başqa bir şey. Bu tüstü-duman digər həmyaşlarımızın qələm nümunələrində özünü daha qabarıq göstərir.

Təbii ki, siqaret məsələsi adi bir şeydir. Hekayədə bundan daha çox qabarıq gözə çarpan problem keçidlərdədir. Yerində olmayan üç ulduz illəti özünü bu hekayədə də göstərir. Gənc müxbir hadisə yerindən çıxıb yeməkxanada telefona xəbərin mətnini yazır. Ortada üç ulduz qoyulur. Hekayə müxbirin işdəki divanda mürgüləməsi ilə başlayır. Bir neçə “qarmaq”la, əlaqələndirci cümlələrlə çox rahatlıqla keçid etmək olardı. Burdakı üç ulduz sanki müəllifin “nəfəs çatışmazlığını” işarə verir. Yaxud baş redaktor müxbirin materialına baxır və deyir: “Bax, yaxşı çıxsa, sənə maaşa əlavə yazacam”. (Bu cümlə də düz deyil. “Maaşa əlavə yazacam” əvəzinə “premya – mükafat yazacam”, “maaşına əlavə yazacam”, ya başqa bir şey yazmaq olardı) Sonra yenə üç ulduz qoyulur, işdəki başqa səhnə açılır: “Günorta yeməyimi evdən gətirmişəm, amma ofisdəki səs-küy başıma düşür. Dözə bilmirəm, təmiz hava almaq üçün həyətə düşürəm. Siqaret yandırıram”. Burdakı üç ulduzun varlığı artıq adamı narahat edir. Əgər ikinci səhnə həmin gün yox, səhərisi baş veribsə, bir-iki cümlə araya atmaq olardı. Yox, həmin gün baş veribsə, ümumiyyətlə heç nəyə ehtiyac yox idi. Müəllif elə bilir ki, hər sabahsı günü üç nöqtə ilə ayırmaq lazımdır. Yaxud başqa bir məqam: Gənc jurnalist sahildədir, saata baxır ki, nahar vaxtı yarım saat əvvəl bitib. Ortada üç ulduz qoyulur və yazılır: “Ayın sonudur, cibimdə siçanlar gəzir. İki simit alıb Həzi Aslanov parkında yeyirəm. Hava yenə tutqundur. Həzi Aslanovun heykəlinə qalxan pilləkənlərlə çıxıb dənizə baxıram. İran sərhədinə doğru vertolyot uçur”. Göründüyü kimi çox süni keçiddir, mətndə həllini tapmayıb. Axtarışların bir ay boyu davam etməyini başqa cür göstərmək olardı. Sonda isə vəziyyət bir az da mürəkkəbləşir.

“Otağa keçib kresloma yayxanıram. İş yoldaşlarım hələ nahardan qayıtmayıb. Qaça-qaça gəldiyim üçün bədənimi tər basıb, köynəyim kürəyimə yapışıb. Bir az özümə gəlməliyəm. Görəsən qulağıma səs gəlir, yoxsa vertolyotun uğultusu hələ də kəsilməyib? Dərindən nəfəs almağa çalışıram. Gözlərimi yumuram”.

Gənc jurnalist gözlərini yumandan sonra dənizin sahilindəki hadisələr bir abzas həcmində təsvir edilir. O təsvirin son cümləsi belədir: “Səyyadın yoldaşı üzünü çevirib dənizə baxır”.

Yenidən iş otağına qayıdış isə “Hüseynin qapını açmağı ilə içəri girməyi bir olur. Diksinib kresloda qabağa gəlirəm” cümlələri ilə mümkün olur. Sonda işlənə “Ayaqlarımı yerdəki xalçaya bərk-bərk sürtürəm ki, ayaqqabılarıma yapışmış qum dənələri bayırda qalsın” cümləsi isə sehri bir az da artırır. Maraqlı fənddir və müəllifin nə etmək istədiyi başa düşülür. Amma bu, fənddən çox, fəndə cəhddir. Fikrimcə, bu hissəyə giriş və çıxışı daha normal işləmək olardı. Bu hoqqabazlıq hekayənin aramlığına, niyyətinə, məzmununa, sakitliyinə xələl gətirir. Məşhur və məşum “Axı nə ehtiyac var?” sualı ağıla gəlir. Belə naqolaylıq bu mətnin əsrarını artırmır, ona süni dolanbaclıq bağışlayır.

Təbii ki, bütün rəylər, təhlillər, mühakimələr mətnin fövqündədirvə yazıçı bunu belə yazmaq istəyib. Sadəcə bu yazılanlar müəllifin gələcək mətnləri üçündür. Həsən Bədəlov bu hekayə ilə bədii təfəkkürünü, müəllifliyini bizimlə tanış etməyi bacardı. Bu mətn ədəbiyyatdırmı? Ədəbiyyatdır. Qalan bütün məsələlər düzələndir. Hekayə təkcə ip üstündə olan adamın yox, mətndə adı çəkilən hər kəsin hekayəsidir. Hekayəni Rubik kubu kimi hansı səmtə çevirsən, nəyinsə mövcudluğunu görürsən. Dili yüyrək, mövzusu maraqlı, atmosferi yerində olan mətndir. “Durmadan” (fasiləsiz, dayanmadan mənasında) sözünü istifadə etdiyinə görə isə müəllifə qəzəblənmək olar.

Mən Həsənə inandım.

# 172 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Məktəbli qız niyə özünə nifrət edirdi?

Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər