Xəbər gözləyərkən - Yeni hekayə

Xəbər gözləyərkən - Yeni hekayə
23 iyul 2026
# 16:00

Kulis.az Həsən Bədəlovun "Xəbər gözləyərkən" adlı hekayəsini təqdim edir.

Yenə zəng gəlir:

– Toğrul, iki balıqçı dənizə çıxıb, hələ də qayıtmayıb. Fövqəladə gəlib. Hüseynlə gedin dənizin qırağına, görün nə var. Bir dənə yaxşı süjet hazırla, gətir.

Boğaza yığılmışam.

Allaha and olsun!

Baş üstə, Şəfiqə xanım, başqa arzunuz? Bəlkə sizi masaj edim? Axşam da sizə yemək bişirərəm, evi silib süpürərəm. Dörd yüz manata sizin üçün başqa nə edə bilərəm? İş vaxtımın bitməyinə on beş dəqiqə qalır, indi mənə balıqçılar lazımdır? Dənizə çıxıblar? Lap yaxşı! Balığı başqa harada tutacaqlar, akvariumda? Bəlkə mən də dənizə çıxım, gedib onları tapım? Bu soyuqda? Bu küləkdə?

Dəmir yolunu keçib, köhnə limana gedən ara yola dönürük.

– Yəqin duman olub, balıqçılar ona görə itib, – Hüseynə baxmadan deyirəm.

– Yəqin, – Hüseyn təzə evlənib, fikirli-fikirli addımlarını izləyir.

– İşimizi tez-bazar qurtaraq, sonra gedək, yemək yeyək? Müəllimə soruşsa, deyərik çəkiliş uzun çəkdi. Bayaq da nahar vaxtımıza girdi. Rusiyadan dostum gəlib, sabah qayıdır, guya onunla görüşəcəkdim.

– Mən evdə yeyəcəm, amma çay içə bilərik, – Hüseyn kamera çantasını sağ əlindən sol əlinə ötürür.

– Müəllimə dalımdan təpik vurub məni işdən qovacaq. Əyyub mənim yaşımda guya hər gün süjet hazırlayırmış. Mən həftəyə bir süjet versəm, şükür edirmiş. Gərək deyərdim ki, indi camaat hər şeyi sosial mediada paylaşır, mövzu yoxdur.

Hüseyn cavab vermir. Sahilə çatırıq. Çiskindən göz gözü görmür. Havadan kəskin duz qoxusu gəlir. Külək yanaqlarımı bıçaq kimi kəsir. Üstünü mamır örtmüş daşın üstündə iki qadın oturub. Yaşlı qadın cavan olanın çiyinlərini ovuşdurur. Fövqəladənin yağmurluq geyinmiş zabiti vəzifə avtomobilinə söykənib dənizə tamaşa edir. Zabitin yanında dayanmış qoca kişi telefonun ekranına baxır. Onlara çatmağa az qalmış siqareti qumluğa atıb ayağımla söndürürəm.

– Salam, biz televiziyadan gəlmişik…

– Şəfiqə xanım göndərib? – zabit gözlərini dənizdən çəkib bizə baxır, – Hə, xəbər ediblər. Çəkin, amma kadrları sonra mənə göstərin.

– Müsahibə almaq istəyirdik.

– Mən indi iş başındayam, əsgərləri gözləyirəm. Dayını danışdıra bilirsənsə, ondan götür. Sahib kişi, danışmaq istəmirsən?

