Lala lal demək lazımdır, nitq qüsurlu yox!

Vüqar Babazədə, yazar

Vüqar Babazədə, yazar

28 iyun 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “...” adlı yazısını təqdim edir.

Lal olmaq istəyirəm. İndi bu yazını oxuyan alov mühafizəçiləri (hardasa oxumuşdum ki, “azərbaycanlı” – “alov mühafizəçisi” deməkdir) olan soydaşlarımız deyəcəklər ki, bu da özündən gündə bir dənə hoqqa çıxardır. Bəli, özümdən gündə bir dənə hoqqa çıxarıram. Çünki hoqqa çıxarmasam, ürəyim partlayar. Hoqqa çıxarmağın nəyi pisdir ki? Gəncəm, cavanam, perspektivliyəm (Tural Abbaslının xüsusiyyətləri). Buna görə də hoqqa çıxarmaq istəyirəm. Qocalıb müdrikləşərəm. İndi müdrikləşmək istəmirəm. Ağlıma və ağzıma nə gəldi, onu eləmək istəyirəm.

Kiçik bir haşiyə çıxım. Son vaxtlar nə yazıram, deyirlər ki, “sənin işin-gücün qurtarıb. Camaat nə hayda, sən hayda? Daha ciddi şeylərdən yaz, daha vacib problemlərə toxun. Get özünə sənət tap”. Əminəm ki, bu yazıdan sonra da deyəcəklər ki, “camaat nə hayda, bu nə hayda. Camaat acından ölür, bu lal olmaq istəyir. Qazilərin vəziyyəti yaxşı deyil”.

Başa düşə bilmirəm ki, nə üçün hər kəs eyni problemə fokuslanmalıdır? Hərənin öz işi-peşəsi var. Kim hansı işin yiyəsidirsə, onunla da məşğul olur. Siz bir maşın ustasına deyə bilərsiniz ki, “camaat acından ölür, sən də maşın düzəldirsən? Get özünə iş tap. Qazilərin maşınını düzəlt?” Əlbəttə ki, yox. Hər adamın bir işi-gücü var. Daha ciddi problemlərlə, daha ciddi adamlar məşğul olurlar. Qazilər üçün mən neyləyim? Bu işlərə nazirliklər baxır. Mən, şəxsən qazilər üçün bilmirəm nə etmək lazımdır. Ona görə də, icazə verin, işimizlə məşğul olaq.

Bəli, lal olmaq istəyirəm. Bunun bir neçə səbəbi var. Durduq yerə heç vaxt belə kritik qərar qəbul etmərəm, təbii ki.

İlk səbəb odur ki, Allahın acığına getməsin, amma danışmaq mənə indiyə kimi heç nə qazandırmayıb. Dilimdən bir xeyir görməmişəm. Əksinə, özümü boş yerə yormuşam, enerjimi israf etmişəm, vaxtım hədər gedib. İndi isə keçmişə boylanıb baxanda, görürəm ki, bütün danışdıqlarım, bütün söhbətlərim, hamısı rus demiş, “воздух” olub. Yəni, hava. Boş yerə sərf edilən vaxt, heç bir faydası olmayan mənasız polemikalar və s. Yəni, lal olsaydım, həyatımda elə də böyük dəyişikliklər olmazdı. Əksinə, rahat olardım. Bilərdim ki, danışa bilmirəm. Buna görə də heç kimlə mübahisə etməzdim, heç nəyə əsəbiləşməzdim.

Bir dəfə molla məsciddə xütbə oxuyarkən demişdi ki, insanın ən təhlükəli orqanı dildir. Allah-tala onu əvvəlcə yekə bir başın içinə salıb qıfıllayıb. Sonra onu çənə ilə damağın arasında bərkidib. Üstündən dişlər kimi möhkəm maddədən çəpər çəkib. Sonra dodaqlarla da müdafiə sistemini gücləndirib. Amma yenə də bu şoğərib dil bütün müdafiə sistemlərini yararaq çölə çıxıb istədiyini edir. Sözgəlişi onu da deyim ki, o biri dünyada ən namərd orqan dil olacaqmış. Allah deyəcək ki, filan rüşvəti niyə aldın? İnsan deyəcək, vallah, mən heç nə almamışam. Onda dil deyəcək ki, yalan deyir. Mənim vasitəmlə rüşvət istədi. Bundan sonra da rüşvət alan adamı dilinə görə atacaqlar cəhənnəmə, qaynayan iri qazanların içinə.

Adam bir az fikirləşəndə görür ki, həqiqətən də, ünsiyyət orqanı olan dili ilə xüsusi bir şey eləməyib. Əksinə, ancaq zəhər saçıb, kiminsə qəlbini qırıb, bir adama gözəl bir kəlimə deməyib, dalaşıb, mübahisə edib, yalan danışıb və s. Lal olmaq isə o deməkdir ki, bu cür pis əməlləri etmirsən. Təsəvvür edin ki, yalan danışmırsınız, çünki danışa bilmirsiniz. Pak, təmiz, hüzurlu və cismən zəngin olmaq olar.

İkincisi səbəb odur ki, mən özümü danışaraq ifadə edə bilmədiyimi başa düşmüşəm. Özümü yazmaqla ifadə edə bilirəm. Danışa bilmirəm, danışmaq istəmirəm. Danışmaqla adamlar heç nə qanmırlar. Danışığa qulaq asan yoxdur. Heç yazı da oxuyan yoxdur, amma, hər halda, yazaraq özüm rahatlaşıram. Danışmaq isə əziyyətdir. Məhv oluram danışanda. Hər kəs sənə cavab vermək, tutarlı-tutarsız arqument gətirmək üçün sıraya düzülüb. Danışan kimi sənə nəsə cavab verirlər, sözünü kəsirlər, dinləmə mədəniyyəti isə yoxdur. Üstəlik, bir az utancağam. Tanımadığım adamlarla çox danışa bilmirəm. Qaş-qabaqlı adam da deyiləm, gülərüz, mehribanam. Amma di gəl ki, danışmıram. Danışanda çox yoruluram. Ərinirəm danışmağa.

Ümumiyyətlə, gün ərzində 500-600 kəlimə-filan istifadə edirəm. Susmaq orucu olsaydı, əla olardı. Səhər durub bir saat qışqırıb, danışıb, qurtarardıq. Bir də axşam azanından sonra danışardıq. Sizə deyim ki, bu, yemək orucundan daha effektli, daha ruhani olardı. Buna görə də lal olmaq istəyirəm.

Üçüncü səbəb isə mövzu qıtlığıdır. Adam heç bilmir nə danışsın, kimlə danışsın, kimlə nə danışsın, nəyi kimlə danışsın? Bunların hamısı dəyərli ritorik suallardır. Bu suallara bir cavabım yoxdur.

Bu yaxınlarda 15 ildir tanıdığım, xətrini çox istədiyim, çox sevdiyim, hörmət etdiyim bir dostumla 6-7 ildən sonra ilk dəfə görüşdük. Oturduq qəşəng meşəlikdə, çay var, siqaret var, amma söhbət edə bilmədik. Mən heç bilmədim onunla nə danışmaq olar? Bir-iki dəqiqə iş-güclə, yaşayışla bağlı mızıldandıq. Vəssalam. Söhbət bitdi. Özü də bu anlarda xüsusi olaraq xəcalət çəkirəm ki, bir dənə söz nə olan şeydir, onu tapıb deyə bilmirəm qarşımdakı adama? Dostum da bir dəfə kiminsə evlənməyindən danışdı, maşın motorlarını müzakirə etdi. Gördü ki, bu söhbətlər də məni maraqlandırmır. Hiss elədim ki, onun ruhu və beyni mərhələ adlamayıb. Amma təbii ki, bizim danışa bilməməyimizin əsas səbəbi bu deyildi. Bizim danışa bilməməyimizin əsas səbəbi bilmirəm nə idi. Əsas odur ki, çox naqolay bir vəziyyət yaranmışdı və biz danışa bilmirdik. Yaxşı ki telefon var. Başımızı saldıq telefonlarımıza.

Həqiqətən, mövzu tapmaq olmur. Təzə, danışılmamış mövzu tapanda çox sevinirəm. Üstəlik, mən bir az ağıllı adamam. Boş-boş şeylər danışmaq istəmirəm. Misalçün, siyasət, din, qadın-filan söhbətləri mənlik deyil. Elə söhbətlər olanda qaçıram. Bir arif qocadan soruşurlar ki, ey arif qoca, sən necə belə arif oldun? Deyir ki, dəli olduğunu bildisə, dəli. Dəli deyil, deməli. Zarafat edirəm, qoca cavab verir ki, heç kimin yanında din və siyasət söhbətləri etməmişəm. Bu səbəbdən olmuşam arif bir qoca.

Bütün bu səbəblər ucbatından lal olmaq istəyirəm. Üstəlik, bəli, lal. Dildən əlil, nitq qüsurlu yox. Lal. Hər şeyin bir adı var. Hər şeyi öz adı ilə çağırmaq məsləhətdir. Ona görə də yuxarıda saydığım səbəblərə görə lal olmaq istəyirəm. Mümkünsə, bir neçə lal adam mənlə əlaqəyə keçsin. Başqa nə edə bilərəm?

# 2462 dəfə oxunub

Müəllifin son yazıları

# # #