“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində

“Görünən və görünməyən Səməd Vurğun” - Şairin ev muzeyində
4 noyabr 2026
# 09:40

Səməd Vurğunun ev-muzeyində görkəmli şairin həyat və yaradıcılığının az məlum olan məqamlarına həsr edilmiş “Görünən və görünməyən Səməd Vurğun” adlı görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə bir sıra ali məktəblərin müəllim və tələbələri, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.

Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov görüşün əhəmiyyətindən danışıb, qonaqları muzeydə görməkdən məmnunluğunu ifadə edib. O, belə görüşlərin Səməd Vurğunun zəngin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy Xalq şairi Səməd Vurğunun şəxsiyyəti, həyat və yaradıcılığının az məlum olan maraqlı məqamları, eləcə də Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə danışıb. O, apardığı tədqiqatlar zamanı şairin 20-yə yaxın naməlum şeirini üzə çıxararaq elmi ictimaiyyətə və oxuculara təqdim etdiyini, onlarla şeirinin əsas mətnini və yazılma tarixini dəqiqləşdirdiyini diqqətə çatdırıb.

Görüş zamanı şairin az tanınan əsərlərinin əlyazmaları da iştirakçılara nümayiş etdirilib.

Tədbir sual-cavab formatında davam edib. Sonda maraqlı sualları ilə fərqlənən tələbələr mükafatlandırılıblar.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər