Kimya müəlliməsi necə qatil olur?

Kimya müəlliməsi necə qatil olur?
23 oktyabr 2015
# 08:00

Ölkənin faktiki olaraq, yeganə kino istehsalçısı olan “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “Qatil” filminin premyerasından əvvəlki çıxışında “artıq kinomuz və teatrımız arasında rəqabət gedir” kimi bir ifadə işlətdi. Təbrik edirəm, ifadə yaxşıdır, hətta olduqca sevindiricidir. Sadəcə, normal kino bazarı və alternativ teatrları olmayan, filmləri çəkilib rəfdə qalan, teatrları bir-birindən fərqlənməyən kino-teatr aləmində bu ifadə bir qədər qulağa yad gəlir. Əlbəttə və şübhəsiz ki, bu qulağın özündə olan problemdir. Müşfiq müəllimin dediyi o rəqabətə gəlincə, biləsiniz ki, yazıçı Elçin Əfəndiyevin “Qatil” əsəri teatrdan sonra ekran həyatına qədəm qoyub.​

Elçin Əfəndiyevin “Qatil” əsəri tək yaşayan kimya müəlimməsindən bəhs edir. Günlərin birində vaxtilə onun əlaçı şagirdi olmuş, özündən xeyli gənc bir kişi qapısını döyür və bəyan edir ki, bütün bu illər ərzində yalnız onu düşünüb sevib. Hətta onu müharibədə sağ saxlayan da müəlliməsinə olan sevgisi olub. Bir sözlə qadının ən eşitmək istədiyi sözləri deyir. Qadın da onu qəbul edir. Şad-xürrəm günlərin ömrü az olur. Müəllimənin görmək istədiyi kişi obrazı dəyişir. Dəyişir və onun bütün gözləntilərini puça çıxarır. Müəllimə gözləntilərini sanki qəsdən bir-bir puça çıxaran şagirdini zəhərləyir.

İlk baxışda bu əhvalatdakı konflikt kişi və qadın münasibətlərindən məhrum müəllimənin gözləntiləri və reallıq arasındadır. Akademik teatrda hazırlanan tamaşada da, Kamran Şahmərdanın dünən premyerası keçirilən eyniadlı filmində də mövzu tənha qadın, konflikt onun gözləntiləri və xəyalları ilə reallıqda baş verənlər arasındadır. Bu konflikti romantiklə realistin konflikti səviyyəsinə də qaldırmaq olar.

Əsərdə buna vurğu da var: kişi qadının, yəni müəllimənin əlaçı şagirdi olub. Olsun ki, müəllimənin idealist-romantik təlimlərilə böyüyən şagird həyatda bir-bir bu romantik tezislərin puça çıxdığını görüb. Görüb və müəlliməyə olan qəzəbini toplayıb. Anlayıb ki, onun həyatdakı uğursuzluğuna səbəb bu romantik kimya müəlliməsidir. Onun həyatdan aldığı dərslər müəllimənin verdiklərini inkar edib...

Konflikti buradan da görmək olardı və bu hadisələrin inkişafını xeyli əsaslandırardı. Axı bu şagird-sevgili bir iki yerdə deyir ki, mən sənin həqiqətinəm. Amma olsun ki, müəllif istəməyib və bunlar bir yerdə kölgədə, ən yaxşı halda subkonflikt kimi qalıb. Bu isə dramaturji baxımdan təsirsiz ötüşməyib; Ona görə də, müəllimənin (Eka Çxeidze) həyatına daxil olub onu alt-üst edən Kişi (Apollon Kublaşvili) obraz olaraq qalıb, canlana, sima qazana, həyatiləşə bilməyib.

Seçilən konfliktə uyğun olaraq Kişini xəyalat kimi də göstərmək olardı və bu bəlkə də filmin uğuru olardı, aktyorun da cizgiləri buna imkan verirdi, amma Kişi obrazı konfliktə kağız üzərindən gəlir. Nə bədii, nə dramaturji baxımdan əsaslana bilmir. Rejissor nə onun həyatdan hansısa həqiqətlərlə gəldiyini göstərə bilir, nə onun qadının xəyallarından qopub gələn bir obraz olduğuna eyham vurur, nə də mistik xəyalat kimi gəlib müəllimənin həyatını dəyişdirir.

Filmin mistik yuxu epizodları ümumiyyətlə, hər addımda qadının qatil olduğunu vurğulayır. Film boyu lirik musiqi ilə qadının tərəfində” olan rejissor niyə bu mistik yuxularda məhz qadını ağzı qanlı vampir kimi görür: Axı seçdiyi konfliktə uyğun olaraq kişi də qadını ruhən qətlə yetirir. Həm də qadından qabaq...

Ümumiyyətlə, rejissor konflikti tutqun, qeyri müəyyən görür. Filmin əvvəlində və sonunda verilən tanqo rəqsləri guya filmdəki qadın və kişi münasibətlərinin leytmotivi kimi verilir. Amma filmdə heç bir yerdə biz musiqidəki iddialı kişi və qadın təbiətini, sevgi, ehtiras, məyusluq və qəzəb dinamikasını görə bilmirik.

Qadının tənhalığını göstərməkdə klişe kadrlarla, ştamp mizanlarla zorlanan film müəllifləri elə ilk hadisədəncə onun tənhalığını fiziki təklik, fiziki tələbat kimi kiçildirlər. Qadın şagirdini gələn kimi sevir. Sanki illərlə həsrətini çəkdiyi sevgili kimi qəbul edir. Bunun ilk baxışdan vurğunluq olmasına tamaşaçını aktyorlar inandıra bilmirlər, qadının xəyallarından, təsəvvüründə ideallaşdırdığı obrazdan qopub gəldiyinə isə rejissor inandıra bilmir. Bütün hallarda kişinin gəlişinə qadınla birgə sevinirsən, heç olmasa qadının tənhalığını göstərmək üçün seçilən immitasion kompozisiyalar bitir deyə. Axı bir insanın tənha həyatını ən adi vərdişlərilə, göstərmək olar, həm də o, bu tənhalığa artıq vərdiş edibsə.

Kadrarxası səs, teatral mizanlar, faciəni vurğulamağa tələsən vizual təkrirlər, texniki yolla qəhrəmanın daxili vəziyyətini göstərən yarımbaşlıqlar süni şəkildə atmosfer yaratmağa olan cəhdlərdir. Filmin tamaşaçıya bu atmosferdən başqa nə isə verə biləcəyini güman etmirsən.

Rejissor aktrisanı-qəhrəmanı belə süni və klişe jestlərlə yükləyib. Və bunda rejissorun qəhrəmanın yorucu həyat tərzini vurğulamaq kimi bir qəsdi yoxdur. Üsul özü ştampdır. Ona görə də müəllimənin daxili dünyasının yıxılmasını, o “tənha ulduzun”nun sönməsini lirik musiqilərlə oxşasa belə filmdə qəhrəmanda yorulursan, onun həyatına necə olursa olsun alt-üst edən kişiyə rəğbət duyursan. Hətta qadını boş həyatını yaxşı bir oyunçu ilə bölüşməməsinə görə, onu kişinin hoqqalarına meydança etməməsinə görə qınayırsan. Bəs hara getdi rejissorun vurğulamaq istədiyi qadın tənhalığı, onun faciəsi? Hanı tamaşaçının bu faciədən mütəəssirliyi? Ümumiyyətlə, qatil kimi öldürür?

# 2255 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər