55492 min dollara hazırlanan salat – Sevinc Elsevər yazır...

55492 min dollara hazırlanan salat – Sevinc Elsevər yazır...
23 may 2023
# 15:53

Kulis.az Sevinc Elsevərin “Kartof salatı hazırlamaq üçün 55492 min dollar!” adlı yeni yazısını təqdim edir.

2003-2004-cü illərdir, “Kino+” qəzetinin əməkdaşlarıyıq, qəzetimiz pavilyonların, qədim kino mağarasının, kinostudiyanın divarları arasında yerləşir. Kinoşünaslıq oxuyan gənc tələbəyəm, olduğum yerdən məmnun və xoşbəxtəm. İş yoldaşım Elsevərlə çəkilişi yarımçıq qalmış bir filmin rejissorundan müsahibə almağa getmişik. Filmin yaradıcı kollektivi, ideyası, məzmunu barədə bir xeyli söhbət elədik, çəkilişin niyə bitmədiyini, bu qədər uzanmağını da xəbər aldıq. Rejissor gileyləndi ki, ondan asılı olmayan səbəblərdən filmi bitirə bilmir, pul yoxdur, hökumət filmə ayrılacaq məbləği gecikdirir, o da filmi tamamlaya bilmir. Sonra əlavə elədi ki, lazım gəlsə, xalqa müraciət edəcək, manat-manat olsa da, pul toplayıb filmi tamamlayacaq.

Biz redaksiyaya qayıdıb rejissorun bu sözlərini də yazmışdıq. Tərslikdən baş redaktorumuz Şərif Ağayar da məhz rejissorun bu fikrini başlığa çıxartmışdı.

Qəzet çıxandan sonra rejissor redaksiyaya, üstümüzə hücum çəkdi, o sözləri sözgəlişi dediyini, niyə müsahibədə yazdığımızı, hətta başlığa çıxartdığımızı deyərək, dava-şava elədi. Rejissorun nəsə şəstinə dəymişdi, xoşuna gəlməmişdi.
Sovet dövrü yaradıcı adamlarının belə bir ənənəsi yox idi, pul toplasınlar, sponsor axtarsınlar. Həmin köhnədən qalma kişi də buna görə əsəbiləşmişdi. Sovet dövrünün sənətkarları ötən əsrin əvvəllərinin incəsənət adamlarının çəkdikləri əziyyətləri görməmişdilər. Qəfildən Sovet İttifaqı dağılmış, görmədikləri günlərə düşmüşdülər.

Təbii ki, adını çəkmək istəmədiyim həmin rejissorun kraudfandiq deyilən zaddan da xəbəri yox idi. Özü də bilmirdi ki, əslində çox yaxşı fikir səsləndirib. Hətta özüylə fəxr etməlidir bu fikirləri səsləndirdiyinə görə. Ancaq təəssüf ki, dediyi fikrin arxasında durmaq istəmirdi. Gec də olsa, bu müsahibədən sonra rejissora filmini tamamlamağı üçün pul verdilər, film də ekranlara çıxdı, premyerasına da getdik. Ancaq kişi bizdən axıradək incik qaldı.

Kraudfandinq ingilis dilindən tərcümədə kütləvi maliyyələşdirmə deməkdir, hər hansı bir layihəni geniş kütlə tərəfindən maliyyələşdirmə təcrübəsidir. Bizdə adətən müalicəsi baha başa gələn xəstəliyi olan uşaqlar, adamlar üçün pul yığılırdı. Ancaq son vaxtlar incəsənət adamları, gənc alimlər də öz layihələrinin həyata keçirilməsi üçün bu üsula əl atırlar.
Bizim cəmiyyətimiz kimi cəmiyyətlərdə kraudfandinqin inkişafı və kütlələr tərəfindən dəstəklənməsi çox vacibdir.
ABŞ kimi ölkədə kraudfandinq siyasi məqsədlər üçün geniş şəkildə istifadə olunur. 2008-ci ildə Barak Obama seçkiqabağı kampaniyasında donorlardan 750 milyon dollar pul toplayıbmış. Hətta gülməli məqsədlərlə pul toplayanlar olub. 2014-cü ildə Zak Braun adlı bir adam kraudfandinq platformasında 55492 min dollar vəsait toplayıbmış. Məqsədi də nə olsa yaxşıdır? Kartof salatı hazırlayacaqmış!

Təsəvvür edin, kartof salatı hazırlasın deyə, camaat yığılıb 55492 min dollar pul veriblər adama.
Ancaq bu yaxınlarda dostumuz Şəhriyar del Gerani növbəti şeir kitabının çapı üçün vəsait axtaranda tapa bilməmişdi. Dostumuz Şəhriyar da yaman giley etmiş və xatırlatmışdı ki, ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabirin də kitabının çap olunması üçün vəsait toplanırmış, özümüzünkülərin pul vermədiyini görəndə, Qarabağ erməni məliklərinin arvadları toplaşıb pul yığaraq, Sabirin ilk kitabını çap ediblərmiş. Bu xatırlatmadan sonra şairə yaman əsəbləşmişdilər.

Hələ onu deyim, Şəhriyar gənc şairlərin içində ən məşhurudur, geniş oxucu auditoriyası var.
Kraudfandinq yeni ənənə deyil, bizdə də həmişə olub. Biz bu təcrübəni xeyriyyəçilik adlandırmışıq. Elə bizim milli toy və yas ənənələrimiz də kraudfandinqə əsaslanır. Bəs necə? El yığılıb toy eləyir, yas keçirir. Toy…

Toyda yığılan nəmər, yasda qoyulan dəftər bəs nədir? Elə həmin söhbətdir də.
Yığılıb bir-birimizə toy elədiyimiz kimi, yığılıb tamaşa qoya, film çəkə, şairin yeni kitabını çap edə bilərik. Niyə də yox?
İndi rəğbətlə xatırladığımız böyük maarifçi Həsən bəy Zərdabi Bakı Realni Məktəbində müəllim olarkən, xalqın yoxsul balalarını oxutdurmaq üçün nə qədər canfəşanlıq eləyirdi, xeyriyyə cəmiyyəti yaradaraq, pul toplamağa çalışırdı. O dövrdə məktəbin şagirdlərinin böyük əksəriyyətini rus və erməni uşaqları təşkil edirdi, Zərdabi arzulayırdı ki, müsəlman balaları da məktəbdə çoxluq təşkil eləsin. H. B.Zərdabi 1871-ci il iyunun 15-dən avqustun 31-dək Bakıdan yola düşərək, Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Şuşa, Dərbənd, Quba şəhərlərini gəzərək, çox ağır, çətin səfərdə olmuş, müsəlman balalarını oxutmaq üçün ianə toplamışdı. Sonra o, səfər qeydlərini “Bakinski listok” qəzetində çap etdirir, harda necə qarşılandığını, nə qədər pul yığa bildiyini açıq-açıq yazır. Məsələn, Şamaxıda xeyriyyəçini çox yaxşı qarşılayırlar, burda 3700 manat pul toplanır, ancaq bəzi bölgələrdə bir qəpik də pul yığa bilmir. Məsələn, Qarabağda necə qarşılandığını Zərdabi belə qeyd edir: “Qarabağın ağaları məni qonaq çağırdılar, toy və xeyrat aşı yedirtdilər, amma bir qəpik cəmiyyəti-xeyriyyəyə ianə verən olmadı...”

Bu günlərdə hamımızın nəinki uşaqlıqda, elə 40, 50 yaşımızda da, nəvələrimizlə birgə baxdığımızda da zövq aldığımız, bizi uşaqlığımıza qaytaran “Tıq-tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi tamaşaçılara müraciət elədi və üzünü bu dəfə böyük tamaşaçılara, atalara, analara, nənələrə, babalara tutub xahiş etdi ki, əlində ideyası, ssenarisi hazır olan “Nərgiz” adlı animasiya filminin çəkilişi üçün ona maddi dəstək olsunlar!

Rejissorun “Nərgiz” filmini çəkməkdə məqsədi işğaldan azad olunmuş ərazilərimizdə düşmənin basdırdığı minalı sahələrə diqqət yönəltmək, uşaqları minaların nə qədər təhlükəli ola biləcəyi barədə məlumatlandırmaqdır.
Rejissor öz çağırışını bu sözlərlə başlayır: “mən həyatımda heç havaxt internetə müraciət etməmişəm və heç kimdən heç nə istəməmişəm. Amma indi məcburam”...

Sonra rejissor filmin qısa xülasəsini danışır: balaca, Nərgiz adlı qız oyun oynayanda oyuncağını itirir. Oyuncaq ermənilərin basdırdığı minanın qabağına düşür. Erməni minası çalışır ki, qızı özünə tərəf çəksin. Ancaq axırıncı anda hər şey ayrı cür qurtarır...” Filmin necə qurtaracağını biz bilmirik, güman ki, xoşbəxt sonluqla qurtaracaq. Ancaq o filmin axırını, xoşbəxt sonluğunu öyrənməyimiz üçün filmin çəkilişləri üçün millət olaraq pul toplamalıyıq.

“ Bizim gələcək uşaqlarımızdan, sizin balalarınızdan, qonşularınızdan... söhbət gedir”- Məsud Pənahi öz çağırışında əsl maarifçi yanğısıyla danışır.

İnternetdə üç açar sözü yazmağımız kifayətdir: erməni, minalanmış sahələr, azad olunmuş torpaqlar, vəssalam. Qarabağ azad olunandan bəri partlayan minalardan nə qədər adamın həyatını, əzalarını itirdiyini, yaralandığını öyrənək. Ermənilər torpaqlarımızı təkcə 30 il işğalda saxlamayıblar, həm də onu zəhərləyiblər. Mina terroru belə tezliklə bitən də deyil, nə qədər çəkəcək də bilmirik. Biz uşaqlarımızı maarifləndirməyə, mina riskindən qorumağa borcluyuq. Bunun da ən yaxşı yolu onları animasiya filmləriylə bilgiləndirməkdir.

Lap elə Məsud Pənahinin çəkmək istədiyi “Nərgiz” filmindən başlaya bilərik.
İanə kompaniyası Toxum Kraudfandinq portalında həyata keçirilir. Kisənizə bərəkət!

# 2160 dəfə oxunub

Müəllifin son yazıları

# # #