Lələyəm mən, başdan mən... – daha bir Lələtəpə əfsanəsi

Lələyəm mən, başdan mən... – daha bir Lələtəpə əfsanəsi
15 aprel 2016
# 16:03

Əfsanəvi el aşığı Lələnin izi ilə

Ramilə Qurbanlının “Lələtəpə əfsanəsi” yazısını oxuyub çox alınmışdım: əvvala yazı içimi titrətmişdi, ikincisi Ramilə xanımdan qabaq Facebook səhifəmdə qısa bir status yazmışdım, üçüncüsü... Ən əsası bu üçüncüsü idi: Ramilə xanımın Lələtəpəsi azad edilmişdi, mənim Lalalım qalırdı axı... (Düzdür, torpağımız bütövdür, burda sənin, mənim yoxdu... Amma... Qoy mən də öz Lələ əfsanəmi danışım, sizə dərdim aydın olsun deyə...)

Aprelin 9-da yazmışdım bu statusu:

“Azərbaycanda bir haqq aşığı olub LƏLƏ adında. Konkret yeri, ünvanı, kimliyi bilinmir. Amma bütün Azərbaycanda izləri var. Bizim Zəngilanda Şükrataz yüksəkliyinin yanında bir LALALI deyilən yer vardı. Cəbrayılda LƏLƏTƏPƏ, Qərbi Azərbaycanda Lələdağ və sair. LƏLƏ özü haqqında belə demiş:

Lələyəm mən, başdan mən,
Binadan mən, başdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Allah LƏLƏYƏ də, Lələli uğrunda şəhid olanlara da rəhmət eləsin.”

Ramilə xanımın yazısından sonra yazdığım status yadıma düşdü və yaddaşımı qurdaladım. Zəngilanda, Qaradərədə qalmış əlyazmalarımdakılar, kağız-kuğuzlara yazdıqlarım yavaş-yavaş bərpa olunurdu öz-özünə… Ramilə xanımın yazısındakı sınıq misraların da yeri dolurdu…

…1989-ci ildə Miyandərə yaylağına getmişdik ailəmizlə bərabər. Aranın təzə-təzə qarışdığı vaxtlardı. Miyandərənin Şükrataz yüksəkliyində - Lalalının yanında qoca bir kişiyə rast gəldim. Elə o dağların özü kimi qayım-qədim olan qocadan sordum:

- Nədir bu Lalalı kəlməsinin mənası?

- Lalalı deyil, əslində, - dedi qoca… - Lələlidi… Bu yerlər də bir haqq aşığı olub Lələ adında. Sözü keçərri, dili kəsərri, özü də hünərriymiş… Həm də sirri-xudaymış… Qurduğu, tikdiyi dam-daşı gözəgörünməz imiş. Ona görə özünnən sonra belə bir sözü qalıb:

Lələ bir kümə tikdi,

Ağzını günə tikdi.

Qumsuz-daşsız küməni

Tikdikcə genə tikdi...

(Genə - yerli ləhcədə yenə anlamındadır.)

Lələ həm də, dediyim kimi, elatın başbiləniymiş. Qolunu qolaylayıb atdığı daş hara düşsəydi, elat orda yurd salarmış. Amma Lələnin sirri-xuda olması, onu o qədər sirli-sehrli eləmişdi ki, özünün söylədikləri ilə, özgələrin söylədiyi qarışıb bir-birinə, olub Lələ dastanı. O dastandan belə misralar gəlib çatıb bu günümüzə.

Lələyəm mən başdan mən,

Binadan mən, başdan mən.

Nə atam var, nə anam,

Yaranmışam daşdan mən.

Lələnin elatda istədiyi Lala adlı bir qız da varmış. Amma insaf-mürvət bilməyən elatın bəyi qızı Lalanı ona vermək istəmir. Lələ Lalanın dərdindən yanır, cızdağı çıxır, elə yana-yana oxuyarmış

Lələyəm, Lalalıyam,

Eşq elminnən halıyam.

Lala loğmanım gəlsin,

Dərdinnən yaralıyam...

Bir adı Lalalı, biri Lələli olan dağda bir gün - günün günorta çağı Lələ ilə Lala əl-ələ tutuşub qeyb olurlar... O gün, bu gün, o dağın adına gah Lalalı, gah da Lələli deyərlər...

...Ramilə xanımın sağ əli bizim başımıza! Gün o gün olsun ki, Lələtəpə kimi, Lələli-Lalalı da düşməndən azad olsun!

Nə bimək olar? Bəlkə Lələ ilə Lala da o sirri-xudadan enib gələrlər azad olunmuş torpaqlarımıza...

# 2564 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

12:00 20 iyul 2025
O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

15:00 19 iyul 2025
Rus şovinizminin dəyişməyən üzü... - Biz   “şən matryoşkalar”  deyilik!

Rus şovinizminin dəyişməyən üzü... - Biz “şən matryoşkalar” deyilik!

13:50 30 iyun 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər