Duzlu dodaqlarımız toqquşanda...

Duzlu dodaqlarımız toqquşanda...
14 mart 2014
# 12:18

2004-cü il idi... Biz sevgiliydik Elsevərlə. Evlənmək istəyirdik. Amma onun özündən böyük qardaşı vardı. Subay idi. Qaydalara görə qardaşını gözləməliydi. Bizim evdə qan su yerinə axırdı hər gün. Atamın zülmü bitib-tükənmək bilmirdi. Tək dərdi vardı: məni ərə verib başından rədd eləmək. Bunu içkili olanda üzümə də deyirdi. Yaxın dostlarının qızlarından misal çəkərək. Filankəsin qızı ərdədi, bəhmənkəs də qızını verdi. Bu isə oxuyur. Harda? İncəsənətdə. Atam məni ələ salırdı. Əməkdaşlıq elədiyim "Kino+" qəzetində qonorar az idi. Mən evə pul verə bilmirdim. Bəlkə də versəydim, atam mənimlə mülayim davranardı. İşləməyim də lağ obyekti idi. Kinoşünaslığın nə olduğunu atama başa sala bilmirdim. Gəlir gətirən sahə deyildi. Olsaydı, atam kinoşünaslığın nə olduğunu bilərdi, təqdir edərdi. Yoxsa ki, əlbəttə, oxumağımı həmişə arzulamışdı. BDU-nun qarşısından nə vaxt ailəvi keçsək, barmağını uzadar, "Qızım orda oxuyub hüquqşünas olacaq – deyirdi – vəkil işləyəcək. Oğlumsa, prokuror olacaq"... Mən atamın arzusunu gözündə qoymuş, hüquqşünas olmaq yerinə, kinoşünas olmuşdum. Allah üzümə baxmışdı ödənişsiz əsaslarla oxuyurdum. Yoxsa, atam bir qəpik verməzdi təhsilim üçün. Zatən yoxu idi, amma axtarmazdı da.

Atam gecələri məni yerimdən oyadar, durduğum yerdə mənimlə savaşardı ki, bu nə sənətdi tapmışam özümə? Belə vaxtlarda susar, dinləyərdim. Nə vaxt ki, dinləməzdim, döyülərdim.

Universiteti bitirdim.

"Universiteti qurtardın, qəzeti də at!" - şərt belə idi. Ona görə yox ki, atam işləməyimi istəmirdi. Yox, o qədər də ürəyi qara adam deyildi. Çörək sexində işləsəydim qəzetdən sərfəli idi deyə. Mən gününü "yubadan" avara bir adamdım onun gözündə. Ərə getmir, oxuduğundan, işlədiyindən də bir şey çıxmır, üstəlik hər gün evdən yolpulu alır.

Vəziyyəti Elsevər gözəl bilirdi. Kimə gedəcək, dərdimi kimə deyəcəkdim ki?

Bir gün bulvarda gəzişirdik. Evimizi yeni sökmüşdülər. Atam başını itirmişdi. Daha acıqlı, daha qəddar olmuşdu, acığını bizdən çıxırdı. Bir skamyaya yaxınlaşdıq. Qoca bir qadın oturmuşdu o biri skamyada. Bu vaxt Elsevər əlimi tutdu, gözlərimə baxdı, dedi: "Az qalıb, qaçıracağam səni. Qurtaracağam bütün bu zülmlərdən". Bir-birimizə ağlaya-ağlaya necə sarılmışdıq, dünyanı necə unutmuşduq, bilmirəm, duzlu dodaqlarımız toqquşanda, qonşu skamyadakı bayaqkı qoca qadın alıcı quş kimi aldı başımızın üstünü: "Utanmazlar, abırsızlar!" Çaşıb-qalmışdıq. Axı biz neyləmişdik? Kimisə söymür, təhqir eləmirdik. Sadəcə bir-birimizi sevirdik.

Sevdiyi qızı öpdüyünə görə qətl olunan Elçin Dəmirovu düşünürəm indi.

Onun qatili kimi birisi qarşımıza çıxmayıbsa, çocuqlarımızın qismətində bu dünyaya doğulmaq varmış demək. Öpüşmək cinsəlliklə bağlı bir şey deyil, ruhla, qəlblə, sevgiylə bağlıdır. Sevməkdən-sevişməkdən qorxursunuzsa, hürkürsünüzsə, içinizi kin, nifrət bağlamış.

Şəhərdə sevgililər parklarda görüşməsin, qucaqlaşıb öpüşməsin, əl-ələ gəzişməsin, bunu başqa harda etsinlər? Şəhərin də kənd kimi ot tayaları, tövlələri, sıx ağaclıqları, gizli yerləri, ucsuz-bucaqsız açıq çölləri yoxdu ki, Beyrəklə Banuçiçək kimi görüşüb, üç öpüb bir dişləsinlər. Siz heç ömrünüzdə sevgi şeirləri oxumadınızmı? Sevgidən bəhs edən romanlar almadınızmı əlinizə? Filmlərə necə, baxmadınızmı? Cəhənnəm, hind filmlərini belə izləmədinizmi? Və sevgililər üçün ürəyiniz atmadımı? Dolmadımı ürəyiniz sevgiylə - onlar xoşbəxt olanda? Üç öpüb bir dişləyəndə. Film qəhrəmanlarını, kitablardakı obrazları sevdiyiniz qədər olmadımı gerçək həyatdakı insanlar? Niyə qınaq hədəfinə çevirirsiniz? Axı siz hər axşam bütün vacib işlərinizi kənara qoyub serial qəhrəmanlarınızın qovuşması arzusuyla ekran başında yanıb-qovrulursunuz. Niyə onları həyatda, parkda, qonşuluqda, küçədə görəndə diksinirsiniz? Filmdəkilər qədər, kitabdakılar qədər insan deyilmi onlar?

# 3283 dəfə oxunub

Müəllifin son yazıları

# # #