Hər rolun öhdəsindən gəlirəm - Sevinc Elsevərdən yeni şeirlər

Hər rolun öhdəsindən gəlirəm - Sevinc Elsevərdən yeni şeirlər
22 iyun 2023
# 15:00

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.


Boyama rəsmi kimi

Tanrının qələmindən çıxan
yarımçıq boyama rəsmləridir qadınlar
ölüncə boyayırlar
dodaqlarını
dırnaqlarını
yanaqlarını
boyama rəsmi rəngləyən
məsum uşaqdan nə fərqi var
əyilib ayaq dırnağını
bənövşəyiyə
boyayan qadının?!


Həyata alqış

ürəyinin dərinliyində
sevinir
ağcaqanadı əlindən qaçıranda
ölümə yox
həyata olur
gurultulu alqışı onda...

Qənaət

pəncərə açıldı
taybatay
küləyin gəlişindən xəbər tutdu
ev əhli
sevincək cumub söndürdülər sərinkeşi
sanasan günəş doğdu
axşamdan yanan lampalar söndürüldü
qənaət yanğısıyla...

Qara tut

qara tut ağacının
altından
ağappaq donda keçmək kimidir
baxışlarının altında
sən dayanan tini ötmək...



Yaşıl işıqda

yerüstü piyada keçidini
uçaraq keçir
ədəb-ərkanla
yaşıl işıqda
qanadları xallı kəpənək
mənimlə bərabər
bir gözüm yaşıl işıqda
bir gözüm kəpənəkdə

Pis ailələr

dili sürüşür
lövhə önündəki şagirdin
“filan yazıçı yoxsul ailədə
doğulmuşdu”-deməkdənsə,
“pis ailədə doğulmuşdu”- deyir...
köks ötürərək dinləyir onu
bütün “pis ailələrdə” doğulan uşaqlar
və acı-acı gülümsəyir
gənc ədəbiyyat müəllimi.

Armudu stəkanın sirri

qorxur çayını yarımçıq qoymaqdan
uşaq vaxtı anası aldadıb onu
elə bilir qısalar ömrü
çayını yarımçıq qoysa
armudu stəkanda süzdürür çayı
qonaq getdiyi evlərdə ağsaqqal
ömrünü elə bu inamla uzadır
kim bilir
yaşıdları çoxdan bu dünyanı tərk edib


Yuxu

çəkilir yuvasına gözlərim
açılır qaranlıq pərdəm
yuxumdakı səhnədə
oynayıram cürbəcür rolları
parlaq aktrisayam
hər rolun öhdəsindən gəlirəm
dram, komediya, fantaziya...
absurd teatrın
oyunçusu
rejissoru
tamaşaçısıyam
tez-tez dəyişirəm tərəf müqabillərimi
tamaşanı yarımçıq kəsirəm
qorxanda
küsəndə
təhlükə anında
şiddətli sevgidən
qəlbim dayananda...

kaş gerçəkdə də
belə azad olsam
oynadılmasam
özüm oynasam.

Həyat sevgisi

Könül Arifə ithafən...

hər nazını çəksəm də
dibçəkdəki gül ölüb...
ancaq hələ ölməyən budağını tapıb
suya qoymuşam bankada
gözləyirəm cana gələcək haçan
yenidən kök atacaq
gül ayılacaq düşdüyü komadan

izn vermirəm ölməyinə
ölməyi çox istəyirdi bəlkə
yaşamaq daha çətin idi ona?!
onun yerinə qərar verdim
atılacaq həyatın qoynuna bir də
eyni uğursuzluqlarla kim bilir...

intihara cəhd eləmişdim
gənc olanda
xilas eləmişdilər bu gül kimi
dəfələrlə
ölməkdən qorxmurdum onda
cəsurdum
beynim qan idi
həyatın dəyəri yox idi...

həyat yenə qorxulu
anlamsız
amma
çox alışdım yaşamağa
necəsə sevdirdilər
günəşi
səhər mehini
gülləri
çölləri
göydə ayı
yerdə çayı mənə...
sevdim yaşamağı
bütün zorluqlara
uğursuzluqlara rəğmən...

həyat elə belə sevilməli
hər şəraitdə
zirvədə olanda və yerin dibinə batanda
yoxsulluqda və cibdə pul olanda
bədbəxtlikdə və xoşbəxtlikdə
yaxşı gündə və pis gündə
xəstəlikdə və sağlamlıqda
seviləndə və nifrətə tuş gələndə...

gülüm, qayıt geri sən də
həyata sarıl
yaşıllaş bir də...

# 1510 dəfə oxunub

Müəllifin son yazıları

# # #