#

Xalid Hüseyni Amerikanın proyektidir – Seymur Baycan yazır...

Xalid Hüseyni Amerikanın proyektidir – Seymur Baycan yazır...
10 iyun 2021
# 13:11

Kulis.az Seymur Baycanın “Ədəbiyyat və təbliğat haqqında” məqaləsini təqdim edir.

İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir.

Atalar məsəli

Desəm ki, Çarlz Dikkensin həyat və yaradıcılığına dərindən bələdəm, rəsmən ağ yalan söyləmiş olaram. Dikkensin cəmi üç əsərin oxumuşam: “Oliver Tvistin macəraları”, “İki şəhər” və təbii “Böyük ümidlər”...

Bilmirəm, nədənsə Dikkens elə əvvəldən bir yazıçı kimi mənə o qədər də maraqlı, cəlbedici görünməyib. Əgər, Dikkens bir yazıçı kimi mənə maraqlı, cəlbedici görünsəydi, onun bütün yaradıcılığını su kimi içərdim. Dikkensin yaradıcılığına, həyatına əvvəldən xüsusi marağım olmamasının səbəbləri haqqında düşünməmişəm. Bu barədə düşünməyə heç ehtiyac belə hiss etməmişəm...

Müğənnilər demişkən, yaxından tanıyan adamlar yaxşı bilirlər ki, zaman-zaman müxtəlif əsərləri təkrar-təkrar oxumaq kimi bir mərəzim var. Yaxınlarda Dikkensin “Böyük ümidlər” əsərini bir daha oxudum. Dedim, bir baxım, görüm, Dikkens indi mənə necə təsir bağışlayacaq? Dikkens əvvəlki vaxtlarla müqayisədə bir yazıçı kimi mənə daha zəif təsir bağışladı. Əsəri oxuduqdan sonra bu yazını yazmaq qərarına gəldim.

Bir çox ədəbiyyat kitablarında Dikkensin adı Balzak, Mopassan, Tolstoy, Viktor Hüqo kimi yazıçılarla yanaşı çəkilir.

Ola bilsin, Dikkens ingilislər üçün əziz və qiymətli yazıçıdır.

Ola bilsin, Dikkens ingilis ədəbiyyatı üçün çox iş görüb, amma sırf ədəbiyyat nöqteyi-nəzərindən Dikkensin Balzak, Mopassan kimi yazıçılarla yanaşı dayanması, hardasa böyük ədalətsizlikdir.

Öz aramızdır, Balzak, Mopassan hara, Dikkens hara? Mən hələ Tolstoydan, Viktor Hüqodan danışmıram. Dikkens Tolstoy, Hüqo kimi divlərin yanında sadəcə cırtdan kimi görünür.

Dikkensin özünü əsərlərində olduğundan daha ağıllı, hazırcavab göstərmək istəməsi adamı olmazın dərəcədə əsəbləşdirir. Bir insanın özünü olduğundan daha ağıllı, hazırcavab kimi göstərmək istəməsi çox pis haldır. Əksinə, düşünürəm ki, insan özünü olduğundan daha da ağılsız, daha da savadsız göstərməlidir.

Bəs yaxşı, Dikkens zəif yazıçı olduğu halda (təbii, nəhəng yazıçılarla müqayisədə) necə olur onun adı Mopassan, Balzak, Tolstoy kimi yazıçılarla yanaşı çəkilir. İsa Qəmbər demişkən, hesab edirəm ki, Dikkensin dünya ədəbiyyat meydanında belə at oynatmasının, lotuluq etməsinin, məşhur olmasının arxasında ingilis gücü dayanır. İngilis gücü olmasaydı, Dikkens öz hesabına bir yazıçı kimi dünya ədəbiyyatında bu qədər məşhur ola bilməzdi. Dikkens hər hansı üçüncü bir olkənin yazıçısı olsaydı, onu öz ölkəsindən kənarda çox az adam tanıyardı. Xülaseyi-kəlam, Dikkens bu mənada çox şişirdilmiş yazıçıdır.

Şərif Ağayar yaxınlarda bir yazısında maraqlı, aktual bir sual qaldırmışdı:

“Görəsən, ədəbiyyatda zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürmü?

Şərif qaldırdığı suala belə cavab vermişdi:

“Əgər belədirsə (yəni ədəbiyyatda zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürsə - S. B. ), o, ədəbiyyat ədəbiyyat olmaz axı! Sonralar bir balaca səhv elədiyimi anladım. Sən demə, təbliğat müəyyən zaman dilimində olsa da, öz işini görür. Sovet quruluşunda da, kapitalist cəmiyyətində də təbliğat və reklamla ictimai rəyə oturdulan imzalar olub. Onların bəziləri qısa ömürlü, bəziləri uzun ömürlü, bəziləri hardasa əbədi davam edib.”

Şəriflə birmənalı olaraq razıyam. Hələlik, uzağa getməyək, elə özümüzünkülərdən misal gətirək. Anar Rzayev, Elçin Əfəndiyev kimi istedadsız, ədəbiyyata yaxından və uzaqdan dəxli olmayan adamlardan ataları zorla yazıçı düzəldib cəmiyyətə soxuşdurdular. Öz istedadlarına qalsaydı, Anar Rzayev, Elçin Əfəndiyev uzaqbaşı, maksimum hansısa ədəbiyyat jurnalında redaktor ola bilərdilər. Amma təbliğat öz işini görüb. Anar Rzayev, Elçin Əfəndiyev bir yazıçı kimi tanınıblar. İndi də özlərini elə aparırlar ki, guya həyatda hər şeyi özləri əldə ediblər, bunların yazıçı kimi tanınmaqlarında atalarının heç bir rolu olmayıb.

Ölkə sərhədlərindən kənara çıxaq, xarici yazıçılardan misallar gətirək. Etqar Keret adında bir yəhudi yazıçı var. Çox səviyyəsiz bir yazıçıdır. And olsun bizi yaradana, onun hekayələrini mən yazsam, o hekayələri Azərbaycan oxucuları büküb məmnuniyyətlə gözümə soxarlar. Amma nə deyirsən, yəhudi mafiyası bu səviyyəsiz yazıçını inadla, peşəkarcasına, uğurla dünyada məşhurlaşdırmaqla məşğuldur. Yaxın illərdə babat bir mükafat verib, edəcəklər dünya şöhrətli yazıçı.

Yaxud, götürək, Xalid Hüseynini. Xalid Hüseyni Amerikanın proyektidir. Orta səviyyədən də aşağı bir yazıçıdan dünya şöhrətli yazıçı düzəldiblər. Bütün bunlar bəzi yoldaşlara cəfəngiyat, sayıqlama kimi görünə bilər. Görünsün, problem yoxdur. Lakin bilin ki, bütün bunlar adi və banal həqiqətlərdir.

Bəs bu əməliyyatlar necə həyata keçirilir? Çox asan yollarla. Hərçənd, şeytan çox vaxt təfərrüatlarda gizlənsə də, burada təfərrüatlara girməyə zərrə qədər də ehtiyac yoxdur. Yaxşısı budur gəlin bir rəvayətin məzmununa diqqətlə nəzər salaq.

MyCollages
Çarlz Dikkens, Etqar Keret, Xalid Hüseyni

Belə rəvayət edirlər ki, qədim zamanlarda bir şahın bir pəhləvanı varmış. Bu pəhləvan ya zəlzələdən, ya vəlvələdən hamını yıxırmış. Deyilənə görə, pəhləvanların bəziləri şahın qorxusundan, bəziləri də sırf şaha yaltaqlanmaq üçün onun pəhləvanına qəsdən uduzurmuşlar.

Buna baxmayaraq, şahın pəhləvanı fəxr edirmiş ki, onun kürəyini yerə vuran adam yoxdur və beləcə xoruzlana-xoruzlana, xurma yeyə-yeyə kef içində yaşayırmış.

Bir gün qurd ürəyi yemiş bir nəfər şahın pəhləvanına deyir ki, çox da xoruzlanma, filan yerdə bir pəhləvan var, sən onu heç cürə yıxa bilməzsən. Bu söz şahın pəhləvanının qüruruna toxunur. Çünki belə bir pəhləvanın mövcud olduğu haqda o heç nə eşitməmişdi. Heç kimin tanımadığı bir pəhləvan onu necə yıxa bilər?

Şahın pəhləvanı özünə, gücünə arxayın halda gedib həmin pəhləvanı tapır. Görür həmin pəhləvan bostançılıqla məşğuldur. Yəni, qarpız, yemiş, pomidor, xiyar, badımcan yetişdirir. Şahın pəhləvanı deyir ki, gəl güləşək. Adsız-sansız pəhləvan güləşməyə razı olmur. Deyir, xatanı məndən uzaq elə, başımı aşağı salıb əlimin qabarı, alnımın təri ilə bir tikə çörək qazanıram, güləşmək istəmirəm.

Şahın pəhləvanı çox dirəşir. Axırda adsız-sansız pəhləvan bezir, güləşməyə razı olur. Şahın pəhləvanının kürəyini asanlıqla yerə vurur. Şahın pəhləvanı vəziyyətlə razılaşmır. Deyir, bu kov deyil, gəl bir də güləşək. Bu dəfə də adsız-sansız pəhləvan şahın pəhləvanının kürəyini asanlıqla yerə vurur.

Şahın pəhləvanı mat qalır. Deyir, ay qardaş, sən ki, belə güclü pəhləvansan, bəs niyə məşhur deyilsən, niyə sənin adın it dəftərində də yoxdur?

Adsız-sansız pəhləvan şahın pəhləvanına əla cavab verir. Deyir, sənə aslanım deyən, mənə pişiyim desəydi, mən səndən yüz dəfə çox ad-san qazanardım.

Əlbəttə, bu rəvayətdə böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

azlogos.eu

# 3206 dəfə oxunub

Müəllifin son yazıları

# # #