Tələbələrə əxlaqsızlıq təklif edən müəllimi necə cəzalandırmalı?

Tələbələrə əxlaqsızlıq təklif edən müəllimi necə cəzalandırmalı?
4 may 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Arxanı aç, düşən var” adlı yazısını təqdim edir.

Əxlaq və mənəviyyat

Əxlaq vərdiş halıdır. Nəyə vərdiş etsən, o da olur sənin əxlaqın. Azərbaycanda əxlaq mənəvi norma deyil. Tək adamın əxlaqı olmur. Əxlaq yalnız cəmiyyətlə sintezdə yaranır.

Insanlar bir yerə yığılır, nəyəsə vərdiş edir və beləcə əxlaqi qaydalar sistemi yaranır. Üstəlik, cəmiyyət pis vərdişlərə meylli olduqları üçün əxlaq, əsasən, pis vərdişlər halıdır. Yəni misalçün: rüşvət pisdir, amma bu, ölkəmizdə kütləvi hal olduğu üçün, heç kim rüşvət alana əxlaqsız adam kimi baxmır.

Həmçinin yalan danışmaq, oğurluq etmək, kiminsə haqqını yemək, zəifi basıb əzmək də əxlaqsızlıq sayılmır. Çünki buna imkanı olan hər kəs belə pis əməllərdən çəkinmir, onu vərdiş halına gətirir və bu da olur, Azərbaycanda əxlaq.

Əxlaq sözü ərəbcədən “məxluq”, “xaliq”, yunancadan isə “etika” sözündən gəlir. Etik insan olmaq heç kimin məcburiyyəti deyil. Bu səbəbdən kütləvi baş verən pislik və naqislik hallarını “əxlaq” adı altında soxuşdurmaq olur. Bu cür pis vərdişlər o qədər adiləşib ki, onların əxlaqlı, yoxsa əxlaqsız olmasının artıq heç bir əhəmiyyəti yoxdur.

Əxlaq Azərbaycanda “hansı qadın evə saat neçədə gəldi?”, “harda nə işlə məşğul oldu?”, “nə yedi?”, “nə içdi?” və s. kimi primitiv məişət səviyyəsizliklərindən oyana keçə bilmir.

Əxlaqın lokallığı və vərdiş aktı olmasını, əslində, məişətdə, banal həqiqətlərdə görmək olar.

Misalçün, bir dəfə birinci kursda universitetin koridorunda qaçırdım, birdən hansısa kafedra müdiri bir qadın mənim qabağıma çıxdı. Özümü saxlaya bilməyib onun sinəsinə və döşlərinə dəydim. O, mənim qabağıma anidən çıxmışdı. Hər nəysə, burda günahkar kimdir, o qədər də fərqi yoxdur. O, mənə baxıb, ağzından horra tökülə-tökülə əsəbi şəkildə rusca nəsə dedi. Mən də ona dedim ki, mən rusca bilmirəm. Onda o dedi:

– Hardansan sən?
– Lerikdən – mən cavab verdim.
– Bura sənin üçün Lerikin meşələri deyil, ay gic talış. Rədd eliyərəm səni burdan – deyərək çıxıb getdi.

Bir anlıq fikirləşdim ki, necə yəni bura mənim üçün Lerikin meşələri deyil? Lerikin meşələrində qaçanda hansısa qadının sinəsinə və döşlərinə dəysəm, bu halda əxlaqsızlıq, tərbiyəsizlik sayılmır, amma Bakıda universitetdə rus bir qadına dəysəm tərbiyəsizlik, əxlaqsızlıq sayılır. Bakıda əxlaqsızlıq başqa cürdür, Lerikdə başqa cürdür, Gəncədə başqa cürdür. Əxlaq lokal olaraq da öz içində normalara ayrılır.

Azərbaycan cəmiyyəti rekonstruksiyaya yararlı bir cəmiyyət deyil. Tutaq ki, Azərbaycandakı həqiqi əxlaqsızlıqları – rüşvəti, yalanı, oğurluğu, və s. – aradan götürdün. Onun yerinə nə qoyacaqsan?

Rekonstruktiv bir cəmiyyətdə, sökdüyün şeyin yerinə nəsə gətirirsən. Və bu nəsə yeni bir şey olur. Amma bizim cəmiyyət buna hazır deyil. Azərbaycan elə bir yerdir ki, tanımadığın taksi şoferi ora-burasını qaşıya-qaşıya, saqqız marçıldadaraq sənə deyə bilər ki, “bajoğlu, nə qədər maaş alırsan?”.

Və yaxud Azərbaycanda adamlar hələ irqçiliyin nə olduğunu bilmirlər. Məsələn, bir qaradərili adam görəndə ona baxırlar, gülürlər, lağa qoyurlar, “qara bala, qara bala” deyib ələ salırlar. Hələ şəhərdə heç olmasa bir az göz öyrəşib. Kəndlərdə yaşayan rəncbərlər, fəhlələr, feodallar, ümumiyyətlə, qara dərili insanların varlığından xəbərdar deyil. Onlar elə bilir ki, qara dərililər ancaq televizorda olur. Mən istəyirəm ki, bir neqr tapıb Lerikin ucqar kəndlərində nümayiş etdirim. Düzdür, bu hərəkət də irqçilikdir, rasizimdir. Amma, hər halda, kəndlilərin gözü öyrəşməlidir. Onlar qara dərili insanların da varlığından xəbərdar olmalıdır.
Bu cür səbəblərdən də oturuşmuş əxlaqi normaları heç cür dəyişdirmək mümkün deyil.

Amma əxlaqdan fərqli olaraq mənəviyyat fərdidir. Mənəviyyat vərdiş deyil. Müxtəlif pis variasiyalar arasında qalaraq doğru bildiyin, doğru hesab etdiyin seçimi seçmək kimi. Misalçün, imkanın varkən pislik etməmək, şəraitin varkən rüşvət almamaq, yalan danışmamaq, oğurluq etməmək mənəviyyatlı insan olmaqdır. Mənəvi olaraq zəngin insan naqislikdən, idbarlıqdan da uzaq olacaq. Din də, dövlət də insanı mənəviyyatlı olmağa çağırır.


Lənkərandakı “əxlaqsız” müəllim

“Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov universitetdə tələbə qızlara qiymət yazmaq üçün utancverici təkliflər edir. Belə ki, qızlardan biri onun bu əməlini ifşa etmək üçün video zəng görüntülərini qeydə alıb. Bu adam qızlara cinsi orqanını göstərir, onlardan da eyni görüntüləri tələb edir. Hətta bir neçə qıza görüntülərin "saxlanılmış" hissəsini yenidən onlara göndərir və "şantaj" işləri ilə məşğul olur. Bir neçə qız bu təklifi qəbul etsə də, ona qarşı çıxanlar da olub”.

Sosial şəbəkələrdə dünən belə bir xəbər yayıldı. TV-lərdə işaqlandırıldı və müəllimin özündən də açıqlama aldılar. Açıqlamada isə dedi ki, montajdı-filan. Bu artıq bizim problemimiz deyil. Əsas məsələ başqa şeydir.

Əslində, bizə maraqlı deyil, kim harada tökdürür, harada sökdürür. Bizə maraqlıdır ki, bu hərəkətlərin digər insanlarda və institutlaşmış idarələrdə hansı izləri qalır. Mənə, həqiqətən, maraqlı deyil ki, hansı müəllim öz cinsi orqanını hansı tələbəyə göstərir. Əgər hər iki tərəf razıdırsa, heç kim bundan narahat deyilsə, nə istəyirlər eləsinlər. Bu, əxlaqsızlıq deyil. Əgər kimsə buna əxlaqsızlıq deyirsə, o, başa düşməlidir ki, əxlaqsızlıq vərdişdən əmələ gəlir. Öz cinsi orqanını tələbəyə göstərən müəllim görməyə vərdiş etməmişik deyə bu bizə əxlaqsızlıq kimi gəlir.

Bax bayaq dediyim rekonstruksiya məsələsini bu söhbətdə aid edək. Tutaq ki, bu mənəviyyatsız müəllimi aradan götürdük. Onun yerinə nə qoymaq olar? Onun yerinə gətirilən müəllimə də dedi ki, ay qardaş, bax haa, öz cinsi orqanını hansısa tələbəyə göstərsən, səni işdən çıxaracağıq. Bununla iş bitəcəkmi? Bu söhbətdən sonra hər şey düzələcəkmi? Əlbəttə, xeyr. Götürdüyün şeyin yerinə heç nə qoymaq olmur. Hər şeyi təməlindən dəyişdirmək lazımdır.

Bəs məni nə narahat edir?

1. Bu mənəviyyatsızlıq – tələbə qıza cinsi orqanını göstərmək – hansısa nəticəyə xidmət edir və prinsipcə ədalətsizdir. Yəni tərbiyəsizlik etməyən tələbəyə qiymət yazılmır, yaxud aşağı yazılır. Tərbiyəsizlik edən, buna məcbur qalanlara isə yüksək qiymət yazılır.

2. Hansısa tərəf bu haldan razı deyil. Tələbələr narahat və diskomfortdurlar. Bu hadisə onların psixologiyasını korlaya bilər. Təsəvvür edin ki, qadınsınız və hansısa kişi müəllim sizə öz cinsi orqanının şəklini göndərərək qiymət yazacaq. Tüpürəsən elə universitetə də, müəllimə də, təhsil sisteminə də.

3. Hadisə, üstəlik, cinsi istismardır. Əgər digər tərəf razı deyilsə, heç kim, heç kimə öz cinsi orqanının şəklini ata bilməz.

4. Cinayət məsuliyyəti də ki, öz yerində. Şantaj cinayət aktıdır. Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

5. Bu, hərəkət mənəvi olaraq da naqislikdir. Necə deyərlər, adam kişi olar. Bu maddə sırf mənim üçün bir prioritetdir. Ola bilər, kimsə fikirləşsin ki, adam kişi olmaz. Bu da ayrı söhbətdir.

Müəllimlik də bildiyiniz kimi bəşəri bir peşədir. Hər kəsin müəllimi olur. Əgər bir müəllim, üstəlik, ali təhsil ocağında işləyən bir müəllim belə bir hərəkət edirsə, bu hərəkətdən hansısa çıxar güdürsə, həmin müəllimi o təhsil ocağından, ümumiyyətlə, cəmiyyətdən rədd eləmək lazımdır. Bu da ictimai qınaqla həll olunur.

Tələbələr dikbaş olmalıdır, sovetin köhnə fikirli, “Made in SSRİ” buraxılışlı müəllimciklərini divara dirəməlidirlər, üsyankar və özünəinamlı olmalıdırlar. Onsuz da, Azərbaycanda universitetlər ciddi qurumlar deyil. Tələbələr müəllimdən qorxmamalıdır. Onlara öz sözlərini deməlidirlər. Bu hadisəyə elə ən birinci tələbələr müdaxilə etməli idilər. Daha sonra ictimai qınaq və hüquqi müdaxilə ilə söhbət puç edilməli idi. O boyda Nikolayın evini pıçapıç yıxdı. Bu adam kimdir ki, onun evini yıxmaq belə çətin olsun?

# 5945 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #