“Səs”li diplom - Aydın Talıbzadə yazır...

“Səs”li diplom - <span style="color:red;">Aydın Talıbzadə yazır...
23 oktyabr 2017
# 21:57

Dünya iki gündür: birində doğulursan, o birində ölürsən.

Filmdə personajların sayı ikidir.

Ekranda yaşamaq və ölmək üçün onların cəmi iki günü var.

Orta əsrlər Avropasında və İntibah dönəmində ustadlar şurasının hər hansı bir peşə üzrə təqdir etdiyi tələbə işi nümunəsini şedevr adlandırırdılar. İndisə unikal sənət əsərinə şedevr deyirlər. Mən bu sözün hər iki məna sayrışmasından bəhrələnib də Azərbaycanın mədəniyyət koordinatlarına iki mesaj ünvanlayıram. Birincisi:

“Səs” qısametrajlı filmi 18 dəqiqəlik şedevrdir.

İkincisi:

Tanış olun: kinorejissor Dariyoş Nəcəfi Göl (Ərturan) və bu adı yadda saxlayın; sorağını dünyanın ən ünlü sinema festivallarından eşidəcəksiniz. “Səs” onun diplom işidir: İran-Urmiya Gənc Sinemaçılar Dərnəyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqdimatı ilə yayımlanır.

Soruşacaqsınız burada Göl nə demək? Dəqiq bilmirəm, amma məncə, Göl Ərturanın Urmiya əsilli olduğuna, Urmiya gölünü daima içində yaşatdığına və yaşadacağına bir işarədir; onun üçün gizli həmayildir, sonsuz qürurdur və enerjidir Urmiya.

Mən çoxdandır ki, heç bir Azərbaycan filmində bu cür qatı, yağlı boyalarla rənglənmiş milli məişət koloriti görməmişdim. Burada kolorit sözü təkcə anturaja yox, həm də filmin hadisə və məzmun qatına hopub aktyorların davranış tipində əyaniləşən bir keyfiyyətdir.

Özün cavan olasan, diplom filmi çəkəsən, amma qoca ərlə arvadın ömür sonundan seçilmiş bir fraqmenti bu dərəcədə sıcaq yansıdasan, doğru yansıdasan, milli mentallığın təzahür faktı kimi yansıdasan, ölümlə olumun arasındakı fərqi bir səslə obrazlaşdıra, poetikləşdirə biləsən, bir xorultu ilə iki insanın xarakterini tam açasan, onların iki günlük məişət təkrarları partiturasında növbələşən sevgi və nifrətinin, qəzəb və mərhəmətinin ani közərib də əlüstü sönməsini təmkinli kinotəhkiyədə bu cür eyhamlaşdırasan, personajların iç ovqatını, psixoloji durumunu kadr-kadr şəklə çevirib güzgüləyəsən, hər predmeti öz dövrünün “lal” mətni kimi təqdim eləyəsən, kiçik bir həyət hüdudlarında milləti danışasan, epoxanı danışasan, xalqın inancını, adətlərini danışasan, həqqən ki, bunu hər adlı-sanlı kinorejissor belə hələm-hələm bacarmaz.

Səs varolmanın dəlalətidir, nəfəsdir, hənirtidir, yaşam əlamətidir, insanın dirilər aləminə mənsubluğunun sübutudur. Ölüm bütün səsləri birdəfəlik kəsir. Varlığın səsi var; yoxluğun səsi olmur. Ona görə insan həmişə səsdən ikiəlli “yapışır”.

Ər (Tağı Türkmani) və arvad (Turan Məlikara): yaşları yəqin 70-i keçib. Aktyorlar personajlarla, demək olar ki, həmyaşıddırlar: özlərini oynayırlar. Kamera (Mehdi Meyməndi) onları evin tavanından görüntüyə alır: xalça üstünə atılmış allı-güllü yorğan-döşəkdə yatıblar. Otaq yarıqaranlıqdır. Arvad yerindən qalxıb küləyin döyəclədiyi pəncərəni bağlayır: qayıdıb yatağına girir. Yatmaq istəyir; yata bilmir. Kişinin xorultusu evi götürüb başına. Daha dözülmür. Aylarcadır, bəlkə də illərcədir bu xorultu hər gecə eyni qaydada təkrarlanır. Yaşlı qadının səbr kasası dolub. Arvad çölə çıxır.

Filmin ilk epizodları həməncə məlum eləyir ki, Ərturan sinemada İran neorealizminümayəndələrinin kino manifestinə, onların dəstəklədiyi estetik prinsiplərə sadiq birisidir, gerçəkliyi bədii kino parametrlərində sənədləşdirməyə meyllidir. Amma mən hesab eləyirəm ki, Ərturanın çəkdiyi film bu istiqamətdə yeni mərhələ işartısıdır. Çünki növbəti kadrda Dariyoş Nəcəfi Göl epizodu şeirə çevirir, qadın və kişinin duyğusal yaşantılarının kamera ilə rəsmini çəkir, portret estetikasında işləməyi üstün sayır.

Gecənin bir aləmi… Cırcırama səsi… Həyət səkisi… Pəncərəsində işıq öləziyən köhnə, kərpicdən hörülmüş ev divarının qarşısında qoca qadın əyləşib fikirli-fikirli papiros sümürür və handan-hana başını qaldırıb üzünü buludların arxasında gizlədən aya tutur. İlin modern üslubda quraşdırılmış ən romantik kadrı deyərdim mən buna.

Səhər açılır. Kişi hələ də yuxudadır. Arvad kiminsə, yəqin ki, övladının, bəlkə də ərinin şəklini ləmədən götürüb silir, radionu yandırır, pəncərə önündəki gülləri, səmənini sulayır. Deməli, Novruz ərəfəsidir. Ona görə radioya aşıq çağırıb saz havasıyla xalqı oyadırlar. Yaşlı qadın yerini yığışdırıb kadrdan gedir, kamera isə yataq otağında kişinin yanında qalıb çay tədarükü görən qadını məlul-məlul, pişik kimi güdür. Elə bu zaman qadın samovar üçün su götürərkən danqa-durunq salıb kişini diksindirir, onu dilxor eləyib yuxudan ayıldır. Bilə-bilə, yoxsa təsadüfən, qocalıq ucbatından, yainki xorultunun əvəzini çıxmaq niyyətilə?

Arvad (Turan Məlikara) həyətdədir; pişik üçün bir cam süd qoyur və gözlərini zilləyir pişiyə: çöhrəsi nurludur, mərhəmətlidir. “Bizdə bir kişi var, xor-xor yatışı var”… Kişi ilə pişik sözlərini yalnız bir “p” hərfi fərqləndirir. Pastoral janrında xəfif rejissor təbəssümü… Amma filmin janrı oxşasa da, pastoral deyil; pritçavari tənhalıq dramıdır. Başqa sözlə, filmin poetikası folklor müstəvisindən, Şərq hekayətlərindən boy verir.

Sonra kamera göstərir ki, qadın Urmiya sahillərində yaşayan insanlar üçün səciyyəvi uzunsov təndir çörəyi alıb küçədən evinə qayıdır. Girir içəri. Kişi süfrə başında şahqulu bəy kimi oturub: qoca olmalarına rəğmən kişi hökmrandır, aqressivdir, üstün mövqe sahibidir; arvad isə xidmətçi kimi davranır, ərinin nazı ilə oynayır, onu ehtiyatla, həlim-həlim danışdırır.

Film narrativ minimalizm üzərində qurulub: qəhrəmanlar barmaqla sayılası qədər az söz söyləyirlər. Çünki kadrlarda əsas söz yiyələri predemetlər, jestlər və baxışlardır. Personajlar özlərini, dədə-babalar tərəfindən qanuniləşdirilmiş mental həyatı məişətə proyeksiya eləyiblər: hər yandan bir köhnəlik, keçmişlik məsumiyyəti yağır: ev özü haradasa məscidlə pir versiyasıdır və bu məkan personajların düşüncə və rəftarını yönləndirir.

Kişi səhər süfrəsində qara çay əvəzinə yarpız çayı görüb şaşırır. Bu nəmənədir? Məlum olur ki, buruniçini yumşaltmaq, xoruldamağın qarşısını almaq üçün vasitədir. Pah, kişiyə bunu demək mümkünmü? Coşub əsəbiləşir: ittihamı rədd edib deyir ki, mən xoruldamıram!

Tağı Türkmaninin qocası haradasa arıq, sısqa, çox səliqəli bir kişidir: aktyor personajını zahirdə hövsələsiz, hikkəli, tərs diktator, batində isə kövrək, həssas birisi kimi ekrana yansıdır. Turan Məlikaranın qoca ağbirçəyi isə belibükük, astagəl, abırlı, əmin, fağır kəndçi nənə təəssüratı yaratmasına rəğmən daxildən kötük kimi möhkəmdir, balta kimi ağır, ipək kimi yumşaqdır.

Münasibətlərin konflikt zirvəsi xor-xor qəlyan ortaya gətirildikdə aşkarlanır və sinirləri dartıb tarımlaşdırır. O qədər gərgin bir durum sərgiləyir ki rejissor… Kişi xor-xor qəlyanı xortuldadanda arvad əlindəki təsbehi yerə tullayıb hətta ərini boğa bilər. Ancaq o bunu eləmir: yavaşdan “sübhanallah”, “sübhanallah” deyib təkrarlayır və rejissor diqqəti həməncə onun təsbeh danələrini çevirən barmaqlarına yönləndirir. Bu barmaqlarda və onun naçar gözlərində üsyanla dözüm sanki bir-birini didib parçalayır.

Gecə kişi yenə xoruldayır. Qadın yorğanın altından babinli maqnitofonu çıxardıb xorultu səsini lentə yazır: yazır ki, səhər kişiyə hər şeyi sübut eləsin.

Səhər açılır dünənki səhərin təkrarı kimi. Bircə fərq bundadır ki, dünən radioya aşıq Qurbanı çağırmışdılar, bugün aşıq Dehqanı (“dehqan” sözü farsca kəndçini bildirir). Qadın yenə samovarı su ilə doldurur, yenə pişiyə süd verir, yenə çörək alıb geri dönür, amma kişini süfrə başında görmür. Əri yatağından qalxmayıb. Arvad kişiyə yaxınlaşır, “Böyükağa, Böyükağa” deyib ərini səsləyir. Kişi oyanmır.

Qapıya matəm gəlir. Qadın qara geyinib həyətdə əyləşir. Kişinin paltarları hələ də zivədədir; özü isə yoxdur. Axşam düşür. Arvad yatağına girib yatmaq istəyir. Heç cür yatammır. Durub əri üçün həmişəki kimi yorğan-döşək açır, balış qoyur və maqnitofonu yandırır. Qayıdıb yerində uzanır. Otağı xorultu səsi bürüyür, qadın da gözlərini yavaşca yumub yuxuya gedir.

Dünya iki gündür: birində doğulursan, o birində ölürsən. birində çığırırsan, o birində susursan. Qocala-qocala səslərdən qaçırsan; amma bir gün hətta adi bir hənirtiyə, adi bir xorultuya da möhtac olduğunu anlayırsan. Çünki bilirsən ki, səs həmişə varlığın səsidir: mövcudiyyətin əlamətidir.

Bax, belə olur “SƏS”LI DIPLOM: sonra da ordan-burdan eşidirsən ki, bu “SƏS” birincilik səsləri toplayıb kinorejissor Ərturanı (Dariyoş Nəcəfi Göl) dünya kinematoqrafiyasına bənd elədi… /sim-sim.az/

# 2762 dəfə oxunub

Müəllifin son yazıları

# # #