Toylara niyə “hə” deyirəm?!

Toylara niyə “hə” deyirəm?!
25 oktyabr 2014
# 11:01

Azərbaycanlıların istər kiçik, istər böyük toylarını atəşfəşanlıqla, zurna-balabanla, əks-sədalı keçirməyi mental dəyərlərimizin ucbatındandı. Azərbaycanlılar məcburdu ki, evlənəndə də bütün kəndə, bütün şəhərə car çəksinlər. Sünnət olunanda da!

XXI əsrdir. Amma günün bu günündə də oğluna sünnət etdirməyən valideynlər qınaq hədəfinə çevrilir. Ona görə azərbaycanlı oğlunu sünnət elətdirəndə bütün kəndə, elə-obaya qıy vurmaq üçün toy eləyir. Ən azından böyük bir qonaqlıq verir. Heç olmasa, bircə dənə qoç kəsir. Yəni, sabah uşağımın adına söz çıxmasın ki, sünnət olunmayıb. Məktəbdə yoldaşları ələ salmasın, əsgərlikdə əsgərlik yoldaşları, evlənəndən sonra da arvad tərəfin qohum-əqrəbası. Sünnət olunmayan oğlana qız da vermirlər, nəinki ələ salmaq...

Qızını nişanlayan, oğlunu evləndirən ata-ana zurna-qaval səsi ilə car çəkməyə, toyu nümayişkaranə şəkildə keçirməyə məhkumdur. Çünki hələ də əyalətlərdə, uzaq kəndlərdə bacı-qardaş bir yerdə kənd içində görünməyə qorxur ki, birdən qızın adına söz qoşarlar. Bacılar toylarda qardaşlarıyla vals oynayır ki, adlarına söz çıxmasın. Heç xaloğluyla da oynamaq olmaz, dayoğluyla, əmoğluyla, biboğluyla da! Kənddəki qohumlarımın arasında nə qədər bir-birinə düşmən olanlar var, hamısının arası ona görə dəyib ki, biri qızını o birinin oğluyla oynamağa qoymayıb. Gəlin baldıza qışqırır ki, bəs deyirdin qızın oğlumun bacısıdı? Nolar indi bacı-qardaş oynayanda?... Cavabı da budu ki, uşaqlıqda bacı-qardaş idilər, indi olmaz. Kənardan baxanlar nə deyər?

Görün bu vəziyyətdə azərbaycanlını qınamalıdırmı ki, sən niyə oğlunu, qızını evləndirəndə aləmi-əcəmə duy vurur, tanıdığını, tanımadığını toyuna dəvət edirsən? Əvvəllər (bəzi kəndlərdə hələ də) nəinki zurna-qaval səsiylə aləmə car çəkirdilər, hətta bəylə gəlin gərdəkdən çıxandan sonra da tüfəng atırdılar. Partapart kəndi başına götürürdü ki, o biri məsələ də xata-bəlasız həll olundu.

Siz heç eşitmisinizmi ki, Azərbaycanda hansısa qızla oğlan öz aralarında nişanlansın, sonra gətirib öz nişanlısını ata-anasına təqdim eləsin? Mümkün deyil. Nişan elə təşkil olunmalıdır ki, bütün el-oba xəbər tutsun, bütün qohum-əqrəba o nişandan evlərinə şokolad, konfet aparsın. Konfet nişanın carçısıdır. Yəni, sabah qızımın yanında filankəsin oğlunu görüb-eləsəniz, söz qoşmayın. “Qızım el adətiylə, Allahın əmri, peyğəmbərin qəbulu, ata-anasının rizası ilə ərə gedir”.

Toy iki gəncin doğrudan da Allahın əmri, peyğəmbərin qəbulu, ata-ananın rizası ilə evləndiyinin təminatçısı, subutudur.

Cəmiyyətimiz nə qədər inkişaf eləməli, o inkişafa qədər nələrdən keçməlidir ki, səssiz-səmirsiz iki nəfərin evlənməyindən bir də onların uşaqları olanda, yaxud onlar özləri bunu bizə nə şəkildəsə çatdıranda bilək. Bizim də nə cibimizə zərər dəysin, nə canımıza.

# 2439 dəfə oxunub

Müəllifin son yazıları

# # #