Sahib kişi əvvəl zabitə, sonra bizə baxır:

– Mənim balam, çəkilişə halım yoxdu, sən canın, belə şeyləri məndən uzaq elə…

Zabit danışmır. Sahib kişi danışmır. Rəsmi məlumatları da güclə alıram. Nə deyirlərsə, telefonda qeyd edirəm. Hüseyn kameranı çıxarıb, beş-altı kadr götürür. Hava çiskinlidir, görüntülər xoşuma gəlmir. Hüseyn kameranı çantaya qoyanda, dənizin üzərindəki ağ örtüyün arasından qaraltı peyda olur, sürətlə bizə yaxınlaşır. Qaraltı sahilə çatanda uzunsov xilasetmə qayığına çevrilir. Əsgərlər nəm qumun üstünə tullanırlar. Zabit “orada qalın” işarəsi verir. Əsgərlər zabitin yaxınlaşmağını gözləyir, onlardan biri vəziyyəti məruzə etməyə başlayır.

– Bu dumanda necə tapsınlar? Demişdim, qulaq asmırlar, – Sahib kişi əlini cibinə atıb siqaret paçkasını çıxarır.

– İnşallah yaxşı olacaq, – ürək-dirək vermək istəyirəm, amma nə deyəcəyimi bilmirəm, – siz… qohumsuz?

– Yox, Səyyadın qonşusuyam. Özüm də balıqçıyam… – Sahib kişi siqareti yandırır, – Deyirlər, sabah vertolyot gələcək… Bu gün dumana görə gəlməyib…

Hava qaralanda restorana çatırıq. Mən toyuq şorbası içirəm. Hüseyn stəkanına ikinci dəfə çay süzür. Telefonu qulağına tutub, səsli mesajlara qulaq asır. Sifəti hər on saniyədən bir dəyişir. Arada gülümsəyir, sonra ciddiləşir, sonra yenə gülümsəyir. Yemək yeyə-yeyə telefonda qeydlərimə baxıram. Şəfiqə xanım yenə narazı qalacaq. Şorbanı bitirən kimi telefonda yazmağa başlayıram:

“Lənkəran rayonunda iki balıqçı dumanlı hava şəraitində itkin düşüb. 32 yaşlı Səyyad Quliyev və 20 yaşlı Nazim Məmmədov 26 yanvar tarixində səhər saatlarında balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar. Yaxınları onlarla günortadan sonra əlaqə yaratmağa çalışsalar da, cəhdləri uğursuzluqla nəticələnib. İtkin düşən balıqçıların ailələri aidiyyəti qurumlara dərhal məlumat verib. Kəskin hava şəraitinə baxmayaraq balıqçıların axtarışları davam edir.”

***

Yuxuda pələnglər arxamca düşüb. Qaçıb qurtula bilmirəm. Onlardan ən irisi üstümə cumanda oyanıram. İşə on dəqiqə gecikmişəm. Nə yaxşı Şəfiqə xanım xəbər tutmur. Ayın sonu yaxınlaşır, hesabatlara başı qarışıb. Sağ olsunlar, iş yoldaşlarım yenə məni yola verir. Onlar da başa düşür ki, işdə son günlərimdir. Bu gün səhər Əyyub məni dəhlizdə görəndə “vot-votdasan” deyir. Belə şeylər məni bir az da həvəsdən salır. Bəlkə ab-hava başqa cür olsaydı, yazardım. Həm də çox rahat. Bakı Slavyan Universitetində o boyda jurnalistika ixtisasını hədər yerə oxumamışam ki. Qırmızı diplomla bitirmişəm.

Əyyub dəqiqə başı Şəfiqə xanımın otağına gedib gəlir. Kresloya yayxanıb çayımdan içə-içə kompüterdə son xəbərlərə göz gəzdirirəm. Əslən lənkəranlı xalq artisti ağır xəstədir, Türkiyəyə müalicəyə aparırlar. Lənrəkanda küçə itlərinə qarşı tədbirlər görüləcək. Mədəniyyət evində şair Tərlan Əbilovun əlli illik yubileyi keçiriləcək. Lerikə metr yarım qar yağıb. Fevralda uşaq kitab sərgisi olacaq. Ürəyimə yatan heç nə yoxdur. Hüseyn qapını açıb otağa girir. “X” işarəsinə klikləyib brauzeri bağlayıram.

