Qaranlıqda qara pişik axtaranlar

Vüqar Van

Vüqar Van

14 fevral 2023
# 17:00

Kulis.az Vüqar Vanın “Yaradıcılığın fabulası ətrafında” adlı yazısını təqdim edir.

Hansı dostumla danışıram depressiyadadır. 90-ların sonuna yaxın doğulan adamların əksəriyyəti bu haldadır. İşsizlik, fəaliyyətsizlik, qumdan düzəldilən sevgi-məhəbbət münasibətləri, ailə, cəmiyyət təzyiqi, milli-mənəvi dəyərlər, pulsuzluq, həyatda öz yerini tapmamaq, məna, həqiqət axtarışı, süni yollarla xoşbəxt olmaq (narkotik, alkoqolizm), sosial şəbəkələrin diqqət siyasəti və s.

Bütün bunlar həmyaşıdlarımı depressiyaya salır, onlar yaşamaq üçün bir məna tapa bilmirlər, imkanı olanlar çıxıb ölkə xaricinə gedirlər, orda bədbəxt olurlar, imkanı olmayanlar qalıb burda bədbəxt olur. Nə qədər düşünürəm, nə qədər fikirləşirəm, bu çətin vəziyyətdən çıxa bilmirəm. Görəsən, niyə belə oldu? Niyə hər kəs depressiyayadır? Nə üçün hamı hamının qanını içməklə, enerjisini sümürməklə məşğuldur? Necə oldu bu hala gəldik? Bu ağır sualların altında qalıb əzilirəm.

Öz arzuları ilə imkanlarının sərhədlərini müəyyən edə bilməyən adamlar adətən depressiyaya düşürlər. Bu, ən bayağı həqiqətlərdən biridir. Axı nə üçün pulun olmadığı halda, Ayfon almaq, sevgilinlə bahalı restoranlarda yemək yemək, bahalı maşın sahibi olmaq istəyirsən? Buna imkanın çatmır. Əgər Ayfon almağa imkanın yoxdursa, ucuz telefon işlətmək lazımdır. Dünyanı tutub qalan deyilik ha. Qoy imkanı olanlar getsin Ayfon alsın. Sənin imkanın buna çatmırsa, Ayfona görə depressiyaya düşməyə dəyməz. Çox çətin vəziyyətdir. Hər şeyi öz adıyla çağırsaq, imkanın olmaya-olmaya kredit götürüb Ayfon almaq, səviyyəsizlikdir, əziklik kompleksidir.

Ayağını yorğanına görə uzatmamaq böyük bəladır.

Bizim uşaqlar çayı üzüyuxarı üzmək iddiasındadırlar. Nahaq yerə. Çalışıram depressiyada olan dostlarıma deyim ki, ay dostum, depressiya sənin üçün deyil. Sən üçüncü-dördüncü sort insansan. Depressiya imkanlı adamlar üçündür. Sən indi sağ qalmaq uğrunda mübarizə aparmalısan. Sənin özünəməxsus problemlərin var. Sən ananın dişlərini düzəltdirməli, atana maşın almalı, evin balkonunu təmir elətdirməli, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymalı, evlənməli, ailə sahibi olmalı və digər məişət qayğılarının içində boğulub, yox olmalısan. Ağıllı insan çayı heç vaxt üzüyuxarı üzmür. Ağıllı insan axına qarşı getmir. Əksinə, axına qoşulub üzür, hələ çulunu da, ağırlığını da çaya boşaldır.


Dostlarımın başı xarab olub. Keçən dəfə bir dostum mənə deyir ki, hər şey sünidir. İnsanlar süniləşib. Heç kim təbii deyil. Gedib kənddə yaşamaq istəyirəm. Sevgi hissimi itirmişəm. Heç kimi sevə bilmirəm. Homoseksualların hüquqları tapdalanır. Müharibələr gedir. Zəlzələlər olur. Yadplanetlilər görünür. İsanın heykəlini ildırım vurur.

Ona dedim ki, sənin başın xarab olub. Get özünü bir psixiatra göstər. Mən sənin atanı, ananı tanıyıram. Sizin ailədə heç vaxt belə problemlər olmayıb. Yəni bu sonradan qazanılan, süni, yalançı problemlərdir. Mən səni də çox yaxşı tanıyıram. Səni bu problemlər içdən narahat eləmir. Səmimi deyilsən. Özün üçün bir bəla axtarırsan ki, depressiyaya düşəsən. Trendə qoşulasan. Sənin nəslində heç vaxt kimsə çıxıb İsanın heykəlini ildırım vurub deyə dərd çəkməyib. Heç vaxt. Mümkün deyil.

Deyirlər, sevə bilmirəm. Müstəsna həyasızlıqdan başqa şey deyil bu. Sevə bilmirəm. İlahi, necə də bayağı, necə də düşük urbanistik bir problemdir. Şəhərdə yaşamağın problemləridir. Sevə bilmirsən, sevmə də. Həyatında hər şey qaydasındadır, bircə sevə bilmirsən, hə? Bu nə düşük problemdir? Şəxsən mənə görə "kombimiz yaxşı qızdırmır, pol su buraxır, altdan pena vurmaq lazımdır, indiki “Tefal”lar suyu qaynatmır, yandırır” kimi problemlər daha təbii, daha səmimi, daha vacibdir.

Bu uşaqları başa düşmürəm. Görəsən, gedib eşşəklə bulaqdan su gətiriblər? Görəsən, meşəyə odun dalınca gediblər? Görəsən, inək axşam evə gəlməyəndə çıxıb səhərə kimi onu axtarıblar? Görəsən, inək qucaqlarına doğubmu?

Bakı yekə bir travmatologiya şöbəsinə çönüb. Belə də həyasızlıq olar? Kimə baxırsan travmaları var. Hamısı hoqqabazlıqdır, hamısı yarıtmazlıq sindromunun nəticəsidir.


Depressiyada olan dostlarım, demək olar ki, yaradıcı, sənətlə, ədəbiyyatla, yazı-pozu ilə qarnını otaran uşaqlardır. Yazının bu hissəsini, doğrudan, bəzi qlobal problemlərə içdən həssas yanaşan, narahat olan, bacardığı qədər bunu ətrafına bildirməyən, ali dəyərlərin itməyinə görə kədərlənən bir ovuc həqiqi əzabkeşlər üçün yazmaq qərarına gəlmişəm. Çünki dünyada baş verən prosesləri və yazının başlanğıcında saydığım şəxsi problemləri görüb, fikirləşirəm ki, tək çıxış yolu var.

Qırağa çəkilib yaradıcılıqla məşğul olmaq.

Sosial şəbəkələrin səni istifadə etməyinə icazə verməmək. Sosial şəbəkələr bizdən yox, biz sosial şəbəkələrdən istifadə etməliyik. Unutmaq olmaz, arzu əzilənlərin, məqsəd əzənlərin metodudur.

Yazmaq, oxumaq, yaratmaq.

Yaratmaq istedadlı adamın ibadətidir. Ola bilər ki, bu ifadə xeyli pafoslu səslənsin. Amma mənim günahım yoxdur. Mən nə edə bilərəm?

Yaradıcılıq asfaltda zanbaq bitirmək, qaranlıqda qara pişik axtarmaqdır. Ola bilər ki, qaranlıqda qara pişiyi tapa bilməyəsən. Hətta bu da ola bilər ki, qara pişiyin evdə olduğuna əmin olasan. Amma bunun məsələyə dəxli yoxdur. Yaradıcılıq məhz pişiyin orda olduğunu bilsən də, bilməsən də onu axtarmaqdır. Onu tapmaq və göstərməkdir.

Yalnız bu halda, həyatına məna qata bilərsən. Asfaltı dayanmadan, əzm və iradə ilə sulamaqdır sənətkarlıq. Torpaqda gül bitirmək, işıqlı otaqda qara pişik axtarmağa nə var ki? Adamların hazırda ən böyük problemi budur. Hər kəs torpaqda gül bitirmək istəyir. Buna nail olan da var, olmayan da. Amma torpaqda gül bitirmək uğur yox, uğurun illüziyasıdır. Sizif kimi, qayanı zirvəyə heç vaxt qaldıra bilməyəcəyindən əmin olmaq, amma hər gün daşı dəmir iradəylə zirvəyə doğru aparmaq xoşbəxtlikdir. Ola bilər ki, ömrünü asfaltda zanbaq bitirməyə həsr edəsən, amma həmin zanbaq heç vaxt bitməsin. Bundan da narahat olmağa dəyməz. Kim görür görsün, kim görmür görməsin. Əsl uğur, böyük mənada fikirləşsək, yolun özüdür.

İnsan ruhani varlığını unutduğu qədər heyvanidir. İnsana Tanrıyla bağlı olduğunu yaradıcılıq qədər xatırladan ikinci bir vasitə yoxdur. İnsanın ruhunu heç nə yaradıcılıq qədər qidalandıra bilmir.

Yoxsa ruh ölər, bədən və dünyəvi istəklər ön plana keçər, adamlıq və mənəvi dəyərlilik iflasa uğrayır.

Ruhu göyərçinə, bədəni timsaha bənzətmək olar.

Yaradıcılıqla məşğul olmağa imkan və istedadı varkən, gic-gic işlərlə məşğul olan, başını qarpıza sərf edənlər timsahı bəsləyib, göyərçini acından və susuzluqdan öldürürlər.

Asfaltda zanbaq bitirmək həyata qarşı üsyan, dünya məntiqinə qarşı əbədi mübarizədir.

Səbirlə, təmkinlə və usanmadan öz asfatlarınızda zanbaq bağçaları salmaq üçün çalışın. Balıq bilməsə də, xaliq bilər.

Ps: Yaradıcılıq barədə növbəti yazını, belə demək olarsa, estafeti Orxan Həsəniyə ötürürəm. Mətbəxinin sirlərini açmadan bizi söhbətdən hali etsin, görək.

# 2640 dəfə oxunub

Müəllifin son yazıları

# # #