Mıxı mismara döndərən Kəlbəcər

Mıxı mismara döndərən Kəlbəcər
25 noyabr 2020
# 11:04

Bu 28 ildə çox şeylər gördüm.

Film kimi hadisələr, hadisə kimi filmlər.

Verilişlər, yazılar, şeirlər...

Kəlbəcərin qaçaqaç vaxtı vertolyotun yanında uşağını haraylayan orta yaşlı bir qadının hayqırtısı qədər heç nə mənə təsir etmədi.

Ondan on qat artıq faciələr belə!

O qadını hər görəndə, onun səsini hər eşidəndə içim qırılıb töküldü, sarsıldım, saatlarla özümə gələ bilmədim.

40 yaşın bu üzündən, çoxlu kitabların arxasından və ağaran bakenbardların arasından həyat mənə əvvəlkindən xeyli fərqli görünür.

Dəhşətli hadisə yoxdur dünyada, hadisəyə dəhşətli münasibət var.

Bu mənada dərd də anlamını dəyişir, kimin üçünsə dözülməz bir həyat gerçəyi kimin üçünsə adi təcrübəyə çevrilir.

Lakin qeyri-müəyyənlik həmişə sarsıdıcıdır!

Uşaqlıqda həmişə ilandan, canavardan, bir də vaşaqdan bərk qorxurdum. Ondan da artıq qaranlıqdan qorxurdum. Bəzən öz-özümə düşünürdüm: qaranlıqdan nə çıxıb mənə ilan, canavar və vaşaq qədər zərər verə bilər? Əlbəttə, heç nə! Bəs elədirsə niyə qaranlıqdan ilan, canavar və vaşaqdan qat-qat artıq qorxuram?

Suala çox sonralar, deyəsən, bakenbardlarım ağarmağa başlayanda cavab tapdım. Qaranlıq qeyri-müəyyəndir! İlan məni çalar - ölərəm, canavar yeyər - ölərəm, vaşaq parçalayar - ölərəm.

Bəs qaranlıq mənə nə edər?

Bilmirdim və məni qorxudan da bu idi.

Hiss edirdim, qaranlıqdan qorxmağımın min illərlə yaşı vardı. Hesablayan olsa ilk ildırım səsindən qorxub daşa sığınan ulu əcdadımacan gedib çıxardı.

Və Kəlbəcər çıxan vaxtı belində körpəsi vertolyota qaçan qadının qələbəlikdə itirdiyi oğlunu haraylayarkən çıxartdığı hayqırtıda qeyri-müəyyənliyə bürünmüş minillik qorxu vardı.

Bu hayqırtı önümüzdəki 28 ildə başımıza gələnlərin anonsu idi.

Hər şey qeyri-müəyyən, hər şey havadan asılı...

Hətta, o dərəcədə ki, sentyabrın 26-sı biri mənə desəydi ki, ay yarımacan Kəlbəcəri topsuz-tüfəngsiz, bir damla qan tökmədən geri qaytaracağıq, ona özünü həkimə göstərməyi məsləhət görərdim.

Dünyanın qeyri-müəyyən qorxularından doğan hayqırtılara qarşı yeganə təskinlik inamdır.

Mıxı mismara döndərən Allaha inam!

Yadınızdadırsa, bu əhvalat da qələbəmizin rəhni olan Şuşada baş vermişdi.

Qalanı işğal edən Qacar bir nalbəndə gecə yüz ifcin nal hazırlamağı əmr edir.

Mümkünsüzdür!

Nalbənd səhərəcən əlini ağdan-qaraya vurmur. Eləcə gözləyir. Arvadı deyir, ay yazıq, heç olmasa işlə, çalış, şahın sənə yazığı gəlsin. Deyir, tələsmə, arvad, gün ola, xərmən ola...

Səhər hava ağarmamış saraydan iki adam gəlir ki, şahı öldürdülər, dörd mismar düzəlt, tabutuna vurmağa...

Tanrı heç kimi qeyri-müəyyənlikdə qoymasın.

Necə ki, bizi Musanın qövmü kimi otuz il badiyələrdən adladandan sonra öz müəyyənliyimizə qovuşdurdu.

İçimizdə közərə-közərə yaşayan Kəlbəcər indi öz əzəmətli görünüşü və əzəmətli dönüşü ilə bu müəyyənliyin bariz isbatına çevrildi.

Xoş gəldin, doğma vətən!

Susmayan hayqırtılarımızı sənə halal edirik.

Sən də bizi olub-bitənlərə görə bağışla.

Tanrı bağışlayanları sevir.

# 3144 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #