Xalqdan xal toplayan yazıçılar

Allahverdi Həsənov

Allahverdi Həsənov

3 iyun 2022
# 14:00

Kulis.az Allahverdi Həsənovun "Xalq-yazıçı, yazıçı-xalq" adlı yazısını təqdim edir.

Azərbaycanda fəaliyyət göstərən sənətçilər, yazıçılar, şairlər hətta müğənnilər arasında bir banal söhbət geniş şəkildə yayılıb:

“Mən xalqımı sevirəm, xalqım da məni”

Necə də qorxulu, böyük ambisyalı, naftalin iyi verən bir cümlədir.

Əslində, cəmiyyətin elit təbəqəsinə aid olan bu insanlar təbii ki, Elgizin verlişində oturub ailə münasibətləri, ginekologiya, sonsuzluq, gəlin-qaynana davası haqqında danışmalı, bütün günü məktəblərdə olan tədbirlərə getməli, hansısa məmurun nəvəsinin kiçik toyunda səmimi qəlbdən bir sağlıq deməli deyil.

Yazıçı kütlənin bağrına girdikcə, kütlə onu yeməyə başlayır, sonra onu daha acgözlüklə, sanki arağın üstündən yeyilən isti manqal salatıtək yeyir, doymur, doymur, sonda isə heç bir vicdan əzabı çəkmədən Xəzər dənizinə buraxır, ütündən də yaxşıca gəyirir.

“Mən xalqın içindəyəm, mən xalqlayam, məni onlar var elədi, mən xalqsız heç kiməm” deyən yazıçıları belə həzin bir son gözləyir.

Bir dəfə “28 May”da, Səməd Vurğun parkının yanında bir şairi gördüm, pilləkənlərdə oturub peraşki yeyirdi, peraşkinin yağı üzünə, əllərinə, saqqalına, bığına, bulaşmışdı, sanki bu adam bir yağ hovuzuna girib saatlarla orada üzmüşdü. Yayın istisidən bu yağa tər də qarışmışdı, bu anlarda mən ondan 7-8 addımlıq məsafədə dostumu gözləyir və onu səmimi qəlbdən Divanü Lüğat-it-Türkdəki bütün söyüşlərlə söyürdüm.

Nəhayət, bu yazıçı məni gördü, çox heyf ki, tanıdı, ayağa durub yavaş-yavaş mənə doğru irəlilədi, elə yağlı, tərli əlləri ilə mənə bir Allah salamı uzatdı, nə etmək olardı, bu situasiyada, Allah salamıdır, gərək alasan.

Ən azından mənə salam verməmişdən əvvəl yağlı, tərli əlini köynəyinə silmişdi. Sonra mənimlə qışqıra-qışqıra söhbət eləməyə başladı, söhbət etdikcə orada olan alverçilər, taksi sürücüləri, tualet işlədənlər, dilənçilər, polislər, limonsatanlar, kafe işlədənlər, “28 May”da seyrək şəkildə görülən, padvallarda gününü keçirib serrozdan ölən ruslar, qarğalar, sərçələr bu yazıçımızla söhbət edib gedirdi. Fikir verdim ki bu adam, doğurdan da, bu ərazi üçün “Marvel” qəhrəmanı kimi bir personajdır, onu hamı tanıyır, hamı sevir.

Burada hamının öz funksiyası olduğu kimi onun da bir funksiyası var, içki məclislərində bu kiçik sahibkarları yeri gələndə əyləndirmək, yeri gələndə kədərləndirmək. Həmin insan bu ərazi üçün endorfin, dopomin mənbəyi idi.

Xalqla iç-içə o qədər vaxt keçirmişdi ki, xalqdan biri olmuşdu. Bəli, yerə loppa ilə tüpürmək, siqareti çəkəndən sonra hara gəldi vızıllatmaq kimi vacib kodeksləri mənimsəmişdi.

Əslində, onunla Balzakdan, Selincerdən, Dadaizmdən danişə bilərsiniz, mütaliəli insandır, sadəcə, o an, ətrafda olan insanların baxışlarından qurulan totalitar bazar rejimi bu söhbətlərə uyğun deyildi. Bəlkə də, bu ağsaqqal Mevlananın “hər doğru hər yerdə deyilməz” şüarına qətiyyətlə əməl edən bir ərdəm, bir müdrik idi.

Sadəcə yeganə səhvi kütlənin dərin, boğucu banallığına kəllə vurması idi. Ona təriflər də, tənqidlər də sidik, qaynanmış noxud və ət iyi verən zirzəmilərdə edilirdi. Bax buna deyərəm “underground ədəbiyyat”.

Dəyərli yazıçılar, bu səbəbdən belə dərinliyə bu qədər baş vurmayın, bir də görəcəksiniz ki, mərkəzi küçələrdə boğazınızda xalta hamı sizinlə şəkil çəkdirir, Elgizin verlişində gəlin-qaynana söhbətində ekspert kimi çıxış edirsiniz, kimsə küçədə başınızdan bir qapaz vurub deyəcək ki, “ayəə bir şeir de görüm əəə”.

Unutmayın, bu cəmiyyət böyük bir “Ə” hərfidir, bütün dizyanlarda, klaviaturalarda artıq, əyri qalan “Ə” hərfi. Bu “Ə” hərfinə çox yaxın dursanız sizi meymun da edər, kloun da.

Əsas hədəf əlində tum, bu vəziyyətə düşən yaradıcı adama qəşş edib gülməkdir, bu səbəbdən ehtiyatlı olun.

# 22157 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #