Cibim pullarımın qəbrinə dönər - Günün şeiri

Şahmar Ələkbərzadə

Şahmar Ələkbərzadə

28 dekabr 2022
# 11:20

Bu gün mərhum şair Şahmar Ələkbərzadənin doğum günüdür. Kulis.az "Günün şeiri" şeiri layihəsindən "48 ölçülü qadın paltarı" şeirini təqdim edir.

Geyimlər görəndə ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim

48 ölçüdə paltar geyərdin,
Kəsər şaxta məni, döyər qar məni.
48 ölçüyə çevrilib dərdin
Vitrindən boylanıb yandırar məni.

İmkanım hər dəfə imkansızlaşar
Baxar 48-lər arxamca dost-dost,
Hamısı əyninə gözəl yaraşar
Niyə birini də alammıram bəs?

Qalıb gözlərimdə murazım mənim
Təsəllim bir şirin gümana qalıb,
Sevinmək qismətim qızım Zöhrənin
Ölçüsü 48 olana qalıb.

Düşər boy-buxunun yadıma hər gün
Boyun gedər-gəlməz yolcusu olub.
Gör neçə ildir ki ,əyin-baş ölçün
Dönüb həstərimin ölçüsü olub.

Yazbaşı qar yağar ilk nübarıma,
Mən səni yazbaşı itirdim, ana
Əyin-başın üçün yığdıqlarıma
Səni son mənzilə ötürdüm, ana

O vaxtdan payım nə, töhfələrim nə?
Oğul yox, ürəyi daş olmuşam mən!
Paltar əvəzinə, sənin əyninə
48 ölçüdə daş almışam mən

48 ölçüdə görsəm hər nəyi,
Nəbzim 48-ə enər anbaan
Uçunub yerindən qopar ürəyim
Sürünər müqəddəs torpağınacan

48 ölüçülü qadın paltarı
Tüstümü təpəmdən qalxızar göyə
Gələrəm, üstündə bitən otları
Gözümün yaşıyla əmizdirməyə

Geyimlər-keçimlər gəlməz əyninə,
Biganə qalmısan, ana, hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.

Geyimlər görəndə ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim

# 3774 dəfə oxunub

Oxşar xəbərlər

Bir qadın da sevmədik... – Günün şeiri

Bir qadın da sevmədik... – Günün şeiri

11:00 7 iyun 2024
Çəkərəm ciyərlərimə öpüşlərini... - Emin Pirinin yeni şeiri

Çəkərəm ciyərlərimə öpüşlərini... - Emin Pirinin yeni şeiri

12:48 11 yanvar 2023
Bilirsən də, mən darıxan adamam - Günün şeiri

Bilirsən də, mən darıxan adamam - Günün şeiri

18:39 2 yanvar 2023
Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Günün şeiri

Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Günün şeiri

12:40 5 dekabr 2022
Səni and verirəm, uşaq doğa bilməyən qadınların... - Səbuhi İmanovun yeni şeirləri

Səni and verirəm, uşaq doğa bilməyən qadınların... - Səbuhi İmanovun yeni şeirləri

17:00 14 noyabr 2022
Səndə kitabım var, üstündə şəklim - Günün şeiri

Səndə kitabım var, üstündə şəklim - Günün şeiri

10:40 1 noyabr 2022
# # #