“Komedixana”, "Stend-up Baku", “Dördün ağı” faciədir

“Komedixana”, "Stend-up Baku", “Dördün ağı” faciədir
19 may 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Böhtan və Böhran” adlı yazısını tədim edir.

Dünən xətrini çox istədiyim bir dostum mənə dedi:

“Heç utanmırsan? O nə yazılardır yazırsan? Oxunuş üçün, baxış sayı üçün çıxmadığın hoqqa qalmayıb. Sən yazıçı olmaq istəyirsən. Bilmirsən ki, bir müddət keçəndən sonra adamlar səni həmin yazılarla yadda saxlayacaqlar. Bir müddət sonra nə qədər yaxşı romanlar, hekayələr, esselər yazsan da, yenə deyəcəklər ki, “Stend-up Baku”dan yazan oğlan, Səfa Mehdiyə ilişən adam, bayağı, şit-şit şeylər yazan yazıçı. Sənin bu hərəkətlərini heç vaxt unutmayacaqlar. Yazı yazanda fikirləş ki, orda sənin imzan gedir. Reputasiyana xələl gələ bilər, imicin korlana bilər. Özünü yığışdır, elə yazılar yazma. Mən başa düşürəm ki, sizə oxunuş sayı da lazımdır, amma həm də siz ədəbiyyat portalısınız. Yazılarında “davay”, “çuşka”, “bambılı” kimi sözlər işlətmə”.

Mən bir müddət onun sifətinə baxdım. Açığı ondan belə sözlər gözləmirdim. Dostum da ədəbiyyatın içində olan, yazı ilə məşğul olmağın nə demək olduğunu bilən, məni yaxından tanıyan bir adamdır. Onun mənlə bu formada danışmağı, açığı qəlbimi qırdı. Hələ bu adam zövqünə, intellektinə bələd olduğum bir adamdır. Di gəl, vəziyyətə düzgün qiymət verməyi bacarmır. Həmin an ona ağzımı yaya-yaya ordan-burdan cavab verib, yola verdim. Çox da mübahisə etmədim. Kor tutduğun buraxmadığı kimi, onun da niyyəti niyəsə məni səhv çıxarmaq idi. Davam etdi, daha sərt sözlər dedi. Məni başqaları ilə, bir az keçəndən sonra özüylə müqayisə etməyə başladı. Axırda yenə də mən səhv oldum. Ona bildirdim ki, gəl daha başqa şeylərdən danışaq. Bunlar mənasız söhbətlərdir. Bundan sonra bir az ürəyi sakitləşdi, mənə yazığı gəldi, söhbəti dəyişdik.

Bu gün isə düşündüm ki, ona bir cavab verim. Vəziyyəti düzgün qiymətləndirməyən dostum başa düşsün ki, necə böyük bir səhvə yol verib. Həm mənə bu cür böhtanlar atmaqla, həm də ən yaxın dostunun qəlbini qırmaqla.

Əvvəla, mən ciddi adam-filan deyiləm. Buna iddiam da yoxdur. Ciddi adam olmaq üçün ciddi cəmiyyətim yoxdur. Ciddi əsərlər yazmaq üçün ciddi strukturum yoxdur. Niyə məni dayanmadan ciddi adam kimi qələmə vermək istəyirlər, başa düşmürəm. İndiyə kimi bəzi istisna halları çıxmaq şərti ilə palaza bürünüb, elnən sürünmüşəm. Ciddiliyə heç vaxt ehtiyacım olmayıb. Özümü sıxmamışam. Sadə dolanıb, sadə ömür sürmüşəm. Bu mənim həyat tərzimdir. Sadəliklə bayağılığın sərhədini bilirəm. Nə vaxt sadəlik öz cızığından çıxıb, bayağı hal almağa başlayır, onu fəhmlə hiss edirəm, şükür Allaha. Buna görə də sadəlik məni qorxutmur, əksinə, sadə yaşamaq, ciddi olmamaq mənə zövq verir. Yazanda da sadə, rahat, bildiyim şeylərdən yazıram. Heminquey deyir ki, əgər bir əsər rahat oxunursa, bu o demək deyil ki, həmin əsər rahat yazılıb. Ədəbiyyatın bir vəzifəsi də hər şeyi mürəkkəbləşdirmək yox, sadələşdirməkdir. Ona görə dostumun, məncə, ədəbiyyat haqqında təsəvvürləri yanlışdır. Bir də ki “ciddi” deyəndə nə nəzərdə tutulur? Bu 16-17 yaşlı qızların sözü olmasın, kimə görə, nəyə görə? Ciddilik hazırkı vəziyyətdə nə qədər prioritet kimi götürülə bilər?

