"Əlacsız idim, sözümün üstündə dura bilmədim" - Hikmət Sabiroğlunun məhkəmədə dedikləri

"Əlacsız idim, sözümün üstündə dura bilmədim" - Hikmət Sabiroğlunun məhkəmədə dedikləri
6 may 2025
# 18:21

Kulis.az Hikmət Sabiroğlunun "Yenə “məhkəmə tribunasında”" yazısını təqdim edir.

Bir qrup işğalçının məhkəməsində ifadə verəndən keçmişin yaraları bərk sızıldayır. Ürəyim də boşalmır, elə hey içimdə dönürəm məhkəmə tribunasına:

– Düşmənin bir qərinə əvvəl Şuşadakı evimizi yandırması istintaqda 1 milyon manat zərər kimi rəsmiləşib. Bu zərəri qoyaq kənara, heç nədir.

Şuşalıya çox pislik eləyib düşmən, biri də məcburi köçkün vəsiqəsidir. Möhtac olmuşuq o sənədə.

Sənəd dalınca qaçmaqdan xoşum gəlməz. Köçkün arayışını-filanı ya anam gedib alıb mən əvəzdən, ya bacım, ya yoldaşım. Məcburi köçkün vəsiqəm isə olmayıb düz 21 il. Adı gələndə acığım tuturdu, deyirdim mənlik deyil, almaram.

Sözümün üstündə dura bilmədim. Oğlum orta məktəbi bitirib ali təhsil üçün sənəd verəndə məlum oldu ki, məcburi köçkün vəsiqəsi vacibdir, uşaq birdən ödənişli təhsilə düşər, pulumuz yoxdur. Dəli oldum.

Əlacsız idim. Yoldaşım gedib aldı vəsiqəmi.

Gərək olmadı heç, oğlum yaxşı bal toplayıb dövlət hesabına oxudu, mən də atdım vəsiqəni sənədlərim olan qovluğun ən dərin yerinə.

Amma bir sənədlə iş bitirmi? Alnımdakı möhürü harada gizlədərdim?

…Taksiyə nadir hallarda minərəm. İşğal illərinin bir əzabı da sürücünün ləhcəmi tutub “Qarabağlısan?” soruşmağı idi.

Hə, şuşalıyam – könülsüz-könülsüz deyərdim.

Ardınca başqa suallar gələrdi, söz-sözü çəkərdi və dünyanın düz vaxtına yanardım.

Anamın yurduna – Ağdamın Muğanlı kəndinə, xalamgilə çox getmişəm. Yeniyetmə vaxtımı deyirəm. Darvazanın ağzında, yolağada duranda gəlib keçən qadınlar bilərdilər kəndçilərinin oğluyam, üzümdən öpərdilər, deyərdilər başına dönərəm, bu yayın istisində hamı Şuşaya qaçır, sən də arana gəlmisən…

Cənnət adamı kimi baxardılar mənə.

Yerlimiz Dürdanə müəllimə anamın kəndinə gəlin köçmüşdü. Uyuşmuşdu kəndə, başına and içirdilər. Amma qəribsəyirdi. Muğanlıda rastıma çıxan kimi məni bağrına basardı, havanı soruşardı dönə-dönə, deyərdi qadan alaram, dünyada Şuşadan yaxşı yer yoxdur.

Nə deyim…

Şuşalının udduğu hava Davosun da havasından üstündür, Karlovı Varının da – gözümüzü açıb belə oxumuşduq.

Bu cür yağış, bu cür duman bir də Londonda var – belə danışırdılar.

Xarıbülbül yalnız Şuşa torpağında boy verir – belə eşidərdik.

Yerə-göyə sığmazdıq.

Yayda hava qəfil çönəndə gəlmələrin büzüşməyinə gülərdik. Qışda gələn qohum-əqrəbanın tezcə arana qayıtmaq istəməsini lağa qoyardıq.

Hamıdan yuxarıda bilərdik özümüzü. Bir artıq-əskik hərəkət eləyəndə evdə də, məktəbdə də “Şuşalıyıq ey biz!” deyib danlayardılar.

Qıraq yerdə biləndə şuşalısan, təbəssüm, ilıqlıq görürdün, öz-özünə deyirdin nə yaxşı mən şuşalıyam.

Bu qürurumuzu tapdaladı düşmən.

Qaçqınlıqda da kürəyimizi yerə vermədik, amma şəxsən mən yaman utanırdım birdən, Allaha yalvarırdım ki, kimsə ləhcəmi tutub haralı olduğumu soruşmasın, söz-sözü çəkməsin.

Bilmirəm nə deyim…

Mayda bayram eləyirdi düşmən Şuşanın alınmasını. Guya qədim erməni şəhərini azad ediblər. Düz 28 ilin mayı belə keçdi. Sizə zarafat gəlməsin.

“Şuşanın dağları” çalınanda kanalı dəyişirdim. Bir şuşalı toyda bu havaya qol götürəndə içimdə deyirdim ölməyib sağ qalmışıq, hələ oynamağın da var…

Mənim şəhərimi dağıtdı düşmən.

Yerində nisgil qalmışdı, şükür, şəhidim bu zülmə son verdi.

İndi gedirəm, havalı-havalı dolaşıram Şuşada, qərib kimi. Gör şuşalını nə günə qoyub düşmən.

Heç nə deyə bilmirəm…

…Bu qəfəsdə oturanlara baxıram, dustaqdırlar, biz şuşalıyıq, bizə yaraşmaz qolubağlı adama göz ağartmaq… Amma, vallah, adam adama belə pislik eləməz axı…

# 1823 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər