Siçovul həyatı yaşayan aktyorlarımız

Siçovul həyatı yaşayan aktyorlarımız
16 may 2023
# 12:38

Kulis.az Ulucay Akifin “Azərbaycanda sənətçi olmaq nə deməkdir?” tamaşasından reportajını təqdim edir.

Dünən elə oldu ki, yolum təsadüfən “Salaam Cinema Baku”-ya düşdü. Bilmirəm, bu kinoteatrdan nə qədər xəbərdarsınız, nə qədər yox. “28 Mall” ticarət mərkəzindən 200 metr aralıda yerləşir.

Köhnə, pis vəziyyətdə olan binası var. Olsun. Neyləyək? Kinoteatrın binası köhnə olar da. O ki tamaşa izləyəndə, ya filmə baxanda içində binanın tavanının hər an başına uçacağı qorxusu olmadı, nə ləzzəti var?

Hə, dünən mən də bu uçmaqda olan kinoteatrda "Ritual Mobil Teatr Laboratoriyası"nın tamaşasını izləməyə getmişdim.

“Azərbaycanda sənətçi olmaq nə deməkdir?”

Tamaşanın adı belə idi.

Ssenaristi Zərif Bəkirova, rejissoru Aynur Zərrintac idi. Aktyor truppası da gənclərdən ibarət idi: Əbdül Rzayev, Əsmər Gəncəliyeva, Elnur Rza, Nərminə Fətullayeva, Ramazan Babayev, Xumar Kərimli, Zərif Bəkirova.

40-a yaxın tamaşaçı gəlmişdi.

İzlədik. Ən axıra kimi maraq və həvəslə izlədik. Çox yaxşı işlənilmiş tamaşa idi. Aktyor heyəti də işinin öhdəsindən yaxşı gəldi.

Bir neçə kompozisiyadan ibarət tamaşa idi və bu kompozisiyaların dinamik yerdəyişməsi adamı narahat etmirdi. Aktyorlar tamaşa ərzində bir neçə obraza girirdilər. Heç birinin oyununda pafos hiss olunmurdu. Səmimi və inandırıcı idi işləri. Mövzusu da adından bəlli: aktyorlara münasibət, teatrlardakı vəziyyət.

Şəxsən mən, digər dövlət teatrlarının heç birində hansısa tamaşadan bu dərəcə zövq aldığımı xatırlamıram. Yalan danışım? Vallah, xatırlamıram. Elə getmişəm, yalandan oturmuşam, əlimi çənəmə qoyub baxmışam, qayıtmışam evə.

Niyə?

Çünki yenilik görməmişəm. Standart, monoton, indiki gənclərin marağını cəlb edə bilməyən tamaşalar səhnələşdirilir. Bu teatr ancaq qocalar üçündür? Niyə gənclər nəzərə alınmır? Heç Gənc Tamaşaçılar Teatrı da gəncləri nəzərə almır.

Teatrlarımız ancaq iki təbəqəyə xitab edir: qocalar və uşaqlar.

Gedin teatrlara, baxın auditoriyalarına. Tamaşaların auditoriyası ancaq və ancaq yaşlı nəsildir. Teatra bir dəfə gələn gənc ikinci dəfə gəlmir.

Çünki yenilik yoxdur!

Marağını çəkmir tamaşalar.

Teatra getmək mədəniyyətdir deyə zorla gedib 2 saat bəyənmədiyi tamaşaya baxmalıdır? Olmur axı belə.

Yalandan “camaatın teatra getmək mədəniyyəti yoxdur” deməyin. Bu adamlar kino izləməyə gedir. Kino izləməyə gedən adam tamaşa izləməyə də gələ bilər. Sadəcə onun diqqətini çəkmək lazımdır.

Necə?

Bunu da mən deməliyəm? Hər şeyi mən deməliyəm?

Bir şeyi də özünüz bilsəniz olmaz?

Deyim də necə.

Yığışdırın tamaşalarınızdan pafosu!

Başdan-ayağa pafos!

Ssenari pafos!

Aktyor oyunu pafos!

Hər şey pafosdur. Adam tamaşaya iki dəqiqə baxandan sonra pafos çoxluğundan bilmir başını hara çırpsın. Tamaşa izləməyə gələn normal, intellektli, savadlı adamlara niyə pafos sırıyırsınız? Nəyə lazımdır? Hansı dövrdəyik?

Stalin dövründəyik, ya Lenin? Nəyinsə təbliğatçısıdır teatr?

Teatrlarda rejissor çeşidliliyi yoxdur, aktyor müxtəlifliyi yoxdur. Bu sadaladığım problemlərin hər biri haqda saatlarla danışmaq olar.

Səmimiyyət yoxdur. Aktyorlar da sıxıla-sıxıla çıxır səhnəyə. Aktyorların gözlərindən tamaşaçıya “məni bağışla”, “mən də istəməzdim belə olsun”, “məni xilas elə” dediklərini hiss eləmək olur.

Niyə gənclərin yaratdığı müstəqil teatrların tamaşalarında pafos, bayağılıq yoxdur. Niyə gənclər o tamaşalara gedir, baxır, sıxılmır? "Ritual"ı, “ODA”nı, “ƏSA”nı deyirəm.

Bölgələrdə teatrlar yiyəsiz qalıb. Bunu deyirəm. Orda 200-250 manata işləyən aktyorları deyirəm. Neçə müddətdir rəhbərsiz qalan Sumqayıt teatrını deyirəm.

Anderqraund teatrları, “podval aktyorları”nı deyirəm.

Siçovul kimi o zirzəmidən bu zirzəmiyə, bu zirzəmidən o biri zirzəmiyə qaçıb tamaşalarını məşq edən, oynayan gənc aktyorlarımızı deyirəm.

Mədəniyyət Nazirliyi niyə görməzdən gəlir bu teatrları, bu gəncləri? Niyə onlara şərait yaradılmır? Niyə onlar siçovul kimi yaşadırlar sənəti?

Niyə yeniliyin qarşısı alınır?! Nə vaxta kimi teatrlarımızda “Şah Qacar”, “Ölülər”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” oynanılacaq? Bəs deyil? Ayıb deyil?

2023-cü ildəyik.

Şah Qacar vaxtıdı? Sərgüzəşti-vəziri-xani-Lənkəran yeridi? “Ölülər”... Bildik də, hə, bildik, Cəlil Məmmədquluzadə... Sonra? Başqa?

Başqa nəsə yoxdu?

Yeni mövzu, yeni format, yeni üslub...

Yoxdu?

Niyə küçə tamaşalarına, performanslarına icazə verilmir? Mədəniyyət Nazirliyi deyir “gedin Bakı Şəhər İcra Hakimiyyətindən icazə alın”, İcra Hakimiyyəti deyir ki, “tamaşa nədir, mən bilmirəm, gedin öz nazirliyinizdən istəyin”.

Niyə? Nədir dərdiniz siçovul həyatı yaşayan bu sənət adamları ilə? Nə istəyirsiniz onlardan? Nədir məqsədiniz?

Hələ lap təzə bir şey də çıxıb. Teatrların rəhbərliyi icazə vermədən aktyorlar heç yerə müsahibə, açıqlama verə bilməzmiş. Mən sizə deyirəm ki, belədir. Nazirlik, teatrların rəhbərliyi bunu yalandan inkar etsə də, inanmayın. Aktyorlar özləri deyir bunu mənə. Yalan deməyəcəm ki.

Teatrların rəhbərliyi aktyorlarına təlimat verib ki, harasa müsahibə, ya açıqlama verəcəksinizsə, birinci mənə deyin.

