Xalq düşməninin nəvəsi: "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

Xalq düşməninin nəvəsi:  "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə
26 sentyabr 2024
# 09:00

Kulis.az "Repressiya" layihəsindən Ülvi Bahadırın repressiya qurbanları - Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyevin və Gizli Müsavatın Mərkəzi Komitəsinin sədri Dadaş Həsənzadənin qohumu, araşdırmaçı Aydın Əlizadə ilə müsahibəsini təqdim edir.

- İstəyirəm ki, həmin mühit ilə tanış olmaq üçün əvvəldən başlayaq. İskəndər Əliyev, Pəri Əliyeva və onların ailələri barədə məlumat verək ki, hər şey daha aydın olsun.

- Aydındır ki, hərə öz ailəsinin təəssübünü çəkir. Deyirlər ki, mənim əcdadlarımın heç bir günahı olmayıb və s. Heç bir insan öz günahını boynuna almır, o ki qaldı, qohumlarının günahını boynuna ala. Mənim yanaşmam sırf elmidir. Mən elm adamıyam, fəlsəfə elmlər doktoruyam. Repressiyaya dair elmi işlər görmüşəm. Arxivlərdə işləmişəm. Səhərəcən göz yormuşam bu repressiya işlərinə. Gözümlə görmüşəm ki, hansı ittihamlar irəli sürülüb, hansı işlər olub, hansı sorğulanma baş verib. Bunların hamısının protokolları var. Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində işləmişəm. Repressiya ilə bağlı beynəlxalq elmi jurnallarda məqalələr dərc etdirmişəm. O cümlədən, ingilis, türk dillərində ABŞ və Türkiyədə. Əsas iki repressiya işi üzrə işləmişəm: biri gizli müsavatçılar təşkilatının 1920-1927-ci illəri əhatə edən fəaliyyəti, ikincisi sağ trotskiçilərin əksinqilabi ehtiyat mərkəzinin işi. 1930-cu illərdə Kommunist partiyasının içində mübarizə gedirdi.

- Sağ trotskist anlayışı nə deməkdir?

- Kommunist partiyasında iki xətt var idi: Lenin xətti və Trotski xətti. Lenin inqilabı bir ölkə ilə məhdudlaşdırırdı, Trotskiyə görə isə bütün dünyada birdəfəlik inqilab baş verməli idi. Belə bir ideoloji fərq var idi aralarında. Trotski daha sərt idarəetmə tədbirlərinin, repressiyaların tərəfdarı idi, leninçilər isə daha mötədil idilər. Trotski sonra aradan çıxarıldı. Bu, artıq Kommunist partiyasının daxilində olan mübarizə idi. Trotski aradan çıxarılandan sonra sağ trotskiçilər - Buxarin, Rıkov da 30-cu illərdə güllələndilər. Yəni trotskiçilərin sağ qanadı da məhv edildi. 1935-1938-ci illər arasında bunların hamısını tuturdular. Sovet İttifaqının hər yerində trotskiçi ovu başlamışdı. O cümlədən də Azərbaycanda. Mən çox vaxt repressiya qurbanı olmuş şəxslərin qohumları ilə danışıram və təbii ki, bu adamlar işin mahiyyətini bilmirlər. Deyirlər ki, babamı güllələdilər. Axı dərəbəylik deyildi. Sovet İttifaqı normal, fundamental dövlət idi. O sizin babanızı heç nədən tutub güllələməzdi. Cəngəllik deyil. İttiham irəli sürülürdü, prokuror var idi, hansısa delolar (işlər) var idi. Arxivdə gördüm ki, hər hansısa bir iş başqa bir iş ilə bağlı idi.. Qruplaşdırma var idi. Günahsız olublar ya günahları olub - bu, tamam başqa məsələdir. Hüquqi prosedurlar yerinə yetirilirdi. Elə-belə gecə ilə gəlib kimisə maşına mindirib aparmırdılar. Müşfiqi heç bir səbəb göstərmədən güllələməyiblər. Afrika çölləri deyil ki... SSRİ-dir bu. İttihamlar oxunur, sübut edilirdi. Necə sübut edilirdi? Bu, artıq başqa məsələdir.

- Sağ trotskiçilərlə gizli müsavatçıları nəsə birləşdirirdi?

- Bunlar ayrı-ayrı işlərdir. Birləşdirici ancaq o idi ki, bəzi trotskiçilərin ailələrində müsavatçılar var idi. Bu ittihamı, təbii ki, onlara qarşı istifadə etmişdilər. Ağırlaşdırıcı bir hal kimi: həm də müsavatçı qohumudur.

- Dadaş bəy gizli müsavatçılara necə qoşulub?

- Müsavat dağıdılandan sonra nələr baş verir? Bu çox vacib bir işdir. Elə bir təsəvvür yaranır ki, bununla da bitdi. Nəsiman Yaqublu və digər cümhuriyyət araşdırmaçılarının tədqiqatlarına baxıram: 20-ci il oldu, mühacirətə getdilər və bununla da bitdi. Azərbaycan xalqı yaddan çıxarır ki, onun bir dövləti olub. Uzaqbaşı, Mirzə Bala Məmmədzadənin nəşr etdirdiyi “İstiqlal” qəzetinin adını çəkirlər. Sonra o da İrana getdi və bununla da hər şey bitdi. Bitdimi? Bu işin davamını tədqiq etmək lazımdır. Məsələ burasındadır ki, bu işin davamı, demək olar ki, tədqiq edilməyib. Heç kim yazmır, çünki bunun üçün arxivlərə gedib araşdırmaq lazımdır. 1920-1926-cı illər Gizli Müsavatın Bakı fəaliyyətini DTX arxivindəki sənədlər ilə araşdırmışam. İşğaldan sonra gənclər, əsasən, Bakı Dövlət Universitetinin məzunları doktor Dadaş Həsənzadənin başçılığı ilə 1920-1922-ci illərdə dəstə halında fəaliyyət göstəriblər. Bu gənclər təxribatlarla da məşğul idilər, zavodları partladırdılar ki, Azərbaycandan məhsul Rusiyaya getməsin, Qızıl Ordunun hissələrində bomba partladıblar və s. Müqavimət lazımi səviyyədə gedib. Bunun hamısını da Müsavatın gizli dəstələri Bakıda həyata keçiriblər. Bunlar nə qədər olub? Mənim imkanım olmadı o işlərin hamısını araşdırım, ancaq bildiyim odur ki, şəbəkə şəklində fəaliyyət göstəriblər.

- Gürcüstanla da əlaqələri var idi?

- Bəli. Xarici əlaqələri var idi. Əksinqilabçı Ukrayna qüvvələri ilə də əlaqədə idilər. Sovetlərə qarşı Gürcüstanla birgə üsyan qaldırmalı idilər. 1924-cü ildə Gürcüstandakı əksinqilabçılarla danışıq belə idi ki, iki tərəfdən üsyana qalxacaqdılar Sovetlərə qarşı. Planda var idi ki, dağlı xalqlarının əksinqilabçı qüvvələrini də cəlb etsinlər bu plana. Son mərhələdə Bakıdakı gizli müsavatçılar belə hesab etdi ki, üsyanı Bakıda qaldırmaq məqsədəuyğun deyil. Gürcüstanda üsyan qalxdı, amma Bakıdakı gizli müsavatçılar dəstək vermədilər.

- Sizcə, üsyan niyə Bakıda başlamadı?

- Müsavatçılara ağır zərbə endirilmişdi. Mirzə Balanın “İstiqlal” qəzeti bağlanmışdı. Dadaş Həsənzadə ağır zərbələr endirilən Müsavatı yenidən dirçəltdi. 1924-cü ildə artıq müsavatçıların elə gücü yox idi ki, Gürcüstandakı qiyamı dəstəkləsinlər.

- Gürcüstandakı qiyamın nəticəsi nə oldu?

- Qiyamçılar məğlub edildi. Bir neçə günün içində Qırmızı Ordu onları tamamilə darmadağın etdi.

- Gürcüstandakı müqavimət güclü olub ya bizimki?

- 1924-cü ilə qədər gizli fəaliyyət ilə məşğul idilər. Birinci Bakıda müsavatçıları darmadağın etdilər, Gürcüstanda 1924-cü ilə qədər Azərbaycandakı kimi repressiya olmamışdı, buna görə onlar qüvvələrini cəmləyib üsyana qalxa bildilər.

- Rəsulzadənin Moskvadan qaçırılması da maraqlı hadisədir.

- 1922-ci il. Məlum idi ki, Rəsulzadə Finlandiya sərhədindən keçib gedib. Şəxsən doktor Dadaş Həsənzadə öz yoldaşları ilə onu qaçırmışdı. Çox maraqlıdır ki, bu əməliyyatda Musa Bigiyev də iştirak edirdi. Bigiyev məşhur tatar maarifçisi olub. O, tatarlar içərisində çox nüfuzlu bir şəxsiyyət idi. Rəsulzadə öz əsərlərində Dadaşı xatırlayır.

- Dadaş bəy necə həbs olunub?

- 1926-cı ildə. Müsavatçıların 1924-cü ildə gücləri tükəndiyindən fəaliyyət maarifçiliyə yönəldilmişdi. Artıq gücləri yox idi ki, silahlı mübarizə aparsınlar. Dərnəklər yaradır, universitetlərdə tələbələrlə danışırdılar ki, Azərbaycan bölməsində ana dilimizə qarşı diqqət yoxdur və s. Həmin tələbələr ana dili ilə bağlı nümayişlər keçirirdilər. “Azərbaycanın türk gəncinin tərbiyə olunması” adlı kompleks tədbirlərin görülməsini nəzərdə tutmuşdular. Universitetlərdə, idarələrdə bu cür tədbirləri həyata keçirirdilər. Qızıl Ordunun azərbaycanlı əsgərləri arasında Müsavat təbliğatı aparırdılar. 1926-cı ildə artıq xüsusi xidmət orqanları onların izlərinə düşdü və bundan sonra repressiyalar başladı. Təxminən, 30- a yaxın adam həbs edildi.



- Deyilənə görə, müsavatçılar təşkilata casus kimi daxil olmuş rus qadınının sayəsində ifşa ediliblər.

- İsmayıl Saryal “Bakı rüzgarı” əsərində yazıb ki, rus qadın ya QPU-nun, ya da NKVD-nin casusu olub. Həmin qadını yollayıblar İrana. Bir azərbaycanlı müsavatçı onunla sevişib və o qadına Bakıdakı bütün müsavatçıların adını verib. Həmin müsavatçının adını çəkmir. Şaiyələr var ki, həmin müsavatçı Mirzə Bala olub. Doğrudan da, Mirzə Bala İrana qaçmışdı. Tədqiq etdiyim sənədlərə görə də Bakıdakı müsavatçılarla Mirzə Bala əlaqə saxlayıb, amma əlimdə dəqiq fakt yoxdur ki, həmin müsavatçı Mirzə Bala olub. Bununla bağlı, sadəcə, ehtimal var.

- Dadaş bəy həbsxanada olarkən ailə üzvləri onunla görüşə bilirdilərmi?

- Anası da, bacısı da yanına gedirdilər. Onun bacısı Pəri xanım mənim nənəm idi.

- Deyirlər, onu Mir Cəfər Bağırov həbs elətdirib.

- Bəli, Bağırov o vaxt Azərbaycan Fövqəladə Komissiyasının sədri olub. Dadaş çox inadkar adam olub. Heç kəsin adını vermədiyindən onu şiddətli cəzalara məruz qoymuşdular. Bağırovun yanına adam yollayıblar ki, Dadaşı buraxdırsın. Bağırov da deyib ki, kimi istəyirsən buraxdırım, amma Dadaşı yox, onun kimi əksinqilabçı yoxdur. Arxiv materiallarda Dadaş Həsənzadənin ən qatı müsavatçı olduğu, nə qədər işgəncə verilsə də, heç kimin adını çəkmədiyi qeyd edilib.

- Onun adını çəkənlər olub?

- O biri məhbus yoldaşları işgəncələrə dözməyib onun adını çəkiblər. İsmayıl Saryala görə, - elə mənim nənəm də bunu danışırdı ki, müstəntiq Jukova Dadaş xəbər yollayıb ki, mən hamının adını verəcəm, gəlin məni dindirin. Jukov da sevinə-sevinə bunu yanına gətirdib. Dadaş Həsənzadə də yazmaq üçün mürəkkəb və mürəkkəb qabı istəyib. Dadaş elə göstərir ki, guya yoldaşlarının əleyhinə yazacaq. Fəqət qəflətən pero ilə müstəntiqin gözünü çıxarıb. İsmayıl Saryala görə, elə həmin vaxt onu güllələyiblər. Amma arxivdə bu barədə fakta rast gəlmədim. Ola bilsin, NKVD əməkdaşları sənədlərdə qeyd etməyiblər bunu. Sənəddə qeyd olunurdu ki, Dadaş Həsənzadəni Moskvadakı Solovki düşərgəsinə göndəriblər. O birilərin adı olsa da, Solovkidə Dadaşın adı yoxdur. Çox güman, müstəntiqin otağındaca güllələnib, amma sürgünə göndərildiyi qeyd edilib.

- Pəri xanım həmin vaxt hansı təzyiqlərlə üzləşib?

- Bir-iki dəfə onu da dindiriblər. Ondan sonra onunla heç bir söhbət olmayıb. Cavan qız idi, öz evində Dadaş gizli yığıncaqlar keçirirdi, bacısı da gələnləri görürdü, amma o yığıncaqlarda iştirak etməmişdi. Dadaşın sağlığında Pəri xanım tələbə idi. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb nənəm Pəri xanım. Universiteti bitirəndə Dadaşın ölümündən artıq 6 il keçmişdi. Elə həmin il də babamla ailə həyatı qurublar. Babam İskəndər Əliyev o vaxt çox perspektivli bir gənc olub, Yüngül Sənaye Komissarlığının Həmkarlar İttifaqının sədri idi. Sonra yavaş-yavaş daha da yüksəlməyə başlayıb. 1933-cü il 16 iyun tarixində SSRİ Xalq Yüngül Sənaye Komissarlığının Dövlət Pambıq Satışı İdarəsinin Azərbaycan şöbəsinin müdiri təyin olunub. 11 avqust 1937-ci il tarixində Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarının müavini, 2 noyabr 1937-ci il tarixində isə Xalq Yüngül Sənaye komissarı vəzifəsinə təyin olunub. Üstəlik, həmin il SSRİ Ali Sovetinin birinci çağırışında deputat seçilmişdi. Evlilikdən sonra nənəm də yavaş-yavaş özünə gəlməyə başlayıb. Bir növ, arxalanırdı ərinə, çünki qardaşı “xalq düşməni” idi. ”Şərq qadını” jurnalının məsul katibi olub nənəm. Babam Moskvada Stalinlə görüşüb, şəkilləri var məndə. Moskvadan Bakıya qayıdanda həbs olunub.

- Repressiyanın ikinci dalğası necə başlamışdı?

- Repressiyalar heç vaxt bitməmişdi Sovet İttifaqında. 1935-ci ildəndən sonra, xüsusən də, 1937-1938-ci illərdə artıq şiddətlənmişdi və xeyli insan güllələnir, həbs olunurdu. Sovet İttifaqında problemlər çoxalmışdı. Kommunist partiyasının daxilində mübarizə var idi: sol trotskiçilər-leninçilər, sağ trotskiçilər-leninçilər. Hər bir fraksiya Stalini yıxıb yerinə keçmək istəyirdi. Stalin özünü müdafiə etmək məcburiyyətində idi. Kommunist partiyası verdiyi vədləri tam yerinə yetirə bilmirdi. Ölkədə böhran, aclıq hökm sürürdü. Ukraynada Holodomor, Qazaxıstanda kütləvi aclıq... bunların hamısı 1930-cu illərdə baş verib. İqtisadi vəziyyət pisləşir, mövcud iqtidara qarşı narazılıq artırdı. Keçmiş müsavatçılar, menşeviklər, Orta Asiyada basmaçılar, təbii ki, belə bir vəziyyətdə baş qaldırmalı idilər. Hakim rejim də özünü müdafiə edirdi.

- Bizdə repressiya mövzusuna ultranasionalist baxış var. Siz isə mövzuya hərtərəfli yanaşırsınız.

- Haqlı-haqsız anlayışları nisbi anlayışlardır. İndinin düşüncə tərzi, qanunları ilə yanaşsaq, repressiya qurbanlarının bir çoxu günahsız idi. Bu günün təfəkkürü ilə o dövr barədə fikir bildirmək düzgün olmaz. O vaxt təfəkkür başqa idi. İnqilabi əhvali-ruhiyyə hökm sürürdü: "Biz - inqilabçılar Yeni dünya qururuq, kim bizə qarşı çıxış edirsə, onlar əksinqilabçıdır və onların yaşamağa hüququ yoxdur!" - Bütün inqilablarda tarixən belə olub. O vaxtın inqilabçı hakimiyyətinin nəzərində repressiya qurbanı edilən şəxslər cinayətkar idilər, çünki hansısa məqamda SovİKP-yə qarşı çıxış ediblər. Həmid Sultanov, Əliheydər Qarayev, Dadaş Bünyadzadə - bunlar ideologiya baxımından sırf kommunist idilər, amma mövcud iqtidardan fərqli düşüncələrə də malik idilər. Mövcud iqtidar isə bu fərqliliyi gözdən qaçırmadı və onları güllələdi.

- Bəs bolşeviklər niyə güllələnirdi?

- Hər bir hakimiyyətin daxilində ona qarşı müxalifət mövcud olur. Azərbaycandakı tanınmış bolşevik inqilabçıların da bir çoxu elə idi. Üstəlik, repressiyada şəxsi münasibətlər də rol oynayıb. Repressiyalar dalğası kütləviləşəndə şər də atılacaq, ittihamlar da böhtanlar üzərində qurulacaqdı. Bunlar təbii idi.

- İskəndər bəy necə həbs olunur?

- 1938-ci ildə Moskvadan qayıdandan sonra babamı ittiham ediblər ki, sağ trotskiçilərin liderlərindən biridir. Onların işi “Sağ trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının rəhbərləri” adlanır. Babamdan başqa bu iş üzrə daha beş yüksək vəzifəli şəxs həbs edilib: Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Manaf Xəlilov, Azərbaycan SSR Xalq Daxili Ticarət komissarı İbrahim Əsədullayev, Azərbaycan SSR Xalq Əkinçilik komissarı Əbülfət Məmmədov, Xalq Rabitə Komissarlığının məsul işçisi Yefim Rodionov və Azərbaycan SSR Xalq Komissarları Sovetinin məsul işçisi Boris Lyuborski-Novikov. Babama 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdilər.

- Babanıza qarşı ittihamlar böhtan üzərindəmi qurulmuşdu?

- Araşdırdığım qədərilə böhtan idi. Azərbaycanda sağ trotskiçilər işi üzrə 800-ə yaxın adam dindirilmişdi. Həmin adamlardan güllələnənlər bir neçə nəfər idi. “Sağ trotskiçi ehtiyat mərkəzinin əksinqilabçı milliyətçi təşkilatı” rəhbərlərinin işi üzrə 32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnib, ya da uzun müddətə azadlıqdan məhrum ediliblər. Bu iş SSRİ-də “Sovetlər əleyhinə sağ trotskiçi bloku”nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə, SEMƏMT(Sağ trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı) Azərbaycan milliyətçilərinin, əsasən, başqa millətlərin nümayəndələrindən olan sağ trotskiçilərlə birliyini təmin edib. Bu təşkilat ona görə “ehtiyatda olan” adlandırılıb ki, guya ondan qabaq 1936-37-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş “əsas” təşkilatın əvəzinə yaradılıb; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışıblar. Təşkilatın rəhbərliyinə daxil edilməyən daha bir “sağ trotskiçi” SSRİ Ali Sovetinin deputatı Nikolay Kulkov (Azərbaycan SSR K(b)P Lenin Rayon Komitəsinin katibi) də məhkum edilmişdi. Bu iş üzrə cəmi altı SSRİ Ali Sovetinin deputatı məhkum edilmişdi bütövlükdə.