– Toğrul, görəsən vertolyot gəldi? Balıqçıları axtarırlar?

– Ola bilər. Dünən demişdilər gələcək.

– Reportajı düzəltdim, aparıb göstərirsən?

Fleşkartı Hüseyndən alıb dəhlizə çıxıram. Üçüncü mərtəbəyə qalxıram. Şəfiqə xanımın otağının qapısını iki dəfə döyürəm.

– Gəl.

– Müəllimə, süjeti gətirmişəm.

– Hazırdı? – Şəfiqə xanım eynəyinin üstündən məni kinayə ilə süzür, – Ver, baxım.

Fleşkartı ona uzadıram. Önündəki notbuka taxıb faylı açır. Hüseyn dənizi, balıqçıların qayıqlarını, itkin düşənlərdən xəbər gözləyənləri çəkib. Fonda səsim gəlir.

– Afərin! Axır sən də bir düz-əməlli reportaj gətirdin. Bunu Əyyuba ver, xəbərlərin axşam buraxılışında getsin. Youtube-a da qoysunlar. Hüseynə de, Instagram üçün balaca caption video hazırlasın, bu gün paylaşsınlar. “Ayın nəbzi” verilişinə də bunu genişlədirib on dəqiqəlik material hazırlayarsan. Bax, yaxşı çıxsa, sənə maaşa əlavə yazacam.

***

Günorta yeməyimi evdən gətirmişəm, amma ofisdəki səs-küy başıma düşür. Dözə bilmirəm, təmiz hava almaq üçün həyətə düşürəm. Siqaret yandırıram. Dünənə baxanda bu gün hava çiskinli deyil. Birdən ağlıma balıqçılar gəlir. Saata baxıram, nahar fasiləsinin bitməyinə hələ qırx beş dəqiqə var. Görəsən onları indiyə taparlar?

Dəniz kənarında adamların sayı bu gün qat-qat çoxdur. Fövqəladənin işçiləri, balıqçılar, itkin düşənlərin yaxınları ətrafda dolaşır, söhbət edirlər. Bu gün on altı nəfərlik qrup axtarışa gedib. Balıqçılar da iş-gücünü atıb onlara qoşulub. Bəziləri öz qayıqları ilə dənizə çıxıb.

Əsgərlər yük maşınından qayığı endirib dənizə aparırlar. Bu qayıq dünənki qayığa bənzəmir. Xilasedicilərin çimərlikdə istifadə etdiyi qayıqlara oxşayır. Üçbucaq şəklindədir, aşağısı ağ, yuxarısı qırmızı rəngdədir. Qayığı sağdan və soldan tutmuş iki əsgər dənizə doğru addımlayır. Elə bil tabut aparırlar. Su dizlərinə çatanda qayığı buraxıb içinə atlanırlar. Bayaqdan onları izləyən yaşlı qadın ləpədöyənə qədər gəlir, diz çöküb əllərini göyə açır.

Balıqçı qayıqlarından biri sahilə qayıdır. Üzərində uzununa “TQ-105” yazılıb. Qayıqda üç nəfər var. Başındakı papağı çıxaranda onlardan birinin Sahib kişi olduğunu görürəm. Çarəsiz şəkildə bir daş tapıb üzərində oturur. Siqaret çıxarıb yandırır. Qayığı son tərk edən balıqçı ləpədöyəndəki qadına vəziyyəti izah edir:

– Hava küləklidi, bacı, bərk əsir… Uzağa getmək olmur… Nə qədər imkan elədik, üzdük… Otuz kilometr gedə bilmədik… Vertolyot lazımdı, bacı… Belə çətindi, dalğalar qoymur… Uzağa gedə bilmirik…

Donmuş barmaqlarımı cibimə salıram. Yadıma düşür ki, siqaretim qurtarıb, paçkanı gələndə atmışam. Qayıqların ətrafına toplaşmış kişilərin yanına gedirəm. Qayıqlara söykənib durmadan havaya tüstü üfürür, fikirli-fikirli gah dənizə, gah da qumluğa baxırlar.

– Qardaş, siqaretin var? – Əyninə uzun plaş geymiş oğlandan soruşuram. Əlini plaşın içəri cibinə atıb iki siqaret çıxarır, birini mənə verir, birini də özü yandırır.

Ləpədöyəndəki qadın yaylığı ilə gözlərini silir, “Nozım, Nozım” deyib əllərini göyə qaldırır – “Ha Xıdo, ıştə balə ıştı kü pidəme, çımı balə səğ-səlomət bəmı boroson!” (talış dilində:“Ay Allah, balamı səndən istəyirəm, balamı sağ qaytar!”)

Siqaretdən bir qullab alıb tüstünü burnumdan buraxıram. Uzun plaşlı oğlandan soruşuram:

– Qardaş, sən də balıqçısan?

– Balıqçıyam… Nazimin sinif yoldaşı olmuşam. Arada balığa bir gedirdik… – qəfil iki əlini bir-birinə çırparaq deyir, – Qardaşım, vertolyot lazımdı, vertolyot… Bilmirəm, sən dənizə çıxmısan, ya yox, onlar daha getdi, başa düşürsən?

– Hava küləklidi, külək onları İran tərəfə apara bilər?

– Niyə olmasın? Motor xarab olsa, külək götürüb aparacaq o tərəfə. Benzin də az götürüblər. Bayaq İran sərhədinəcən gəzib gəldik. Xəbər yoxdu.

Oğlanın boğazı düyünlənir, udqunmağa çalışır.

– Çox olub ki, itkin düşənlər sonra sağ qayıtsın?

– Əşşi, elə şeylər Amerikada olur. O gün biri altmış gün, yoxsa yetmiş gün itib, sonra tapılıb. Amma onların texnikası başqadı, qardaş… Onsuz bizdə hər il bir bədbəxt it-bat olur, bu da təzə nişanlanıb… Neçə dəfə ona demişdim ki, belə havada dənizə çıxma…

Orta yaşlı kişi ləpədöyəndəki qadına yaxınlaşıb nəsə deyir, sonra qolundan tutub qaldırır, maşına doğru aparır. Cibimdən jurnalist kartını çıxarıb əlimdə hazır tuturam. Qadını maşına əyləşdirəndən sonra ona yaxınlaşıb özümü təqdim edirəm, ad-soyadını soruşuram.

– Əzimov Bağır Nurulla oğlu. Tı kom vırədə ko kardəş? (talış dilində: “Sən harada işləyirsən?")

– Televizyadə ko kardəm, mamu… (talış dilində:"Televiziyada işləyirəm, əmi.”) Balıqçıların qohumusuz?

– Mən Nazimin dayısıyam, həm də kəndin bələdiyyəsiyəm, – kişi birbaşa mövzuya girir, – Dünən axşamdan axtarışlar gedir. Dövlət orqanları sağ olsun, əllərindən nə gəlirsə, edirlər. Balıqçılar da axtarışa qoşulub. Mən özüm də köhnə balıqçıyam. Belə şeyləri çox görmüşəm. Əgər batsaydılar, dənizin üstünə mütləq nəsə çıxardı. İki gündür gəzirlər, necə olur, bir dənə də taxta, fənər, fanerka üzə çıxmayıb? Hökumətdən xahiş edirəm ki, vertolyot göndərsinlər. Bir də İranla əlaqə qurmaq lazımdı. Buradan İrana çıxmaq yarım saat çəkməz. Bəlkə sərhəd gəmiləri onları tutub. Dəfələrlə belə olub, bizə o tərəfdən aylar sonra xəbər veriblər. Əvvəllər belə çox olub. Aidiyyəti orqanlardan xahiş edirəm, İranla əlaqəyə keçsinlər. Bir də vertolyot göndərsinlər.

– Onları kimsə görüb?

