Tərbiyəçinin bizə vurduğu qapaz

Tərbiyəçinin bizə vurduğu qapaz
14 yanvar 2022
# 11:20

Sən axı bilmirsən, əlin qurusun... – Şəhriyar del Gerani

Sosial şəbəkələrdə dünən gündəmi zəbt edən video yayıldı. Bağça tərbiyəçisi – vurğunu “tərbiyəçisi” sözünə qoyun – azyaşlı uşağı telefona çəkə-çəkə başına bir qapaz vurub deyir:

– Saxla ağzında, saxla ağzında!

Yəqin ki, sən uşağın ağzında çörək olan şəklini valideynlərinə atacaq və uşağın bağçada necə xoşbəxt olduğunu vurğulayacaqdın. Uşağın anası da onun çörək ağzında olan şəklini vatsap statusunda paylaşacaqdı.

Mənə maraqlı deyil sən kimsən, uşağın nəyisən, hansı maddi və mənəvi problemlərin var, hansı psixoloji vəziyyətdə olmusan və s. Bunlar mənim vecimə deyil. Mən yalnız onunla maraqlanıram ki, sən o azyaşlı uşağı nə üçün vurursan?

Bağça müəllimi, tərbiyəçi olduğunu bir kənara qoyaq. Sənin heç vicdanın, mərhəmətin, insafın yoxdurmu? Əlin necə azyaşlı bir körpəni vurmağa qalxır? İnsan olan bir bəndə bu hərəkəti niyə və necə edər? Biz illərdir danışmırıqmı ki, hətta düşmən belə olsa, işğal etdiyin yerdə uşaqlara dəymirlər. Sənin ermənidən nə fərqin var?

Sən heç fikirləşirsənmi ki, vurduğun o qapaz illər sonra onda hansı psixoloji problemlər yaradacaq? Həmin körpə hansı travmalarla böyüyəcək? Məni bundan sonra necə əmin edib, inandıra bilərsən ki, bu sənin vurduğun ilk qapaz olub? Mən hardan bilim ki, sənin bu qapazlarından, şillələrindən, heyvan kimi münasibətindən nə qədər uşaq nəsibini almayıb. Necə isbatlaya bilərsən ki, sən bu uşağı birinci dəfədir döyürsən. Yaxud bundan sonra valideynlər bağçaların şəffaf və ləyaqətli olduğuna necə inansınlar?

Biz necə bundan sonra inanaq ki, baxça müəllimləri uşaqları vurmurlar? Sən bütün müəllimlərin üz qarası oldun. Buna görə səni bağışlamayacaqlar.

Sən qapazı o körpəyə yox, bizə vurdun. Azyaşlı uşağın valideynlərinə, ona laqeyd qalanlara, bağçanın müdirinə, təhsil və tərbiyə sisteminə, bütün mədəniyyətə qapaz vurdun dünən.

Mən əminəm ki, bu sənin bizə vurduğun birinci qapaz deyil. İki dənə inək satıb, rüşvətlə bağçaya tərbiyəçi düzələndə, bundan artıq heç nə olmayacaq.

Uşaqlar istifadə olunmamış, qət-təzə insanlardır. Heç təmiz insanla o formada davranmaq olarmı? Ay insafsız, sənə sual verirəm: təzə aldığın bir telefonu divara çırparsanmı? Yenicə aldığın köynəyi cırarsanmı? Yox.


Mən iddia etmirəm ki, hamımız aristokrat ailələrdə, münbit psixoloji mühitlərdə böyümüşük, hamımız psixoloji vəziyyəti əladır, uşaqlıqda travmalar yaşamamışıq. Heç kim bizi uşaqlıqda döyməyib. Bu, əlbəttə ki, yalan olar. Amma balaca bir körpəni heç nəyin üstündə, üstəlik başından necə vura bildin? O nə nifrətli qapaz idi?

Bu faktla bağlı araşdırmalar aparılır. İndi, yəqin ki, stress içindəsən. Hər kəs sənin vandallığından, vəhşiliyindən danışır, işini itirmək qorxun var, vurduğun həmin körpəyə sənə problem yaratdığı üçün daha çox nifrət edirsən və s.
Narahat olma, səni tutmayacaqlar, öldürməyəcəklər, güllələməyəcəklər. Uzaq başı çıxıb üzr istəyəcəksən və işdən qovulacaqsan. Amma bunu bil ki, sənin yerin cəmiyyət deyil. Sən insanlıq və mədəniyyət üçün təhlükəli məxluqsan.

Əgər bir qram şərəf və ləyaqətin qalıbsa, çıxıb etdiyin günahı etiraf edər, öz günahına haqq qazandırarsan. Əvvəlcə o körpədən, sonra valideynlərindən və bütün cəmiyyətdən üzr istəməlisən. İki-üç il adam arasına çıxmazsan. Sənə ayıb olsun. Burda artıq nəsə yazmağı özümə yaraşdırmıram.

Mən səni bağışlamıram, çünki Allah deyiləm. Ümid edirəm ki, Allah da səni bağışlamaz. Allahdan əvvəl isə dövlət səni bağışlamasın.

# 2614 dəfə oxunub

Müəllifin son yazıları

# # #