Hələ 1937-ci ildən Azərbaycan SSR K(b)P katibi Mir Cəfər Bağırovun göstərişi ilə SSRİ Ali Sovetinin azərbaycanlı deputatlarına qarşı ifşaedici materiallar toplanılmağa başlanıb. Babamın, Əbülfət Məmmədovun və İbrahim Əsədullayevin adları 25 sentyabr 1938-ci il tarixli “Stalinin siyahıları”nın 1-ci kateqoriyasına salınmışdı. Bu da o demək idi ki, onlar güllələnməli idilər. Ancaq həmin ilin oktyabr ayından repressiyaların şiddəti bir qədər yumşalmışdı. Siyasi məhbusların çoxunu artıq güllələmirdilər, uzun müddətə azadlıqdan məhrum edirdilər. Onlara qarşı bu ittihamlar irəli sürülmüşdü: Azərbaycanın SSRİ tərkibindən çıxması üçün silahlı üsyanın hazırlanması; Azərbaycan K(b)P rəhbərliyinə qarşı terror əməliyyatlarının keçirilməsi; SSRİ ilə düşmənçilik edən ölkələrlə əlaqələrin qurulması; dünya faşizminin SSRİ-yə qarşı hücumunun dəstəklənməsi; SSRİ-nin dağılmasından sonra hakimiyyətə gəlmək üçün paralel hökumət yaradılması; əhalinin mərkəzi hakimiyyətə qarşı inamsızlığının yaradılması üçün Azərbaycanda iqtisadi sabotaj və ziyanvericiliyin həyata keçirilməsi; Sovet hökumətinə qarşı əhali arasında təbliğatın aparılması; Sovetlər əleyhinə hərəkata yeni üzvlərin cəlb edilməsi.

- Babanız da əksinqilabi təşkilatın rəhbəri olmaqda ittiham olunub.

- Bəli. Boynuna almayıb. Bağırova məlumat vermişdilər ki, İskəndər Əliyevin həyat yoldaşı müsavatçının bacısıdır, özü də öldürülmüş “xalq düşməni” Dadaş Həsənzadənin bacısı. İskəndər Əliyev reabilitasiya olunandan sonra SSRİ Prokurorluğuna ifadə verib ki, Bağırov şəxsən gəlib onu dindirməyə və tapşırmışdı ki, bu adam tutulmalıdır. Bağırov özünə rəqib olan hər hansı bir qüvvəni ortalıqdan çıxarırdı. İskəndər Əliyev ona necə rəqib idi? Ali Sovetin deputatı idi, partiya və dövlət xadimi kimi ortalığa çıxmağa başlamışdı, xalq komissarı idi.. 1938-ci ilin sənədlərinə görə İskəndər Əliyev boynuna alır ki, sağ trotskiçi ehtiyat mərkəzin rəhbərlərindən biridir. Həmin illərdə, demək olar ki, Azərbaycan SSR rəhbərliyinin əksər şəxsləri həbs edilmişdi. Babamla birgə sağ trotskiçi ehtiyat mərkəzin rəhbəri olmaqda təqsirləndirilən siyasi rəhbərlər də təqsirlərini boyunlarına almışdılar. 1939-cu ildə onlar əvvəlki ifadələrindən imtina etdilər ki, həmin ifadələr işgəncəylə alınıb. Məhkəmə də əlavə istintaq üçün işlərini geri qaytardı. Proses uzandı. Təqsirləri sübuta yetirilmədi deyə, “xalq komissarları olaraq təxribatla məşğul olmusunuz, komissarlıqlarınızda yeyinti olub və nəticədə, qəsdən Sovet hökumətinə əksinqilabçı ziyan vurmusunuz”- deyərək ittiham etdilər. Məhkəmə “sağ trotskiçi ehtiyat mərkəzin rəhbər”lərinin hər birini 10-15 il müddətinə azadlıqdan məhrum etdi. Babam da 10 il müddətinə həbs olundu. Cəzasını Qazaxıstan SSR Karaqanda vilayətinin islah əmək düşərgəsində çəkdi. Sürgün həyatının son illərini (1953-1955) Karaqanda vilayətinin Kuv rayonunun Koyandı MTS-ində və Koyandıbulaq kəndinin kolxozunda sürüb, orada aqronom vəzifəsində çalışıb. 1955-ci ildə reabilitasiya başlananda onunla əlaqə saxlayıblar. Babamgilin işi üzrə bircə babam sağ qalmışdı, qalanları həyatdan köçmüşdülər.

Mir Cəfər Bağırovun məhkəməsi üçün babamgilin işi üzrə şahid lazım idi. Aleksandr Dümanın “Qraf Monte Kristo” əsərinin qəhrəmanı necə öz intiqamını alırsa, babam da Mir Cəfərdən öz intiqamını elə alıb. 1955-ci ildən babam bəraət alsa da, onu Azərbaycana qaytarmırdılar, çünki babamgilin işi üzrə babam yeganə şahid idi və onu qoruyurdular. Bakıda Mir Cəfərin adamları olduğundan onu öldürə bilərdilər. Bağırovun məhkəməsi olan gün birbaşa təyyarə ilə babamı məhkəmə zalına gətirirlər. Babam SSRİ Prokurorluğuna Mir Cəfərin onlara necə böhtan atdığı, işgəncə verdirdiyi barədə hər şeyi danışıb. Məhkəmədə Mir Cəfərə Müşfiqi güllələməsi daxil bir çox ittiham irəli sürülüb, amma çoxu sübuta yetirilməyib. İttihamı sübut etmək lazımdır. Müşfiq güllələnib, amma bunu Bağırovun edib-etməməsi sübuta yetirilməlidir. Məhkəmədə hakim Müşfiq barədə soruşanda Mir Cəfər demişdi ki, məndən xəbərsiz ediblər. Yazılı əmr yox idi. Bağırovun güllələnməsində babamın xüsusi rolu olub. Onun ifadəsi olmasa idi, bəlkə də, Bağırovu güllələməyəcəkdilər. Əsas şahidlərdən biri o idi. Babamın müsadirə olunmuş evi də özünə qaytarıldı. Azərbaycanın stalinizm dalğasından uzaqlaşması prosesi gedirdi və Azərbaycan SSR KP katibi İmam Mustafayev bu prosesin dərinləşdirilməsində maraqlı idi. Ona görə də İskəndər Əliyev kimi stalinizmdən zərər çəkmiş adamların rəhbər vəzifələrə bərpası bu siyasətə qulluq edən addımlardan idi. Babam 1956-1959-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsinin sədri, 1959-1964-cü illərdə isə Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri vəzifələrində çalışıb. O, nəinki müsadirə edilmiş əmlakını, hətta vəzifəsini də geri qaytarıb.

- Babanızın sürgün həyatı nənənizə necə təsir edib?

- Nənəm düz 18 il babamsız ömür sürüb. Xəbəri olmayıb ki, babam sağdır ya ölü. Qardaşı Dadaşı “xalq düşməni” elan edib öldürmüşdülər, ərini də həbs etmişdilər. O vaxtlar “xalq düşmənləri”nin arvadları da sürgün edilirdi. Tanışları nənəmə deyiblər ki, Bakıdan qaçmasan, həbs ediləcəksən. 3 uşağını - atam, bibim və əmimi götürüb Bərdəyə gedib. 18 il orada yaşayıblar. Nənəmgil şuşalı olsalar da, Bərdədə qohumları vardı. Onlar nənəmə sığınacaq vermişdilər. Nənəm 18 ildən sonra bir də görür ki, əri gəlib evə. Özü də birinci məhkəməyə gedib təyyarə ilə, sonra evə gəlib.

- Arxivi araşdıranda sizi ən çox təəccübləndirən nə oldu?

- Demək olar ki, hamısı maraqlı idi. Nənəmin qardaşı Dadaş Həsənzadəyə nə qədər işgəncə versələr də, heç kimin adını verməyib. Adamı necə yaxşı mənada təəccübləndirməyə bilməz bu hadisə? Hələ Çar dövründə Dadaş Həsənzadə gimnaziyada oxuya-oxuya gizli dərnəklər yaradıb. Hüseyn Baykara “Azərbaycan istiqlal mübarizəsi tarixi” əsərində 3 adamın adını qeyd edib ki, 1920-ci ilin 28 aprelindən sonra onlar Azərbaycanı tərk etməkdən imtina ediblər: Dadaş Həsənzadə, Əhməd Cavad və Rəhim bəy Vəkilov.

- Dadaş Həsənzadənin Rəsulzadə ilə əlaqəsi var idi?

- Rəsulzadə mühacirətdə idi və Bakıdakılarla əlaqə saxlayırdılar. Teleqraf var idi, amma bolşeviklərin nəzarəti altında idi. Hərdənbir kimlərsə gizli şəkildə məktub gətirib-aparırdılar. Belə vəziyyətə görə müsavatçıların Bakıdakı dərnəkləri yarımmüstəqil idi.

- Azərbaycan əhalisinin əksəriyyətində Sovetə qarşı nostalgiya, simpatiya hiss olunur. Bunu nə ilə əlaqələndirirsiniz?

- Gənclik sindromu ilə. Sovetə qarşı nostalgiya duyanlar gənclik dövrlərini Sovetlər vaxtında keçirən indiki yaşlı nəsildir. Gənclik unudulmur axı. Demək olmaz ki, Sovet dövründə hər şey pis idi. İndiki dövrdə marketdən istədiyiz şeyi ala bilirsiniz, o dövrdə isə marketlərdə boşluq idi. Əyninə geyindiyin cins şalvarı alverçilərdən alırdın. Qida talonla verilirdi. O nəhənglikdə SSRİ şalvar istehsal etmirdi. Qida sarıdan qıtlıq idi. 1940-cı illərdən ABŞ və İngiltərədə plastik pəncərələr istehsalı başlamışdı, SSRİ-də isə keyfiyyətsiz taxta pəncərələr öz mövcudluğunu qoruyub saxlayırdı.

- 1960-70-ci illəri SSRİ-nin çiçəklənmə dövrü adlandırırlar.

- Yenə də SSRİ Qərbin aparıcı dövlətlərindən geri qalırdı. Xruşovkalar əhaliyə ödənişsiz olaraq verilirdi. SSRİ üzrə 50 milyona yaxın adam ev sahibi olmuşdu. Amma həmin evi almaq üçün növbə olduğundan məmura rüşvət verməli olurdun. Krımda istirahətə ödənişsiz putyovka verirdilər, işsizlik yox idi. Maaşlar çox aşağı səviyyə idi. Bir aya güclə dolanırdın o vaxtkı maaşlarla. Korrupsiyanın səviyyəsi də yüksək idi.

- Sovet dövrünün ən çox təriflənən cəhəti təhsilidir.

- Sovet məktəbində təhsil almışam. Bəzi müəllimlərimizi çıxmaq şərtilə, əksər müəllimlərimiz başdansovdu yanaşırdılar. İndiki təhsilimiz o vaxtkı təhsildən zəifdir, demərəm. Universitetlərdə rüşvət var idi. Rüşvət olan yerdə yaxşı təhsil olar? Bəlkə də, 1960-cı illərdə vəziyyət fərqli olub. Mən 1980-ci illərdə təhsil almışam.

- Ümumiyyətlə, sosializmə münasibətiniz necədir?

- Mənfi. Nəzəri olaraq hamının bərabərliyi, birgə mülkiyyət... yaxşı ideyalardır, amma praktikada özünü doğrultmur. Şimali Koreya buna nümunədir. Çin kommunist rejim tərəfindən idarə olunur, amma iqtisadiyyatı kapitalistdir. Avropa-Amerika kapitalizminə bu dəqiqə alternativ ola biləcək sistem yoxdur.

- Repressiya mövzusunda tədqiqat aparmağa marağınız haradan yaranıb?

- Nənəmin qardaşı Dadaş Həsənzadəni “xalq düşməni” elan edib öldürüblər, babamı da sürgün ediblər. Marağın yaranması təbii idi. Özüm də ki elm xadimiyəm, tədqiqat aparmağın metodlarını bilirəm. 2018-ci ildən başladım bu sahədə tədqiqat aparmağa. Babamın Mir Cəfərin məhkəməsində şahidlik etməyini, sürgün edilməyini nənəmdən bilirdim, amma “xalq düşməni” elan edilməsinin səbəbləri mənə məlum deyildi. Çalışdığım elmi müəssisənin rəhbərliyinə müraciət etdim və onlar da DTX-ya müraciət etdilər. İcazə verildi. Arxivdə işlədim.

# 8606 dəfə oxunub

Oxşar xəbərlər

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

09:00 6 noyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
# # #