Başa düşürsünüz bu nə deməkdir? Faciədir bu. Bəladır. Bundan o yanası yoxdur.

Aktyor NƏDİR sizin üçün? Necə yəni sizdən icazə almalıdır danışmaq üçün? 250-300 manat maaş verirsiniz, həm də danışmaq haqqını əlindən alırsınız?

Azdrama-da da belədir, Gənc Tamaşaçılar Teatrında da, digərlərində də. Teatrlara da Mədəniyyət Nazirliyindən verilib bu tapşırıq.

Bu nə deməkdir? Hansı dövrdür? Belə senzura qoymaq olar sənətçiyə? Ayıb deyil?

Söz tapmıram deməyə. Ya gərək söyüş söyəsən, onda da deyəcəklər ki “bu da bizim yazıçımız”, Ya da elə söz tapmayasan. Üzrlü sayın.

Hə... İş elə gətirdi ki, dünən tamaşadan sonra aktyor və yaradıcı heyət ilə birgə süfrə arxasında oturası olduq. Xudmani, gözəl bir məclis yarandı. Tamaşanı qeyd etmək üçün şərab da gətirmişdilər. Qədəhlərimiz dolu idi.

Hamı sağlıq dedi dünənki o möhtəşəm məclisdə. Mənə də söz verildi. Dolu qədəhimi götürüb ayağa qalxdım. Ürəyim də qədəhim kimi dolu idi.

İstəyirəm yazımı da elə dünən dediyim sağlıqla bitirim:

“Sənətçilər bütün dövrlərdə olub. Aktyorlar, rəssamlar, yazıçılar, şairlər, hekəltaraşlar... Onların yaratdıqları arasında bu günümüzə kimi çatanları da var, çatmayanları da. Məsələn, min il əvvəl çox möhtəşəm səs sənətçiləri də olub. Biz onların necə oxuduğunu, səslərinin necə olduğunu bilmirik. Çünki səsi qeyd edib saxlamaq mümkün olmayıb. Biz o möhtəşəm səs sənətçilərinin səsini eşidə bilmərik. Nəinki min il əvvəl yaşamış səs sənətçilərinin, heç 150-200 il əvvəl yaşamış səs sənətçilərinin də səsindən xəbərimiz yoxdur. Amma həmin o səs sənətçiləri də xoşbəxt olublar. Nolsun ki, sənətləri bu günümüzə gəlib çatmayıb. Onları xoşbəxt edən sənətin özü olub. Bu iş xoşbəxt edib onları. Mən bilirəm ki, siz də xoşbəxtsiniz. Siçovullarla dolu zirzəmilərdə etdiyiniz o 1-2 saatlıq məşqlər zamanı da xoşbəxt olursunuz, hər an başınıza uça biləcək binalarda tamaşa oynayanda da. Bilirəm ki, bunun necə böyük xoşbəxtlik olduğunun fərqindəsiniz. Qalan hər şeyi boş verin. Sizi sevirəm!”

# 3257 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

17:30 23 fevral 2024
Sankt-Peterburqun  “Aleksandrinski Teatr Məktəbi”nin təhsil layihəsi Bakıda

Sankt-Peterburqun “Aleksandrinski Teatr Məktəbi”nin təhsil layihəsi Bakıda

10:09 21 fevral 2024
Lənkəran Teatrı Bakıda çıxış edib

Lənkəran Teatrı Bakıda çıxış edib

09:09 20 fevral 2024
“Asılqan” tamaşası yenidən səhnədə

“Asılqan” tamaşası yenidən səhnədə

15:04 12 yanvar 2024
Aydın Talıbzadə - Azərbaycan teatrı: külək və su

Aydın Talıbzadə - Azərbaycan teatrı: külək və su

17:00 1 yanvar 2024
Kukla Teatrından balacalara bayram ərməğanı

Kukla Teatrından balacalara bayram ərməğanı

13:27 30 dekabr 2023
#
#
# # #