– Axırıncı dəfə Niyazi ilə danışıblar, – kişi qaşlarını çatır, – Deyiblər bir dənə tor var, ona da baxaq, gəlirik. Elə o baxmaq, bu baxmaq, hələ də xəbər yoxdu… Ancaq onu deyiblər ki, arxalarından gəmi gəlir. Deyirəm, bəlkə gəmi onları götürüb?

– Kim danışıb dediz?

– Niyazi. Bax, oradadı… – əli ilə qayığa söykənmiş cavan oğlanı göstərir.

Deyəsən Niyazi ondan danışdığımızı anlayır, bizə yaxınlaşır.

– Hansı kanaldı? – Niyazi xırıltılı səsi ilə soruşur.

– Lənkəranın kanalı. Sən Nazimgillə danışmısan?

– Dünən günorta danışmışam…

– Sənə nə dedilər?

– Dedilər bir dənə tor var, ona da baxaq, gəlirik… – Niyazi şübhə ilə məni süzür, – Dünən jurnalistlər internetdə yazıb ki, dənizdə batıblar. Elə şey olsa, birinci biz bilərik. İnanmayın belə şeylərə. Batsaydılar, sahilə yüz faiz nəsə çıxardı. Duman olub, göz gözü görməyib, onlar da dənizdə azıb. İranla danışmaq lazımdır. Bəlkə motor xarab olub, külək onları İrana atıb?

– Bəs bunu kim deyir?

– Camaat deyir… Həsən əmiyə səhər İrandakı qohumu zəng eləmişdi, deyib gecə sahildə qayıq görüblər… Vertolyot oməy! Mamu, vertolyot oməy! (talış dilində: “Vertolyot gəlir! Əmi, vertolyot gəlir!”)

Niyazi qışqıra-qışqıra Sahib kişinin başına toplaşmış kişilərin yanına qaçır. Nazimin dayısı cəld maşına tərəf gedir. İndi mən də uzaqdan vertolyotun uğultusunu eşidirəm. Saatıma baxıram. Nahar fasiləm yarım saat əvvəl bitib.

***

Ayın sonudur, cibimdə siçanlar gəzir. İki simit alıb Həzi Aslanov parkında yeyirəm. Hava yenə tutqundur. Həzi Aslanovun heykəlinə qalxan pilləkənlərlə çıxıb dənizə baxıram. İran sərhədinə doğru vertolyot uçur.

Sahildə dünənki adamlarla rastlaşıram. Gözümə ilk sataşan təcili tibbi yardım maşını olur. Fövqəladənin işçiləri ortalıqda var-gəl edir, yuxarı rütbəli zabit telefonla uzun-uzadı danışır. Nahar fasiləm bir azdan bitir. Sahildə çox qala bilməyəcəm.

Binaya girəndə az qala muhafizəçi ilə toqquşuram. Yol boyu nə yazacağımı fikirləşmişəm. Aldığım müsahibələri, Hüseynin kamera ilə, mənim telefonla çəkdiyim bütün materialları hesaba qatsaq, on dəqiqəlik süjet çıxacaq. İndi kompüterin arxasına keçib təzə Word sənədi açmalıyam. Yuxarıda “Ayın nəbzi” verilişi, onun altında “Toğrul Həsənov” yazmalıyam. Belə başlayacam: “Üç gün davam edən axtarışlardan sonra, itkin düşmüş balıqçılardan biri, 20 yaşlı Nazim Məmmədovun meyidi Xəzər dənizində aşkar olunaraq mərhumun ailəsinə təhvil verilib. Balıqçının kimliyi anası tərəfindən müəyyən edilib… ”

Otağa keçib kresloma yayxanıram. İş yoldaşlarım hələ nahardan qayıtmayıb. Qaça-qaça gəldiyim üçün bədənimi tər basıb, köynəyim kürəyimə yapışıb. Bir az özümə gəlməliyəm. Görəsən qulağıma səs gəlir, yoxsa vertolyotun uğultusu hələ də kəsilməyib? Dərindən nəfəs almağa çalışıram. Gözlərimi yumuram.

Qayıq boz suları yararaq sahilə yaxınlaşır. Meh də əsmir. Suyun üstünü elə bil xətkeşlə düzəldiblər. Dəniz öz axşam yeməyini yeyib, indi də tox heyvan kimi yuxuya gedib. Sahilə az qalmış qayığın sürəti azalır. Əsgərlər hər iki yandan suya atılır, qayığı itələyərək qumun üstünə çıxarırlar. Sahib kişi bu gün gözə dəymir. Əsgərlər və balıqçılar qayığın dörd tərəfinə yığışır. Səyyadın yoldaşı yaxınlaşmağa sanki cəsarət eləmir, daşın üstünə çöküb oturub. Maşında yuxulamış Nazimin anasını astaca oyadırlar. Ana ətəyinin ucundan tutub qayığa doğru şığıyır. Meyit torbasını qayıqdan götürüb yaş qumun üstünə qoyurlar. Zabit qollarını iki yana uzadıb işarə edir ki, hər kəs kənara çəkilsin. Sonra əyilib torbanın zəncirbəndini yarıya qədər açır. Qabağıma qoca kişilər keçir, hamısı meyidə doğru boylanır. Ananın bağrından qopan hayqırtı insanların arasından sivişib dəniz boyunca əks-səda verir: “Nooozım!”

Səyyadın yoldaşı üzünü çevirib dənizə baxır.

Hüseynin qapını açmağı ilə içəri girməyi bir olur. Diksinib kresloda qabağa gəlirəm.

– Toğrul, reportajı hazırladın?

– Hə. Əslində, yox. Hələ başlamamışam.

– Bəs üç gün yazırdın axı. Balıqçılardan.

– Fikrimi dəyişdim. Tərlan Əbilovun yubileyindən yazacam.

– Şair Tərlanın? Əminsən? – Hüseyn qımışır, – Onun Facebook-da adını necə yazmağını görmüsən? Bax da, özün bilərsən. Şəfiqə xanım onu bloka atıb. Sənə yenə əsəbiləşəcək. Özün də vot-votdasan. Heç olmasa, gedib əvvəldən de.

– Yaxşı, indi qalxacam yanına.

Hüseyn otaqdan çıxandan sonra masanın üstündən keçmiş sevgilimin verdiyi çaşkanı götürüb çantama atıram. Dəhlizə çıxıb üçüncü mərtəbəyə qalxıram. Şəfiqə xanımın otağının qapısını iki dəfə döyürəm. Ayaqlarımı yerdəki xalçaya bərk-bərk sürtürəm ki, ayaqqabılarıma yapışmış qum dənələri bayırda qalsın.

Radiodeyil.com

# 240 dəfə oxunub

Oxşar xəbərlər

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin hekayəsi

14:30 23 iyul 2026
Don Kixot -  Etimad Başkeçidin pyesi - İkinci pərdə

Don Kixot - Etimad Başkeçidin pyesi - İkinci pərdə

10:00 23 iyul 2026
"Əgər çəkdiyim əzab bir qadının gözünü açacaqsa..." - Livanlı yazıçının romanından hissə

"Əgər çəkdiyim əzab bir qadının gözünü açacaqsa..." - Livanlı yazıçının romanından hissə

14:00 22 iyul 2026
Yuxu - Sənan İsmayılovun yeni hekayəsi

Yuxu - Sənan İsmayılovun yeni hekayəsi

10:00 21 iyul 2026
Aclıq ustası - Frans Kafkanın hekayəsi

Aclıq ustası - Frans Kafkanın hekayəsi

14:13 20 iyul 2026
Köhnə haqq-hesab - Aliq Nağıoğlunun hekayəsi

Köhnə haqq-hesab - Aliq Nağıoğlunun hekayəsi

12:54 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər