Aparıcı olmağımdan utandım

Aparıcı olmağımdan utandım
7 aprel 2015
# 14:51

Mən ömrümdə hansısa verilişi və ya aparıcını mətbuatda tənqid etməmişəm. Efirlərdə ən biabırçı vəziyyətlər, ən səriştəsiz aparıcılar görmüşəm. Amma bu gün and içirəm ki, qan təzyiqimi qaldırıb halımı pisləşdirən bir məsələ oldu və mən daşıdığım addan utandım - onlar aparıcıdırsa, biz kimik?

Saytlardan birində Ümidə Həsənli adlı jurnalist həmkarımın “Space” kanalında efirə gedən “Əsl şou” verilişi haqqında yazısını oxudum. Yazdıqlarından dəhşətə gəldim və açıb həmin verilişi izlədim - cəmi 10 dəqiqə.

Aparıcıya aid bütün keyfiyyətləri kənara qoyan - orfoepik qaydalar, məntiqi vurğu, intonasiya, fasilə, tonlama, bədən dili və sair kimi tələblərdən xəbəri olmayan aparıcı oğlan məhəllədə imiş kimi “Hər vaxtıvız xeyir olsun, üzüvüz gülsün, mənə elə gəər (gəlir – red.), alqışlarıvız”, - deyərək digər aparıcını, həmkarı Səidə Sultan adlı müğənnini dəvət etdi. Onu “Sultanların sultanı”, “Hürrəm Sultan olmayanda, hələ o var idi”, - deyərək təqdim etdi. Oğlan onu musiqi sədaları altında dartışdırdığına görə güclə ayaq üstə duran xanım aparıcı “Sizləri burda görməyimizə xoşdur” kimi bir cümlə qurdu. Sonra normal tamaşaçını dəhşətə gətirən, heç bir çərçivəyə sığmayan, adamın könlünün yox, elə birbaşa mədəsini bulandıran söhbət başladı.

Qadın aparıcının “Məni sultanların sultanı adlandırmağın xoşuma gəldi” deməsinə oğlanın “Mən səni “həmkarım” yox, “həm karım” adlandırıram cavabı, xanımın musiqisiz-filansız durduğu yerdə oynaması, gecə saat 4-də yatdıqları halda səhər tezdən canlı yayımda olmağı tamaşaçıların başına vurması yəqin ki, Azərbaycan televiziyasındakı “dəhşət”in pik nöqtəsidir.

Efirdə nə gəldi danışan xanım aparıcının “bu, bizim borcumuzdur, aparıcı gərək özü efirdə fişfışa olsun ki, tamaşaçı da fışfışa olsun” sözlərini lazımi təşkilatlardan eşidən varmı? Belə aparıcıların bu “borcunu” yerinə yetirməsinə niyə göz yumursunuz, möhtərəm səlahiyyətli şəxslər? Ana dilimizi korlayanlar, efirə jarqon və “parazit” ifadələri, “mikrob” sözləri gətirənlər və belələrinə şərait yaradanlar! Yadınıza salım ki, ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı var. Sərəncam 23 may 2012-ci ildə imzalanıb. Və elə bu gün Azərbaycan Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası və AMEA Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibəti ilə dəyirmi masa keçirilib...

Əziz həmkarlarım, ictimai rəy formalaşdırmaq KİV-in əlindədir. Qoy, Azərbaycan televiziyasının efiri dilimizi mükəmməl bilən, normalara əməl edən, aparıcıya verilən tələblərin öhdəsindən gələn, əxlaqlı, mənəviyyatlı, cəmiyyətə örnək olacaq peşəkarlardan təşkil olunsun!

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #