"Uşaqlıqdan məhrum qaldığı sevginin süni surəti..." - "Parfümer" xoreodramına baxış

"Uşaqlıqdan məhrum qaldığı sevginin süni surəti..."  - "Parfümer" xoreodramına baxış
25 iyun 2026
# 12:00

Kulis.az Şahanə Müşfiqin "Görünməyən qoxunun faciəsi" - "Parfümer" xoreodramına baxış" yazısını təqdim edir.


Ədəbiyyatda yazılan, oxunan, hətta milyonlarla insan tərəfindən çox sevilən əsərlər var ki, onları səhnəyə gətirmək çətin, bəzən hətta mümkünsüzdür. Amma elə əsərlər də var ki, onlara səhnə həyatı bəxş etdirməkdən əlavə, səhnədə o ruhu, o hissi çatdırmaqdır ən çətini. Patrik Züskindin dünyaca məşhur "Parfümer" romanı məhz belə əsərlərdəndir. Çünki bu əsərin əsas qəhrəmanı insan, hadisə, hətta söz belə deyil – qoxudur. Görünməyən, əllə tutulmayan, toxunulmayan, amma insanı idarə edən qoxu.

Məhz buna görə ölkəmizin ən böyük səhnələrindən biri olan Heydər Əliyev Sarayında nümayiş olunan və Azərbaycanda ilk dəfə xoreodrama janrında təqdim edilən "Parfümer" tamaşası həm də maraqlı sənət eksperimenti kimi izləyicilərin yaddaşına həkk olundu.



Quruluşçu rejissor Oksana Rəsulova dünya ədəbiyyatının ən məşhur romanlarından birini yazıçı Könül Məmmədovanın səhnələşdirməsində klassik teatr dilindən uzaqlaşdıraraq onu hərəkətin, plastikanın və musiqinin dili ilə danışdırmağa çalışıb. Bu seçim ilk baxışdan riskli görünə bilərdi. Çünki qoxu üzərində qurulan bir əsəri səhnədə vizuallaşdırmaq asan deyil. Lakin tamaşanın ən böyük üstünlüyü də elə burada ortaya çıxır. Burada sözlərdən çox bədənlər danışır, hisslər monoloqlardan daha çox ritmlə ifadə olunur. Tamaşaçı hadisələri izləməklə yanaşı, onları duymağa başlayır.

Əsərin mərkəzində dayanan Jan-Batist Qrenuy obrazı (Ziya Ağa) həm qeyri-adi istedada malik insan, həm də dərin psixoloji travmaların daşıyıcısıdır. Tamaşa bu obrazı sadəcə qatil və ya manyak kimi təqdim etmir. Əksinə, onun daxilindəki boşluğun necə yarandığını göstərməyə çalışır.



Qrenuy dünyaya göz açdığı andan etibarən sevgidən məhrum edilir. Anası onu tərk edir, sonrakı həyatında qarşılaşdığı insanlar isə ona ya laqeyd, kobud, sərt yanaşır, ya da ondan istifadə edirlər. O, heç vaxt sevilmir, qorunmur, qəbul edilmir. Ən dəhşətlisi isə özü bütün bunların çox yaxşı fərqindədir. Uşaqlıqdan yaşadığı bu mənəvi aclıq illər keçdikcə onun xarakterinin əsasını təşkil edir.

Tamaşada tez-tez vurğulanan bir məqam var: Qrenuy özünü qoxusuz insan hesab edir. Ətrafındakılar da onun qoxusu olmadığını etiraf edirlər. Bu fikir zahirən fiziki xüsusiyyət kimi görünür. Əslində isə onun bütün həyatının metaforasıdır. O, insanların arasında olsa da, heç kimin diqqətini çəkmir. Sanki mövcuddur, amma görünmür. Heç kəs onu hiss etmir, heç kəs onun varlığı ilə maraqlanmır. Qoxusuzluq burada görünməzliyin, tənhalığın və sevgisizliyin simvoluna çevrilir.

Bəlkə də buna görə Qrenuy ömrü boyu qoxuları deyil, əslində, sevgini axtarır. O, insanların heyranlığını, diqqətini və qəbulunu qazanmaq istəyir. Sadəcə bunun yolunu sağlam münasibətlərdə deyil, travmalarının formalaşdırdığı xəstə düşüncə sistemində axtarır. Nəhayətində tapdığını zənn edir. Onun yaratmağa çalışdığı mükəmməl parfüm əslində ətirdən daha artıq məna daşıyır. Bu, uşaqlıqdan məhrum qaldığı sevginin süni surətidir.



Tamaşanın faciəsi də məhz burada başlayır. Qrenuy inanır ki, həmin qoxunu əldə etsə, insanlar nəhayət onu görəcək, sevəcək və qəbul edəcəklər. O, özünü insanlara hiss etdirmək üçün dəhşətli cinayətlər törətməkdən belə çəkinmir. Nəticədə dahiliklə vəhşilik eyni bədəndə toqquşur.

