Söyüşlə orqazm olan facebookçular

Söyüşlə orqazm olan facebookçular
3 iyul 2017
# 11:37

Təzə bir kütlə peyda olub. Yaxın oturun ekrana, bir azdan o kütlənin nə olduğunu sizə anladacam.

Deməli, bu kütlə digərlərindən kəskin şəkildə fərqlənir.

Onlar tində-bucaqda oturub laqqırtı vuran əli təsbehli oğlanlar deyil.

Meyxanaya da qulaq asmırlar.

Ciddi seriallar izləyirlər.

Hətta kitab da oxuyurlar.

Ancaq kitab əhli deyillər, onlar sosial şəbəkə əhlidirlər.

Daha doğrusu, pusquda dayanan və hansısa yazar “ağzının qatığını dağıdanda” onu anındaca məhv etməyə hazır kütlədir.

Gəlin bu kütləyə bir ad seçək: “Daşqalaq”

Onların işi belədir: bir yazar status yazır, bir az ironik dillə fikrini çatdırır.

“Daşqalaq” kütləsinin ən fəal üzvü dor ağacına dırmaşıb hay-küy salır və bir anın içində həmin statusun aşağısı müxtəlif səpkili rəylərlə dolmağa başlayır:

“Yenə bu yazar nə çaşıb belə”.

“Bu dəqiqə onu başa salarıq”.

“Gərək bunun da ağzının payını verək. Keçən dəfə birinin ağzının payını verdik, indi sıra bundadır”.

“Daşqalaq” kütləsi təkcə rəylərlə işini bitmiş hesab eləmir, statuslarla da yazarı linç eləməyə davam edirlər.

Məqsəd yazarı gözdən salmaqdır. Onu daha çox söydürməkdir.

Onlar kiminsə söyülməyindən böyük həzz duyurlar, orqazm olurlar.

Şikarını didik-didik eləyib sonra da atırlar ortaya. Arada bu şikarı sağaltmaq istəyən, onu ayağa qaldırıb təzədən yaşamağa səsləyənlər də ortaya çıxır.

Ancaq “Daşqalaq” kütləsinin vahiməli səsi onların zərif səsini həmən dəqiqəyə batırır.

Yenə deyirik: onlar kitab da oxuyur, ciddi filmlərə də baxır.

Bəs deyəcəksiniz ki, niyə belə eləyirlər?

Niyə kitab oxuyan, filmə baxan adam kiminsə “ağzının payını vermək” istəsin?

Mənim üçün məsələ aydındır: onlar kitab əhli, film əhli deyillər.

Kitab oxumaq ayrıdır, kitab əhli olmaq ayrı.

Filmə baxanlar çoxdur, amma kinomanlar barmaqla sayılacaq qədərdir.

“Daşqalaq” əhli yazarları yalnız statuslarından tanıyır. Daha çox status əhli deyə bilərik onlara.

Həmin yazarın kitabının adını eşidib, üzünü görməyib. Açıb vərəqləməyib.

Bəzən başqa cür də olur: kitabı da oxumuş olur.

Ancaq status əhli olduğundan kitab ona heç bir təsir bağışlamır.

Və yazarın bir statusu onu cinləndirir, dəliyə döndərir.

İçindəki vəhşi duyğular baş qaldırmağa başlayır.

Dəstəsində də bu cür vəhşilər var: “Bunun ağzını cıraq ya yox?”

Dəstə xorla qışqırır: “Əlbəttə!”

Nəticədə yazar onların diliylə desək, biabır olur, gülüş hədəfinə çevrilir.

Sən demə, bu yazarın bir statusluq canı varmış.

Vəssalam, onu daş-qalaq elədinsə, iş bitdi, bir də özünə gələ bilməz.

Yaradıcılıq da boş şey imiş.

Şeir, hekayə nədir ki?

Hələ roman getsin o tərəfə.

Bir yazar ki, statusda özünü düz-əməlli apara bilmədi, o heç vaxt inkişaf eləməyəcək.

Bəli, onların düşüncəsi, məqsədi-məramı budur.

Hərdən də öz əməllərinə haqq qazandırmaq üçün deyirlər ki, yazarlar özlərindən razıdırlar, xalqı təhqir edirlər, ona görə də linç olunmağa layiqdirlər.

Mən bu cür adamları səmimi hesab etmirəm.

Çünki dəstə olan yerdə səmimiyyət ola bilməz.

Çünki bilməlidirlər ki, yaradıcılıq tənhalıq ərazisidir.

Bir gün bir yazarı gözdən sala bilərlər, onu xalqın gözündə düşmən edərlər.

Ancaq onun əsərləri həmişə qalacaq.

Buna bütün qəlbimlə əminəm.

Knut Hamsun faşistləri müdafiə edib.

Ceyms Coys öz xalqına “donuz” deyib.

Bu gün hər ikisi dünyanın ən tanınmış yazıçısıdır.

Ona görə deyirəm ki, bunlar kitab əhli deyil. Kitab əhli olsaydılar yazarın bir statusunun nə mənaya gəldiyini öz-özlüyündə düşünərdilər.

Əsl oxucu yazarını heç vaxt atmır.

Daha onun statusunu görən kimi özündən çıxmır: “Heyf o şeirlərə, hekayələrə”.

Niyə heyf?

Bir statusla getdi o boyda şeir, hekayə?

Qətiyyən!

Əksinə o şeirlər, hekayələr qalacaq. O statuslar da lazımdı. Ən azından ona görə ki, “Daşqalaq” kütləsindən xəbərimiz olur. Belə insanların var olduğunu bilməyin özü qələbənin yarısıdır. Deməli, porsuğun yuvasına tüstü verməlisən ki, üzə çıxsın.

# 846 dəfə oxunub

Müəllifin son yazıları

# # #