Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.
Futbol aləmi yeni sualla üz-üzədir: “Lamin Yamal Messi və Ronaldoya çata biləcəkmi?”
Təbii, əksər adamların bu suala tərəddüdsüz cavabı var: “YOX!”
Onları qınamaq da olmur, görürsən ki, haqlıdırlar, 20 il futbol zirvəsindən enməyən, bütün rekordları alt-üst edən, bütün titulları qazanan Messi və Ronaldoya çatmaq hər oğulun işi deyil.
Amma mən həmin qətiyyətli adamları tələsməməyə çağırardım. Çünki dünən “İnter” – “Barselona” oyununu izlədikdən sonra bir şeyi qətiləşdirdim:
“Lamin Yamalı heç bir futbolçuyla müqayisə etmək olmaz. Hətta Messi və Ronaldoyla da”.
Mənə görə, Yamal ağlınıza gələcək bütün digər futbolçulardan bir addım irəlidədir. “Bir baş üstündür” demirəm, “bir addım irəlidədir” deyirəm.
Bu fikrimin səbəbini izah etməyə çalışacam.
Əvvəla, bilməyənlər üçün deyim ki, bu uşaq 15 yaşından Barselona kimi bir klubun əsas heyətində çıxış edir. 15 yaşından! Barselonada!
Messi və Ronaldo isə komandalarının əsas heyətinə 17 yaşlarında düşə biliblər.
Yamalı Messi və Ronaldodan bir addım öndə saymağımın səbəbi isə bu deyil.
Dünənki oyunu izləyəndə, bir şeyə fikir verdim. 17 yaşlı bu yeniyetmə meydandakı bütün digər futbolçulardan daha rahat, daha sakit, daha təmkinli idi. 120 dəqiqə ərzində yorulduğu heç hiss olunmayan yegadə futbolçu da Yamal idi. Qol vurmadı, qol ötürməsi də etmədi, amma dünən "oyunun ən yaxşısı" da o seçildi.
Çünki Yamal meydanda gənc, istedadlı futbolçu kimi yox, komandanın lideri kimi oynayırdı.
Bax, budur əsas məsələ.
17 yaşlı Yamal hazırda Barselonanın gənc istedadı yox, lideridir. Və komandanın Yamala yüklədiyi bu məsuliyyət onu qətiyyən təlaşlandırmır, əksinə, çox rahatca komandasını arxasınca aparır.
17 yaşında, belə bir oyunda, belə rəqiblərə qarşı bu rahatlığı, təmkini heç bir digər oyunçuda görməmişəm. Nə Messidə, nə Ronaldoda. Onlar bu təmkinə iyirmili yaşların ortalarında çatmışdılar.
Ən sevdiyim futbolçu Ronaldinyo olub. Ondakı istedad, mənə görə, futbol enerjisini ən mükəmməl şəkildə özündə cəmləmişdi. Amma həmin istedadı, təəssüf ki, bizə çox qısa müddət sərgilədi.
Messi super istedadını, Ronaldo isə super əzmkralığını bizə 20 il göstərdi.
İndi əsas məsələ Yamalın bu super istedad və rahatlığını bizə neçə il nümayiş etdirəcəyidir.
El diliylə desək, mən “Ronaldoçu”yam, amma Yamalın nə vaxtsa Ronaldonu da üstələməsi məni narahat etməyəcək.