Kamranın Nərimanı öpdüyü yerdə..-“90-lar” layihəsi

Kamranın Nərimanı öpdüyü yerdə..-<span style="color:red;">“90-lar” layihəsi
30 sentyabr 2014
# 13:21

Qönçəgül Kamalqızı

Heç həyatınızda bir dəfə də olsun cökə ağacının çiçəyini qoxuladınızmı? Mən qoxuladım, həm də dəfələrlə...

Nədənsə 90-ları bu ağacın ətri ilə daha çox xatırladım indi.

İri gövdəli, qol-budaqlı cökə ağacı... Hərdən elə bilirdim ki, dünyada ondan böyük ağac yoxdu. Yazda sarı rəngli çiçəkləri, yaşıl yarpaqları insana hüzur verirdi. Payızda da quruyub, yerə tökülürdü o çiçəklərdən geri qalanlar...

Helikopterə bənzədirdim onları, ovcumda saxlayırdım. Sevinirdim... O vaxtlar göydə bir helikopter görmək təsadüfi hallarda olurdu. Görəndə də təkcə uşaqlar yox, böyüklər də təəccüblənirdi.

Səsini uzaqdan eşidən kimi, həyətə qaçırdım. Göylərə qalxmaq istəyi ilə boylanıb, gözdən itincəyə qədər baxardım onun ardınca... Uçmaq, buludlara toxunmaq, göy qurşağının üzərində gəzməyi çox istəyirdim.

Bəlkə də göylərə çıxmaq arzumu yerdə ovuclarıma sığdırmaqdan xoşbəxt olurdum. Sonra, o xoşbəxtliyim yavaş-yavaş axıb getdi əllərimdən.

90-ların 20 yanvar gününü yaxşı xatırlayıram. Paytaxtda baş verənləri güc-bəla radio dalğalarından eşitmişdik o zaman. Bacım Bakıda təhsil alırdı. Valideynlərimin qorxusunu, təlaşını unutmamışam.

Rayonun mərkəzi küçəsində-Lenin heykəlinin önündə partiya biletini yandıran insanlar, ölənlərə öz doğma balası kimi yas tutub, ağlayan analar yadıma düşür. O heykəlin ki, bayramlarda əlimizdə plakatlarla, şarlarla dəstə-dəstə gəlib önündən keçmişdik. Tribunada dayanan rayon ziyalılarına gül dəstələri təqdim edib, Sovet ölkəsinin şəninə şüarlar deyilmişdi. Həmin günlər o şüarların əvəzinə anaların ağlamaq səsləri eşidilirdi.

Müharibə qoxusu yayılırdı yavaş-yavaş... Güllə səsləri gəlirdi. O illərdən yadımda saçları anasının qanına bulaşmış, gözü qorxudan alacalanan, anası üçün ağlayan bir qız uşağı da qalıb. Ermənilər anasını öldürmüşdülər, amma heç kim ürək edib deyə bilmirdi bu ölüm xəbərini ona... Getdikcə başqa ölüm xəbərləri də gəlməyə başladı... Bir gün Azərbaycan kəndlərindən çıxarılan erməni köçünün şahidinə çevrildi 90-lar...

Anlaya bilmədiyim o qədər çox hadisələr baş verirdi ki, ətrafımda. Daha çox hüzn, müəmma yaşamışıq o illərdə...

Hələ ağrılar uşaq istəklərimi, sevincimi əlimdən tam almamışdı. Əməl Sayının şəkli olan bir açıqcanı çantamda gəzdirirdim, xatırladıqca gülməyim gəlir özümə indi. O vaxtlar bədii kitab oxumaq icazəm olmasa da, böyüklərin dilindən hekayəsini eşitdiyim “Çalıquşu” filminə həvəslə baxmışdım. Kamranın Nərimanı öpdüyü yerdə utandığımdan əməlli-başlı qızarmışdım da... “Yad qızı” tamaşasında Nazana edilən zülmlərə o qədər ağlamışdım ki, özümə gələ bilmirdim.

O illər balacaykən bir anda, sanki böyüyüb, qocaldığım zamana çevrilib mənim üçün. Yarımçıq qalan məktəb illərimi, sinfimi, yaşaya bilmədiyim son zəng günümü xatırlayıram... Daha sonra qışda həzin-həzin yağan, indi bir dəfə görmək üçün ürəyimin içi sızıldayan qar yadıma düşür.

Sac üstə qovurulan qar dənəsiyəm,

Bilmirəm yaydımı, ya qışmı indi.

Allah, mən içimi yedim qutardım,

Bu dəri süfrəni yığışdır indi.

Salam Sarvanın bu şeiri də o vaxtlardan yadımdadır. İlk misrasına təəccüblənmişdim də. Qar dənəsinin istidə necə qovurulduğunu heç anlamamışdım. İndi daha yaxşı anlayıram.

Yuxularımda tez-tez gedirəm o illərə. Evimizə, məktəbimizə lap hündürdən, baxıram. Hər dəfə də ağlayıram. Üzümü geriyə dönməyəcək illərimin xatirələrinə söykəyib, ağlayıram....

# 1618 dəfə oxunub

Oxşar xəbərlər

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
# # #