Final səhnələrində isə qəhrəmanın bütün faciəsi açılır. O, onlarla bakirə qızın həyatı, özünün dəhşətli cinayətləri bahasına arzuladığına nail olur. İnsanlar ona heyran qalır, onu sevir, ona sitayiş edirlər. Lakin bu sevgi Qrenuya deyil, onun yaratdığı qoxuyadır. Həmin an Qrenuy da, tamaşaçı da anlayır ki, qəhrəman əslində bütün həyatını yanlış məqsəd uğrunda heç edib. İnsanların sevgisini qazanıb, amma yenə də özü olaraq sevilə bilməyib. İnsanlar yenə onun şəxsiyyətini deyil, yaratdığı illüziyanı sevirlər.
Məhz bu psixoloji qatlar tamaşanı adi kriminal süjetdən çıxararaq insan ruhunun qaranlıq tərəflərinə enən fəlsəfi əsərə çevirir.



Qrenuy obrazını canlandıran istedadlı aktyor Ziya Ağa qəhrəmanın daxili təlatümlərini, tənhalığını və qəbul olunmaq ehtiyacını uğurla ifadə edir. Onun plastikası və emosional təqdimatı sözsüz səhnələrdə belə obrazın hisslərini tamaşaçıya ötürə bilir.

Tamaşanın diqqətçəkən cəhətlərindən biri də aktyor heyətinin müxtəlif nəsilləri bir araya gətirməsidir. Əməkdar artistlər Elşən Rüstəmov və Elnur Kərimovla yanaşı, səhnədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də yer alması xüsusi maraq doğurur. Gənc aktyorlar və tələbələr tamaşanın kütləvi səhnələrinə enerji, canlılıq və dinamika gətirirlər. Onların böyük səhnədə peşəkar sənətkarlarla çiyin-çiyinə çıxış etməsi həm tamaşanın ümumi atmosferinə müsbət təsir göstərir, həm də gələcək teatr nəslinin formalaşması baxımından əhəmiyyətli görünür.



Musiqi tamaşanın emosional yükünü daşıyan əsas elementlərdən biridir. Bəstəkar Almir Bajramoskinin musiqi həlli səhnədə baş verən hadisələrin ritmini müəyyənləşdirir, gərginliyi artırır və obrazların daxili aləmini açmağa kömək edir. Musiqi bəzən görünməyən bir personaj kimi hadisələrin içində yaşayır.

Xoreoqrafik quruluş isə tamaşanın əsas ifadə vasitəsinə çevrilir. Rəqslər burada sadəcə estetik element deyil, dramaturji yük daşıyan mühüm vasitədir. Obrazların hissləri, qorxuları, ehtirasları və münasibətləri hərəkət dili ilə təqdim olunur. Xoreodrama janrının imkanlarından geniş istifadə olunması tamaşaya fərqli nəfəs verir və onu ənənəvi teatr nümunələrindən ayırır.



Səhnə tərtibatı və kütləvi səhnələr də tamaşanın yaddaqalan tərəflərindəndir. Qoxuların müxtəlif insan obrazları vasitəsilə təqdim edilməsi, kollektiv plastik kompozisiyalar və ritmik keçidlər tamaşaçıda güclü vizual təəssürat yaradır. Bəzi səhnələr sözün həqiqi mənasında rəsm əsərini xatırladır.

"Parfümer" tamaşası hər detalında risk daşıyan bir layihədir. Çünki dünya ədəbiyyatının ən mürəkkəb əsərlərindən birini sözün deyil, hərəkətin dili ilə danışdırmaq böyük cəsarət tələb edir. “White roof” Teatr Studiyasının növbəti layihəsi çərçivəsində yaradıcı heyət bu çətinliyin öhdəsindən gəlməyə çalışaraq Azərbaycan teatr məkanında fərqli və maraqlı səhnə nümunəsi ortaya qoyub.

O tamaşa uğurludur ki, izləyici zalı tərk etdikdən sonra belə uzun müddət onun haqqında düşünür, onun anlatmaq istədiklərini özünün hisslər süzgəcindən keçirir. Bu tamaşadan sonra da o, insanın qəbul olunmaq ehtiyacı, uşaqlıq travmalarının insan taleyinə təsiri, sevgisizliyin yaratdığı boşluq və mükəmməllik axtarışının doğura biləcəyi fəlakətlər haqqında düşünməyə başlayır.



"Parfümer" bir qatilin hekayəsindən daha artıqdır. Bu, görünməyən bir insanın görünmək uğrunda apardığı faciəli mübarizənin hekayəsidir. Elə tamaşanın ən böyük uğuru da məhz budur: o, tamaşaçını Qrenuyun əməllərinə haqq qazandırmağa yox, onun niyə bu addımları atdığını anlamağa vadar edir.

Teatrın əsl gücü də məhz bəraət qazandırmadan anlamaq imkanı yaratmaqdadır.

# 143 dəfə oxunub

Oxşar xəbərlər

“Hacı Qara”  tamaşasının premyerası olacaq

“Hacı Qara” tamaşasının premyerası olacaq

13:00 25 iyun 2026
“Stalin – İzm”  tamaşasına ictimai baxış oldu

“Stalin – İzm” tamaşasına ictimai baxış oldu

11:00 24 iyun 2026
Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər