“Satıcımız bir ailəni bədbəxt elədi” – Gül dükanından reportaj

“Satıcımız bir ailəni bədbəxt elədi” – Gül dükanından reportaj
8 mart 2022
# 09:00

Kulis.az Vüqar Babazadənin gül dükanından hazırladığı reportajı təqdim edir.

8 Mart münasibətilə bütün xanımları, xüsusilə, bütün xanım oxucularımızı təbrik edirik.

8 Martdır, anacan.

Gəl öpüm üz-gözündən.

And içirəm heç zaman

Mən çıxmaram sözündən.

“Ana Yurdu” kitabından yadımda qalan bu sətirlər hər 8 Mart günü yadıma düşür. Səhər bacımla oyanıb bu şeiri oxuya-oxuya anamızın üzündən öpürdük. Və and içirdik ki, heç vaxt onun sözündən çıxmarıq...

I Səhnə

Hadisə vaqe olur “28”dəki gül dükanlarının birində. Günorta saatlarıdır. Növbənöv güllərin xoş rayihəsi ətrafa yayıldıqca canıma sərin bir rahatlıq yayılır. Hava günəşlidir və yaz yavaş-yavaş özünü göstərməyə başlayır. Niyəsə istəyirəm ki, ayaqqabılarımı çıxarıb, ayaqyalın gəzim. Həmişəki kimi Ayxanlayam. Gülsatan qoca kişi dükanının qabağında oturub siqaret çəkir. Başında papaq var. Bığları saralıb.

Mən: Gəl day-daya yaxınlaşaq, görək nə göstərir.

Ayxan: İnanmıram, razılaşa.

Qoca kişinin yanına çatırıq.

Mən: Salam, dayı.

Gülsatan (saymazyana): Salam.

Mən: Biz jurnalistik, 8 Marta görə gül dükanlarından reportaj hazırlayırıq. Əgər razılaşırsızsa, sizinlə də kiçik bir söhbət edək, reportaj hazırlayaq.

Gülsatan: Yox. Burda, onsuz da, işlər pisdir, gedin “Ağ çiçəyim” kimi yerlərdən edin. Məndə alver yoxdur.

Mən: Niyə alver yoxdur? Axı 8 Martdır.

Gülsatan: A kişi, dedim axı, çıxın gedin burdan. Qabaqda çoxlu dükanlar var, oralara gedin.

Sağollaşmadan ordan ayrılıb, başqa yerə gedirik.

Ayxan: Dedim axı, razılaşmayacaq.

Pərdə salınır.

II Səhnə

Hadisə bu dəfə də “28”dəki başqa bir gül dükanında vaqe olur. Lap dəqiq desək, “Moll”la üzbəüz. Balaca, uzun və dar bir yerdir. Dükanda xeyli adam var. İynə atsan, yerə düşməz. Hər kəs gül alır, gül bağlatdırır. İçəridə yer olmayıb deyə, böyük gül buketlərini səkinin qırağına qoyublar. Bu buketlərin yanında bir cavan oğlan əyləşib.

Mən: Salam, qardaş, burda işləyirsən?

Gülsatan: Yox, cüdo müəllimiyəm.

Ayxan: Hə? Medalın zadın var?

Gülsatan: Hə, dünən AzTv-də idim. Orda bir verilişə dəvət etmişdilər.

Mən: Bəs burda neynirsən?

Gülsatan: Dayıma kömək edirəm, onun mağazasıdır.

Mən: Olar, burdan bir-iki şəkil çəkək, reportaj hazırlayaq?

Gülsatan: Olar, niyə olmur. Girin içəri, içəridə satıcılar çoxdur. Onlar sizə danışacaqlar.

İçəri keçirik. Yer balacadır deyə, adamlar bir-birini tapdalayır, çiyninə, qoluna toxuna-toxuna hərəkət edirlər. Ən başa gedib, gül buketi bükən yaşlı bir kişi görürəm. Ayxan şəkil çəkir.

Mən: Salam, dayı. Neynirsiz?

Gülsatan: Görmürsən neynirəm?

Mən: Bu işin bir adı yoxdur?

Gülsatan: Gül bükürəm də, qardaşoğlu. Kor zadsan bəyəm?

Mən: Dayı, necə gedir işləriniz? Adam zad çox olur heç olmasa?

Gülsatan: Əşi yox, acından qırılırıq.

Bu anda mağazadakı qoca kişilərdən başqa biri – o da satıcıdır – qıraqdan replika atır:

İkinci Gülsatan: Ə, sən nə qaraçı adamsan? Yalan deyir, qaqa. 1 manatlıq “roza”nı 8 manata satır. Arsız-arsız hələ bir ağlayır. (Gülüşmələr)

Mən (gülə-gülə): Niyə 1 manatlıq gülü 8 manata satırsız, dayı? Ayıb deyil?

Gülsatan: Bir-iki gün belə olur da, sonra yenə endiririk.

Mən: Bu gülləri haradan gətirirsiniz?

Gülsatan: Kanadanın paytaxtı Ottovadan.

(Öz aralarında gülməyə başlayırlar)

İkinci Gülsatan: Yalan deyir, qaqa. Hollandiyadan gətirir.

Mən: Həqiqətən, ciddi soruşuram.

Birinci Gülsatan: Evdən gətirirəm. Anam əkir, atam biçir, mən də yığıram.

İkinci Gülsatan: Atan əkib, anan biçər. Səhv saldın nəsə.

(Gülürlər)

Üçüncü Gülsatan (o da 40 yaşını haqlamış bir kişidir): Qaqa, bunlar səninlə məzələnir. Güldü də, hardan gətirəcəyik, Türkandan gətiririk. Hamısı Azərbaycanda yetişir.

Mən: Neçə gün belə təzə qalırlar?

Birinci Gülsatan: Kanadadan gələnlər xaricidir deyə, bizə öyrəşə bilmirlər. Nə qədər baxırıq-baxaq, tez solurlar. Qəribçilik çətindir. (Gülürlər)

Başa düşürəm ki, bu adamlarla ciddi nəsə danışa bilməyəcəm. Bir az özünü ağır aparan, Üçüncü Gülsatan dayıdır. Üzümü ona tuturam.

Üçüncü Gülsatan: Maksimum bir həftə qalırlar. O da ki yaxşı baxsan. Alan oldu, oldu. Olmasa, apar tulla getsin.

Digər satıcılarla zarafatlaşmaq istəyirəm. Çox şən adamlara oxşayırlar.

Mən (üzümü İkinci Gülsatana tutub): Dayı, başınıza gələn ən maraqlı hadisə nə olub?

Birinci Gülsatan (gülə-gülə): Qoy onun əvəzinə mən cavab verim. Bir dəfə buna yekə gül buketi sifariş veriblər. Sifariş verən də ailəliymiş, amma qıraqda saxladığı varmış. Arvadına da gül bağlatdırıb, qıraqda saxladığına. Hər gülün içinə də açıqcada bir-iki kəlimə şey yazıb. Buna da adresləri bərk-bərk tapşırıb. Nəysə, bu götürüb buketləri gedib adreslərə təhvil verib. Amma adresləri səhv salıb. Arvadınkını sevgiliyə verib, sevgilininkini arvada. Hələ bu azmış kimi, kişinin arvadı açıqcanı oxuyub. Buna deyib ki, gözlə sənə bəxşiş verəcəm. İçəri keçib əlində şampan butulkası götürüb, vurub bunun başına.

“Vopşim” bir ailəni bədbəxt elədi. Kişi gəlmişdi, az qala öldürəcəkdi bunu, güclə almışıq əlindən.

(gülüşürük)

14-15 yaşlı balaca bir oğlan gözümə dəyir. O da müştərilərlə maraqlanır, gül bükür, kəsir. Ona yaxınlaşıb, danışdırıram.

Mən: Sən də burda işləyirsən, qaqaş?

Balaca oğlan: Həə, atamın dükanıdır. Gəlmişəm kömək eləməyə.

Mən: Bəs məktəbə getmirsən?

Oğlanın atası (eyni zamanda, buranın sahibdir): Əşi nə

məktəb? Göndərmirəm məktəbə zada. Qalsın burda işləyəcək. Guya təhsil alıb, nə edəcək ki? Ali təhsillilər hamısı acından ölür.

Mən: Sən də burda qalmaq istəyirsən?

Balaca oğlan: Hə, burda qalacam. Böyük qardaşım var. O indi əsgərlikdədir. Gələndən sonra atam buranı mənlə qardaşıma verəcək. Bir yerdə işlədəcəyik.

İkinci Gülsatan: Siz hansı saytdansız?

Mən: Kulis.az

İkinci Gülsatan: Heç İnstaqramda görməmişəm sizi. Mən İnstaqramda bütün səhifələri izləyirəm. Yəqin, təzə yaranmısız.

Ayxan (qışqıraraq): Dayı, 2011-dən işləyirik ee, təzə açılmısınız nədir?

Buranın sahibi: Ay qardaş, sən Allah, çıxın gedin, bunlarla bir kəlimə danışdınsa, axşama kimi danışacaqlar. Heç bir iş görməyəcəklər. Qoyun işləsinlər, beş-üç manat qazanaq.

(gülüşürlər)

Ayxan: Bura neçə ildir işləyir?

Üçüncü Gülsatan: Taa, ovaxtdan.

Ayxan: Hansı vaxtdan?

Üçüncü Gülsatan: Sovetin dövründən burda həmişə gül satılıb.

Mən: Sifariş aparırsız bəs?

Birinci Gülsatan: Xasiyyətimiz ağırdır, aparmırıq.

(Gülürük)

Pərdə salınır.

III

Hadisə vaqe olur gül dükanının qarşısında. Səkidəki buketlərin qarşısında bir oğlan və qız əl-ələ tutub gül səbətlərinə baxırlar. Qız çönüb satıcıdan gülün qiymətini soruşan vaxt göz-gözə gəlirik. O, mənim keçmiş sevgilim olub. İki il mənimlə sevgili olandan sonra başqasına ərə getmişdi. Yanındakı oğlan da əridir. Deyəsən, o da məni tanıyır. Uzun müddətdən sonra bir-birimizi görürük. Ayxan qoluma toxunub deyir ki, gedib İmişli qovurması yeyək, nar suyu ilə. İmişli qovurmasını və Ayxanın səsini eşidib xoşbəxt oluram. Həyat qaldığı yerdən davam edir.

Pərdə salınır

# 21706 dəfə oxunub

Müəllifin son yazıları

# # #