İkincisi, mən başa düşürəm ki, dostum mənə nə demək istəyir. Əslində, mənim üçün də xoş deyil ki, durub Səfa Mehdi, nə bilim Əli Xəyyam kimi adamlardan yazı yazım, onları tənqid edim. Mən bundan həzz almıram. Bunu sevə-sevə, yaxud nifrət edə-edə yazmıram. Hətta sizə deyim ki, pafoslu səslənsə də, ürək ağrısıyla yazıram.

Dostumun sözü düzdür, bir halda düzdür ki, o inkişaf etmiş cəmiyyətlərdən, inkişaf etmiş xalqlardan danışır. Bəli, inkişaf etmiş cəmiyyətlərdə ədəbiyyat estetik zövq üçün yazılır və oxunur. Bizim kimi üçüncü sort adamlar heç vaxt kitabı zövq üçün oxumurlar. Yazıçının da zövqlə, bayağılıqla bir dərdi olmur, oturub əsərini yazır. Sənət üçün sənət yaradır. Amma bunu bizim cəmiyyətə aid etmək, yüngül desəm, insafsızlıqdır axı. Bizim ölkənin mədəni səviyyəsi “Komedixana” səviyyəsindədir. Yəni bu faciəni görmək üçün bir dəstə kitab oxumaq, həyatı başa düşmək lazım deyil. Gözlərini azca açırsan və müşahidə edirsən ki, bu cəmiyyət amorfdur. Amorf cəmiyyətdə sən hansı sənətdən danışa bilərsən ki? Orda “Komedixana”ya, Rafinşə, “Dördün ağı”na, “Stend-up Baku”ya-zada baxırlar. Belə bir iflic halda məndən durub sənət tələb etmək, ciddi adam olmağı, şit-şit yazılar yazmamağı istəmək həyasız bir iddiadır. Adam gərək bir az insaflı ola.

Ölkənin reallığı sənin intellektual və mədəni səviyyəndən aşağıdırsa, nə etməlisən? Oturub, “vətən dərdi” çəkməlisən. Mən də istərdim ki, oturub gözəl romanlar yazım, müqayisəli ədəbiyyatla məşğul olum və s. Amma bayağı, qeyri-ciddi yazılar yazıram. Nə üçün? Çünki ona ehtiyac var. Bir sözlə, yazıçı Əli Əkbərin dediyi kimi:

“Müasir Azərbaycan ədəbiyyatı boşluq fenomenidir. Onun, ümumiyyətlə, mövcud olub-olmadığını demək çətindir. Ontoloji analizə ehtiyac yoxdur, hər şey göz önündədir – bu gün Azərbaycan ədəbiyyatı adlanan olqu əyalətçilik və xalis çuşkalıqdır”.

Tamamilə doğru, yerində deyilmiş fikirlərdir. Bu mövzuda artıq nəsə demək, zənnimcə, boşboğazlıq olar.

Siz elə fikirləşirsiniz ki, bizim kimi cəmiyyətlərdə adamları bədii sözün gücünə inandırmaq olur? Qətiyyən. Burda yazı adamına mənasız bir iş görən, bambılı adam kimi baxırlar. Pulun, kreslon, mandatın, day-dayın yoxdursa, istəyirsən dünyanın ən gözəl romanını yaz. Mümkün deyil. Bu hələ azmış kimi yazıçıya mənasızcasına bir nifrət, paxıllıq var. Hələ bayaq dediyim kimi, bizim kimi kreslosuz, pulsuz, öz gücünə yazıçı olmaq istəyən uşaqlara qarşı böyük bir aqressiya da var. Necə yəni, pulsuz yazıçı? Bunlar heç də gözdən qaçırılası detallar deyil. Əslində, bu mövzulardan danışmağı sevmirəm, gileylənmək çıxış yolu deyil. Bu söhbətləri nə qədər çox etsən, o qədər hörmətdən düşürsən.

Bizim ölkəmizdə adamlar özlərini ifadə edə bilmirlər. Şəhərdə aparılan sorğulara baxsanız görərsiniz ki, insanlar danışa bilmirlər. Qoyun kimi adamın üzünə baxırlar. Daima narazıdırlar, amma nə üçün narazı olduqlarını ifadə edə bilmirlər. Buna görə də həmişə əsəbi və gərgin olurlar. Dünən bir restoranda stulda bir az “rahat” oturmuşdum, ayağımı ayağımın üstünə atmışdım. Restoranın administratoru gəlib mənə dedi ki, ayağını bu formada uzatma. Soruşdum, niyə? Dedi ki, nə bilim, icazə yoxdur. Onunla dilləşmədim, yola verdim getdi. Bunlar hamısı özünü ifadə edə bilməməyin nəticələridir. Buna görə də yazı ilə məşğul olan adamlara qarşı çox kinli bir vəziyyət var. Çünki biz az-maz özümüzü ifadə edə bilirik.

Daha vacib bir məsələ isə təbii ki, puldur. Mən o yazıları həm də pul qazanmaq üçün yazıram. Düzdür, heç kim mənə demir ki, get “Stend-up Baku”dan yaz. Amma, bütün hallarda, prinsipcə bu mənim işimdir. Mən burda dulusçuluqla məşğul deyiləm, yazı yazıram.

Dünyaya bir dəfə gəlmişəm, əlimdə bircə dənə həyatım var. Və mən bu həyatımı yazıyla məşğul olaraq keçirmək istəyirəm. Azərbaycanın hazırkı “ədəbi mühit”ində bunu istəyəcək, bunu etməyə bacarığı, gücü olacaq 3-4 adam var. Qalanları hamısı suyun üstünə yazırlar. Ədəbiyyata mənasız iş kimi baxılırsa, burda birbaşa günahkar həm də həmin bu Azərbaycandakı özlərinə yazıçı adı qoymuş adamlardır. Onlar özləri də ədəbiyyata əsas iş kimi, ciddi bir sənət kimi baxmırlar. Maşın satmaqdan, veriliş aparmaqdan, “Zarafat-zarafat”a məzmununda işlərlə məşğul olmaqdan, kreslolarında rüşvət almaqdan, meyxana deməkdən başları açılanda arabir hekayədən, şeirdən-zaddan yazırlar, axırda da 1000 manat verib, kitablarını çıxarırlar. Bəli, bayaq da vurğuladığım kimi mən də ciddi adam deyiləm. Ciddi şeylər yazmaq imkanım yoxdur. Məndən nə tələb olunursa, məni nə narahat edirsə, ondan yazıram. Pul qazanmaq ayıb deyil, hər kəs bir tikə çörəyini axır-əvvəl qazanır. Məni narahat edən odur ki, Azərbaycanda adlarını yazıçı qoymuş adamların ədəbiyyata yaxından, uzaqdan əlaqələri yoxdur. Getsələr ticarətlə məşğul olsalar, maşın satsalar, meyxana desələr, cəmiyyətə daha çox faydalı olarlar. Özlərini aldatmaqdan əl çəkərlər.

Bu şərtlər altında necə ciddi adam olum? Necə ciddi əsərlər yazım? Nəinki ciddi adam olmaq, günü gündən bayağılaşmayım, nə edim? Ona görə də yazını daha bir qeyri-ciddi sonluqla bitirirəm.

Sağ olun dostlar, yazını bəyənin, paylaşın, rəy bildirin. Feysbukda Vüqar Babazadə hesabını izləyin.

Hə, bu arada. Bir vaxtlar belə bir söhbət gəzirdi ki, dövlət büdcəsindən mollalara maaş ayrılacaq. Nə oldu o işin axırı?

# 3566 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #