Azəri ölümdən necə xilas elədim?

Vüqar Van

Vüqar Van

27 oktyabr 2023
# 14:00

Kulis.az Vüqar Vanın "Azər və mən" adlı yeni yazısını təqdim edir.

Azəri axırıncı dəfə 2 il bundan qabaq görmüşdüm. Dəyişməmişdi, elə həmənki Azər idi. O məni görmədi, heç gedib yaxınlaşmadım da. Eləcə uzaqdan bir az baxdım, ta gözdən itənə qədər.

Onu illər əvvəl rayonda ölümdən xilas etmişəm. Azərlə eyni məhəllədə yaşayırdıq. Bizdən 5-6 ev yuxarıda qalırdılar. Taxtadan ikimərtəbəli evləri, səliqəsiz, balaca həyətləri vardı. İki bacının tək qardaşı idi. Balaca bacısı mənlə eyni sinifdə oxuyurdu. Onların ailəsini məhəllədə hamı sevirdi. Çox vaxt çəpərlərinin yanında 11 tuş oynayırdıq ki, top onların həyətinə düşəndə rahatca götürə bilək. Azərgildən başqa, demək olar, heç bir ailəyə güvənmirdik.

Bu məsələdə qonşular iki qrupa bölünmüşdü. Birincilər qeyri-şərtsiz top həyətə düşdüsə, cırırdılar. Heç kim cınqırını da çıxara bilməzdi. Məhəllə futbolunun ən qızğın vaxtında ani bir səhv hərəkətlə top gedib düşdüsə, həmin həyətlərin birinə, vəssalam, ümidini üz həmin topdan, suyun süzülə-süzülə qayıt evə, əllərini-ayaqlarını soyuq suda yu, bir tikə kartofunu ye, ailəvi oturub "İç xəbər"ə bax, sonra da başını at yat ki, sabah məktəbə vaxtında dura biləsən.

İkinci qrup isə varlı ailələr idi. Onlardan varlı, imkanlı olduqları üçün qorxurduq. Uşaqları təsadüfən çıxıb bizimlə oynayırdılar. Məhəllədə heç kimlə yaxın münasibət saxlamazdılar. Hərdən dırnaqlarımı yeyə-yeyə uşaq ağlımla onların hasarlarına baxıb fikirləşirdim ki, görəsən, o hasarların arxasında nə baş verir, kimlər yaşayır, nə iş görürlər bütün günü evdə.

Həə, onların həyətinə top düşəndə cırmazdılar, amma topu onlardan alana qədər də bizimki bizə olardı. Uşaqlardan heç kim varlı ailələrin vahiməli darvazalarını döyməyə cəsarət eləməzdi. Hətta deyilənə görə həyətlərində yekə it də saxlayırdılar. Bəzən elə olurdu topu bir həftə, on gün sonra ala bilirdik. Ya gərək ata-anamıza deyəydik, böyüklər həll edəydilər problemi, ya da oturub gözləyərdik ki, həyətdən kimsə çıxanda gedib dərdimizi deyək.

Belə bir vəziyyətdə Azərgilin həyəti hamımızın, bütün məhəllə uşaqlarının həyəti olmuşdu. Bircə onların həyətinə qorxmadan, çəkinmədən, heç nə olmamış kimi girib topu götürə bilirdik.

Mən 6-da oxuyanda, Azər 9-da oxuyurdu. Yaşıdlarından boyuna, sümüklərinə görə seçilirdi. Üzündə yekə kişilər kimi tük çıxırdı hələ məktəb vaxtından. Qəribə-qəribə paltarlar geyinirdi. Çox vaxt mehriban, gülərüz, zarafatcıl görərdin onu. Az-az əsəbiləşirdi. Gündə bir forma ilə gəlirdi futbola. Gah Ronaldinyo olurdu, gah Eto, gah da Kaka. Heç kim bilmirdi ki, bu formaları hardan tapır. Məni çox istəyirdi. Hərdən məktəbə də bir yerdə gedirdik. Futbolda da çalışırdı məni öz komandasına götürsün.

Novruz bayramında ən çox papağı olan uşaq idi Azər. Bütün varlı evləri tanıyırdı, bilirdi hansı ev papağın içinə nə qədər pul qoyacaq. Ancaq məni götürürdü yanında papaq atmağa çıxanda. Mənimsə bir, maksimum iki papağım olurdu deyə, qəpik-quruş yığa bilirdim. Hərdən öz qazancından bir-iki manat verirdi mənə.
Məhəllənin ən güclü dördüncü, beşinci uşağı idi. Hətta bir dəfə məhəllənin birinci yerdə gedən uşağına buynuz çıxarmış, güclülər siyahısında bir-iki pillə də irəliləmişdi. Bu gücünə, hörmətinə görə mənim də hörmətim, gücüm artmışdı məhəllədə. Düzdür, bizim məhəllə qanqsterlər, nəşəxorlar məhəlləsi deyildi, adi bir rayon məhəlləsi idi. Heç kimin heç kimlə işi olmazdı, dava-şava təsadüfən düşərdi. Amma bütün hallarda özümü Azərin yanında rahat, qorxusuz hiss edirdim.

Onunla ən çox Məhərrəmlik vaxtlarında görüşürdük. Məhərrəmlik Lerikdə çox yüksək səviyyədə keçirilirdi. Məsciddən başqa, hər məhəllədə bir ev qırx gün hər axşam evin küncünə ələm qoyur, ehsan verir, mərsiyəxanlar çağırırdı. Biz də gedib ehsandan yeyir, sinə vururduq. Belə yerlərə "təkyə" deyilirdi. Hərdən məscidə, hərdən də belə evlərə təkyəyə gedirdik. Evlərdə qoyulan təkyələr daha maraqlı olurdu, nəinki məsciddə. Qadın-kişi bir yerdə olurdu evdə qoyulan təkyələrdə. Ona görə kim sevgilisini görmək istəyirdisə, təkyəyə gedirdi. Evlərdə yeməklər də məsciddəkindən dadlı olurdu. Gecələr həmyaşıdlarımızla Lerikin bom-boş, işıqsız, itlərlə dolu küçələrinə çıxıb "Əli, Əli, Hüseyn, Hüseyn" qışqıra-qışqıra gəzirdik, öz aləmimizdə əzadarlıq eləyir, imam üçün yas saxlayırdıq.

Belə axşam gəzintiləri mənim üçün əsl bayram idi. Axşam saat 8-9 dan sonra heç cür evdən çıxa bilməyən mən, İslam dininin verdiyi səlahiyyətlə gecə yarısınadək çöldə qala, təkyəyə gedə bilirdim. Bu gecələrin bəzilərində Azər məni kompüter oynamağa da aparır, pulu da özü verirdi. Həyatımın ən unudulmaz, ən gözəl saatlarını da məhz nəm iyi verən o kompüter salonunda maşın sürə-sürə keçirirdim. Səhər anama heç nə demirdim. Bilsəydi ki, təkyəyə yox, kompüterə getmişəm, bir də məni evdən çölə buraxmazdı.

Belə təkyəli gecələrin birində, hardasa axşam 7-8 arası, qış günü ikimiz məscidə gedirdik sinə vurmağa. Birdən Azər yolda səsli qaz buraxdı. Bu vaxt isə yanımızdan iki adam keçdi. Küçə zil qaranlıq idi deyə heç birinin sifətini görmədim, Azər də görmədi. Heç onlara məhəl qoymadıq. Elə bildik eşitmədilər. Bir-iki addımdan sonra ikimiz də güldük, heç nə olmamış kimi məscidə getdik. Təxminən yarım saat-qırx dəqiqədən sonra məscidin xuddamı gəlib mənlə Azərin qulağına dedi ki, sizi kimsə çöldə gözləyir. Durub çıxdıq. Azər bir az tez çıxdı, mən ayaqqabılarımı axtara-axtara qaldım. Bir azdan mən də çıxanda gördüm yekə, bığlı bir kişi, hardasa məsciddən 15-20 metr aralıda Azərin yaxasından tutub, nəyi var döyür. Xoşbəxtlikdən bizdən başqa heç kim yox idi çöldə, yoxsa rüsvay olmuşduq. Bir təhər qaçıb, onlara yaxınlaşdım, elə hadisə yerinə çatmışdım ki, gördüm kişi Azəri atdı məscidin təzə qazılmış, hələ su çıxmayan quyusuna. Dərinlik olardı 3-4 metr. Şoka düşdüm. İşıq-zad yox. Nə kişini tanıyıram, nə ona gücüm çatır, nə də Azəri görə bilirəm quyunun dibində. Əlimdən heç nə gəlmir. Azər quyuda inildəyən vaxt kişi lapatkanı götürüb başladı quyuya torpaq atmağa. Mat-məəttəl qaldım. Azəri diri-diri basdırırdı, köməyə gələn, kişidən niyə belə etdiyini soruşan da yox idi. Ağlaya-ağlaya bir təhər kişinin qolunu saxlaya bildim. Soruşdum, dayı nə olub axı, niyə belə edirsən. Kişi qayıtdı ki, vızqırt burdan, sənin ananı tanıyıram, elə eləmə səni də atım quyuya basdırım. Ananın adını eşitdim bir az cəsarətləndim, dedim atırsan at, amma de nə olub sonra. Kişi dedi “bayaq gəlinimlə sizin yanınızdan keçəndə bu cındır os***du!”.

Bir xeyli müzakirə elədik, o dedi, mən dedim, axırda dilə tutdum ki, pox yeyib, qələt eləmişik, mən üzr istəyirəm, daha elədiyini elədin, əl çək yazıqdır. Kişi insafa gəldi, əlini saxladı. Aşağı əyilib Azərin üstünə tüpürdü, çıxdı getdi. O gedəndən sonra bir təhər Azəri nərdivanla quyudan çıxardım. Sifəti göm-göy olmuşdu, ağzı-burnu qan içində idi. Məscidin tualetinə girib üst-başını təmizlədi, qan ləkələrini sildi. Dedi, day girməyək məscidə çıxıb gəzək bir az. Çıxıb Lerikin boş, işıqsız, itlərlə dolu küçələrində gəzməyə başladıq. Azər axsayırdı. Birdən dedi ki, bu söhbət aramızda qalsın, heç kimə demə. Mən ürəyimdə fikirləşirdim ki, o kişi qaranlıq vaxtı necə bildi axı mən yox, məhz Azər idi o şeyi edən?

İkimiz də susub yerə hələ təzəcə oturmuş qarı xarta-xurt ayaqlaya-ayaqlaya hardasa uzaqda bir dəstə adamın imam Əlini köməyə çağırmaqlarına qulaq asırdıq.

"Əli, Əli,
ya Əli,
Əli deyin,
ya Əli,
Əli bizə,
ya Əli,
Kömək olsun,
ya Əli".

# 1752 dəfə oxunub

Müəllifin son yazıları

# # #