Kulis.Az gənc şair Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edir.
Çayda Çimmək Qədər Sevmək
 
bir dəfə uşaqlıq dostum Rahidlə - beş yaşımız olanda 
qonşudan bir qutu “Kosmos” siqareti almışdıq 
götürüb qaçmışdıq çaya çimməyə... 
 
çayda bir dərin yer vardı – qəbiristanın altında 
qazıb dibini qumunu aparmışdılar 
dərin, tənha bir yer idi – suları da bulanıq 
ətrafına motal ağaclarından sərhəd çəkilmişdi sanki 
bir də böyürtkən kolundan kölgənəcək...
 
kimsə görməzdi bizi çiməndə və siqaret tüstülədəndə 
bir də təmiz lüt çimirdik 
siqareti də lüt çəkirdik hər dəfə çölə çıxanda 
uşaq idik – anlamırdıq utanmağın nə olduğun 
indi olsa lüt çimmərik – heç çimmərik 
heç “Kosmos” da çəkmərik 
indi olsa dostluq da etmərik heç...
 
bir də gördük qəbiristanın yanındakı evlərin birinin oğlu – 
Elnur gəldi 
bizdən bir neçə yaş böyük 
bizdən bir neçə yaş daha hiyləgərdi 
ona qədər kəndə doğulan uşaqların 
çoxbilmiş olduqlarına inanmırdım...
 
çıxmışdıq çöldə Rahidlə siqaret tüstülədirdik 
Elnuru görən kimi tez qaçıb girdik suya 
insan özündən böyükdən utanırmış böyüdükcə 
özündən balacalardan utanmırmış insan böyüyəndən sonra...
“Kosmos”un on giləsini verdik Elnura dinməsin 
çıxıb getsin – 
bizi evdə satmasın...
çimdik çıxıb gəldik evə - siqaretləri çəkib 
çay elə çaylığında qaldı o vaxtdan bəri 
biz ama uşaqlığımızda qala bilmədik – böyüdük 
böyüklərin yanında siqaret çəkdik 
uşaqları çayda çimməyə qoymadıq 
ya da on gilə “Kosmos” alıb evdə demədik...
 
mən böyüyəndən sonra başa düşdüm – 
onda uşaq olduğumu 
mən böyüyəndən sonra başa düşdüm – 
böyüklər çayda çimməz - gizlincə siqaret çəkməz 
mən böyüyündən sonra başa düşdüm – 
böyüklər hər şeylərini açıq-aşkara edər – 
uşaqların gözlərinin önündə...
mən böyüyəndən sonra böyük olmaq istəmədim 
çayda çimmək istədim 
bir də gizli “Kosmos” çəkmək uşaqlıq dostum Rahidlə...
mən ilk dəfə böyüyəndən sonra sevdim səni 
kənddə çayda çimmək qədər gözəl idi səni sevmək 
bir də gizli “Kosmos” siqareti çəkmək...
Uzaqdan Gələn Adamın Sevgi Şeiri
əslində heç kim yoxdu bu dopdolu həyatımda
nə qadınlar, nə dostlar, nə də anam
nə də uzaq insanlar
unutduğum insanların başında sən gəlirdin
özün çıxıb getsən də...
 
özün çıxıb getsən də daha çox gəlmiş sayıla bilərdin
gəlib məni bütün adi hallarımla görməmiş
gəlib mənə nifrət etməmiş sayıla bilərdin...
necə biri olduğumu ən yaxşı mən bilirdim
ən yaxşı mən bilirdim kimlər məni sevmişdi
kimlər sevməmişdi məni
ən yaxşı mən bilirdim...
 
elə günlər oldu ki
hansısa adi məqamda daha çox sevdim səni
daha çox unutdum səni ən adi insanlarda
ən yaxşı mən bilirdim
qadınların, dostların, anamın, bir də sənin
oxşar bir yanı vardı - məndən uzaq olmağı
mənə yad biri olmağı...
 
mənə yad olanlar vardı bu şəhərdə
mənə yad olanlar vardı kəndimizdə
mənə yad olanlar vardı bu dünyada
bir doğma adamım yoxdu
sevmədiyim günlərin əvəzinə məni sevsin
bir doğma adamım yoxdu
səni sevdiyim beş günü mənə bağışlaya bilsin...
 
bir adamım yoxdu mənim, bir adamım
hamısı çox adam idi
min sifətli, min sevgili, min ayrılıq daşıyan
mənə qədər hamısı da kirlənmişdi
hamısı da doğulmadan ölmüşdü...
 
ölüləri sevə bilməzdim bağışla
səni sevə bilməzdim
qadınların, dostların, anamın və insanların arasında
səni sevə bilməzdim...
 
hamısı çox uzaqdaydı - sənin kimi
sənin kimi bu həyata
aid olan heç nəyi sevə bilməzdim
səni sevə bilməzdim...
 
bir gün çox uzaqlarda görsən məni, şaşırma
bir gün məni qadınlardan, dostlardan,
anamdan və insanlardan
uzaqda görsən, şaşırma...
 
zatən mən heç yaxınlarda olmadım
zatən mən çox uzaqlardan gəlmişdim
gəlib səni sevmişdim...
Ortalıqdakı Sevgi Şeiri
sən əvvəllər yox idin
sonralar da olmadın
ortalıqda bir yerlərdə dayanmışdın
o qədər dayanmışdın ki ortalıqda
nə əvvəllər var idin
nə də sonralar olmadın...